• şənbə, 20 Aprel, 10:07
  • Baku Bakı 14°C

Nuran Abdullayev: "Təklif edirəm ki, bizlərlə də belə bir görüş keçirilsin"

22.03.23 18:30 374
Nuran Abdullayev: "Təklif edirəm ki, bizlərlə də belə bir görüş keçirilsin"

Almaniyanın özəl klinikalar şəbəkəsi olan məşhur «Sana Clinic» şirkəti  Azərbaycan bazarına daxil olmaq və burada fəaliyyət göstərmək niyyətindədir. «Sana Clinic»in maraqlarını təmsil edən «Falk and Zeitung» konsaltinq şirkətinin baş icraçı direktoru Tomas Falk bununla bağlı martın 13-də prezident İlham Əliyevin Almaniya iş adamları ilə görüşündə dövlət başçısına müraciət edərək şirkətin bu arzusunu bildirib. Qeyd edək ki, «Sana Hospital Group» Almaniyada yayılmış 50-dən çox görkəmli xəstəxana və 25-dən çox tibbi xidmət mərkəzi ilə almandilli regionda ən böyük səhiyyə təminatçılarından biridir. «Sana» klinikaları hər il dünyanın müxtəlif yerlərindən 2 milyon xəstənin müalicəsi və diaqnostikası ilə məşğul olur. Klinikalar qrupunun 600-dən çox baş həkimi, 4500 tibb işçisi və 11 000 tibb bacısı heyəti var. Burada demək olar ki, tibbin bütün istiqamətləri üzrə xidmətlər göstərilir. 

Almaniya Azərbaycanlıları Alyansının rəhbəri, Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Almaniyanın Reyn-Zig bölgəsində klinika direktoru, tibb elmləri doktoru, dosent Nuran Abdullayev önümüzdəki illərdə Azərbaycana və xüsusən də Prezident İlham Əliyevə dünyanın bir çox ölkələrindən belə təkliflər gələcəyinə əminlik ifadə edib.

O, bunun siyasi və iqtisadi səbəbini maliyyəçilərin, iqtisadçıların öhdəsinə buraxaraq, hadisələrə tibbi nöqteyi-nəzərdən şərh verib: "Məsələyə tibbi aspektdən yanaşmadan öncə onu da qeyd etmək istəyirəm ki, bu kimi şirkətlərin digər ölkələrdəki tibbi uğurlarını öncədən qiymətləndirəcək kifayət qədər ekspertin Azərbaycanda olduğuna inanıram və onlar belə təkliflərdə hökümətə doğru məlumatlarla dəstək olmalıdır. Məsələyə tibbi aspektdən baxanda isə Avropanın ən yüksək səviyyəli Universitet klinikalarından birində yetişmiş mütəxəssis kimi onu vurğulamaq istəyirəm ki, Azərbaycan üçün hər şey heç də göründüyü kimi sadə deyil və xaricdən şirkətlərin Azərbaycana cəlb edilməsi ilkin mərhələdə həll yolu deyil. Təklif edirəm ki, həll yolları ilə bağlı möhtərəm cənab Prezident Almaniyada və ya Azərbaycanda bizlərlə - xaricdə yetişmiş yüksək ixtisaslı mütəxəssislərlə görüş keçirsin və təkliflərimizi dinləsin. İnanıram ki, orada səslənəcək təkliflərin tibb sahəsindəki faydalılıq əmsalı hər hansı xarici şirkət rəhbərinin təklifindən yüksək olacaq. Digər tərəfdən onu da qeyd etmək istəyirəm ki, Prezidentin və ya Birinci vitse-prezidentin tibb məsələləri üzrə köməkçisi institutunun yaranması yuxarıda qeyd edilən məsələlərdə hökümətə ciddi dəstək göstərə bilər".

banner

Oxşar Xəbərlər