AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Pandemiya xaricdə təhsilə necə təsir edəcək?

Pandemiya xaricdə təhsilə necə təsir edəcək?

Cəmiyyət
31 Mart 2020, 18:47 629
Bəzi universitetlərin "B” planı var
 
Koronavirus pandemiyası bir çox sahələrə mənfi təsir göstərdi. Həmin sahələrdən biri də xaricdə təhsildir. Belə ki, xaricdə təhsil alan yüzlərlə tələbəmiz ölkəmizə gətirildi. Nə zaman qayıdacaqları isə bəlli deyil. Oxuduqları universitetlər həmin tələbələrə müəyyən güzəştlər etsələr də, istənilən halda bu hadisə tələbələrin təhsil prosesinə zərbə vurdu. Bundan başqa, qeyd edək ki, mövcud vəziyyət xaricdə təhsil almaq istəyən gənclərin də hazırlıq prosesinə təsirsiz ötüşmədi. Belə ki, karantin şəraitinin elan edilməsi ilə ölkəmizdə fəaliyyət göstərən hazırlıq kurslarının da işi dayandırılıb.
Hər kəsə bəllidir ki, hazırda xaricdə təhsil imtahanlarına hazırlaşan xeyli gəncimiz var. Maraqlıdır, bu gənclər nə etməlidirlər, hazırlıqlar necə davam etdirilməlidir və imtahanlar nə vaxta gözlənilir? Digər tərəfdən, mövcud vəziyyət növbəti mərhələdə xaricdə təhsilə marağa necə təsir edəcək, xaricdə təhsil almaq istəyi əvvəlki tendensiya ilə davam edəcəkmi?
 
İlk olaraq xaricdə təhsil almaq istəyən Gülsüm Əliyeva ilə həmsöhbət oluruq. Gülsüm pandemiyanın bu həddə çatmağının onun xaricdə təhsil almaq istəyinə mane olmadığını, amma buna baxmayaraq, valideynlərində müəyyən olduğunu olduğunu qeyd edir: "Hazırda son semestrdə oxuyuram və xaricdə təhsil üçün hazırlaşıram. İstəyimi valideynlərimə bildirəndə məni dəstəkləmişdilər, amma son hadisələr, hiss edirəm ki, fikirlərinin dəyişməsinə səbəb olub. Artıq getməyimi istəmədiklərini deyirlər. Əslində, onları da anlayıram. Amma buna baxmayaraq, istəyimdən dönmək fikrim yoxdur. Təbii ki, onsuz da mövcud vəziyyətdə bütün ölkələrlə sərhədlərimiz bağlıdır deyə, heç yerə getmək imkanımız yoxdur. Amma bu mənim gələcək planlarıma təsir etmir. Düşünürəm ki, bu vəziyyət müvəqqətidir, bu günlər də keçəcək. Ona görə də onlayn da olsa, dərslərimə hazırlaşıram, müəllimlərimlə əlaqə saxlayıram”.
 

Təhsil eksperti Kamran Əsədov qeyd edir ki, karantin şəraiti məsafədən təhisilin mümkünlyünü də ortaya çıxardı: "Xarici ölkələrdə təhsil almağa hazırlaşan şagirdlər üçün daha ciddi problemlər meydana gəldi. Baxmayaraq ki onlar online sistem tətbiq etməklə bu boşluğu aradan qaldırmağa çalışırlar, amma humanitar fənlərdən fərqli olaraq YÖS, SAT imtahanlarında praktik bcarıqlar tələb olunduğu üçün bu üsul o qədər də effektiv olmur. Dərslərin təxirə salınması təkcə aprel ayında DİM tərəfindən keçirilməsi nəzərdə tutulan qəbul imtahanlarının təxirə salınması ilə nəticələnmədi, eyni zamanda beynəlxalq imtahanların keçirilməsi də qeyri-müəyyən vaxta qədər təxirə salındı. Düşünürəm ki, beynəlxaq imtahanların təxirə salınması xarici ölkələrə gedənlərin sayının azalmasına səbəb olacaq. Onların gedəcəkləri ölkələrdə təhsilin nə vaxt bərpa olunması da buna bilavasitə təsir göstərir. Belə ki, ölkəmizdə bu imtahanlar olsa belə, xarici ölkələrdə tədrisin bərpa olunmaması tələbələrin ora getməsini müəyyən müddətə təxirə salacaq. Amma düşnürəm ki, pandemiya distant – məsafədən təhisilin mümkünlyünü də ortaya çıxardı. Məncə, bundan sonra xarici universitetlər bu xidmətlərini daha çox aktiv edcəklər ki, bu da insanların ölkəni tərk etməsinin sayını azaldacaq”.
 

Xaricdə təhsil üzrə ekspert,  "EDDE Global” xaricdə təhsil şirkətinin direktoru Miryusif Cavadzadə imtahanların vaxtının yay aylarına ertələndiyini bildirir: "Sonuncu kursda və sinifdə olanlar üçün ciddi problem yoxdur. Çünki onlar demək olar ki, bütün proqramı bitirmişdilər, sadəcə, təkrar etmək lazım idi. Mövcud vəziyyətlə əlaqədar heç bir kurs fəaliyyət göstərmədiyindən, onlayn proqramlarla dərslər təkrar edilir. Yəni, onlarda heç bir ləngimə yoxdur. Aşağı sinifdə olanlar, proqrama yeni başlayanlar üçün müəyyən fasilə yaranır. Amma onlar üçün də ciddi problem yoxdur, çünki karantindən sonra ciddi, sürətli rejimlə istənilən səviyyəyə çata biləcəklər. İmtahanların zamanına gəlincə isə, bütün imtahanların vaxtı dəyişdirildi. Hazırda imtahanların hamısının iyun-avqust aylarında keçiriləcəyi deyilir”.
 
Ekspert deyir ki, mövcud vəziyyətdən yana, xaricdə təhsilə marağın çox ciddi şəkildə azaldacağını gözləmir: "Çünki tələbələr də başa düşür ki, bu, sadəcə bir ölkənin deyil, bütün dünyanın problemidir və bir müddət sonra bitəcək. Hətta indi də müraciət edən, sorğu göndərən, ölkələrlə maraqlanan tələbələr var. Yəni mövcud vəziyyətin təsiri gözlədiyimizdən də azdır. Bu vəziyyət daha uzun müddət davam edərsə, ola bilsin ki, universitetlərin strategiyası da dəyişə bilər. Bu halda universitetlərin hansı addımı atacağı ilə bağlı danışıqlarımız olub. Çox güman ki, ya tələbələri qəbul edərək onlayn dərslər keçəcəklər, ya da ki, bir neçə semestrlik dərslərin dondurulması təklif ediləcək. Hələ ki bəzi universitetlərin "B”  planı belədir. Yəni hazırda heç bir xarici universitet qəbulu dayandırmayıb. Qəbul prosesi davam etdiyinə görə, istənilən şəxs xaricdə təhsil üçün müraciət edə bilər”.
 
Günel Azadə