• cümə, 26 Aprel, 18:24
  • Baku Bakı 22°C

Paşinyan seçki qanunvericiliyini pozmaqda ittiham olundu

20.11.18 19:16 452
Paşinyan seçki qanunvericiliyini pozmaqda ittiham olundu
Nikol Paşinyan hamını heyrətə salan, baş-ayaq bəyanatları ilə gündəmi tutmaqdadır. Növbədənkənar parlament seçkiləri ərəfəsində saysız-hesabsız açıqlamaları hətta erməni ekspert və politoloqlarının heyrətinə səbəb olmaqdadır. Onların gəldiyi qənaət budur ki, ən təhlükəlisi seçkilərdən sonra ola bilər.
Politoloq Stepan Daneilyan bildirir ki, "ən faciəvi olan odur ki, "yeni Ermənistan”ın "yeni nəsli” öz intellektual kasadlığını nümayiş etdirir”. "Formalaşan xalqlar prinsip və ideyaları, yerdə qalanlar isə şəxsiyyətləri rəhbər tuturlar”, - deyən politoloq əlavə edib ki, erməni cəmiyyəti bir neçə əsr geridə olduğunu nümayiş etdirir. Respublika Partiyasından olan deputat Armen Aşotyan isə Paşinyanı seçki təbliğatı start götürməmiş prosesə start verməkdə ittiham edib. Onun sözlərinə görə, Paşinyan dövlət resurslarından faktiki istifadə etməklə, özü də iş vaxtı təbliğat kampaniyasına başlayıb: "Bu, yolverilməzdir və mən beynəlxalq müşahidəçiləri bu məsələyə diqqət yetirməyə çağırıram”.
Ən maraqlı ittihamı isə buraxılan parlamentin vitse-spikeri Eduard Şarmazanov səsləndirib. Yerevanla Minsk arasında Kollektiv Müdafiə üzrə Müqavilə Təşkilatında (KTMT) baş katib uğrunda yaşanan gərginliyi şərh edən Şarmazanov "beynəlxalq tərəfdaşlarla münasibətləri hədələməklə qurmurlar” deyib: "Bu, "Respublika” meydanı, küçədə dava edən gənclərin qarşıdurması, insanları Milli Təhlükəsizlik Xidməti ilə və yaxud barmaq hədələməklə qorxutmaq deyil. Bu, dövlətlərarası münasibətlərdir və hər bir məsələ diplomatik kanallarla həllini tapmalıdır. Ay cənab Paşinyan, kəsməzdən əvvəl, yeddi dəfə ölç-biç. Çünki səsləndirdiyiniz sözlərə görə siz yox, erməni xalqı cavab verməli olacaq”. İqtisadi vəziyyətlə bağlı danışan keçmiş vitse-spiker narahatlıq doğuran əsas məsələlərdən biri kimi iş yerlərinin bağlanmasını göstərib. "Paşinyan parlamentdə bildirib ki, onun sehrli çubuğu var. Əgər səndə bu varsa, nə üçün pensiyaları, maaşları qaldırmırsan, investisiya gətirmirsən? Sizə kim mane olur?”, - deyə Şarmazanov bildirib.
Paşinyanın daha bir fiaskosu dini liderə qarşı mübarizəsində məğlubiyyətidir. Belə ki, Paşinyan bütün ermənilərin katolikosu II Qareginlə münasibətləri yaxşılaşdırmağa məcbur olub. Çünki başqa çıxış yolu qalmayıb. Bu barədə "Jamanak” qəzeti mənbələrinə istinadən yazıb. Bildirilir ki, Paşinyan II Qaregin və onun rəhbərlik etdiyi Eçmiədzin kilsəsi ətrafında yaranan problemli vəziyyəti həll etmək üçün Kilikiya böyük kilsəsinin katolikosu I Arama bütün ermənilərin katolikosu olmağı təklif edib. "Lakin I Aram bu təklifdən imtina edərək Paşinyana bildirib ki, kilsə ilə münasibətlər bu üsulla tənzimlənmir. I Aram təklifi qəti rədd etdikdən sonra Paşinyan II Qareginlə münasibətlərini yaxşılaşdırmağa məcbur oldu” – qəzet yazıb.
