Norveç hökumətinin adi qərarına siyasi çalar əlavə etmək yersizdir
Norveç hökuməti
Azərbaycandakı səfirliyini bağlamaq barədə qərar qəbul edib. Norveçin xarici işlər
naziri İne Söreydenin bu barədə açıqlamasına görə, Azərbaycanla ölkəsi
arasındakı münasibətlər səfirlik bağlandıqdan sonra onların Türkiyədəki
səfirliyi vasitəsilə həyata keçiriləcək. Bakıda isə baş konsulluq fəaliyyət
göstərəcək.
İ.Söreyde onu da əlavə edib
ki, Norveç Gürcüstanda səfirlik açılması haqqında qərar qəbul edib. Bu qərarı
açıqlayan XİN rəhbəri deyib ki, Gürcüstan Cənubi Qafqazda Norveçin əsas
tərəfdaşıdır. Norveç XİN-in yaydığı məlumata görə, bu dəyişikliklər 2019-cu
ildə reallaşacaq. Sözügedən xəbərin onlayn mediada yayılmasından sonra
Azərbaycanda radikal müxalifəti təmsil edən bəzi şəxslər sosial şəbəkələrdə
statuslar yazaraq, bu hadisəni öz məntiq(sizlik)lərinə uyğun şəkildə şərh
ediblər. Diplomatiyada tez-tez rast gəlinən bu adi hadisə ətrafında süni
ajiotaj yaratmaq istəyiblər.
Sözügedən məsələ ilə
əlaqədar Azərbaycan Xarici İşlər
Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Leyla Abdullayevamətbuata açıqlama verərək bildirib ki, Norveçin Azərbaycanda səfirliyini
bağlaması qərarı təəssüf doğurur. O, Azərbaycanın Norveçlə hərtərəfli xoş
münasibətlərə malik olduğunu diqqətə çatdırıb. Deyib ki, bu ölkənin ən iri
enerji şirkəti olan Equinor (əvvəlki Statoil) 1990-cı illərdə Azərbaycana gələn
ilk xarici şirkətlərdən olub və "Əsrin müqaviləsi”nin iştirakçısı olub. XİN
rəsmisinin sözlərinə görə, norveçli vikinqlərlə azərbaycanlılar arasında qədim
əlaqələr və bağlılığın mövcudluğu nəzəriyyəsinin müəllifi - Norveçin tanınmış
alim-etnoqrafı Tur Heyerdal Azərbaycanın böyük dostu olub. L.Abdullayeva
vurğulayıb ki, iki ölkə arasında müxtəlif sahələrdə çoxsaylı və faydalı
layihələr həyata keçirilib. Norveç tərəfinin Azərbaycanda öz təmsilçiliyini
konsulluq fəaliyyəti vasitəsilə saxlamaq niyyətində olmasına toxunan nazirlik
rəsmisi qeyd edib ki, bu təmsilçiliyin yalnız fəxri və ya diplomatik konsulluq
statusunda həyata keçiriləcəyi hələlik tam aydın deyil.
Azərbaycan
Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir
müavini Hikmət Hacıyev isə bu məsələyə xüsusi bir əhəmiyyət verməyə lüzum
görülmədiyini söyləyib. O, "Trend”ə müsahibəsində bildirib ki, hər bir ölkə öz
xarici siyasətini müəyyən edərkən səfirlik və ya digər statuslu diplomatik
nümayəndəliyin açılması və ya bağlanması barədə qərar qəbul edir. Onun
fikrincə, Norveçin Bakıda akkreditə olunmuş səfirliyinin fəaliyyətini
dayandırması da Norveç hökumətinin öz işidir. Administrasiya rəsmisi bunun adi
bir hal olduğunu diqqətə çatdıraraq, hər hansı təəssüf doğurmadığını
vurğulayıb. H.Hacıyev Azərbaycanın uğurlu xarici siyasətinin olduğunu, məzmun
və coğrafi baxımdan müqabil tərəfdaş ölkələrlə qarşılıqlı hörmət və
bərabərhüquqlu prinsiplər əsasında ikitərəfli əlaqələri davamlı olaraq inkişaf
etdirdiyini qeyd edib: "Norveçin Azərbaycanda səfirliyi 1998-ci ilin iyununda
təsis edilib və əsas məqsəd o zaman "Statoil” adı ilə fəaliyyət göstərən
Norveçin neft şirkətinin fəaliyyətini yüngülləşdirmək və onun biznes
maraqlarını təşviq etmək idi. Azərbaycanın
Norveçdə səfirliyi açılmayıb və açıq desək, belə bir fikir də olmayıb. Azərbaycanın
İsveçdəki səfirliyi qeyri-rezident əsasda, eyni zamanda Norveçdə də
akkreditasiya olunub. Azərbaycanda iqamətgahı Bakıda olmaqla 65
ölkənin səfirliyi, 20 beynəlxalq təşkilatın nümayəndəliyi və 12 fəxri konsulluq
akkreditasiya olunub. Bunların
içərisində 25 səfirlik Avropa ölkələrinə məxsusdur. Həmçinin ölkəmizdə 4 baş konsulluq fəaliyyət göstərir. Son olaraq
Portuqaliya, Venesuela, Peru və Kosta-Rikanın Azərbaycanda səfirlikləri açılıb.
Azərbaycanın 70 səfirliyi və diplomatik ofisi, beynəlxalq təşkilatlar yanında 5
nümayəndəliyi, 9 baş konsulluğu və 14 fəxri
konsulluğu fəaliyyət göstərir. Avropa ölkələrində ölkəmizin otuza yaxın
səfirlik və diplomatik nümayəndəliyi akkreditə olunub”.
