Növbəti zəng
Və ya
Makron konstruktiv davranış sərgiləmək qərarına gəlib?
Fransa
prezidenti Emmanuel Makron qeyri-obyektiv, dəqiqləşdirilməmiş məlumatlar əsasında
dəfələrlə Azərbaycan dövlətinə, ölkəmizin ərazi bütövlüyünə qarşı qərəzli
fikirlər səsləndirib, ədalətsiz mövqe nümayiş etdirib. 44 günlük Vətən Müharibəsində
də Fransa rəsmiləri "kiçik bacı"ları Ermənistanı döyüş meydanında məğlub
duruma düşməkdən xilas etmək üçün sərsəm bəyanatlar səsləndirməkdən çəkinməyiblər.
Müharibə
vaxtı edilən zənglər
Erməni
sevgisi dövlət maraqlarından üstün olan Makron isə davamlı şəkildə Azərbaycan
Prezidenti İlham Əliyevə telefonla zəng vurub, hər vasitə ilə prosesi əngəlləməyə
çalışıb. Misal üçün, Vətən Müharibəsi başlayandan cəmi bir gün sonra - 2020-ci
il sentyabrın 28-də Emmanuel Makron Prezident İlham Əliyevə zəng edib. O, Ermənistan-Azərbaycan
təmas xəttində silahlı qarşıdurmanın baş verməsindən ölkəsinin narahatlıq hissi
keçirdiyini qeyd edib və münaqişənin danışıqlar yolu ilə həll olunmasının
vacibliyini vurğulayıb. Oktyabrın 2-də Fransa Prezidenti yenidən azərbaycanlı həmkarına
telefonla zəng edib. Makron Ermənistan-Azərbaycan təmas xəttində döyüşlərin
davam etməsindən narahatlıq hissi ifadə edərək atəşkəsin bərpa edilməsi və
tezliklə danışıqların aparılmasına çağırıb. Oktyabrın 9-da Makron Azərbaycan
Prezidentinə yenə də zəng edib. Dövlət başçıları Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı yaranmış vəziyyəti müzakirə ediblər.
Bu dəfə səbəb
nədir?
Göründüyü
kimi, Makron hər bir davranışı ilə Ermənistanı 44 günlük müharibədə düşdüyü çətin
vəziyyətdən çıxarmağa çalışıb. Lakin onun bütün cəhdləri Ermənistanın işğalçı
siyasəti kimi uğursuz olub. Məsələ burasındadır ki, Fransa prezidenti müharibədən
sonrakı dövrdə də Azərbaycandan əl çəkmir. 2021-ci il avqustun 5-də Emmanuel
Makron Prezident İlham Əliyevə yenə zəng edib. Söhbət zamanı dövlət başçıları
2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan sonrakı dövrdə
regional məsələlər və Bəyanatın müddəalarının həyata keçirilməsi, Ermənistan-Azərbaycan
dövlət sərhədindəki vəziyyət və postmünaqişə dövründə regionda sabitlik və təhlükəsizliyin
möhkəmləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparıblar. Maraqlıdır,
Fransa prezidenti indi nəyə nail olmaq istəyir? Onun Azərbaycan Prezidentinə zəng
etməsinə bu dəfə səbəb nədir?
Onda istək bəlli idi
Mövzu ilə
bağlı fikirlərini "Kaspi” qəzeti ilə bölüşən millət vəkili Sahib Alıyev
bildirib ki, əgər söhbət Fransa və Azərbaycan prezidentləri arasında telefon
danışığından gedirsə, burada təşəbbüsün kimdən gəldiyi az önəm daşımır.
