• çərşənbə, 16 Oktyabr, 01:30
  • Baku Bakı 16°C

“Özümə bir az da ömür arzulayıram...” - SƏNƏT

20.01.24 02:30 6841
“Özümə bir az da ömür arzulayıram...” - SƏNƏT

Xalq artisti Hacı İsmayılov: “Mən həmişə deyirəm: teatrda tamaşaçını aldatmaq  yox, qrimlə, geyimlə inandırmaq olur, amma kinoda bu, mümkün deyil. Kinoda gərək səmimi və təbii olasan ki, tamaşaçılar inansınlar”.

80 yaş qapıdadır: öz ağırlığı, təcrübəsi, müdrikliyi ilə... Xalq artisti Hacı İsmayılov bu yaşı hörmət və sevgi ilə haqlayıb. Geri boylananda, çətinliklər də olub, əziyyətlər də, amma daha çox yadda qalan böyük sənətin həyatına gətirdiyi, ona qazandırdığı AKTYOR adıdır.
Xalq artistinin “Kaspi”yə müsahibəsi də keçmişinə və gələcək arzularına güzgüdür.

Məni kinoda kəşf edən...

- Müsahibəyə gəlməzdən öncə yaradıcılıq bioqrafiyanıza nəzər saldım.  Filmoqrafiyanızdakı rollar teatr səhnəsindəki obrazlardan say etibarı ilə daha çox göründü. Hansına daha çox minnətdarsınız- teatra, yoxsa kinoya?

- Kinodakı rollarımla tanınmağım təbiidir. Teatra tamaşaçı çox gəlsə - 500 nəfər olar. Bir də var ki, kinoya çəkilirsən, filmi nümayiş etdirirlər və ona milyonlarla insan baxır. Sən də tanınırsan... Buna görə filmin təsiri və kinoda uğur qazanmaq yolu teatrdan bir qədər fərqlidir. Teatr gündəlik işdir. Mən həmişə deyirəm: teatrda tamaşaçını aldatmaq  yox, qrimlə, geyimlə inandırmaq olur, amma kinoda bu, mümkün deyil. Kinoda gərək səmimi və təbii olasan ki, tamaşaçılar inansınlar. Kino ilə teatrın fərqi bundadır. Yaddaşlarda qalan da kinoda olan obrazlardır.

 

- “Ad günü”ndən – Rasim Ocaqovla başlayan kino həyatınız indi hansı dayanacaqdadır?

- Mən şükür edirəm ki, Rasim Ocaqov kimi görkəmli bir rejissorun beş filmində çəkilmişəm. “Ad günü”, “Həm ziyarət, həm ticarət”, “Bağlı qapı arxasında”, “Ölsəm bağışla” və “Özgə ömür”  filmləri kinoaktyor kimi fəaliyyətimdə mühüm yer tutur. Həmin illər Azərbaycan kinosunun intibah dövrü idi. O dövrdə elə filmlər yaranırdı ki, onlara çəkilməklə uğur qazanmaq olurdu. Məni kinoda bir aktyor kimi kəşf edən Rasim Ocaqov olub. Düzdür, ona qədər teatrda işləyirdim, rollar da oynayırdım. Amma geniş tamaşaçı məni tanımırdı. Həmişə düşünürdüm ki, rejissorlar məni kino çəkilişinə dəvət etmirlər, görünür, kinoluq deyiləm, elə teatrda işləsəm yaxşıdır. Sonra elə oldu ki, Rasim Ocaqov məni dəvət etdi və kino fəaliyyətim “Ad günü”ndən başladı. İlk rolum da Mustafa oldu.

Məndə bir yetimlik qaldı

- “Rasim Ocaqovdan sonra mən elə bil yetim qaldım...” Niyə belə demisiniz?

- Nə qədər Rasim Ocaqov vardı, mən arxamda bir güc hiss edirdim. Elə bilirdim, kimsə mənim nə işlə məşğul olduğumu daim müşahidə edir. Bu, həqiqətən belə idi. Hətta mən teatrda işləyəndə artıq onun filmlərinə çəkilmişdim. O, hər şənbə günü teatra gəlirdi. Həsən Turabovla dost idi. Orada aktyorlarla söhbət edirdi. Məni görəndə də işlərimlə maraqlanırdı. Rasim Ocaqov dünyasını dəyişəndən sonra doğrudan da məndə bir yetimlik hissi baş qaldırdı. Valideynlərimi itirəndə mənə nə qədər təsir eləmişdisə, Rasim Ocaqov da dünyasını dəyişəndə elə oldu. Mən Rasim Ocaqovun sayəsində kinoaktyor oldum, filmlərə çəkildim. Tamaşaçılar tərəfindən mənə qarşı olan münasibət də əsasən həmin filmlərə görədir. Buna görə ona minnətdaram! 

