“Onun yolunu bizi tanıyan hər kəs bizim qədər həsrətlə gözləyib” - Fotolar
Uzun illərdi övlad həsrəti çəkirmiş. Amma çevrəsində kifayət qədər
uşaq olduğu üçün həyatındakı bu boşluğu sanki hiss etmirmiş. Nəhayət, övlad
sahibi olduqda necə böyük sevinc yaşamasını ilk növbədə gözləri söyləmişdi. Tam
əminliklə "bu övlad ətrafımızdakı insanların duası ilə Tanrı tərəfindən bizə
verilən bir bəxşişdir” deyir."Mənim
balam” rubrikamızda müsahibimiz Milli Məclisin Mətbuat Xidmətinin
Akkreditasiya və kütləvi informasiya vasitələri ilə iş sektorunun baş
məsləhətçisi, dövlət qulluğunun baş müşaviriQərənfil Mansurovadır. 5 aydır ki, dünyaya gələn oğlu
Fəxran həyatına əlavə bir rəng qatıb, onu ana adı ilə mükafatlandırıb. Biz də
Qərənfil xanımın fəxr mənbəyi olan Fəxranla tanış olmaq fürsətini əldən
vermədik. Evlərinə qonaq olduq. Onunla söhbətimizə də elə analıq hisslərindən,
bu duyğunu necə yaşamasından başladıq:
- Çevrəmiz həmişə uşaqla dolu olub. Biz heç vaxt özümüzü uşaqsız ailə
kimi hiss etməmişik. Fəxranı qucağıma alana qədər düşünürdüm ki, övladım olsa,
o, qardaşımın, bacımın balalarından mənə doğma olmayacaq. Həyat yoldaşım ailənin
tək övladıdır. Ən çox da onun valideynlərinin nəvə görə bilməsi üçün övlad
sahibi olmağımızı istəyirdim. Övlad həsrətim onların gözləntilərinin fonunda
yaranmışdı. Mənim hesablamalarım analıq hissinin bu qədər möhtəşəm olduğundan
xəbərsiz idi. Fəxranı ilk dəfə qucağıma alanda, başa düşdüm ki, indiyə qədər
yaşadığım bütün sevinclər bunun yanında çox cılız və xırda imiş.
- Ana olduqdan sonra
həyatınızda nələr dəyişdi?
- Ana olduqdan sonra bütün həyatım dəyişdi. Bu hiss insanı şair,
bəstəkar etmək qüdrətinə sahibmiş. İndi baxıram ki, övladıma anamdan, nənəmdən
eşitdiyim o ənənəvi laylalardan əlavə özümün müəllifi olduqlarımı da əlavə
edirəm:
- Lay-lay Fəxranım laylay,
Dinim, imanım laylay,
Bircə gümanım laylay.
Sənsən həyanım laylay.
Aman-zamanım laylay,
Olan-qalanım laylay
Nəfəsim, qanım laylay,
Həyatım, canım laylay...
Fəxranı yatızdıranda hətta mahnılar qoşuram və özümü bəstəkar kimi
hiss edirəm:
Günəş qədər istin olsun,
Günəş sənin dostun olsun,
Günəş olmaq qəsdin olsun,
Günəşə bax, mənim balam.
Heç vaxt əlimə qələm alıb rəsm çəkmək haqda düşünməmişəm. Ancaq indi
fikirləşirəm ki, oğlum məktəbə gedəndə mən onunla bərabər rəsm çəkməyə
başlayacağam. Artıq beynimdə müəyyən naxışlar, ağaclar, heyvanların eskizini
qururam ki, birdən məktəbdə ondan bunu tələb etsələr və o da evdə məndən
soruşsa ki onu necə çəkim, mən bunun qarşısında aciz qalmayım. Onun gəlişi
həyatımızdakı hər şey kimi, düşüncələrimi də dəyişməyə başlayıb...
- Uşaqsız ev necə
görünürdü?
- Boş... Dediyim kimi, bizim çevrəmizdə, evimizdə hər zaman uşaqlar
olub. Qardaşlarımın, bacımın, xalamın, dayımın övladları, nəvələri həmişə
ətrafımızdadırlar. Hətta valideynlərindən gizli sirlərini, istəklərini ilk
olaraq bizə etibar ediblər. Həmişə onların qayğıları ilə yüklənmişik, "uf”
demədən hamısının dalınca qaçmışıq. Ona görə "övladsızıq nədir” bilməmişik,
bunun fərqində olmamışıq. Amma Fəxranı qucağımıza alandan sonra anladıq ki, sən
demə evimiz bomboş imiş.
