“O iki qadınla özümü evli kimi hiss edirəm”

Amil Amal: "Dövlət pul ayırmasa, mənim kimi
rejissorlar kənarda qalacaq, milli-mənəvi dəyərlərimiz məhvə doğru gedəcək”
Təhsil,
dünyagörüşü və həyata baxış bucağı... 31 yaşı olmasına baxmayaraq fərqli düşüncəyə
sahibdir. Çoxluqdan biri deyil. Ümumrusiya Dövlət Kinematoqrafiya
Universitetinin (VGİK) Kinorejissorluq və kinodramaturgiya fakültəsində iki
illik ali kursda təhsil alaraq, oranı qırmızı diplomla bitirib. Təhsilini başa
vurduqdan sonra uğur onu addım-addım izləyib. Moskva şəhərində keçirilən
"Ümumrusiya Artkino qısametrajlı müəllif filmləri” kinofestivalında "Neft şəhərinin
sakini” adlı filmi ilə "Münsiflərin xüsusi mükafatı" nominasiyası üzrə
qalib olub. Bir-birinin ardınca qazandığı mükafatlar onu beynəlxalq arenaya
çıxarıb. Belə ki, Türkiyənin Antalya şəhərində keçirilən "Rotary” Film
Festivalında gənc kinorejissor Amil Məmibəyli Azərbaycanı fəxri qonaq qismində
təmsil edib və kinomuz haqqında Akdeniz
Universitetində çıxış edib. "Qara Bağ" filmi ilə gənc rejissor Çində
keçirilən Birinci Asiya Beynəlxalq Qısametrajlı Filmlər Festivalının xüsusi
mükafatına layiq görülüb. 2016-cı ildə Qırğızıstanda film festivalında iştirak
edib. 2017-ci ilin dekabr ayında Türkiyənin
Ankara şəhərində keçirilən altıncı "Hak-İş Kısa Film Yarışmasında” 124 ölkədən
5404 film arasından seçilərək "Qara Bağ” filmi ilə "Ən yaxşı film”
nominasiyasında birinciliyə layiq görülüb. Bundan əlavə, "Ən yaxşı kişi aktyor”
nominasiyasını isə "Qara Bağ” filminin baş rol ifaçısı aktyor Elxan Abbasov
qazanıb. Hər iki mükafatı rejissora və aktyora Türkiyənin Mədəniyyət naziri
Numan Kurtulmuş təqdim edib. Rejissoru olduğu "Son seçim” filmi İngiltərədə keçirilən
"First-Time Filmmaker Sessions” onlayn film festivalında izləmə siyahısına
seçilib. Yəni danışmağa dili də var, dilçəyi də.
- Niyə Amal?
-
Kulis.az-da mütəmadi olaraq Məmibəyli, Məmiyev soyadı ilə minimalist şeirlərim
dərc olunurdu. Məmibəy mənim ulu babamdır, babamın babasının atasıdır, bu adı təxəllüs
olaraq götürmüşdüm. "Kulis”in baş redaktoru, yazıçı Şərif Ağayar təklif etdi
ki, özümə maraqlı bir təxəllüs tapım. Çox düşünsəm də tapa bilmədim. Nəticədə Şərif
bəy mənə çox variantlar təklif etdi, onların içərisindən Amalı bəyəndim, yazıçı
Şərif bəy özü də bunu çox bəyəndi və mənə böyük uğurlar qazandıracağını
bildirdi.
- Bəs
amalınız nədir?
- Bu barədə bəzən özüm də düşünürəm...

- Cavab tapa
bilirsiniz?