Amma teatrda da işlərim çoxdur. Hazırda teatrın repertuarında 10 tamaşa varsa, onun 7-də iştirak edirəm. Hamısı da yaddaqalan rollardır. Teatr mənim gündəlik fəaliyyətimdir. Kinoya isə dəvət olanda gedib çəkilirəm. Düzdür, daha elə filmlər yoxdur, kinoya da, teatra da tamam fərqli münasibət var. Arada bir-iki seriala da dəvət aldım, amma bunlar kino çəkilişinin ləzzətini vermir. Ona görə də deyirəm ki, hər kəs kino çəkə bilməz. Hər kəs də rejissor ola bilməz. Bu sənət aktyor peşəsindən yuxarıdadır.

Artıq 54 ildir...

- 50 ildən çoxdur ki, taleyinizi “Azdrama” ilə bağlamısınız. Siz teatra bu qədər sədaqətlisiniz, yoxsa bu, daha çox teatrın vəfasıdır?

- Artıq 54 ildir... Fəaliyyətim 1967-ci ildə İrəvan Teatrından başlayır. O vaxt bu teatr açılırdı və bizim kursu İrəvan Teatrına göndərdilər. Biz o səhnədə Cəfər Cabbarlının “Sevil” tamaşasını oynadıq. Yarım il işləyəndən sonra Bakıya qayıtdım. 1968-ci ildə Sumqayıt Teatrı açıldı və mən bir il orada çalışdım. Aparıcı aktyor idim. Amma hiss edirdim ki, yerim ora deyil, Akademik Milli Dram Teatrına getməliyəm və 1970-ci ildə bu teatra gəldim. O dövrdə bir qrup cavan aktyor da teatra gəldi. Fuad  Poladov, Əliabbas Qədirov, Yaşar Nuri, Səməndər Rzayev... Onlar tez bir zamanda özlərini göstərə bildilər. Mənsə addım-addım - kütləvi səhnələr, sonra epizodlar, daha sonra da rollar... İlk rolum “Xırs quldurbasan”da Kərəm oldu. Tamaşada bir sözüm vardı: “Qaçsa qaçareeee”. Bu sözü deyəndə tamaşaçılar gülürdü. Sonra teatrın rejissorları tədricən mənə rollar verməyə başladılar. Teatrda kinodakı kimi birdən-birə uğur qazanmamışam, bu, mərhələ ilə olub. 

- O dövrdə “Azdrama”nın səhnəsinə yol tapmaq qədər rejissorlarla dil tapmaq da çətin olub. Bu açarı necə tapdınız?

- Çox çətin idi. Əvvəla, o dövrdə teatrda korifey sənətkarlar çalışırdı. Onlarla müqayisədə biz çox cavan idik. Onların yolu ilə getməyə çalışır, onlardan öyrənirdik. Rejissorların gözü çox sərrast olur. Onlar aktyora baxıb hərəkət edirdilər. Rejissor Ələsgər Şərifov həmişə deyirdi: “Biz damara baxıb qan alırıq”. Mən çox səbirli adamam. Özüm də “Dolça” bürcündən olduğum üçün iddialı deyiləm. Yavaş-yavaş rejissorların etimadını qazanırdım. Ən əsası teatrı, aktyor sənətini sevirdim. Mən dördüncü sinifdən teatr dərnəyinə getmişəm. O vaxtdan məndə aktyor sənətinə qarşı böyük məhəbbət yaranmışdı. Onda “mən aktyor olmalıyam”, - deyə qarşıma məqsəd qoydum. O dövrdə çətinliklərimiz çox olub, amma dözmüşük. Çünki biz teatrla nəfəs alırdıq. Günümüz teatrda keçirdi. 

Mən bu tarı sənə ala bilmərəm...

- Aktyorlar haqqında belə bir epiqramma var: “Mən başqasının həyatını öz həyatım kimi oynayıram”. Onda “insan öz həyatını tam yaşaya bilmir, yəni həyatda da bir sənətçiyə çevrilir...”, -deyə heç düşündünüzmü?

- Aktyor özgələrin həyatını öz həyatı kimi, öz həyatını özgələrin həyatı kimi yaşayan adamdır. Biz öz həyatımızla yox, daha çox səhnədə canlandırdığımız insanların həyatı ilə yaşamışıq. Qəribədir ki, onların da bizə təsiri olub. Məsələn, “Yaşıl eynəkli adam”da mən Qafar rolunu oynayırdım. O rolu oynayandan sonra mənə çox təsir etdi. Aktyorun özünün formalaşmasında da o rolların böyük təsiri var.