- Övladınızı ilk dəfə
qucağınıza alanda, onun qoxusunu içinizə çəkəndə, hansı hissləri yaşadınız?
- İnanın ki, onu ilk dəfə qucağıma alanda da özümlə bağlı heç nə
düşünmədim. Valideynlərimin hər ikisi dünyasını dəyişib, onların ən böyük
arzusu mənim övlad sahibi olmağımı görmək idi. Ana olduğum an düşündüm ki,
görəsən valideynlərim bu günü görsəydi, daha çox yaşayardılarmı? Qaynanam Mələk
xanım gəlib Fəxranı görəndə hansı hissləri keçirər? Çünki Mələk xanım ağır
seyid nəslindəndir, onun ən böyük arzusu nəvə sahibi olmaq idi.Xəstəxanada Fəxranı ilk dəfə otağıma gətirmək istəyən tibb bacılarına
bir az ləngimələrini, həyat yoldaşımın gəlişini gözləmələrini dedim. Fəxranla
ilk tanışlığımız onunla birlikdə olmalı idi. Düşünürdüm ki, Fəxranla ilk
görüşdə tək olsam, onu qucağıma ala bilmərəm, həyəcandan ürəyim dayanar, dözə
bilmərəm. Xəstəxanada həkimlər də təəccüb etdilər ki, niyə ana övladını görmək
üçün tələsmir?
- Fəxranı necə bir övlad
kimi yetişdirməyi arzulayırsınız?
- İlk növbədə onu sağlam və xoşbəxt görmək istəyirəm. Çox istərdim
ki, o, müharibələrsiz, savaşlarsız, sülh dolu, təmiz bir dünyada böyüsün.
Fəxran dünyaya gəldikdən sonra dünyadakı bu qeyri-sabitliklərin aradan
götürülməsini daha çox istəyirəm. Bizim gəncliyimiz Azərbaycanın ən məşəqqətli
illərinə, keçid dövrünə təsadüf etdi, hər şey alt-üst oldu. Yaşanan bütün bu
proseslərin hamısını mətinliklə keçsəm də, etiraf edirəm ki, bu gün qorxuram.
Baxmayaraq ki, mən hər zaman həyatda qorxmaz,
cəsarətli və məğrur qadın olmuşam. Bu gün həmin hadisələr baş verərsə,
oğlum bunlara tab gətirə bilərmi - deyə düşünürəm. Eyni zamanda onu tam
qayğısız, rahat bir şəkildə də böyütmək istəmirəm. İstəyirəm ki, həyatda oğlum
nailiyyətlərini öz gücünün, əməyinin hesabına qazansın. Uzun illərdən sonra bu
övladı tapmışıq deyə istəmərəm onu ərköyün, tənbəl böyüdək. Ən böyük arzum isə
oğluma özünün istədiyi təhsili verməkdir. Çünki özüm istədiyim şəkildə təhsil
ala bilməmişəm. Mənim orta məktəbi bitirdiyim il, dediyim kimi, ölkənin keçid
dövrünə təsadüf edirdi. Çox qısa zaman kəsiyində hər şey bir-birinə qarışdı, iş
yerləri bağlandı, bölgələrlə rabitə kəsildi. Atam pensiyaya çıxmışdı, anam
işdən ayrılmış, qardaşlarımın üçü də - böyük qardaşım könüllü, digər ikisi isə
çağırışla müharibəyə getmişdi. Bir qardaşım 5 il 6 ay, digər qardaşlarım isə
bir neçə il fasiləsiz olaraq döyüş bölgələrində oldular. O hadisələrdən sonra
həyatım sıfırlandı və hər şeyi yenidən başlamalı oldum. Köməksiz, dəstəksiz...
Mənimsə tamam başqa arzularım vardı. İstəyirdim ki, xaricdə oxuyum, işləyim,
müxtəlif dilləri öyrənim. Bunların heç birini etmək imkanım olmadı...
- Yarımçıq qalmış arzularınızı
övladınızın üzərində tətbiq etmək istəyəcəksinizmi?