- Hələ
ki, dəqiq cavabım yoxdur. Çünki amal anlayışı mənim üçün genişdir. Tək bir
fikirdən ibarət deyil. Əsas amalım yaxşı incəsənət nümunələri yaratmaqdır. 31
yaşım olmasına baxmayaraq, subayam. Kino və ədəbiyyatı qadın kimi təsəvvür etsək,
o iki qadınla özümü evli kimi hiss edirəm. Həmin qadınlardan cəmiyyətə və
dünyaya bəxş etmək istədiyim övladlar - yəni yeni şeir nümunələri və filmlər
vermək fikrim var. Hətta deyərdim, mart ayında çapdan çıxmış minimalist şeir
kitabımı və bu ayın sonlarında bitirəcəyim
"Titrəmə” qısa filmini artıq doğulmuş övladlarım hesab edirəm.
- Özünüzəməxsus iziniz varmı?
-
Başlamışam. "Evə gələndə sevgi al” kitabı Azərbaycanda çap olunmuş ilk
minimalist şeir kitabıdır. Buna kimi bəzi minimalist şeir nümunələri olsa da,
sırf bir toplu olaraq kitab halında beləsi olmamışdı. Kitabın bir ilk olmasından
daha çox, içindəki şeirlərin həmişə oxunacağına və tarixdə qalacağına inanıram.
Oxuyanlar azdır, amma oxuyanlar inandığım, intellektual səviyyəsi çox yüksək
olan elm və incəsənət adamlardır ki, bu da məni çox sevindirir. Bundan başqa
son çəkdiyim "Titrəmə” filminə çox güvənirəm. Qısametrajlı olmasına rəğmən,
milli kinomuzda öz dəsti xəttini və izini qoyacağına inanıram. Ancaq bütün
bunlara baxmayaraq, milli kinematoqrafiyada bu günə kimi gördüyüm işləri,
uğurları həyatımın və yeni başladığım filmoqrafiyamın ekspozisiyası, bədii müqəddiməsi
adlandırardım. Görəcəyim böyük işlər və böyük uğurlar hələ qabaqdadır.
- Ümumrusiya
Dövlət Kinematoqrafiya Universitetində təhsil almaq (VGİK) sizə nə
qazandırdı?
- Bu təhsil
ocağı mənə çox şey qazandırdı. Bakalavr
təhsili aldığım Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən
öyrənmədiklərimi məhz orada öyrənmişəm. Düzdür, orada da bir neçə müəllimlərim
var idi ki, onlardan da çox şey öyrənmişdim. Məsələn, kinorejissor Cəmil
Quliyev, ssenarist Ədalət Ziyadxanov kimi incəsənət adamlarının qabağıma
çıxmağı, mənim üçün böyük bir şans idi. İstər kinoda, istərsə də ədəbiyyatda,
düşünürəm ki, öncə istedaddır. Ancaq istedadın yanında təhsil yoxdursa,
alınmayacaq.

- Bu gün sonuncu mogikan hesab etdiyimiz Vaqif
Mustafayev, Ayaz Salayev, Həmidə Ömərova kimi
bir çox sənətkarlarımız VGİK-in məzunu olublar. Deyirlər ki, sözügedən təhsil
ocağı bu gün öz müasirliyini itirib. Bu fikirlər nə qədər doğrudur?
- Əslində,
təəssürat yaratmağa çalışırlar ki, guya bu təhsil ocağı onların dövründəki kimi
deyil. Düzdür, bu gün Azərbaycan kino sferasında tanınan bir çox sənətkarlar məhz
bu təhsil ocağını bitirib. Amma həmin o mogikanlar özlərini tam olaraq doğrultmayıblar.
