• cümə axşamı, 28 mart, 14:21
  • Baku Bakı 16°C

“Orqanlarını könüllü verən insanlar qəhrəmandırlar” - GÖR-GÖTÜR

06.05.23 05:30 5044
“Orqanlarını könüllü verən insanlar qəhrəmandırlar” - GÖR-GÖTÜR

Rauf Şahbazov: “ABŞ-də xəstələrlə həkim arasında baryerlər çoxdur. Xəstələr həftəsonu, işdən sonrakı müddətdə birbaşa həkimlərlə əlaqə saxlaya bilməzlər. Koordinatorlar, orta tibb işçiləri ilkin suallara cavab verirlər”

ABŞ və Böyük Britaniya daxil olmaqla dünyanın bir çox ölkələrində cərrah işləmək hüququ olan azərbaycanlıdır. Harada olmasından asılı olmayaraq, özünü Azərbaycan üçün hazırladığını deyir. Hazırda ABŞ-də işləsə də, həmvətənlərinə ödənişsiz konsultasiyalar verir, gələcəyin yaxşı həkimlərinin yetişməsi üçün çalışır.

Müsahibimiz ABŞ-nin Nyu York ştatında transplantasiya üzrə cərrah, çalışdığı transplant mərkəzində canlı böyrək, mədəaltı vəz və robot cərrahiyyəsi proqramlarının direktoru, Amerika-Azərbaycan Tibb Assosiasiyasının təsisçisi və ilk  prezidenti Rauf Şahbazovdur.

Qubadlı rayonunun Taroğlu kəndində anadan olub. 8-ci sinfə qədər orada təhsil alsa da, son 2 ili Bakıda – Kimya-biologiya təmayüllü 5 saylı respublika liseyində oxuyub. Ali təhsilini Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsində alıb, daha sonra cərrahlıq ixtisasına yiyələnib. Həkimlik karyerasına 5 saylı xəstəxanada başlayıb. Daha sonra Səudiyyə Ərəbistanında Böyük Britaniyanın “Edinburq Kral Cərrahiyə Kolleci”nin təlim mərkəzlərindən olan “Kral Feysəl” klinikasında cərrah kimi çalışıb. 5 il müddətində tələb olunan təlimləri keçib, Şotlandiyada müvafiq imtahanlar verərək “MRCS” ümumi cərrah ixtisas dərəcəsinə yiyələnib. Bu dərəcə ona dünyanın bir çox ölkələrində cərrah işləmək hüququ verib. Daha sonra Ankarada Başkənd Universitetində transplantasiya cərrahiyyəsi üzrə təlimlər keçərək transplant cərrahı kimi ixtisaslaşıb. 2011-ci ildə Amerika Cərrahlar Kollecinin beynəlxalq qrant layihəsində qalib gələrək Birləşmiş Ştatların Los-Ancelesdə olan Kaliforniya universiteti klinikası, Klivlend və Beylor klinikalarında təcrübə keçib. 2012-ci ildə Beylor Tibb Mərkəzi tərəfindən ABŞ-ə dəvət alıb. Hazırda Nyu-York ştatının Sirakuz şəhərindəki “Upstate Tibb Universiteti” klinikasında transplantasiya üzrə cərrah olmaqla yanaşı, tələbə və rezidentlərə dərs deyir, elmi tədqiqat işləri ilə məşğul olur.

“Həyatımda çox imtahan vermişəm, amma o medal...”

- Orta təhsilinizi qızıl medalla bitirmisiniz. O medal karyeranızda rol oynadımı?
- Kənd məktəbindən liseyə gələndə “rayondan gələn uşaq kimi” fərqli mühitə düşdüm. İlk vaxtlar çətin idi. Çünki məktəbin standartları yüksək, tələbkarlıq çox idi. Orada həm yaşayır, həm də oxuyurduq. Şagirdlər arasında bilik yarışması keçirilirdi. Rayonda riyaziyyat üzrə respublika olimpiadasının qalibi olsam da, Bakıda kimya, biologiya istiqamətinə yönəldiyim üçün çətinlik çəkirdim. Çünki kənd məktəbində kimya müəllimi yox idi. Amma orada olan mühit və müəllimlərimin köməkliyi ilə respublika kimya olimpiadasında 1-ci oldum. Bundan əlavə, universitetlərin keçirdiyi kimya, riyaziyyat və fizika üzrə olimpiadaların da qalibi oldum. Bu nailiyyətlərdən sonra qızıl medal aldım. Orta təhsilimi medalla bitirdiyim üçün Tibb Universitetinə yalnız 1 imtahanla qəbul oldum. Bu medalla məndə inam yarandı ki, harada yaşamağından asılı olmayaraq, uğur qazana bilirsən. Həyatımda çox imtahan vermişəm, amma o medal bütün müvəffəqiyyətlərimin başlanğıcı olub. 