Qeyd olunur ki, Ermənistanda din amili böyük əhəmiyyət kəsb etdiyindən hakimiyyətə gələnlər mütləq kilsənin də dəstəyinə nail olmağa çalışırlar: "Lakin əhalinin etirazları fonunda Paşinyan əvvəlki hökumətin adamı olan II Qaregini vəzifədən uzaqlaşdırmağa çox cəhd etsə də, səriştəsizliyi üzündən bütün səyləri nəticəsiz qalıb. Paşinyanın qorxusu odur ki, hələ də kilsə üzərində nəzarəti ələ keçirməyib və bundan istifadə edən Respublikaçılar hər an ona zərbə vura bilərlər. II Qareginlə Paşinyan arasında patriarxın könüllü olaraq vəzifəsini tərk etməsi barədə razılıq əldə olunduğuna dair xəbərlərin yayılmasına rəğmən, onun hələ də bütün ermənilərin katolikosu olaraq qalmasının səbəbi də elə Respublikaçıların müqavimətidir.”
Qeyd edək ki, Ermənistan parlamentinin bu günlərdə keçirilən iclasında Respublikaçıların II Qareginin mühafizəsi haqqında təqdim etdiyi qanun layihəsi qəbul olunmayıb və deputatlar arasında ciddi mübahisə yaradıb. N.Paşinyan Azərbaycanın erməni terrorçularının əlində olan iki girovu – Dilqəm Əsgərov və Şahbaz Quliyevi qaytarmağı tələb etdiyini etiraf edib. Bu etirafı Paşinyan Azərbaycan Ordusu tərəfindən ələ keçirilən erməni kəşfiyyatçı Karen Kazaryanın qohumlarının etirazı haqqında danışarkən edib. Karen Kazaryanın qohumları etiraz aksiyası keçirərək yolları bağlayıblar. Bu zaman aksiyaçılara yaxınlaşan Paşinyan onlardan soruşur:"Bu etiraz kimə qarşıdır.Əgər Azərbaycana qarşıdırsa, onda niyə yolları bağlayırsınız, yox, əgər bizə qarşıdırsa və hesab edirsinizsə ki az diqqət göstərilir, bu, doğru deyil. Mənim həyat yoldaşım iki dəfə bu ailə ilə görüşüb, mən də görüşəcəyəm. Əgər hesab edirsinizsə ki Ermənistan Kazaryanın qaytarılması üçün səyləri artırılmalıdır, o zaman anlamaq lazımdır ki, proses Ermənistanın maraqlarına uyğun olmalıdır. Nəyin bahasına olursa-olsun, məsələnin həllini tələb edərkən, cəmiyyətin bunu necə qarşılayacağına da baxmaq lazımdır. Azərbaycan tərəfi dəyişdirməyi təklif edir. Biz buna getməliyikmi? Dilqəm Əsgərov və Şahbaz Quliyevi qaytarsaq, o zaman erməni ailələrinə necə cavab verəcəyik? Biz daha iki Ramil Səfərovu qaytaraqmı? Mən Kazaryan ailəsini anlayıram və hörmət edirəm, lakin yolları bağlamağı anlamıram. Yəni nəsə elə bir şey varmı ki, edə bilərdik, amma etmədik?”. Paşinyan bununla həm də Azərbaycanın masaya Dilqəm Əsgərov və Şahbaz Quliyevin qaytarılması şərtini qoyduğunu etiraf edib.
Qeyd edək ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev işğal altındakı torpaqlarda qalan doğmalarının məzarlarını ziyarət etmək istəyərkən, erməni hərbi birləşmələri tərəfindən girov götürülüb. Nikol dünən keçirdiyi mətbuat konfransında onu da deyib ki, Ermənistan ölkənin milli maraqlarına aid olan məsələlərlə bağlı susmaq niyyətində deyil. "Əgər konsensus olmasa, biz onun əldə olunması üçün çalışacağıq. Ona görə ki, KTMT-də qərarlar konsensus əsasında qəbul edilir”, – deyə o bildirib. O, KTMT-nin bəzi üzvlərinin öz müttəfiqlik öhdəliklərinə əməl etmədiyini deyib: "Növbəti silah partiyası üç ay əvvəl tədarük edilib, amma bununla bağlı müqavilə çoxdan imzalanıb. Bütün bunlar KTMT-nin baş katibi Ermənistan nümayəndəsi olanda baş verib. Biz bu cür davranışı qınayırıq və bunu Ermənistanın milli maraqlarına qarşı yönələn addım sayırıq. Belə davranışın KTMT-nin işinə mane olduğunu düşünürük”.
Qeyd edək ki, bundan öncə Bakı və Minskin Belarusdan növbəti hərbi texnika partiyasının tədarükü ilə bağlı müqavilə imzaladığı bəlli olmuşdu. 2018-ci ilin yayında Belarus Azərbaycana "Polonez” sistemlərini tədarük etmişdi. Minskin bu addımı Ermənistanın kəskin reaksiyasına səbəb olmuşdu.

Azər
banner

Oxşar Xəbərlər