Məsələn, Ayaz Salayevin "Yarasa”dan sonra elə də ciddi filmi olmayıb. Həmin
insanlar köhnə ənənələrin, köhnə tabuların içərisində ilişib qalıblar. Onlar yeniliyi
qəbul etmirlər. Onlar İtaliya neorealizmində, Fransa yeni dalğasında, Stanislavski
sistemində qalıblar. Bütün bu saydıqlarım məktəbləri mən də bilirəm və bu günə
kimi də artıqlaması ilə öyrənməyə çalışıram. Ancaq onlar yeni yaranan ənənələri,
məktəbləri nəinki qəbul etmək, hətta oxumaq belə istəmirlər. Yazdıqlarımızı, çəkdiklərimizi
"lokal dəyərlər” adlandıraraq, bizi ittiham edirlər ki, siz bu çərçivədə
ssenarilər fikirləşirsiniz. Ancaq çox
uzağa getməyək, elə qonşu ölkələrdən İran kinematoqrafiyası lokal mövzunu
götürüb, onu o qədər bəşəri, kosmopolit dəyərlərlə təqdim edir ki, insan heyran
qalır. Əgər biz lokal müstəvidə düşünürüksə, yaxşı, bəs hanı sizin o bəşəri
mövzularınız, filmləriniz? Hansı filmimiz dünya müstəvisinə çıxıb? Yəni siz ürəklə
danışdığınız ənənələrlə heç iş də qoymayıbsınız axı ortaya. Bir işlə iş düzəlmir.
Qırğızıstanda festivalda olanda, qazaxıstanlı kinorejissor Darejan Omirbayevlə
tanış oldum. O, festivalda əsas münsif idi. Adam, dünyanın nüfuzlu Kann,
Venesiya kimi film festivallarından mükafatları var. Qazaxıstanın Xalq
artistdir. Amma baxın bizim xalq artistlərinə. Hansının dünya müstəvisində
ciddi bir işi var? Olanlar da uzağı bir-iki nəfərdir. Çox uzağa getmirəm, elə
qonşu Gürcüstanın "Əsgər atası” filmini bütün dünya tanıyır. Bizim isə dünyada
məşhur olan heç bir filmimiz yoxdur. O "mogikan” hesab etdiyimiz rejissorlar
"biz ənənə qoymuşuq” deyib, çox da öyünməsinlər. Dağıtmaq üçün heç bir ənənəmiz
yoxdur. Bizə o ənənələri yaratmaq üçün böyük yük düşür.
- Əslində hər nə qədər "Gənclərə meydan verilib,
özlərini təqdim etmək üçün hər bir şərait yaradılıb” deyilsə də, məsələ heç də
deyildiyi və göründüyü kimi deyil. Siz də elə düşünənlərdənsiniz?
- Onlar
özlərini gənclərə meydan vermiş kimi təqdim edib, müəyyən qruplaşmalar
yaradırlar. Məsələn, Azərbaycanda iki kino ittifaq var. İnsan düşünür ki, balaca
bir ölkədə niyə kinomuzun ümumi bir ittifaqı yoxdur. Bundan başqa, bizim Mədəniyyət
Nazirliyinin kino şöbəsi, rejissorlar gildiyası, prodüserlər gildiyası
mövcuddur ki, onların da sözlərinin bir yerə düşdüyünü heç vaxt görməmişəm.
Onlar hamısı bir amal - Azərbaycan kinosunun inkişafı üçün çalışdıqlarını
bildirsələr də, heç vaxt bir araya gələ bilmirlər. Hər biri ilə demək olar,
uzaqdan-uzağa, az-maz münasibətim var. Ancaq həqiqət burasındadır ki, hər biri
ortaya ayrı konsepsiya qoyur, ortaq məxrəcə gələ bilmirlər. Bu da kinonu istəməyən
bəzi adamlara sərf edir. Biz gənclər də kənardan müşahidə edirik, bunları
görməmək, duymamaq qeyri mümkündür.
- VGİK-dən təhsil alıb, geri döndükdə hansı
ideyalarınız vardı və o ideyalarınızı bugünkü kino mühitinə uyğunlaşdıra
bildinizmi?
- Moskvadan
döndükdən sonra 2 il işsiz qaldım. İlk dəfə ANS telekanalında işlədim. Orada 22
seriyalıq bir serial və bir sənədli film çəkdim. 2016-cı ildə ANS bağlandı.
