Ordu quruculuğunda yeni mərhələ - ŞƏRH
Millət vəkilləri deyirlər ki, Komando
Briqadalarının yaradılması əhalinin təhlükəsizliyinin təmini, torpaqlarımızın
etibarlı müdafiəsi üçün vacib addımdır. Bütün bunlar Azərbaycana qarşı ola biləcək
hər hansı təhdidin qarşısını almağa hesablanıb.
Azərbaycan dövləti işğaldan azad olunan ərazilərdə yaşayacaq
vətəndaşların qorunması, torpaqlarımızın etibarlı müdafiəsi, həmçinin sərhədlərimizin
təhlükəsizliyinin təmin edilməsi istiqamətində ciddi addımlar atır. Təkcə
2021-ci il ərzində Şuşa, Laçın, Kəlbəcər, Xocavənd, Füzuli, Ağdam, Cəbrayıl, Zəngilan,
Qubadlı rayonlarında Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin yeni hərbi
hissələri açılıb. Dekabrın 24-də Müzəffər Ali Baş Komandan, Prezident İlham
Əliyevin iştirakı ilə Xocavənd rayonunun Hadrut qəsəbəsində Komando
Briqadasının xidmət keçəcəyi yeni hərbi hissənin açılışı olub.
Ordu quruculuğu prosesi dayanmayacaq
Öz ənənəsinə sadiq qalaraq ad gününü – 60 illik
yubileyini əsgərlərlə birlikdə keçirən Prezident İlham Əliyev hərbçilər qarşısında
çıxış edib. O, Hadrut döyüşlərini, bu yaşayış məntəqəsinin strateji əhəmiyyətini
xüsusilə vurğulayıb. Bildirib ki, 44 günlük İkinci Qarabağ müharibəsi Ermənistan
ordusunun tamamilə darmadağın edilməsinə gətirib çıxarıb. Ali Baş Komandan bir
daha bəyan edib ki, əgər Ermənistan yenidən Azərbaycan üçün təhlükə mənbəyi
olmağa cəhd edərsə, onun axırı İkinci Qarabağ müharibəsindəki kimi olacaq. Prezident
vurğulayıb ki, xalqımıza, dövlətimizə, ərazi bütövlüyümüzə hər hansı bir təhdid
yaradılmasına imkan verilməyəcək: "Hadrutda yeni hərbi hissənin açılması çox əlamətdar
hadisədir. Ona görə ki, bu bölgə strateji əhəmiyyət daşıyır. Hadrutda bizim
güclü silahlı birləşməmiz təhlükəsizliyimizi qoruyacaq. Digər tərəfdən Hadrut
azad edilmiş keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə aid olmuş yerdə yerləşir.
Eyni zamanda, bu hərbi hissənin ən böyük əhəmiyyəti ondan ibarətdir ki, biz
müharibədən sonra ordu quruculuğu prosesini dayandırmamışıq və orduya ayrılan xərcləri
azaltmamışıq, əksinə, artırmışıq. Müharibədən sonra imzalanmış yeni kontraktlar
icra edilir. Yeni kontraktlar əsasında artıq Azərbaycana ordumuzun təchizatı
üçün ən müasir silahlar, texnikalar gətirilir. Hərbi texnikanın alınması, hərbi
xərclərin, eyni zamanda, hərbçilərin maaşlarının artırılması onu göstərir ki,
müharibə başa çatsa da, ordu quruculuğu prosesi dayanmayacaq”.
Ərazi bütövlüyünün qorunması
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya
ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyevbildirib ki, Azərbaycanın daxili və xarici siyasətində
ölkənin müstəqilliyinin gücləndirilməsi, ərazi bütövlüyünün qorunması, vətəndaşların
təhlükəsizliyinin təmin edilməsi, sabitlik şəraitində yaşaması, rifahı prioritetdir.
Deputatın sözlərinə görə, xüsusi təlim keçmiş, istənilən hərbi vəzifəni yerinə
yetirməyə qadir Komando Briqadalarının yaradılması da məhz bu məqsədə xidmət
edir: "Əldə olunmuş nailiyyətlərin qorunması, əhalinin təhlükəsizliyinin təmini,
torpaqlarımızın etibarlı müdafiəsi üçün Komando Briqadaları yaradılır. Cənab
Prezidentin vurğuladığı kimi, Ordu quruculuğunda yeni mərhələ sayılan bu
briqadalar Azərbaycanın strateji əhəmiyyət kəsb edən bütün ərazilərində mövcud
olacaq, yeni hərbi hissələr yaradılacaq, zəruri hərbi texnika, silah-sursatla təmin
ediləcək. Bütün bunlar ölkəmizə qarşı ola biləcək hər hansı təhlükənin, təhdidin
qarşısını almağa hesablanıb”.
Ermənistan reallıqla barışmalıdır
Millət vəkili söyləyib ki, Müzəffər Ali Baş
Komandanın öz ad gününü Hadrutdakı Komando briqadasının açılışında qeyd etməsi həm
Ermənistandakı revanşistlərə, həm də dünyaya mühüm mesajdır: "Cənab Prezident
bir daha bəyan etdi ki, Azərbaycana qarşı hər hansı təhdid, təhlükə olarsa,
onun qarşısı dərhal alınacaq. Ölkə başçısının Hadrutda səsləndirdiyi fikirlər
Xankəndi və ətraf ərazilərdə yaşayan ermənilər üçün də ciddi mesajdır. Onlar
anlamalıdırlar ki, gələcəkdə normal həyat yaşamaq istəyirlərsə, bu, yalnız Azərbaycanın
tərkib hissəsində, ölkəmizin Konstitusiyasının tələblərinə riayət etməklə
mümkündür. Dünya Xankəndini və ətraf əraziləri Azərbaycanın tərkib hissəsi kimi
tanıyır, Ermənistanın yox. Bu reallıqla barışmalıdırlar. Sərhədlər müəyyənləşəndən,
kommunikasiyalar açılandan sonra Azərbaycan öz daxilində də müəyyən addımlar
atacaq. Bizim üçün ərazi bütövlüyü başlıca şərtdir”.
Bölgə separatçı-terrorçu tör-töküntülərdən təmizlənəcək
Milli Məclisə Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsindən deputat
seçilən Elman Məmmədovqeyd
edib ki, ilk Komando Briqadasının məhz Hadrut qəsəbəsində yaradılması mühüm əhəmiyyət
kəsb edir. Millət vəkilinin fikrincə, Ermənistanda bəzi siyasətçilər, revanşist
qüvvələr hələ də Hadrut xülyası ilə yaşayır, nə vaxtsa ora qayıdacaqlarına ümid
edirdilər. Lakin Hadrutda Azərbaycan Ordusunun yeni tipli birləşməsinin yerləşdirilməsi
ermənilərin bu ümidlərini növbəti dəfə puça çıxarıb: "Hadrut qəsəbəsi keçmiş
muxtar vilayətin tərkibində ayrıca bir rayon idi, ermənilər üçün strateji və mənəvi
əhəmiyyət kəsb edirdi. Ona görə də şanlı Ordumuz Hadrutu azad edəndə Ermənistan
rəhbərliyi böyük sarsıntı keçirdi. Cəmiyyətin də bu sarsıntını yaşamaması üçün
məğlubiyyətlərini gizlətməyə çalışdılar. Yalandan elan etdilər ki, taktiki
gediş edib geri çəkiliblər və yeni hücumla Hadruta nəzarəti bərpa edəcəklər.
Amma onların bu istəyi və yalanı həyata keçmədi. Vətən Müharibəsinin gedişində
10 mindən çox fərarisi olan Ermənistan ordusu darmadağın edildi. Hazırda Hadrut
Xocavənd rayonunun tərkib hissəsində çox mühüm, hərbi-strateji bir qəsəbədir.
Burada üçrəngli Azərbaycan bayrağı dalğalanır, Azərbaycanın Komando Briqadası
keşik çəkir. Xankəndi, Xocalı, Xocavəndin digər əraziləri, keçmiş Ağdərə
rayonunun yaşayış məntəqələri də yaxın gələcəkdə separatçı-terrorçu
tör-töküntülərdən təmizlənəcək, o torpaqların əsl sahibləri öz dədə-baba
yurdlarına geri dönəcəklər”.
Rufik
İSMAYILOV