- Elə isə daha çox hansı rolunuza oxşayırsınız - Mustafa, Əli, Qulam, Mürşüd, Qafar...?

- Mən niyə deyirəm ki, Rasim Ocaqov məni tapıb? O məndə özünün prototipini görürdü. Sonradan bildim ki, məndə hansı xüsusiyyətlər var. Aktyor müəyyən vaxtdan sonra formalaşır. Cavanlıqda səhnəyə çıxanda müəyyən həyəcan keçirirdik. Bəziləri əsirdilər, bəziləri gərgin olurdu. Müəyyən dövrdən sonra səhnəni öz evin kimi hiss edirsən. Səhnə ecazkar bir yerdir. Ümumiyyətlə, teatr özü bir möcüzədir. Hərdən fikirləşirəm: mən başqa sənətlə məşğul ola bilərdimmi? Bilərdim. Aktyor işi ilə  maraqlanana qədər idmanın bir çox növləri ilə məşğul olmuşam, uğurlarım da olub. Yaxşı idmançı ola bilərdim. Başqa sənətə də meylim olub - yaxşı səsim vardı. O vaxt xora yazılmaq üçün Pionerlər Evinə getdim. Orda pianonun dillərinə toxundum, müəllimin xoşuna gəldi. Amma məni nədənsə tar dərnəyinə yazdı. Biz kasıb ailə idik. Atama dedim ki, müəllim deyib tarsız gəlmə, mənə tar almaq lazımdır. Karqanov küçəsində (indiki Rəsul Rza küçəsi) bir musiqi mağazası vardı. Atamla gedib qiymətlərlə maraqlandıq. Satıcı qiyməti deyəndən sonra atam: “Yox, bala, mən bu tarı sənə ala bilmərəm. Alsam, gərək bir ay yemək yeməyək”, - dedi. Atam tarı almadı. Mən də daha tara getmədim. Heç oxumağa da getmədim. Uşaqlıqda dəcəl olmuşam - qaçan-oynayan. İçərişəhərdə, Xan Sarayının yanında anadan olmuşam. Orada filmlərin çəkilişini görmüşəm – “O olmasın, bu olsun”, “Amfibiya adam”, “Brilyant əl”... Hətta “Həm ziyarət, həm ticarət”in bir epizodu da İçərişəhərdə çəkilib. Mənim Davuda yapışıb “mənim mallarımı qaytar” dediyim səhnə. Çoxları elə bilir ki, o kadrlar İstanbulda çəkilib.

Yeni tamaşaçı nəsli

- Hazırda oturduğunuz Teatr Xadimləri İttifaqının binasında mən Həsən Turabovla, Azər Paşa Nemətovla görüşmüşəm. Siz indi sədrin səlahiyyətlərini icra edirsiniz. Teatrın inkişafında İttifaqın töhfəsi nədir?

- Mən artıq 10-cu ildir buradayam. O vaxt Azər Paşa məni dəvət edəndə bir az tərəddüd elədim. Çox təkid edəndən sonra razılıq verdim. Amma nə yaxşı ki, razı oldum. Bura gəlməmiş elə bilirdim ki, çox şey bilirəm, amma sən demə, çox az şey bilirmişəm. Bura gələndən sonra mən insanları tanıdım, mədəniyyətimiz və incəsənətimizlə bağlı nə maraqlı işlər varsa onlar haqda yaxından məlumatlı oldum. Burda olan bir çox tədbirləri təşviq edən mən olmuşam. Bunlar həyatımı bir qədər də mənalı elədi. İl ərzində ittifaq 30-a yaxın tədbir keçirib. Teatrların yubileylərini keçirir, qastrollarını təşkil edirik. 8 ayda 8 bölgə teatrını və Türkiyənin Antalya Böyük Şəhər Bələdiyyə Teatrını Bakıya dəvət etmişik. Burdakı laboratoriyalar artıq 4-cü ildir fəaliyyətdədir. Gənclər il ərzində hazırladıqları tamaşaları göstərirlər. 
İttifaqda 5 ildən bir seçki keçirilir. Oktyabr ayında baş tutacaq konfransda sədr və sədrin müavinləri seçiləcək. O vaxta qədər mən bu vəzifəni kollektivlə birlikdə davam etdirirəm. 

- Gənclərlə bağlı fikirləriniz maraqlıdır. Onların rejissurasında, aktyor oyunlarında ənənəvi çərçivələri dağıdan fərqlilik var...