Ancaq qısa bir vaxt olsa da ANS mənə böyük bir məktəb oldu. 2018-ci ildə öz
hesabıma "Son seçim” adlı qısametrajlı film çəkdim. Tammetrajlı və qısametrajlı
bir neçə ssenarilər yazdım. Bir sözlə, o yaradıcı mühit olmamağına rəğmən,
dayanmamağa çalışdım.
- Azərbaycan
kinosu sizin ideyalarınıza hazır idimi?
- Mən
burda özümü şişirdib demirəm ki, əjdahayam, gəlib dağı dağ üstünə qoyacaqdım.
Ancaq bir reallıq da vardı ki, Azərbaycan kinosunun özü də buna hazır deyildi.
Azərbaycanda kino komandası yox dərəcəsindədir. Film prodüseri məktəbimiz
yoxdur. Hal-hazırda kinostudiyada bir film çəkmişəm, titrlər da hazırlanır,
ancaq hələ də bilmirəm ki, prodüser kimi
kimin adını qeyd edim. Bizdə çəkilən filmlərdə kinostudiyanın direktoru
prodüser olur. İmzamızın olduğu hər şeyin ən yaxşısını etməyə çalışırıq.
Prodüseri isə bunlar düşündürmür. Elə prodüser görməmişəm ki, ssenarini oxusun
və desin ki, buna sponsor tapıb film çəkək. Desin ki, bu ssenari festivala gedər,
qalib də gələr. Bunu təhlil edən intellektual səviyyəli prodüserlərimiz yoxdur.
Bütün bunları mən edirəmsə, niyə axı prodüser başqası olmalıdır?
-
Hazırladığınız məhsullar auditoriya üçün adekvatdır?
- Bu, məni
hələ də düşündürür. Məsələn, "Qara Bağ” filmində dediyiniz kütləyə adekvat
olmağı tam hesablamamışdım. Bu filmə rus rejissorları baxıb, qiymət verirdi. Təsəvvür
edin, Rusiyanın tanınmış yazıçısı, şairi və ssenaristi Yuriy Arabov mənə qiymət
verib, filmim haqqında fikir söyləyib və diplomumda imzası var. Bir sözlə, mən
onu Azərbaycan baxış bucağından baxıb çəkə bilməzdim. Orda müəyyən səhnələrdə vətənpərvərlik
kimi dəyərlər, bəli, özünü büruzə verirdi. Ancaq məncə, bunlar da olmalıdır. "Qara
Bağ” filmindən sonra çəkdiyim "Son seçim” filmim kütləyə adekvat deyildi. Heç
bir kütləyə hesablanmamışdı. "Son seçim” büdcəsiz film idi. "Qara bağ” filminin
40 min manata yaxın büdcəsi var idi. Bir neçə festivalda iştirak edib qalib
olmuşdu. Bütün bunlara baxmayaraq, "Son seçim” filmini də "Qara Bağ”dan zəif
hesab etmirəm.
- Festivallar rejissora nə qazandırır? - Festivallarda iştirak etmədiyim dövrdəki Amillə indiki
Amilin dünyagörüşü fərqlidir. Ondan sonra düşünməyə başladım ki, dünyagörüşü ilə
dünyanı görmə arasında çox böyük fərq var. Səyahətçilərin bəziləri xarici
pasportlarına getdiyi ölkələrinin möhürünü vurmaq, bəzən də, sadəcə olaraq, nələrsə
kəşf etmək üçün dünyanı gəzirlər. Ancaq siz səyahət etmədən belə, mütaliə edərək
nələrisə kəşf edə, yaxud səyahətə çıxa bilərsiniz.Festivalların
isə önəmi çox böyükdür. Ən azı Ermənistanı çıxmaq şərti ilə bütün qonşu ölkələri
və türkdilli dövlətləri gəzmişəm. Çingiz Aytmatovun vətənini görmək, onun məzarını
ziyarət etmək, həqiqətən gözəl duyğulardır.