“Müalicə metodları rus üsullarından fərqlənirdi”

- Rauf bəy, 5 nömrəli xəstəxanadan Nyu-Yorkda universitet xəstəxanasına  qədər gedən peşə fəaliyyətinizdən danışardınız. Bu necə baş verdi?
- O dövrdə 5 nömrəli xəstəxana Azərbaycanda ən yaxşı cərrahiyyə məktəbi sayılırdı. Bir neçə il orada çalışdıqdan sonra hərbi xidmətə getdim və cəbhə bölgəsində yerləşən hərbi səhra hospitalında işə başladım. Oradakı fəaliyyət mənə böyük təcrübə verdi. Yaralanan, minaya düşən əsgərlərin müalicəsi ilə məşğul olurduq. Cərrahiyyə qrupumuz gənc və motivasiyalı idi. Peşəmizə aid olan kitabları, məqalələri ingilis dilində oxumağa çalışırdıq. Buna görə də bizim müalicə metodları qəbul edilən ruslardan qalma üsullardan fərqlənirdi. Bəzən Qızıl Aypara Cəmiyyətinin nümayəndələri bizə dünyanın başqa yerlərində fəaliyyət göstərən cərrahların məqalələrini gətirirdilər. Oxuyub qeydlər aparır, yenilikləri tətbiq edirdik. Bunlar yaxşı mənada çox fərqlilik yaradırdı. Bəlkə də, qərb xəstəxanalarında çalışmağa həvəs orada yaranıb. Tərxis olunduqdan sonra yenidən 5 nömrəli xəstəxanaya qayıtdım. Qaraciyər, öd yolları, mədəaltı vəzi cərrahiyyəsi şöbəsində 1 il işlədim. O zamanlar Bakıya Səudiyyə Ərəbistanın Səhiyyə Nazirliyindən gəlib həkimləri imtahan edərək oraya işləmək üçün aparırdılar. Eşitmişdim ki, orada Amerika, Kanada, Böyük Britaniya tibb sistemini tətbiq edirlər. Bu iş mənə maraqlı və cəlbedici gəlirdi. Sənədlərimi verdim, imtahandan sonra seçildim. “Kral Feysəl” xəstəxanası həm də tədris mərkəzi olduğundan burada xəstə müalicə edilir, cərrahiyyə təlimləri keçilirdi. Təlimlər Edinburq Cərrahlıq Kolleci tərəfindən tanınırdı. Baxmayaraq ki, Azərbaycanda ən yaxşı cərrahiyyə mərkəzində təlimlər görmüşdüm, Böyük Britaniyanın cərrahiyyə sistemi çox xoşuma gəlirdi. Ona görə də orada çalışdığım 5 il müddətində çoxmərhələli imtahanları verib, Böyük Britaniya standartlarına uyğun, ümumi cərrah diplomunu qazandım. Bununla da  cərrahiyə biliklərimi qərb standartlarına uyğunlaşdırdım. Azərbaycana qayıtdım və özəl universitetlərin birində tibb fakültəsində xarici tələbələrə cərrahiyyə ixtisasını tədris edirdim. 2007-ci ildə isə Türkiyəyə orqan transplantasiyaları sahəsində ixtisaslaşmağa getdim. 2012-ci ildə ABŞ-də cərrahiyyə təlimlərində iştirak edib, müəyyən imtahanlar verdim, transplant cərrahı kimi çalışmaq hüququ qazandım. 

“Özümü ölkəm üçün hazırlayırdım”

- Cərrahlıqla bağlı dünya təcrübəsini öyrəndiyiniz halda orqan transplantasiyasına marağınız necə yarandı? 
- Ümumi cərrah idim. İlk müəllimlərim qaraciyər, öd yolları, pankreas cərrahları olduğundan hər zaman nəzəri də olsa, transplant cərrahiyyəsi haqda söhbətlər edərdik. O vaxt bu sahədə çalışmaq arzum idi. Dünyaca məşhur cərrah Mehmet Haberalla tanışlıq arzumu reallaşdırdı. O, marağımı nəzərə alıb, məni Ankarada transplant cərrah kimi yetişdirə biləcəyini dedi. 2 il ondan təlimlər aldım və transplant cərrah kimi yetişdirildim. Texas ştatında Beylor Xəstəxanasında olarkən pankreasın adacıq hüceyrələrinin transplantasiyaları sahəsində iş təklifi edildi. Təklifi qəbul etmədim, Bakıya gəldim.