- Mən Fəxranın seçimlərinə qarışmayacam. Özü hansı istiqaməti seçsə,
sadəcə ona kömək olmağa çalışacağıq. Misal üçün, mən orta məktəbi qurtaran
zaman Bakı Dövlət Universitetinin
jurnalistika fakültəsinə sənəd vermək üçün iki il istehsalatda iş stajı tələb
olunurdu. Sırf bu səbəbdən başqa bir ali məktəbə getdim. Sonra tələbə qəbulu
zamanı imtahanlar testlə keçirilməyə başlandı. O zaman mən də imtahanda iştirak
etdim, istədiyim ixtisasa yiyələndim. Sonradan Azərbaycan Respublikası
Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və Bələdiyyə
İdarəetməsi” fakültəsinə daxil olub, oranı da qırmızı diplomla bitirdim.
Baxmayaraq ki bu qədər təhsil almışam, ancaq içimdə öz istədiyim yerə çatmaq,
təhsil almaq istəyi yarımçıq qaldı. Ən böyük arzum Moskva Dövlət
Universitetinin Ədəbiyyat fakültəsində oxumaq idi. Həyat yoldaşımın da iki ali
təhsili var. Amma o da istədiyi peşənin arxasınca getməyib. Çalışacağıq ki,
Fəxranın üzərində seçimlə bağlı heç bir tələb qoymayaq. Sadəcə olaraq onun
istədiyi sahədə dünyagörüşünün inkişafı üçün əlimizdən gələni edək. İndi bəzi
valideynlər övladı dünyaya gəldikdə, onun gələcəkdə sahib ola biləcəyi hər bir
şəraiti yaratmağa - evini, bankda hesabını, maşınını - gələcəyi üçün hər bir
şeyi hazırlamağa çalışır. Mən onun tərəfdarı deyiləm. Övladım üçün ən vacib
olan detalların əskik olmamasını, yaşayışı üçün zəruri olan ehtiyaclarını
ödəməyi yetərli hesab edirəm. Necə ki, biz həyatda hər şeyi çətinliklə
qazanmışıq, o da müəyyən şeyləri qazanmaq üçün özü əziyyət çəkməlidir.
- Hər bir valideynin öz
tərbiyə metodikası var. Bəs sizin tərbiyə metodikanız necə olacaq?
- Bir gün Məhəmməd Peyğəmbərdən soruşurlar ki, artıq 3 gündür övladım
dünyaya gəlib, onun tərbiyəsi ilə nə vaxt məşğul olum? O isə cavabında deyir
ki, sən artıq 3 gün gecikmisən. Mən də o 3 günü gecikməməyə çalışdım. Uşaq yeri
gələndə ağlamalı, yeri gələndə yıxılmalıdır. Fəxranın hələ çox kiçik olmasına
baxmayaraq, ona xüsusi rejim tətbiq etmişik və yemək, yatmaq, oynamaq vaxtları
saatla müəyyən edilib.
- Sizcə, cəmiyyətə
yararlı övlad yetişdirmək üçün haradan başlamaq lazımdır?
- Hər bir valideyn cəmiyyətə yararlı övlad yetişdirmək istəyirsə, ilk
növbədə dəyişməyə özündən başlamalıdır. Bəzən yoldaşım Kamranın hər zaman
aramızda zarafatla işlətdiyi ifadələri də qadağan edirəm ki, uşağın yanında
işlədəcəyi hər bir kəlmədə diqqətli olmağa çalışsın. Çünki evdə uşaq böyüyür.
Çevrəmizdə olan dostlarımızın övladları uğur qazananda, onların tərbiyə
metodikası ilə maraqlanmağa başlamışıq. Özümüz üçün yaddaşımızda toplamağa
çalışırıq ki, bunu gələcəkdə öz övladımıza da tətbiq edək. Yaxın bir rəfiqəm
var, kifayət qədər də maddi imkanları var. O deyir ki, uşaqlar məktəbi
qurtarana qədər onlara kamerası olan telefon almadıq. Kompüterdən, planşetdən
ancaq dərsləri üçün lazım olan zaman istifadəyə icazə verdik. Ali məktəbə çox
yaxşı balla qəbul olunandan sonra istədiklərini aldıq. Biz də hələ çox tez olsa
da, artıq belə olaylardan dərs almağa çalışırıq. Çünki indi texnoloji vasitələr
uşaqların həyatında ciddi təsirə malikdir və bir çox hallarda da bu, xoşagəlməz
nəticələr verir, ən azından vaxt itkisinə səbəb olur.
- Bəzən ailələrdə
valideynlərin evdə uşaqları ilə rus dilində danışdığının şahidi oluruq.
Övladlarını rusdilli kontingentə yönləndirir və elə hesab edirlər ki, belə
olduğu təqdirdə, onların övladı həyata bir addım öndə başlayacaq.