Getdiyin ölkələrin milli yeməyini dadmaq, özünü əsil türk kimi hiss etmək fikirləri orda daha
çox formalaşdırmışam. Beynəlxalq
festivallarda iştirak etməklə, sən həm öz adına, həm də ölkən adına mədəni və ictimai proseslərdə birbaşa iştirak etmiş
olursan. Mədəniyyətlərarası dialoqda iştirakçı olursan. Elə bir iştirakçı ki,
bu, heç də diaspora nümayəndəsinin, hətta diplomatların gördüyü işdən geri
qalmır. Bəlkə də elə an olar ki, onların gördükləri işdən daha çox iş görə bilərsən.
Bundan başqa, festival rejissorlara, prodüserlərə qazanc əldə etmək üçün yaxşı
bir vasitədir. Məsələn, Türkiyədəki birincilik mükafatına görə kifayət qədər
yüksək olan məbləğ qazandım. Hər bir yaradıcı adamın beyninin yaratdığı məhsula
qiymət verildikdə, o, həm maddi, həm də mənəvi olaraq güclənir.
- Bəzən rejissorlar deyir ki, film festival üçün
deyil, tamaşaçı üçün olmalıdır. Ancaq filmləri daha çox festivallarda dəyərləndirirlər.
Sizcə, hansı fikir doğrudur?
- Elə
filmlər var ki, onlar həm festivala, həm də kütləyə hesablanıb. Misal üçün
"Oskar” mükafatına layiq görülən "Parazit” filmi Şimali Koreya ilə Cənubi
Koreyanın fərqli metaforalarını göstərir. Filmdə böyük mesajlar var. Həmin film
həm kütlə, həm də festival üçün nəzərdə tutulub. Filmdə o qədər gözlənilməz döngələr
var ki, insan baxdıqca heyran qalır. "Qızıl
orta” deyilən bir anlayış var ki, film çəkərkən onu tapmaq lazımdır. Ümumiyyətlə,
"festival filmləri” anlayışını qəbul etmirəm.
Festivalda da münsif heyətinin hər biri öz ölkəsini təmsil edirsə, bunun
özü müəyyən bir kütlə deməkdir. Film festivalda nümayiş olunursa, demək ki,
kütlə qarşısına çıxarılır. Təbii ki,
söhbət əsil film festivallarından gedirsə.
- Necə yəni, deyirsiniz ki, bizdə qurşaqdan aşağı
zarafatlarla çəkilən komediya filmlərini festivallar qəbul edər?
- Onları
film hesab etmirəm. Çünki onlar sənət işi deyil kommersiyaya, pul qazanmağa və
bayağı gülüşə hesablanaraq çəkilmiş
filmlərdir.
- Onlar özləri də bunu etiraf edirlər ki, çəkdikləri
sənət üçün deyil.
- Ancaq
bunu hər kəs etiraf etmir. Elə nüanslar olur ki, həmin rejissorlar dolayısı ilə
iş gördüklərini sanırlar. Düşünürlər ki, onların filmi müəyyən vaxt keçdikdən
sonra ən azı "Yol əhvalatı”, "Bəyin oğurlanması” kimi filmlər kimi olacaq. Amma
əsla elə deyil. O filmlərimiz milli-mənəvi
dəyərləri özündə əks etdirirlər. Bəs bugünkü komediyalarımız nəyi əks etdirir?
Sanki onlar kütlədən daha çox pul qazanırlar deyə, bizi ittiham edirlər deyirlər
ki, baxın, biz bu filmlərlə pul qazanırıq,
hətta dövlətə vergi veririk, dövlət buna görə sizə pul ayırmamalıdır.
Ancaq burada əsas bir məsələ var. Dövlət pul ayırmasa, mənim kimi rejissorlar kənarda
qalacaq, milli-mənəvi dəyərlərimiz məhvə doğru gedəcək, Azərbaycan filmləri
beynəlxalq festivallara çıxa bilməyəcək.
Xəyalə Rəis