- Hər dəfə fərqli ölkəyə getdikdə, yenidən Azərbaycana qayıtmısınız. Texasdan təklif gəlsə belə... Sanki məqsədiniz xaricdə işləmək olmayıb.
- Bəli. Özümü tamamilə Azərbaycan üçün hazırlayırdım. Öz ölkəmdə çalışmaq, xalqıma orada xidmət etmək məqsədim idi. Xaricdə bəzən qısa, bəzən uzun müddət çalışırdım, amma yenə istiqamətim ölkəm idi. Amerikada da təlimləri bitirib qayıdacaqdım, amma hələ də buradayam (gülür - A.Ə).

“Ölkəmiz üçün nə etsək, azdır”

- Azərbaycanda çalışmasanız da həkimlərə məsləhətlər verir, tələbələrə dəstək göstərirsiniz. Hətta xəstələrlə ödənişsiz konsultasiyalar da edirsiniz. Bunu özünüzə öhdəlik hesab edirsiniz? 
- Harada olsaq da, azərbaycanlıyıq. Azərbaycan gənc ölkədir. Ölkəmiz üçün nə etsək, azdır. Dünyanın hər yerində olan həmyerlilərim əzizdir. Həkimlik peşəsini seçəndə məqsədim xəstələri müalicə etməklə yanaşı, öz vətənimdə gənc həkimlərə, tələbələrə dərs demək, gələcəyin həkimlərinin hazırlanmasında iştirak etmək idi. Bu gün fiziki olaraq Azərbaycanda olmasam da, bunu buradan da etmək mümkündür. ABŞ-də həmkarlarımızla Azərbaycan Amerika Tibb Assosiasiyasını yaratmaqda da məqsədimiz bu olub. Bir yerdə olduqda daha çox işlər görə bilərik. Xəstələrə gəldikdə, əlbəttə, biz həkimik, elə işlər var ki, bunu telefonla və ya müasir texnoloji vasitələrlə uzaqdan həll edə bilirik. İmkan daxilində çalışıram ki, Azərbaycandakı xəstələrə yardım edim.

- Robot cərrahiyyəsi ilə də məşğul olursunuz. Bəzi insanlar yeniliklərdən çəkinirlər. Robot cərrahiyyəsi ilə birlikdə tibbin gələcəyini necə görürsünüz?
- Təbabət inkişaf edir, dünya tez dəyişir. Bu gün cərrahiyyə sahəsinə yeni texnologiyalar daxil olub. Bu texnologiyalar  cərrahiyyəni daha ehtiyatlı, güvənli, az ağırlaşmalarla yerinə yetirməyə imkan verir. Amerikada əksər xəstəxanalarda robot cərrahiyyəsi var. Öz sahəmdə biz robot platformadan böyrək, qaraciyər transplantasiyasında, mürəkkəb qaraciyər öd yolları cərrahiyyəsində istifadə edirik. Robot cərrahiyyə həm də kompüter ilə cərrahiyyə alətlərinin  kombinasiyasıdır. Bu alətlər mənə imkan verir ki, toxumaları, anatomik strukturları daha yaxından görüm. İşlək alətlər incə olduğu üçün toxumalarla rəftar daha rahat və az travmatik olur. Ona görə də bu texnikanı təcrübəmdə tətbiq edirəm və faydası da çox olur. Süni intellekt proqramları bizim sahəyə də daxil olur. Həkimlərin qərar qəbul etməsində çox rolu olacaq. Süni intellektin qərarları həkimin verdiyi qərarlar qədər səhih ola bilər. Onun tətbiqi tibdə əsaslı dönüş yaradacaq. 

“Donuzun orqanları insanlara köçürülmək üçün daha uyğundur”

- Dünyada heyvandan insana orqan köçürülməsi üzərində işləyirlər. Hansı heyvanın orqanı bizə daha yaxındır?
- Bu, araşdırılıb və donuzun üzərində dayanılıb. Donuzlar insanlara daha yaxındır. Ölçüsünə, genlərinin modifikasiya olunmasına, əlçatan olduğuna görə tibdə daha çox istifadə olunur. Amerikada Meriland Universitetində donuz ürəyini köçürən həkimlə də tanışlığım var. ABŞ-də ürəkdən başqa böyrəklər də köçürülüb. Hətta donuzdan köçürülən böyrək bir neçə gün fəaliyyət göstərib. Bu da transplantasiyada yeni bir dövrün başlanğıcı deməkdir. Elə xəstələr olacaq ki, onları gen mühəndisliyi vasitəsilə ilə də müalicə etmək mümkün olacaq. Amma gen mühəndisliyinin tətbiqindən sonra yeni xəstəliklərin yaranacağı da qaçılmazdır.