Deputatın fikrincə, son zəng təşəbbüsü, ilk növbədə hansı tərəfin daha maraqlı
olduğunu üzə çıxarır: "İkinci Qarabağ savaşı başlayandan sonra edilən digər 3
telefon zəngində olduğu kimi, avqustun 5-də də təşəbbüsçü rolunda Makronun
çıxış etdiyini görürük. Savaş zamanı edilən zənglərdə Fransa prezidentinin istəyi
bəlli idi. Anındaca savaş dayandırılsın və tərəflər yenidən danışıqlara
başlasınlar. O danışıqlara ki, ABŞ təmsilçisi Riçard Hoqlandın da etirafından
bilindiyi kimi, nə onu təşkil edənlər, nə də işğalçı Ermənistan müsbət sonluqla
bitməsində maraqlı idi. Savaş zamanı Makronun istəyinə Prezident İlham Əliyevin
verdiyi cavab da, proseslərin necə davam etdiyi və nə ilə bitdiyi də heç kimə
sirr deyil”.
Makron 10 noyabr Bəyanatını dəstəkləyir?
S.Alıyev
qeyd edib ki, İkinci Qarabağ savaşı zamanı və ondan sonra məhz Azərbaycana təzyiq
məqsədi üçün Makronun həm Türkiyə, həm də Rusiya prezidentləri ilə ardıcıl
telefon danışıqları olub: "Fransanın BMT Təhlükəsizlik Şurasındakı bəlli cəhdi
kimi, həmin danışıqlar da rəsmi Parisin arzuladığı sonluqla bitmədi. Belə
görünür ki, Fransa prezidenti bütün bunlardan nəticə çıxararaq yenidən cənab
İlham Əliyevin özünə zəng edib, konstruktiv davranış sərgiləmək qərarına gəlib.
Bununla bağlı hər iki tərəfin yaydığı açıqlamada 10 noyabr Bəyanatından və
oradakı məsələlərin tam həllini tapmasından, Ermənistan-Azərbaycan dövlət sərhədindəki
vəziyyətdən və bir sıra problemlərin aradan qaldırlmasından danışıldığı
bildirilir. Maraqlıdır ki, Fransa prezidentinin saytında rəsmi Parisin 10
noyabr Bəyanatını dəstəklədiyi də vurğulanır. Yaydıqları açıqlamadan belə
anlaşılır ki, budəfəki zəngində Makronun əsas istəyi Minsk qrupu həmsədrliyi
institutunun ölmədiyini, regionda sabitliyin möhkəmlədirilməsində müəyyən rol
oynaya biləcəyini qabartmaqdır”.
Hər bir
dövlətin maraqları tələb edir ki…
Millət vəkili Azərbaycan tərəfinin bununla bağlı
mövqeyinin bəlli olduğunu bildirib: "Ötən il dekabrın 12-də ATƏT-in Minsk
qrupunun həmsədrləri ilə görüşdə cənab İlham Əliyev onların uzun illər aparılan
danışıqlar zamanı həll edə bilmədikləri məsələləri Azərbaycanın özünün artıq həll
etdiyini, münaqişənin bitdiyini bildirib və indi regionda ən aktual məsələnin
qarşılıqlı faydaya dayanan əməkdaşlıq olacağını diqqətə çatdırıb. Bu əməkdaşlıq
isə Fransa prezidentinin rəsmi saytında da vurğulandığı kimi, dəstəklədikləri
10 noyabr Bəyanatında əksini tapan bütün məsələlərin həllindən, o cümlədən Zəngəzur
dəhlizinin açılmasından sonra baş tuta bilər. Bu telefon danışığı ilə bağlı
yayılan açıqlamada diqqətimi çəkən bir məqam da Fransa tərəfinin ikitərəfli əlaqələr
üzərində də dayanıldığını unutmasıdır. Mənə elə gəlir ki, hər bir ölkənin
prezidenti digəri ilə söhbətində, ilk növbədə ikitərəfli əlaqələrdən çıxış etməlidir.
Yəni hər bir dövlətin maraqları tələb edir ki, regionda yaranmış vəziyyət dəyərləndirilərkən
bunun ikitərəfli əlaqələrə təsiri nəzərə alınsın. Özünün yox, dövlətinin
maraqlarını üstün tutan dövlət başçıları elə belə də edirlər. Təəssüf ki,
Makronun bizim regiona yanaşmada atdığı addımlarda bu, elə də sezilmir”.
Rufik İSMAYILOV