Norveçin Azərbaycandakı
səfirliyinin vaxtilə ölkəmizin daxili işlərinə qarışmaq və bu səbəbdən səfirin persona
non-qrata elan edilməsi kimi məsələlərlə əlaqəli suala cavab verən H.Hacıyev
deyib ki, əvvəlki illərdə Norveçin Azərbaycanda səfiri işləmiş Steynar Gil adlı
şəxs diplomatik protokol qaydalarına uyğun gəlməyən, diplomatik münasibətlər
haqqında Vyana Konvensiyasını pozmaqla fəaliyyət göstərərək Azərbaycan və
Norveç arasındakı əlaqələrə böyük zərbə vurub. Administrasiya rəsmisinin
sözlərinə görə, həmin şəxs səfir statusunu daşıdığı halda, Azərbaycanın daxili
işlərinə müdaxilə etməyə cəhdlər göstərib və ikitərəfli əlaqələrlə məşğul olmaq
əvəzinə müxalifətin mitinqlərində iştirak edərək digər bu qəbildən olan
qeyri-legitim fəaliyyətləri həyata keçirib: "Nəticə etibarilə bu, ona gətirib
çıxardı ki, Azərbaycan hökuməti onun ölkəmizdən çıxarılması haqqında məsələləri
müzakirə etməyə başlamışdı. Yekunda
Norveç hökuməti onu vaxtından əvvəl geri çağırdı. Norveçin ictimai-siyasi
dairələrində və mediasında kənar qüvvələrin ölkənin daxili işlərinə təsiri və
müdaxiləsinin xüsusi həssaslıqla qarşılandığının və daim öz suverenliyinin
qorunmasına xüsusi əhəmiyyət verdiyinin fövqündə, görəsən, rəsmi Oslo belə bir
davranışlı səfirin ölkədə fəaliyyətinə dözərdimi? Əlbəttə ki, xeyr. Azərbaycan
heç bir dövlətin daxili işlərinə qarışmır və öz daxili işlərinə də digər
dövlətlərin qarışmasını heç zaman qəbul edə bilməz”.
Mövzu ilə bağlı fikirlərini
"Kaspi”yə bölüşən Milli Məclisin
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü,
demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bildirib ki,
Norveçin Azərbaycandakı səfirliyinin bağlanması bu ölkənin neft və digər
layihələrdə işinin azalması ilə əlaqədardır. Millət vəkili Norveçə məxsus iki
tanınmış şirkətin "Əsrin müqaviləsi”ndə fəal iştirak etdiyini xatırladaraq qeyd
edib ki, görünür, bu istiqamətdə Norveç vətəndaşlarının – işçilərinin sayı
Azərbaycanda azalıb və ona görə də konsulluq fəaliyyəti ilə kifayətləniblər.
A.Mollazadə deyib ki, Norveç hökumətinin qəbul etdiyi bu qərarda hansısa başqa
mənalar axtarmaq, ona siyasi çalar əlavə etmək yersizdir. Deputat deyib ki, bu
qərarı insan hüquq və azadlıqları, demokratik prinsiplər və sair məsələlərlə
əlaqələndirmək mənasızdır. O, Norveç səfirliyinin bağlanmasını diplomatik
qayda-qanunlar çərçivəsində baş verən normal hadisə kimi xarakterizə edib.
Millət
vəkili, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev səbəb nə
olsa da, Norveç səfirliyinin bağlanmasından təəssüf hissi keçirdiyini dilə
gətirib. Deyib ki, səfirlik bağlansa da, konsulluq səviyyəsində Norveç öz
diplomatik fəaliyyətini, Azərbaycanla münasibətlərini davam etdirir. Deputat
bildirib ki, səfirliyin bağlanmasını regionda baş verən hadisələrlə, geosiyasi
maraqlarla əlaqələndirmək daha düzgün olar: "Gürcüstanda prezident seçkiləri
davam edir. Seçkilərin ikinci turu olacaq. İkinci mərhələdən sonra hakimiyyət
dəyişikliyi gözlənilir. Hakimiyyətə gələcəyi böyük ehtimal doğuran qüvvələr isə
münasibətləri tamamilə Rusiyadan kəsmək və Qərb istiqamətində əlaqələri inkişaf
etdirmək xətti tutacaqlar. Fikrimcə, NATO üzvü olan Norveç bu dəyişiklikdə
Gürcüstana dəstək vermək, Qərbə istiqamət almış yeni hakimiyyəti Rusiyanın
müəyyən təzyiqlərindən qorumaq üçün belə bir addım atır, səfirliyini Bakıda
bağlayaraq Tbilisidə açır. Bundan öncə isə NATO hərbi gəmilərinin təlim keçmək
adı altında Qara dənizə daxil olması, bir çox mesajların verilməsi kimi
hadisələr baş verib. Ardıcıl olaraq, hakimiyyət dəyişikliyindən sonra
Gürcüstanın NATO-ya daxil edilməsi istiqamətində iş aparması, Gürcüstan və
Ukraynanın bu alyansa üzv olmaq üçün müraciət etməsi məsələləri də baş verə
bilər. Ona görə də Cənub cinahda NATO-nun möhkəmlənməsi üçün müəyyən tədbirlər
görülür. NATO-da hesab edirlər ki, Gürcüstan və Ukrayna bu alyansa üzv olacağı
təqdirdə, Qara dəniz hövzəsi birmənalı olaraq NATO-nun nəzarətinə keçməlidir.
Ona görə də Norveç səfirliyinin Azərbaycanda bağlanmasını qlobal proseslərlə
əlaqələndirirəm. Bunun ətrafında süni ajiotaj yaratmağa heç bir əsas yoxdur”.
Rufik
İSMAYILOV