- Bir müsahibənizdə deyirsiniz ki, nə qədər canlıdan, ölən insandan orqan köçürsək də, yenə də, tələbat çoxdur. Səbəb nədir?
- Təəssüf ki,  indi orqan çatışmazlığından əziyyət çəkənlərin sayı çoxdur. Hər dəfə o siyahıya yeni xəstələr əlavə olunur. Orqan verənlər isə azdır. İlk növbədə, hər kəs donor ola bilmir, digər tərəfdən, hər kəs orqanını vermək istəmir. Hətta ölən insanların da müxtəlif dini səbəblərdən, mədəniyyət fərqliliyinə görə orqanlarını vermək istəmirlər. Buna görə də tələbat çox, orqan verən azdır. Bu səbəbdən də heyvandan insana orqan köçürmək kimi alternativ variantlar sınaqdan keçirilir.

“Cənnətdə orqanlara ehtiyac yoxdur”

- Avropa Transplantasiya Cəmiyyətinin şüarı belədir ki, “siz orqanlarınızı özünüzlə cənnətə aparmayın, orada onlara ehtiyac yoxdur”. Donor olmaqdan çəkinən insanlara nə demək istərdiniz?
- Bizim üçün xəstə də, donor da, orqan vermək istəməyən də insan olaraq əzizdir. Həkim olaraq hər kəsin maraqlarını qorumalı və onları eşitməliyik. Onların hər hansı narahatlığını hörmətlə qarşılamalıyıq. Hər bir kəsin öz qərarını verməsində inandığı səbəbi var. Amma orqan transplantasiyalarında bəzən o səbəblər əsaslandırılmış olmur. İnancımız olan İslam dinində də, yaşadığımız cəmiyyətin qayda-qanunlarına görə də, orqan transplantasiyaları qəbul olunandır. İnsanların narahatlığının səbəbi sistemin düzgün qurulmamasındandır. Sistem mütləq şəffaf və ədalətli olmalı, insanlar bu işə inanmalıdır. Məsələn, orqan köçürülməsində xəstələrin xəstəlik dərəcələrinə görə siyahı olur. O növbələr elmə əsaslanmalı və ədalətli olmalıdır. Kimsə kiminisə qohumu, tanışıdırsa, o əvvələ salına bilməz. 

“Bu işi alverə çevirmək olmaz”

- Donorluğa biznes kimi baxan insanlar, hətta həkimlər də var. Bu nə dərəcədə düzgündür?
- Qəti surətdə cinayətdir. ABŞ-də bilsələr ki, orqan nəyinsə qarşılığında verilir, o orqanın köçürülməsi həyata keçirilmir. Bu işi alverə çevirmək olmaz. Amerika və Avropada orqanın kimdən, harada, necə çıxarılmasından köçürülməsinə qədər keçdiyi yol ciddi sənədləşdirilir. Əgər həkim bunu bilərəkdən edirsə, dərhal cinayətkar kimi həbs edərlər.

- Rauf bəy, Amerikada azərbaycanlı həkimlər azdır. Nə üçün?
-  Bunun əsas səbəbi köhnədən qalan tibb təhsilidir. Müşahidəm də göstərir ki, tibbi Türkiyədə bitirən həmyerlilərimizlə Azərbaycanda bitirənlər arasında çox fərq var. Türkiyə tibb təhsili qərb sisteminə yaxındır. Qərb ölkələrinə gedərək həmin sistemdə işləmək onlara rahatdır. Azərbaycanda hələ də köhnədən qalan və burada heç kimə lazım olmayan rus vəsaitlərindən istifadə olunur. O biliklər burada nəinki kömək edir, hətta bizə mane olur. Oranın tələbləri, qayda-qanunları başqadır. Azərbaycan gənci istedadlı, çalışqandır. Onlara düzgün istiqamət versən, hər şeyin öhdəsindən gələrlər.

