• cümə axşamı, 13 iyun, 04:42
  • Baku Bakı 24°C

Orta Dəhliz Azərbaycana iqtisadi səmərə, siyasi zəmanət də verəcək

20.03.23 09:30 1442
Orta Dəhliz Azərbaycana iqtisadi səmərə, siyasi zəmanət də verəcək

Orta Dəhliz yalnız ölkəmiz üçün deyil, regiondakı digər dövlətlərin də iqtisadi maraqlarını əks etdirən irihəcmli beynəlxalq nəqliyyat layihəsidir. Bu layihənin iqtisadi baxımdan səmərəli olduğu kimi, siyasi əhəmiyyəti də az deyil.

Asiya ilə Avropanı birləşdirən Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin davamı olan Orta Dəhliz ideyası dünyada baş verən gərgin geosiyasi proseslər fonunda meydana çıxıb. Azərbaycan işğal altındakı Qarabağı azad etdikdən sonra regionun digər dövlətlərinin də beynəlxalq iqtisadi layihələrdə iştirakına imkan yaranıb. Eyni zamanda, bu Qələbə Azərbaycanın Avropa ilə Asiya arasındakı ticarət əlaqələrində mühüm tranzit məntəqəsi olmasını şərtləndirir.

Bu günlərdə Bakıda Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi boyu “Bir pəncərə” prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi üzrə çoxtərəfli görüş keçirildi.

Görüşdə çıxış edən BMT-nin Avropa üzrə iqtisadi komisiyasının icra katibi xanım Olqa Aleqyerova bildirdi ki, Avropa İttifaqına daxil olan bütün dövlətlər Orta Dəhlizin tez bir zamanda formalaşmasını dəstəkləyir və sərmayə yatırılması məsələsini nəzərdən keçirir. Orta Dəhlizi, həmçinin Asiya dövlətləri də dəstəkləyir ki, bu da səbəbsiz deyil. Qeyd edək ki, son dövrlərdə Azərbaycan ərazisindən daşınan müxtəlif məhsulların həcminin artmasının əsas səbəbi Orta Dəhlizdə müşahidə olunan intensivliklə bağlıdır. Şimal və cənub qonşularımız sanksiya altında olduğundan Çin, Mərkəzi Asiya və Avropa Azərbaycandan keçən Orta Dəhlizə daha çox maraq göstərir. Çin nəzərə alır ki, Rusiya-Ukrayna müharibəsi Şimal dəhlizi ilə yükdaşımaları məhdudlaşdırıb. Odur ki, Orta Dəhliz məsafə və müddət baxımından böyük alternativ sayılır. Hesablamalar göstərir ki, Çindən Avropaya gedən yük qatarı Orta Dəhlizi seçərsə, 12 gün ərzində 10 min kilometr deyil, 7 min kilometr məsafə qət etməlidir. Bu da Asiya ilə Avropa arasında qlobal ticarətdə dəhlizin nə qədər sərfəli və təhlükəsiz olduğunu nümayiş etdirir. Eyni qatar Cənub dəhlizi üzrə göndərilsə, Süveyş kanalı üzərindən gəmi ilə 20 min kilometr yol qət edir. Bu mənada Orta Dəhliz öz imkanları ilə şübhəsiz ki, region ölkələrinin koordinasiyalı əməkdaşlığı sayəsində dünya ticarətinin ən mühüm həlqələrindən biri ola bilər.

Bu gün Azərbaycan Orta Dəhlizin reallaşmasına töhfə verən əsas ölkələrdəndir. Sözügedən marşrut isə Asiya və Avropanı birləşdirən vacib nəqliyyat dəhlizlərindən birinə çevrilmək üzrədir. Eyni zamanda, Rusiya-Ukrayna müharibəsi fonunda sözügedən dəhlizə marağın artması müşahidə olunur ki, bu da Azərbaycan ərazisindən daha çox yükün daşınması imkanı deməkdir. Orta Dəhlizin vacib elementinə çevrilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin imkanlarının genişləndirilməsi üçün Azərbaycan dövlət büdcəsindən 100 milyon dollar vəsait ayrılıb. Həmin vəsaitin hesabına yolun illik yükötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona qaldırılacaq və Orta Dəhliz vasitəsilə daha çox yükün daşınmasına imkan yaranacaq. Bundan başqa, Zəngəzur dəhlizi Orta Dəhlizə inteqrasiya ediləcək layihələrdəndir. Zəngəzur dəhlizinin istifadəyə verilməsi Azərbaycan ərazisindən illik təxminən 35 milyon ton yükün daşınmasına imkan verə bilər. Ötən ilin yekunları göstərir ki, Azərbaycan ərazisindən daşınan yükün həcmində 30 faizdən çox artım qeydə alınıb. Bu da regiona, o cümlədən yükdaşımalar baxımından Azərbaycana marağın artmasından xəbər verir. Region nəqliyyat habına çevrilir, Azərbaycan isə burada aparıcı ölkədir və Zəngəzur dəhlizinin istifadəyə verilməsi ölkəmizin beynəlxalq yükdaşımalarda mövqeyinin gücləndirilməsi baxımından vacibdir.

Ötən gün parlamentdə hesabat verən Baş nazir Əli Əsədov Zəngəzur dəhlizinin formalaşması istiqamətində aparılan işlərə toxunaraq bildirdi ki, Horadiz-Ağbənd yolunun 38, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun isə 74 faizi tikilib və bu yolların 2025-cü ildə istismara verilməsi gözlənilir. Bu da Orta Dəhliz ideyasının tezliklə reallığa çevriləcəyini söyləməyə əsas verir.

Orta Dəhlizin siyasi əhəmiyyətinə gəlincə, nəzərə almaq lazımdır ki, Çin və digər Cənub Şərqi Asiya dövlətlərinin Avropa ilə ticarət əlaqəsi Orta Dəhlizlə reallaşacağı təqdirdə, onlar regionda daim sabitliyin hökm sürməsində maraqlı olacaqlar. Avropa İttifaqına daxil olan böyük dövlətlər də Orta Dəhlizin həm avtomobil, həm də dəmir yolunun keçdiyi tranzit ərazilərdə sülhün və əmin-amanlığın davamlı xarakter daşımasında maraqlıdır və bu istiqamətdə siyasət yürüdəcəklər. Bununla da istər Ermənistan, istərsə də digərlərinin qeyri-konstruktiv siyasətinin qarşısı beynəlxalq birlik tərəfindən qəti şəkildə alınacaq. Beləliklə, Orta Dəhliz ideyasının həyata keçməsi və Zəngəzur dəhlizinin formalaşdırması ölkəmizə iqtisadi səmərə ilə yanaşı, siyasi zəmanət də verəcək. (Azərtac)

banner

Oxşar Xəbərlər