
“Onun yanına gəlirdimsə, bilirdi ki, Laçına gedəcəyəm, ona görə...”
Cəmiyyət
05 Dekabr 2020, 12:01
896
İlham Qəhrəman: "Bizim sevgimiz də işğal altında
idi, anamızın başımızı sığallaması ilə bağlı xatirələrimiz də”
"Deyir
ki, yurdundan sürülən, ölənəcən ağlayar. Qaçqınların bütün xatirələri işğal
altında olur. Bizim sevgimiz də işğal altında idi, anamızın başımızı
sığallaması ilə bağlı xatirələrimiz də. Məktəb yolları ilə bağlı xatirələrimiz,
müəllimlərimizi xatırlamağımız, qonşuluq münasibətlərimiz, quzu, inək
otarmağımız, kövşəndə ot çalmağımız... Bunlar hamısı işğal altında olub və ağır
dərdlərdir”.
Bu
fikirlərin sahibi şair-publisist İlham Qəhrəmandır.
O İlham Qəhrəman ki, 28 ildir ki, doğma torpağı Laçına həsrətdir, o şair ki,
şeirlərinin bir çoxu vətən, torpaq həsrəti ilə yazılıb. Laçının düşmən
tapdağından azad olunduğu günlərdə onunla söhbətləşdik, o xatirələrdən, Laçınla
bağlı hazırda ürəyində olan arzulardan danışdıq.
Uşaqlıq
illəri ilə bağlı yaddaşının tamamilə Laçınla bağlı olduğunu deyir: "Laçında
doğulmuşam, orda böyümüşəm. Uşaqlıq illəri ilə bağlı xatirələrim də bu torpaqla
bağlıdır. Laçında Həkəri çayı vardı, uşaq vaxtı anamızdan gizlin qaçıb çaya
gedirdik. Yaz vaxtı dağlarda qar əriyəndə, yağış, leysan yağanda, çay daşırdı.
Bu vaxtlar deyirdilər ki, çay göy ilə gedir. Həkəri çayının yatağı tez-tez
oynayırdı, sonra müəyyən yerlərdə göllər əmələ gəlirdi. Biz əvvəlcə o göllərə
girib iti daş olub-olmadığını yoxlayırdıq, sonra "kəllə vururduq”. Çayda qarmaq
sallamağım heç yadımdan çıxmaz. Həkəri çayında qəşəng, dadlı balıqlar olurdu.
Laçında həm də qəşəng bağ-bağçalar var idi. Bostançılıq və ot biçini
yadımdadır. Ən ağır işimiz ot biçini və yeri belləmək, əkin işi olurdu. Laçın şəhərinin
üstündə Göl deyilən bir yer var idi. Əslində göl deyildi, dağın sinəsində
stadion kimi düz yer idi, niyə Göl deyirdilər bilmirdik. Orda futbol
oynamağımız yadımdadır. Müəllimlərim tez-tez yadıma düşür. Laçında biliyini,
qabiliyyətini şagirdinə ötürməyə həvəsli olan, peşəsini sevən yaxşı müəllimlər
var idi”.

"İndi əlimdə həmin darıxmaq hissi var”
Təhsil,
iş üçün Bakıya üz tutsa da, "imkan tapan kimi Laçına qaçırdım” deyir: "Mən
Laçından 1978-ci ildə çıxıb Bakıya gəlmişdim. Burda təhsil almışam əsgərliyə
getmişəm, təyinatımı da Bakıya veriblər, burda işləmişəm, qalmışam. Laçına ayda
bir dəfə, alınmayanda, iki-üç aydan bir mütləq gedirdim. İş yerində kadrlar şöbəsinin
rəisi Sara Həsənqızı var idi. O qadın, həm də idarəmizdə qarşılıqlı yardım
kassasına məsul şəxs idi. 5-ci gün onun yanına gəlirdimsə, bilirdi ki, Laçına
gedəcəyəm, ona görə kassadan pul götürməyə gəlmişəm. Təbii ki, maaşda o pulu
çıxırdılar”.
İ.Qəhrəman
deyir ki, hazırda əlləri Laçının cökə ağaclarına toxunmaq üçün darıxır:
"Laçında səkilərin qırağında cökə ağacları əkmişdilər. Biz əlimizi o ağaclara
vura-vura məktəbə gedirdik, sanki ağaclarla salamlaşırdıq, qayıdanda da elə. Mən
Bakıda işlədiyim dövrlərdə belə, Laçına gedəndə o cökələrə əlimi vurmaqdan
özümü saxlaya bilmirdim, sanki əllərimdə bir həsrət var idi. Bax, indi əlimdə həmin
darıxmaq hissi var. Əllərim balaca olanda onlara o qədər dəymişdi ki, bu gün bu
yaşda da Laçına nə vaxt getsəm, əgər o cökə ağacları yerindədirsə, mütləq o
ağaclara əlimi sürtə-sürtə gedəcəyəm. Laçının mərkəzi küçəsinin sağı-solu
divarlar idi. Ağaclarla bərabər səkilərin yanındakı divarlara da əlimi sürtmək,
onları hiss etmək istəyirəm. Bu, elə bir darıxmaqdır ki, izahı yoxdur”.

"Artıq biz rahat ölə bilərik”
Vətən-yurd
həsrətinin yaradıcılığında üstünlük təşkil etməsi də məhz Laçına olan bağlılığı
ilə əlaqəlidir: "Şeir yazmaq həvəsim işğaldan əvvəl də var idi. Məktəbdə
oxuyanda, pambıq yığmağa gedəndə, əsgərlikdə olanda, şeir yazırdım. Amma
rayonlarımız işğal olunandan sonra gördüm ki, sanki sözlər içimdə
"dınqır-dınqır” edir. Yadımdadır, "Laçın qan ağlayır, Şuşa can verir”, "Bu gecə
evimiz yadıma düşdü” adlı şeirlərimi yazmışdım. Gördüm ki, "525-ci qəzet”də
çoxlu müəlliflərin şeirləri gedir. Arasında elə şeirlər var idi ki, "mən içimdən
gələnləri yazsam, bunlardan yaxşı yazaram” dedim və yazmağa başladım. Amma
içimin hissi daha çox işğal altında olan torpaqlar olduğuna görə, yurd həsrətli
şeirlər daha çox yazmışam”.

İ.Qəhrəmanın
sözlərinə görə, hətta torpağı işğal altında olan, onun azad olunduğu günü görmək
üçün yaşayan, bunun üçün dünyadan köçə bilməyən yaşlı insanlar da var idi:
"Rayonları işğal olunmuş bir çox ağsaqqal və ağbirçək adamları var ki, ömrünü
sürüb, gününü görmüşdülər. Hiss olunurdu ki, bu insanlar işğal altında olan
torpaqlardan, Qarabağdan xəbər almamış ölə bilmirlər. Onlar üçün ölüm də çətinlikdir.
Rəhmətlik anam həmişə deyirdi ki, ilahi, az ağrı, asan ölüm. Hiss edirdim ki,
atam 90 yaşı keçib, amma ölə bilmir (İlham Qəhrəmanın atası "Azərbaycan Ordusu
Laçına daxil oldu” xəbərini eşidəndən sonra dünyasını dəyişib). Mən özüm də
deyirdim ki, ilahi, görəsən torpaqlardan bir xəbər olacaqmı və biz arxayın,
rahat torpağa üz qoya biləcəyikmi?!” Artıq biz rahat ölə bilərik, çünki
torpaqları balalarımıza saxlaya bildik. Laçının azadlıq xəbəri gələndən sonra
sosial şəbəkələrdə görürəm ki, Laçından olan yaşlıların vəfat etdiyi yazılır.
Bu, əhd etməkdən irəli gəlir – yəni torpaqdan xəbər bilsəm, ölərdim”.

Hətta
doğma yurddan uzaq düşməklə bağlı səbrinin tükəndiyi vaxtlar da olur: "Hava
haqqında məlumatda Şuşa və Laçının adı çəkiləndə, pis olurduq. Mənə "İlham müəllim,
o gün olsun, kitabınızın təqdimatını Laçında edəsiniz”, "O gün olsun Laçın
klubunda sənin görüşünü keçirək” deyəndə, pis təsir edirdi. 10-15 il əvvəl bir
az ümid yeri var idi, amma get-gedə o da ölürdü. Lampanın işığı öləziyən kimi
ümidlərimiz də öləzimişdi. Belə hisslər keçirməyin səbəbi də var idi. Azərbaycan
dövlətinin apardığı siyasət güclü ordu yaratmaq idi. Mətbuatda gedirdi ki, Azərbaycan
xarici şirkət və dövlətlərdən ən müasir silahlar əldə edir, ordu yüksək səviyyədə
hazırlanır. Bu bizə təsir edirdi ki, belə güclü ordumuz varsa, nəyə görə
Qarabağda bir kəndi, bir şəhəri azad etmir?! Sanki içimizdə get-gedə bir
ümidsizlik yaranırdı. Amma birdən-birə belə bir hadisə baş verdi, ordumuz qəhrəmanlıq
göstərdi, içimizdə, qanımızda gizlənən o igidliyimiz, qəhrəmanlığımız
oğullarımız tərəfindən nümayiş olundu və ortaya çıxdı. Sanki biz birdən-birə
özümüzü tanımağa başladıq. Əsgərlərimizin özünə güvəni birə-beş artdı”.