“Azərbaycanlı xəstələr yolagedən, safdırlar”

- Azərbaycan, Səudiyyə Ərəbistanı, Amerika xəstəxanalarında çalışmışınız. Maraqlıdır, xəstələrin xarakter və xüsusiyyətləri eynidirmi? Ən çox çətinliyiniz harada olub?
- Hər bir ölkənin insanları özlərini orada formalaşmış mədəniyyətə, davranış sisteminə,  dini xüsusiyyətlərinə, cəmiyyətdə hökm sürən qaydalara uyğun aparırlar. İnsan hər yerdə insandır. Onların ağrısı, xəstəliyi, əzabları hər yerdə eynidir. Buna reaksiyaları da təbii ki, fərqlidir. Mənim üçün ən rahatı öz ölkəmdə işləməkdir. Məncə, azərbaycanlı xəstələrlə münasibətim daha asan qurulur, nəinki başqa ölkələrdən olan insanlarla. Çünki öz dilini, mədəniyyətini bilirsən. Amma ABŞ-də fərqlidir. Buradakı xəstələrlə həkim arasında baryerlər çoxdur. Xəstələr həftəsonu, işdən sonrakı müddətdə birbaşa həkimlərlə əlaqə saxlaya bilməzlər. Koordinatorlar, orta tibb işçiləri ilkin suallara cavab verirlər. Azərbaycanda isə həkimlər xəstələrə hər vaxt əlçatandır. Orada istənilən vaxt həkimə zəng edə bilirlər.

- Pasiyentlər bu əlçatanlığı lazımınca dəyərləndirə bilirlərmi?
- Düzdür, narazılıqlar olur. Amma xəstələri qınamıram. Soruşmağa haqları var. Xəstələr, xüsusilə də cərrahiyyə xəstələrinin ağrıları olur, yaxud digər problemi var, o nə etməlidir? Həkimdən kömək almalıdır. Azərbaycan insanı, xəstəsi mənim nəzərimdə ən yolagedən, safdır.

Bu, qəhrəmanlıqdır

- Orqan transplantasiyası xəstənin sonuncu şansıdır. Karyeranızda təsirləndiyiniz hansı hadisəni bizimlə bölüşə bilərsiniz?
- Transplantasiya zamanı ya insanın həyatını xilas edirsən, ya da orqan köçürüb həyat keyfiyyətlərini yüksəldirsən. İnsanın həyatını dəyişdirəcək, çox ciddi sahədir. Mən həm də canlı donorlardan orqanların alınması işinə cavabdehəm. Ona görə də, məsuliyyətim ikiqat artıqdır. Orqanlarını könüllü olaraq verən insanlarla yaxın olduqca görürəm ki, onlar qəhrəmandır. Təsəvvür edin, öz bədəninin parçasını verir. Onlara nə qədər həssas yanaşsaq da azdır. Çünki donor heç nə qazanmır, əksinə, özünə lazım olmayacaq bir əməliyyata məruz qalır. Əməliyyatı nə qədər dəqiq etsən də, müəyyən risk yenə də var və bəzən ağırlaşmalar ola bilər. Bir xəstəm var idi, 76 yaşı var. Böyrəyini verib, 1-2 həftə sonra müayinəyə gələndə deyir ki, qaraciyərimin yarısını vermək istəyirəm. Ona izah edirik ki, sən artıq orqan vermisən, üstəlik, 55 yaşdan sonra canlı qaraciyər vermək məsləhət deyil. Hər dəfə belə böyük ürəyə sahib olan insanlarla rastlaşanda çox təsirlənirəm.

- Siz Qubadlıdansınız, okeanın o tayından gəlib azad olunmuş torpaqları ziyarət etdiniz. Necə hiss idi? 
- Bu sualın cavabını sözlərlə izah etmək çətindir. Qubadlı işğal olunandan ürəyimdən sanki böyük bir daş asılmışdı. Azad olunanda isə axtardığım rahatlığı tapdım. İndi yaşadığım yer Nyu-Yorkun dağlıq hissəsidir. Burada çoxsaylı göllər, şəlalələr var. Olduğumuz şəhərdən 2 saat məsafədə dünyanın möcüzələrindən olan Niaqara şəlaləsi var. Amma mənim gözümdə Həkəri, Bərgüşad daha gözəldir, nəinki dünyanın  möcüzələrindən olan Niaqara... Qubadlı azad olunandan bəri 2 dəfə kəndimizə, evimizə getmişəm. Üstəlik, son dəfə  anamı da apardım. Bundan gözəl xoşbəxtlik ola bilməz. Bu günləri bizə yaşadan şəhidlərə rəhmət deyir, canını, qanını bu yolda fəda etmiş qazilərimizə isə can sağlığı arzu edirəm!

Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər