Paşinyanın “Serjik”ə qarşı hücumunun pərdəarxası məqamları

Paşinyanın “Serjik”ə qarşı hücumunun pərdəarxası məqamları

Siyasət
09 Dekabr 2019, 19:00 1353
Eks-prezidentə qarşı ittihamların arxasında qondarma "DQR”da keçiriləcək seçkilərin də rolu var

Ermənistanın baş naziri Nikol Paşinyan eks-həmkarı Serj Sarksyana qarşı açıq hücuma keçib. O bildirib ki, Sarkisyana qarşı 400 milyon dram (834 min dollar) həddində cinayət işinin başlanmasını xahiş edir. "Bir neçə gün əvvəl Serj Sarkisyana qarşı 400 milyon dramlıq korrupsiya üzrə irəli sürülən ittiham bəziləri üçün gülməli olub. Ölkəmizdə elə adamlar var ki, onlar korrupsiyaya qarşı mübarizəni hökumətin və ya baş nazirin konsertə tamaşaçı sifarişi kimi qəbul edir. Bu baxımdan xahiş edirəm ki, Serj Sarkisyana qarşı 400 milyon dramlıq cinayət işi başlayasınız. Məntiqi bir sual meydana çıxır: niyə 4 milyardlıq deyil, 400 milyonluq sifariş vermişəm? Korrupsiya və ona qarşı mübarizə bir-birinin davamı olur”, - deyə N.Paşinyan vurğulayıb. Yeri gəlmişkən, politoloqlar Ermənistan hakimiyyətinin Sarkisyana qarşı cinayət araşdırmalarına başlanılması qərarını şərh edirlər. Sarkisyana qarşı iradlar bəlli olduğu kimi, ilk dəfə ötən ilin mayından başlayıb. Bu müddət ərzində Sarkisyan praktiki olaraq yeni hakimiyyətin ünvanına ittihamlar səsləndirmirdi. Yalnız ölkə xaricində olarkən bu ittihamları gücləndirməyə başladı. Xorvatiyada Avropa Xalq Partiyasının qurultayında olarkən N.Paşinyanı populizmdə, eləcə də, erməni dövlətçiliyini dağıtmaqda ittiham edib. Bundan əlavə, Sarkisyan yaxın günlərdə Avropa İttifaqı və Rusiyaya səfər etməyə də hazırlaşırdı. Lakin indi eks-prezident ölkə hüdudlarını tərk edə bilməz - artıq onun pasportunu alıblar.
Siyasi və iqtisadi kommunikasiyalar Agentliyinin aparıcı analitiki Mixail Neymjakov Xorvatiyada səslənən cəsarətli fikrə görə Paşinyanın qisas aldığına şübhə edir. "Əslində vəziyyət başqa cürdür. Sarkisyan vəziyyətinin ağırlaşdığını görüb birinci zərbə vurmaq istəyib. Məsələn, oktyabrın sonunda məktəblərdən birində diplom verilməsi mərasimi zamanı açıq şəkildə həbsinin mümkünlüyündən bəhs edib. Eks-prezidentə qarşı cinayət işi məsələsi çoxdan müzakirə olunurdu. Məsələn, bunu açıq şəkildə onun kürəkəni Mikael Minasyan xəbərdar edirdi. Eləcə də, Ermənistan vitse-spikeri Alen Simonyanın Sarkisyana ünvanlanan sərt ittihamını unutmaq gərək deyil. O bildirirdi ki, "Sarkisyan hər yatıb duranda qorxmalıdır”. Yaxud da N.Paşinyanın mütəmadi şərhlərini də yada salmaq gərəkdir. Sarkisyana qarşı ittihamların arxasında qondarma Dağlıq Qarabağ Respublikasında keçirilən seçkilərin də rolu şübhəsiz ki, var”, - deyə ekspert vurğulayıb. "Lakin ola bilsin uzunmüddətli səbəblər də var. Ola bilsin N.Paşinyanın komandası Leninin "dünən tez idi, sabah isə gec olacaq” prinsipi ilə hərəkət edir. Bir neçə il sonra hazırkı parlamentin səlahiyyəti başa çatana qədər Sarkisyanın antireytinqi ola bilsin qalsın. Ancaq əhalinin gurultulu antikorrupsiya proseslərinə münasibəti daha skeptik olacaq”. Ekspertlər məsələnin Sarkisyanın həbsinə səbəb olacağını söyləməyin çətin olduğunu düşünürlər. Yəni bir növ onu ittiham olunan statusunda saxlayacaqlar. M.Neyjakov istisna etmir ki, zərbə altında Sarkisyanın ailə üzvləri qalacaq. O xatırladıb ki, bununla bağlı N.Paşinyan bir dəfə deyib ki, bu ailədə "ən günahsız şəxs” Aleksandr Sarkisyan olub.