- Rus bölməsində təhsil alan uşaqların IQ-sünü mifə çeviriblər. Rus
bölməsini bitirən şagirdlərin intellektual səviyyəsinin, dünya görüşlərinin
daha geniş, daha məntiqli olduğunu çox eşitmişəm. Amma bu fikirlə qətiyyən razı
deyiləm. Mən qəbul edə bilmərəm ki, mənim ailəmdə böyüyən uşaq Səməd Vurğunu,
Nizamini, Füzulini tanımasın, amma Lermontovdan şeir əzbərləsin, Puşkindən
sitatlar gətirsin. Mənə lazım deyil, böyütdüyüm övlad horranın, südlü aşın,
xəşilin nə olduğunu bilməsin, məndən "kaşa” tələb etsin. Düzdür, rus bölməsində təhsil alan şagirdin
bilik səviyyəsi bir qədər artıq ola bilər. Ancaq uşağın azərbaycançılıq psixologiyası,
milli-mənəvi dəyərləri zəif qalmamalıdır. Təbii ki, rus dili də beynəlxalq
dillər səviyyəsindədir. Azərbaycan
bölmələrində bu dillər tədris olunur. İstəsə, ən yaxşı səviyyədə öyrənə
bilər... Tanıdığım bir ailə var. Nə ata, nə ana rus bölməsində təhsil
almayıblar, amma uşaqlarını rus bölməsinə qoydular. Əvvəla, onun dərs
hazırlamasına yardım edə bilmədilər, əlavə müəllimlər tutmalı oldular. İkincisi
də, uşaq qonşuda Azərbaycan bölməsində oxuyan bir uşaqla dostluq edirdi deyə,
bütün günü ağlayırdı ki, mən də Uğur kimi "Heydər baba” şeiri öyrənmək
istəyirəm, Azərbaycan bayrağı istəyirəm... Məcbur olub bölməni dəyişdirdilər və
bu da onun dərslərində geri qalmasına səbəb oldu. Mən belə şeyləri görmək
istəmirəm. Mənim övladım azərbaycanlıdı, Azərbaycan dilində də təhsil
almalıdır.
- Bəs Fəxranın tərbiyə
metodikasında dədə-baba üsulundan faydalanırsınızmı, yoxsa sizin öz metodikanız
var?
- Mən dədə-baba üsulunu doğru metodika hesab edirəm. Böyüdüyümüz
ailələrin tərbiyə üsulu əslində bizim cəmiyyətdəki bugünkü yerimizdir. İnsan
özü necə tərbiyə alırsa, övladına da o cür tərbiyə verir. Həyat yoldaşım ziyalı
ailədəndir. Qaynanam Mələk xanım tanınmış ingilis dili mütəxəssisidir. Qayınatam
Akif müəllim indi təqaüddə olsa da, zamanında tanınmış mühəndis kimi ad-san
qazanıb. Fəxran elə öz soy-kökünə layiq, nəsil
ənənələrinə sadiq bir insan kimi yetişsə, bəsimizdir. Amma indi gör-götür
dünyasıdır, zəmanə insanlara çox şey
aşılayır. Oğlumu böyüdərkən yararlandığımız o dədə-baba metodikasına qismən də
olsa "müasir” əlavələrimiz olacaq.
- Bəzən valideynlər
övladlarının şəklini paylaşmırlar və hesab edirlər ki, övladları gözə gələr.
Ancaq siz uzun müddətdən sonra valideyn olmağınıza baxmayaraq, rahatlıqla
oğlunuzun şəklini paylaşırsınız. Ümumiyyətlə, gözə, nəzərə inanırsınızmı?
- Əzəldən belə şeyə inanmamışam. Ancaq düzünü deyim ki, buna görə çox
qınanıram. Hamı məni danlayır. Qaynanam bu məsələlərdə xüsusilə mühafizəkardır.
Vallah, mən heç kəsdən bu sahədə təhlükə gözləmirəm. Bilirsiz niyə? Mənim
doğmalarım, kollektivim, Kamranın dostları, iş yoldaşları, doğmalarımız,
çevrəmiz, qohumlarımız, qonşularımız bizim üçün nə qədər sevindilər... Fəxran
doğulanda nə qədər qurbanlar kəsildi, nəzir-niyaz paylandı. Ona kimin gözü
dəyəcək? Onun yolunu bizi tanıyan hər kəs bizim qədər həsrətlə gözləyib... Göz
dəyməz, inşallah, Allah özü qorusun hamının balasını, içində də bizim
övladımızı.
Xəyalə Rəis