AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Paşinyan getsə nə olacaq, qalsa nə?

Paşinyan getsə nə olacaq, qalsa nə?

Siyasət
05 Mart 2021, 15:30 416
Politoloqların fikrincə, Ermənistanın qarşısında iki seçim var, ya əməkdaşlıq platformasında iştirak etməli, ya da...
 
II Qarabağ müharibəsindən sonra Ermənistan daxilində başlayan siyasi gərginlik hələ də davam edir. Baş nazir Nikol Paşinyanla müxalif qüvvələr arasında qarşıdurma getdikcə kəskinləşir. Ermənistan müxalifətindəki bəzi qüvvələr, hətta müharibədəki məğlubiyyəti qəbul etmədən revanşist çıxışlar edir. Onlar Paşinyanı biabırçı məğlubiyyətə imza atmaqda günahlandıraraq istefasını tələb edirlər. Lakin baş nazir ona qarşı irəli sürülən ittihamları qəbul etmir və xalq tərəfindən seçildiyini, ancaq xalqın istəyi ilə hakimiyyətdən gedəcəyini bəyan edir.
Bütün bu məsələlərə Azərbaycanın baxış bucağından baxsaq, Paşinyan hakimiyyətdə qalsa nə olacaq və ya getsə nə dəyişəcək? Bütövlükdə, Ermənistanda baş verəcək hər hansı dəyişiklik region ölkələri ilə münasibətlərə təsir edəcəkmi?     
 
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, hazırda Ermənistanda siyasi gərginlik pik nöqtəsinə yaxınlaşmaqdadır: "Revanşistlər hakimiyyətə iddialıdır və onların əsas tələbi odur ki, baş nazir Paşinyan istefaya getsin. Paşinyan isə söyləyir ki, onu xalq seçib və hakimiyyətdən yalnız xalq uzaqlaşdıra bilər. Buna görə də o, erkən parlament seçkiləri ideyası ilə çıxış edib. Amma müxalifət, revanşistlər belə bir seçkiyə getmək istəmirlər. Səbəb də bəllidir. Çünki onların lazımi sosial bazaları yoxdur. Əgər olsaydı, onlar Paşinyanın bu ideyasını göydə tutardılar. Biz bunun eyni vaxtda həm müxalifət, həm də Paşinyanın keçirdiyi mitinqdə də şahidi olduq. Mitinqlərin miqyası göstərdi ki, Paşinyanın tərəfdarları kifayət qədər böyükdür. Bu da revanşistlər üçün çox ciddi siqnal oldu ki, deməli, onlar seçkiyə getsələr, uduzacaqları labüddür. Eyni zamanda Paşinyana beynəlxalq dəstək də gəldi. Birləşmiş Ştatların Dövlət Departamentinin mətbuat xidməti yaydığı məlumatda, faktiki olaraq, Paşinyan hakimiyyətini legitim hökumət kimi müdafiə etdiyini bildirdi. Analoji addım Rusiyadan, Türkiyədən gəldi. O cümlədən Azərbaycan Prezidenti İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi geniş mətbuat konfransında da söylədi ki, Ermənistandakı vəziyyət onların daxili işidir. Dövlət başçısı, eyni zamanda vurğuladı ki, Ermənistanın baş naziri məlum sənədlərə imza atıb. Söhbət 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci ildə imzalanmış sənədlərdən gedir. Yəni bu nöqteyi-nəzərdən, tərəf kimi Ermənistandakı Paşinyan hakimiyyəti qəbul olunur. Digər iddiaçılar isə hərbi ritorikaya söykənirlər. Hətta Ermənistanın məğlub olmuş silahlı qüvvələrinin tör-töküntülərinin bir hissəsini Paşinyan əleyhinə qaldırmaq niyyətləri də lazımi effekti vermədi”.
 
