• çərşənbə, 08 May, 16:25
  • Baku Bakı 16°C

“Paşinyan Ermənistanı beynəlxalq izolyasiya vəziyyətinə salıb”

17.01.19 17:57 615
“Paşinyan Ermənistanı beynəlxalq izolyasiya vəziyyətinə salıb”
Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə geniş narazılıqlara və iş yerlərinin itirilməsinə yol açan qərarlar qəbul etməkdə davam edir. Baş nazir bəyan edib ki, Ermənistan hökumətində nazirliklərin sayı azalacaq. Hökumətin dünənki iclasında N.Paşinyanbildirib ki, Nazirlər Kabinetinin tam işləməsi üçün qısa zamanda hökumətin üçdə ikisi formalaşdırılacaq. Qalan nazirlər isə yeni hökumətin strukturu dəqiqləşəndən sonra təyin ediləcək. Ermənistan hökumətində nazirliklərin sayının 17-dən 12-yə endiriləcəyi gözlənilir. Bu qərar onsuz da işsizliyin geniş vüsət aldığı ölkədə vəziyyəti daha da pisləşdirə bilər.
Yeri gəlmişkən, Nikol Paşinyanın səkkiz aylıq hakimiyyəti dövründə Ermənistanın ətraf aləmdən təcrid olunduğu, problemlərin nəinki azaldığı, əksinə, günbəgün artdığı barədə məlumatlar mediada və siyasi dairələrdə geniş müzakirə olunur. "Qolos Armenii” qəzeti yazır ki, Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra Ermənistan faktiki olaraq beynəlxalq izolyasiya vəziyyətinə salınıb. Nəşr xatırladır ki, Paşinyan Rusiya ilə qazın qiyməti məsələsində razılıq əldə edə bilməyib. Ən əsası, Kollektiv Təhlükəsizlik üzrə Müdafiə Təşkilatında (KTMT) təmsil olunan dövlətlərlə quruma sədrlik məsələsində razılığa gələ bilməyib. Daha sonra Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə Karaqandada baş verən insidentlə bağlı əlaqə saxlamayıb. Əlavə edilir ki, bu ölkə ilə KTMT çərçivəsində münasibətləri pisləşdirməyə müvəffəq olub. "7-8 ay ərzində Paşinyana bu və digər ölkə tərəfindən rəsmi dəvət göndərilməyib. Onun dəvəti ilə ölkəmizə hər hansı bir ölkənin liderləri təşrif buyurmayıb. Yalnız Gürcüstanın baş naziri istisna olub”, - deyə məqalədə vurğulanıb.
Ermənistan Müdafiə Nazirliyinin Milli Müdafiə Tədqiqatı Universitetinin vəzifədən uzaqlaşdırılan direktoru, general-leytenant Ayk Kotancyan isə baş naziri ölkənin təhlükəsizliyinə laqeyd münasibətdə ittiham edib. General erməni mətbuatına açıqlamasında Paşinyanın göstərişinə əsasən Ermənistan Müdafiə Nazirliyində struktur dəyişikliyi nəticəsində MMTU-ya yeni rəhbər təyin edilən general-mayor Gennadi Tavarasyanın "Ermənistanın milli təhlükəsizliyi maraqlarına əsaslanan” bütün strateji tədqiqatların icrasını dayandırdığını bildirib. A.Kotancyan perspektivsiz və gələcəkdə tətbiqi qeyri-müəyyən hesab olunaraq icrası dayandırılan layihələrin gələcəkdə ölkənin təhlükələrə qarşı mübarizə aparmaq imkanlarını məhdudlaşdıracağını bildirib və erməni ictimaiyyətini belə məsələlərə qarşı həssas olmağa çağırıb. O, əlavə edib ki, qərardan narazı qalan işçilər, xüsusən universitetin gənc alimləri və bacarıqlı tədqiqatçılar artıq iş yerlərini tərk ediblər.
Belə bir fikir də var ki, inqilab etməklə Qərbdən dəstək alacaqlarına ümid edən Ermənistanın yeni liderlərinin arzuları puç olmaqdadır. Ermənistanın Avropa İttifaqı ilə əməkdaşlıq sazişindən sonra münasibətlərinin dərinləşəcəyini gözləyənlər yanıldıqlarını anlayırlar. Keçmiş deputat Naira Zohrabyan da bu qənaətdədir. Ermənistanın Avropa İttifaqı ilə imzaladığı sazişlə bağlı yaranmış vəziyyəti analiz edən Zohrabyan bildirib ki, sazişlə bağlı həqiqətən də tempin aşağı düşməsi hiss olunur. "Mən başa düşürəm ki, mayda Avropa Parlamentinə seçkilər keçiriləcək. Lakin həqiqətən də bizdə əksəriyyəti özünün işgüzar maraqlarını əsas götürən diplomat-biznesmenlər deyil, peşəkar diplomatik korpus fəaliyyət göstərsəydi, ola bilsin, biz də başqa bir reallığın şahidi olardıq”, - deyə o bildirib.
Medianın müdafiəsi proqramının rəhbəri Aqasi Yenokyan isə hesab edir ki, kütləvi informasiya vasitələrinə təzyiqlər günbəgün artmaqda davam edəcək. Onun sözlərinə görə, bu onunla bağlıdır ki, hakimiyyət öz məkanını genişləndirməyə çalışacaq. "Müxalifətdə olanda Paşinyan institusional müxalifətin olmasının zəruriliyindən danışırdı. İndi isə hakimiyyətdə olarkən bunun olmaması üçün əlindən gələni edir”, - deyə ekspert vurğulayıb. Respublika Partiyasının üzvü, parlamentin keçmiş vitse-spikeri Eduard Şarmazanov isə bəyan edib ki, Nikol Paşinyanın "təmtəraqlı vədləri” hələ də həyata keçməyib. O bura Dağlıq Qarabağ məsələsi də daxil olmaqla, bütün vədləri daxil edib. Baş verənləri isə Paşinyanın növbəti fiaskosu və yaxud faktların dəyişilməsi kimi qiymətləndirib. Və ardınca da məşhur nağıl yazarı Andersenin fikrini yerləşdirib. "Axı kral lütdür”, - deyə müxalifət funksioneri özünün "faceebok” səhifəsində yazıb.

