• cümə axşamı, 25 aprel, 15:38
  • Baku Bakı 23°C

Ölkəyə gətirilən bütün vaksinlərin təhlükəsizliyinə zəmanət verilir

06.03.23 16:45 720
Ölkəyə gətirilən bütün vaksinlərin təhlükəsizliyinə zəmanət verilir

"Azərbaycana gətirilən bütün vaksinlər Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzində (AEM) müayinədən keçirilir və təhlükəsizliyinə zəmanət verilir. Ölkədə uşaqların peyvənd olunması Milli Peyvənd Təqviminə əsasən həyata keçirilir".

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində Bakı Baş Səhiyyə Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, bunu mərkəzin Pediatrik xidmətlərin təşkili şöbəsinin müdiri Esmira Hacıyeva deyib.

Onun sözlərinə görə, Azərbaycanda peyvəndləmənin sistemli şəkildə aparılması nəticəsində poliomielit xəstəliyi ləğv edilib, məxmərək, difteriya, tetanus, göyöskürək xəstəliklərinin səviyyəsinin aşağı düşməsinə nail olunub: "Hazırda Azərbaycanda hepatit B, vərəm, tetanus, poliomielit, difteriya, göyöskürək, B tipli hemofil infeksiya, məxmərək, qızılca, parotit xəstəliklərinə qarşı peyvəndlər mövcuddur. Azərbaycanda körpələr ilk üç peyvəndi doğum evində alır. Doğum evində ilk 12 saat ərzində onlara hepatit B-yə qarşı Hep B, doğumdan sonrakı 4-7 gün ərzində isə vərəmə qarşı BSG və uşaq iflicinə qarşı poliomielit peyvəndi - OPV vurulur".

O qeyd edib ki, körpə evə yazıldıqdan sonra ərazi üzrə poliklinikada qeydiyyata alınır və növbəti peyvəndlər həmin tibb müəssisəsi tərəfindən mütəmadi şəkildə həyata keçirilir: "Peyvəndlərin zəncirvari tətbiq edilməsində məqsəd uşaqların immunitet qazanması və yoluxucu xəstəliklərə yoluxmamasına nail olmaqdır. Uşaqlara təqvimə uyğun peyvəndlər vurularsa, onlar bir çox xəstəliklərə yoluxmaz və ya hər hansı birinə yoluxarsa xəstəliyi daha yüngül keçirər.

Uşaqların pediatr və müvafiq ixtisaslı həkimin yoxlanışından sonra peyvənd olunması vacibdir. Bir sıra hallarda uşağın sağlamlıq vəziyyətində hər hansı problem aşkar olunduğu halda ona peyvənd vurulması müvəqqəti olaraq ertələnir, uşaqlara tam sağaldıqdan sonra peyvənd vurulur. Bəzi hallarda isə peyvəndlərin vurulması uşaqda buna əks göstəriş olduğu səbəbindən tövsiyə olunmur (məsələn, uşaqda allergiya prosesinin kəskinləşməsi dövründə və ya ağır gedişli qan xəstəlikləri zamanı və digərləri).

Uşaqlara vurulan peyvəndlərin əksəriyyəti 6 yaşa qədər tamamlanmış olur. Belə ki, bir çox peyvənd bir neçə dəfə, müxtəlif yaşlarda və kombinasiyalarda verilir. Peyvəndlər arasındakı interval ən azı bir ay olmalıdır. Peyvənd olunduqdan sonra individual hallarda körpədə inyeksiya yerində şişlik, ağrı və qızdırma kimi yanaşı təsirlərə rast gəlmək olar. Uşaqlarda hər hansı bir əks-reaksiya baş versə də, bilmək lazımdır ki, peyvəndlərin faydaları mümkün yan təsirlərdən qat-qat üstündür”.

banner

Oxşar Xəbərlər