E.Nəsirov qeyd etdi ki, indi Paşinyan daha çox hücum taktikasında istifadə edir: "O, öz rəqiblərini sıradan çıxarmağa başlayıb və bu istiqamətdə ardıcıl addımlar atmaqdadır. Eyni zamanda Ermənistanın müdafiə nazirliyi ordunun siyasi proseslərə qatılmaması ilə bağlı mövqe ortaya qoyub. Beləliklə, Paşinyan üçün ən ciddi təhlükə silahlı qüvvələrdən gələ bilərdi. Amma bu gün Ermənistanın paytaxtında nə tank, nə də top görünür. Bu baxımdan, zaman Paşinyanın xeyrinə dəyişir. Lakin məsələyə nəzəri baxımdan yanaşsaq və hətta Paşinyan devrilsə belə, onun yerinə gələn revanşistlər nə edə bilər? Hesab edirəm ki, bu halda onların hərbi ritorikası kifayət qədər aşağı düşəcək. Görəcəklər ki, Ermənistanın nə topu, nə də topxanası var. Silahlı qüvvələri də məğlub durumdadır və Azərbaycan ordusunun qarşısına çıxmaq iqtidarında deyillər. Əgər belə bir gücləri olsaydı, 10 noyabr kapitulyasiya aktına imza atmazdılar. Yəni bu reallıqla üz-üzə qalacaqlar. Amma revanşistlər guya barışmaz, prinsipial mövqelərini göstərmək üçün istisna deyil ki, təxribatçı addımlara, terrorçu hərəkətlərə yol versinlər. Bu da Azərbaycanın anti-terror əməliyyatı keçirməsini şərtləndirə bilər. Artıq bunun nümunəsi var və 62 erməni terrorçusu həbs edilib. Bunlar heç bir halda hərbi əsir deyillər. Əgər ermənilər analoji addım atarlarsa, bu, Ermənistan üçün fəlakətli olacaq. Yəni indi Ermənistan qarşısında iki seçim var, ya əməkdaşlıq platformasında iştirak etmək, ya da konfrantasiya mühitini seçmək. İkincini seçmək Ermənistanı fəlakətə yuvarlatmış olacaq. Onsuz da Ermənistan qlobal fəlakətin lap astanasındadır. Bu baxımdan, hesab edirəm ki, Paşinyanın, getdikcə erməni cəmiyyətində müdafiə edilməsinin səbəbi də məhz bununla bağlıdır. İnsanlar dərk edirlər ki, revanşistlərin gəlməsi Ermənistanı məhvə sürükləyə bilər”.
 
Qərbi Kaspi universitetinin professoru, politoloq Fikrət Sadıxov bildirdi ki, artıq Azərbaycanın üstünlüyü göz qabağındadır: "Torpaqlarımızı azad etmişik. Bununla da regionda aparıcı oyunçuya çevrilmişik. Dünya ölkələri də bununla hesablaşır. Ermənistanın daxili siyasi vəziyyətinə gəlincə, indi bizim üçün önəmli haldır ki, Paşinyan hakimiyyətdə qalsın və imza atılan sənədləri canla-başla icra etsin. Digər qüvvələr Ermənistanda hakimiyyətə gəlsə belə, bu sənədlərdən irəli gələn məsələləri icra etməyə məcbur olacaqlar. Düzdür, onlar müəyyən problemlər yarada bilərlər. Misal üçün, deyəcəklər ki, bəyanatdakı filan maddəyə yenidən baxmaq lazımdır və ya hansısa maddə başqa redaksiyada tərtib edilməlidir və sair. Amma əslində Paşinyan əleyhinə olan qüvvələr revanş etmək istəsələr, alınmayacaq. Çünki indiki halda revanş absurd məsələdir. Başa düşmək olmur, bunlar yenidən Şuşanı, Ağdamı işğal edəcəklər? Biz buna imkan verəcəyikmi? Ona görə də, Ermənistandakı indiki vəziyyətin belə qalacağına inanmıram. Bir müddətdən sonra siyasi qüvvələr tərəfindən vəziyyətə nəzarət olunacaq. Hər halda, biz heç vaxt imkan vermərik ki, hansısa qüvvə imzalanmış sənədləri yenidən gözdən keçirsin. Çünki ermənilər yaddan çıxarmamalıdır ki, Azərbaycanın güclü ordusu olduğu bir zamanda və Rusiya ilə Türkiyə də mövqeyini bildirəndən və buna uyğun addım atandan sonra onların başqa bir çıxış yolu qalmayıb”.

F.Sadıxov əlavə etdi ki, əgər Ermənistanda radikal qüvvələr, hərbiçilər,  hakimiyyətə gəlsə, onlar müəyyən təhlükə yarada bilərlər: "Onların revanşist ideyaları, Türkiyə və Azərbaycana qarşı fobiyası daha qabarıq şəkildə gündəmə gələ bilər. Belə  ideyalar Ermənistan müxalifəti tərəfindən bəzi hallarda səslənir. Təbii ki, biz buna təsir edə bilmərik və bu, onların öz daxili işləridir. Amma hər halda, həmin o radikal qüvvələr də yaddan çıxarmasın ki, bu məsələdə artıq böyük dövlətlərin də maraqları var. Konkret olaraq, Türkiyə və Rusiyanın maraqları ermənilərin daxildəki maraqlarından üstündür”.
 
BƏXTİYAR