"PolitRUS” portalının rəhbəri Vitali Arkov isə hesab edir ki, N.Paşinyanı bu addımı atmasına səbəb həm də sadə ermənilərin həyat şəraitinin aşağı düşməsi ola bilər. "Serj Sarkisyana damğa vurmağa bir şey tapmadıqları çoxdan bəlli idi. Əsas korrupsionerləri həbs etmək vədi Paşinyanın seçki şüarlarından biri idi”, - deyə "Moskva-Baku” portalına müsahibəsində Vitali Arkov bildirib. "Bu səbəbdən də qıraqdan baxanda cinayət işinin ilyarım sonra başlamaq bir qədər təəccüblü görünür. Ehtimal etmək olar ki, Sarkisyan hakimiyyəti təhvil verməyə hazırlaşanda ona Paşinyan tərəfindən təhlükəsizlik təminatı, biznesinin və s. qorunub saxlanılması vədi verilib. Əks təqdirdə Sarkisyan öz postunu asanlıqla təhvil verməzdi. Hər halda, Ermənistanda qalmazdı. İttiham aktının irəli sürülməsi onu deməyə əsas verir ki, razılaşma pozulub”, - deyə rusiyalı politoloq əminliyini bildirib. Əlavə edib ki, "Bəli, ola bilsin Sarkisyan cinayətkardır. Lakin sən əgər birinə söz vermisənsə, onda mütləq gərək onu yerinə yetirəsən. Lakin niyə bu proses indi başlayır? Birincisi, iqtisadi vəziyyət Paşinyanın dövründə daha da ağırlaşır. İnsanlar nostalji hissi ilə Sarkisyanın dövrünü xatırlayırlar - heç demə o zaman pus deyildi”. O bildirib ki, əvvəlki hakimiyyət dövründə iqtisadiyyat böhran vəziyyətində olsa da, hər halda diri idi. "Hər şey müqayisə ilə başlayır. İndi insanların Paşinyanla bağlı mövqeyi dəyişirsə, niyə hər şeyi Sarkisyanın üstünə yıxmağa başlayıblar? Lakin sadə ermənilər indi daha çox bir suala cavab axtarırlar - niyə Sarkisyana qarşı bir il əvvəl deyil, indi cinayət işi qaldırılır. Arkov hesab edir ki, indiki baş nazir əks-inqilabdan ciddi şəkildə qorxur. Sarkisyan isə ola bilsin Ermənistanda ən qeyri-populyar siyasətçidir - lakin çox güclü maliyyə və kadr resurslarına malikdir. İstədiyi vaxt respublikaçıların revanşına gətirib çıxara biləcək prosesləri başlada bilər. Sarkisyana qarşı cinayət işinin qaldırılması müxalifətin ikinci yarısını məhv etməyə yönəlib. Birinci yarısı - Robert Koçaryandır və hazırda həbsxanadadır. Beləliklə, Paşinyan Koçaryan və Sarkisyanın digər tərəfdarlarını, xüsusən də Qarabağdakıları qorxutmağa hazırlaşır”, - deyə politoloq vurğulayıb.
Bütün bunların fonunda Sarkisyan hələ ki, barəsində qaldırılan cinayət işini şərh etmir. Yalnız Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan ittihamları "boş səs” adlandırıb. Onun sözlərinə görə, qaldırılan ittihamlar siyasi cəhətdən motivləşdirilib: "Hakimiyyət anlamalıdır ki, belə bir addımlar onu və təəssüf ki, Ermənistanı zəiflədir”.
 
Azər NURİYEV