- Azərbaycan teatrı 3 nəhəngin çiynində qurulub - Ədil İsgəndərov, Mehdi Məmmədov və Tofiq Kazımov. Onların üçü də Moskva məktəbini bitirib. Gələn kimi də teatra rəhbərlik ediblər. İndiki gənclər elə bil gözləmə mövqeyindədirlər. Onlarda davamlılıq yoxdur. Bir iş görüb sonra gözdən itirlər. Bizdə gənclər sektoru var. Laboratoriyalarda hazırlanan tamaşalar gənclərindir. Lazım olan imkanları onlar üçün yaradırıq. Məsələn, Bələdiyyə Teatrının nə səhnəsi, nə məşq etməyə yeri var. Biz təmənnasız olaraq onlara şərait yaradırıq ki, tamaşalarını hazırlayıb göstərsinlər.

- Bəs tamaşaçılar haqqında nə deyərsiniz? Bu gün tamaşaçılar tərəfindən əvvəlki anşlaqı müşahidə edirsinizmi?

- Sənət dostlarıma da demişəm: bilmirəm, pandemiyadan sonra baş verdi, ya səbəb nədir:  zalda tamam başqa tamaşaçıları görürəm. Əksəriyyəti də gənclərdir. Elə bil ki, yeni tamaşaçı nəsli yaranıb. Tamaşa qurtarır, getmirlər. Baş əyirsən, əl edirsən, yenə getmirlər... Axırda pərdə bağlanır... Az qalır ki, teatrı sevgi ilə qucaqlarına alıb aparsınlar.

Bir az ömür...

- İndi teatrda siz yaşda və təcrübədə aktyorlar barmaqla sayılacaq qədər azdır. “Səhnədən vaxtında getmək və səhnədə son günə qədər çalışmaq” fikirləri daim çəkişir. Özünüz nə düşünürsünüz?

- Əvvəl belə bir söhbət var idi ki, 65 yaşdan yuxarı aktyorları işdən çıxarsınlar. Bir-iki teatr eksperiment kimi buna getdi. Sonra elə bil peşman oldular. Əgər insan yeriyə bilirsə, nitqi, ağlı yerindədirsə, qoy aktyor kimi işləsin. Bu məsələnin aktyor sənətinə dəxli yoxdur. Aktyor hiss edəndə ki, yerişi, danışığı əl vermir, özü ərizəsini yazıb gedəcək. Amma sənət sevgisi o qədər güclüdür ki, insan son nəfəsə qədər səhnədə qalmaq istəyir. Aktyor balıq kimidir, dənizdən çıxdısa qurtardı... Aktyorun nəfəsi oradadır, o nəfəsi kəsdinsə onun ömrü bitir...

- Yanvarın 22-də ad gününüzdür. 80 yaş bütöv bir epoxadır. Bilmirəm, keçmişlə müqayisə etmək nə qədər düzgündür, amma yenə də soruşuram: onda sənət daha maraqlı idi?

- Onda sənət daha çox zövq verirdi. Gənclik həvəsi, sevgisi tamam başqa şeydir. Onda daha romantik idik. Həmişə sənətin fədaisi olmuşuq. Bizim yaşlı və yaxşı aktyorların çoxu dünyasını dəyişib. Tək Rafiq Əzimov qalıb. Hamıdan yaşlısı indi odur...
Keçən il Ramiz Novruzla Ramiz Məliki itirdik. Ramiz Məliklə bir kursda oxumuşuq, tələbəlik illərinin dostu olmuşuq. Rafael Dadaşov rəhmətə getdi. Yaşar Nuri getdi... 

- Onlar üçün darıxırsınız?

- Sözsüz... Darıxmaqdan başqa məndə bir qorxu yaranıb. Yan-yörə gedib, elə bil tənhalaşırsan. Danışmağa adam tapmırsan. Mənim səhnə həyatım onlarla başlayıb. Onları itirəndə təbii ki, adam pis olur... 

- Özünüzə nə arzulayırsınız?

- Bir az ömür...Çox yox, bir az... Bilirsiniz niyə? Hərdənbir aktyor kimi mənə ehtiyac yaranır. Film olsun, tamaşa olsun, reklam olsun... Görürəm ki, kimsə məni yad edir, dəvət edir. Hələ teatra da, kinoya da, ittifaqa da, tamaşaçılara da, xalqa da lazımam... Xalq tanıyır, sevir, bundan böyük qazanc yoxdur. 

Söhbətləşdi:
Təranə Məhərrəmova

 

banner

Oxşar Xəbərlər