Qələbəmizin səbəbləri
İ.Qəhrəman
deyir ki, bu qələbənin çoxşaxəli səbəbləri var: "Azərbaycan ordusunu yetişdirənlər
onun gücünü hansısa xəyali bir şkala üzrə 10 bal gücündə qiymətləndirirdilərsə,
birdən-birə məlum oldu ki, 100 baldan da yuxarı güclü orduya malikik. Bu cür
güclü ordumuz var. Bu mənada, Azərbaycan ordusunu yaradanlara, onu belə yüksək
səviyyədə təlim edənlərə, onları dünyanın ən müasir silahları ilə təchiz edənlərə
(düşmənlər deyir ki, Azərbaycan ordusu 5-ci nəsil silahlarla silahlanmışdı), Azərbaycan
dövlətinin səlahiyyətli şəxslərinə, Ali Baş Komandan, cənab Prezident İlham
Əliyevə təşəkkürlər düşür.
Analarımıza
böyük təşəkkür düşür. Ona görə ki, analar övladlarını şəhid kimi qarşılayanda,
cənab Prezidentə ismarıc da yollayırdılar ki, biz şəhidlərimizi qəbul edirik,
amma siz dayanmayın, şəhidlərimizə görə dayanmaq olmaz. Torpaqlarımız azad
olunmalıdır.
Düşmən
getməli, bu töhmət üstümüzdən götürülməli idi. Azərbaycan ordusu 28-30 il ərzində
zəif bir düşmənin hiylə ilə boynumuza, çiynimizə qoyduğu töhməti, başqa xalqlar
qarşısında bizim gözükölgəliliyimizi, diligödəkliyimizi üstümüzdən götürdü.
Buna görə Azərbaycan ordusuna borcluyuq.
Torpaqların
azad olunmasının bir səbəbi də Laçını və digər bölgələrimizi təmiz qəlblə, sidq
ürəklə istəyən analar, nənələr, babalar, cavanların arzuları, dualarıdır. Bəlkə
Allah o torpaqları bir də həmin insanların qəlbinin saflığına görə bizə
qaytardı”.

"Hazırda əsas düşüncəmiz torpaqdır, vətəndir”
Şair
bildirdi ki, evləri bu yaxınlara qədər salamat idi, əgər ermənilər gedəndə,
yandırmayıbsa, nəinki Laçına, həm də öz evinə qayıda biləcək: "O vaxt Laçına
girəndə, bəzi evləri yandırmışdılar, 5-6 evi də Gorusdan atdıqları mərmilərlə
dağıtmışdılar. Şəhərdə yerdə qalan hər şey qaydasında idi və şəkillərinə
baxanda da görürdük ki, Laçın Ağdam, Füzuli, Cəbrayıl qədər dağıdılmamışdı. Ermənilər
çıxıb getsəydi, hər kəs öz evinə gedə bilərdi. Bizim də evimiz salamat idi.
Amma xəbərlərdə gördüm ki, ermənilər gedəndə, Laçını da odlayırlar. Belə çıxır
ki, ermənilər Laçını da odlayıb gediblər və biz Laçının külünə çatacağıq. Amma
vətən çox şirin şeydir. Hazırda əsas düşüncəmiz torpaqdır, vətəndir”.
Şairin
Laçınla bağlı planları, arzuları nəvələrinə verdiyi sözlərdə daha gözəl ifadə
olunub: "Noyabrın 9-dan 10-a keçən gecə
Prezident İlham Əliyev Laçın, Ağdam və Kəlbəcərin də qaytarılacağı ilə bağlı
Bəyanatı elan etdi, ondan bir neçə gün sonra nəvəm Zəhranı görəndə, dedim ki,
balamın Laçında evi, bağ-bağçası olacaq, balam orda tut, gilas yeyəcək, tağdan
xiyar-pomidor, badımcan dərəcək, hindən toyuq yumurtası götürəcək. Çaydan balıq
tutacam, ondan yeyəcək. Bunlardan böyük xoşbəxtlik ola bilməz. 3 aylıq nəvəm var,
artıq ona da danışmağa başlamışam. Qulaqları eşitsin, alışsın. Bizim yurd
baxımından qəlbimiz qırıq idi. Amma o da yerinə qayıdır və balalarımızın
yanında da qəlbisınıq olmayacağıq. Onları Laçına dincəlməyə, təmiz hava almağa
aparacağıq, dostlarımızı qonaq dəvət edəcəyik”.
Şair
artıq həsrət deyil, qələbə ruhuna köklənən şeirlər qələmə almağa başlayıb:
ÜZÜNÜ DÖNDƏRMƏ, LAÇIN
Bir gör kimlərin
qayıdır
Üzünü döndərmə,
Laçın!
Gözəl dəmlərin
qayıdır,
Üzünü döndərmə,
Laçın!
Arzu bizdən, istək səndən,
Hicran döydü kötək səndən...
Əl bizidəndi, ətək səndən,
Üzünü döndərmə,
Laçın!
Az salmadın oda
bizi,
Salırdınmı yada
bizi?!
Ağac götür buda bizi
Üzünü döndərmə,
Laçın!
"Dəhliz”tək üz
qaramız var,
Qardaş ilə aramız
var...
Səndən başqa haramız
var?!
Üzünü döndərmə,
Laçın!
Bizdən əvvəl ordun
vardı,
Perik düşən qurdun
vardı,
Türkün vardı, kürdün
vardı,
Üzünü döndərmə,
Laçın!
Bu deyil ki, yalan -
gəldik,
Yurd-yuvası talan gəldik.
Ölən öldü, qalan gəldik,
Üzünü döndərmə,
Laçın!
Torpaqdan özgə
yalandır,
Gəldik bitsin həsrət
andır.
Bizi başına
dolandır,
Üzünü döndərmə,
Laçın! (19.11.2020)
Aygün Asimqızı


Digər xəbərlər