İnqilab dövründə Paşinyana dəstək verən daşnaklar da artıq baş naziri tənqid etməyə başlayıblar. "1in.am” saytında dərc olunan materialda bildirilir ki, parlament seçkilərindən sonra ilk dəfə olaraq hakimiyyət əleyhinə radikal tənqid səslənib. Və "Daşnaksütyun” ilk partiya olub ki, kütləvi şəkildə öz tələblərini irəli sürüb. İşğal altında olan Dağlıq Qarabağda 33-cü ümumi iclasını keçirən "Daşnaksütyun”un toplantısında partiyanın təmsilçisi Qrant Marqaryan Nikol Paşinyanı avtokratik hakimiyyət qurmaqda ittiham edib. "Nikol Paşinyan səviyyəsində bizi inandırmağa çalışırdılar ki, bizim partiyaya hörmətlə yanaşırlar. Koalisiyanın bir hissəsi idik. Biz beş əsas məsələ ətrafında razılaşmışdıq. Lakin qısa zaman kəsiyində anladıq ki, nə əldə olunan razılaşmalara, nə də alternativ fikirlərə qarşı dözümlülük var. Aydın oldu ki, ümumi bir plan mövcuddur - ölkəni milli kursdan çıxarmaq. "Daşnaksütyun”a burada yer yoxdur”, - deyə partiya funksioneri bəyan edib. O, hakimiyyətin separatçı Dağlıq Qarabağı rəngləmək və oranı ağ və qaralara bölmək hüququnun olmadığını da deyib. Hakimiyyət dəyişikliyi tələbini ortaya qoyan Qrant Marqaryan növbəti seçkilərdə bu hakimiyyəti evə göndərəcəklərini dilə gətirib: "Ölkənin idarəçiliyini öz əlimizə alacağıq”.


Azər NURİYEV
banner

Oxşar Xəbərlər