AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Nəsimi ideyalarına şagirdlərin baxışı - Fotolar

Nəsimi ideyalarına şagirdlərin baxışı - Fotolar

Mədəniyyət
13 Dekabr 2019, 18:23 693
"Kaspi” təhsil liseyində böyük mütəfəkkirə həsr olunmuş "Mən bu cahana sığmazam” adlı ədəbi tədbir keçirildi

"Nəsimi ili” çərçivəsində keçirilən tədbirlərdən biri də dekabr ayının 13-də "Kaspi” Liseyinin Bakıxanov filialında oldu. "Mən bu cahana sığmazam” adlı ədəbi tədbirdə "Kaspi” təhsil şirkətinin təsisçisi Sona Vəliyeva, "Nəsimi ili” çərçivəsində keçirilən "Ədəbiyyat günəşi” məqalə müsabiqəsinin qalibi Nəzakət Məmmədova, "Kaspi” Liseyinin müəllim və şagird kollektivi, valideynlər, media nümayəndələri iştirak edib.
Tədbirdə ilk olaraq ulu öndər, ümummilli lider Heydər Əliyevin ədəbiyyata, xüsusilə də Nəsimi yaradıcılığına göstərdiyi sevgi və qayğını göstərən video nümayiş edildi. Daha sonra isə söz təhsil şirkətinin təsisçisi Sona Vəliyevaya verildi.
Gələn qonaqları salamlayan Sona Vəliyeva tədbirə ulu öndər Heydər Əliyevin Nəsimiyə verdiyi dəyəri əks etdirən video çarxla başlamağın əbəs yerə olmadığını bildirdi: "Çünki dünən ulu öndərin vəfatının 16 illiyini qeyd etdik. 16 ildir ki, o, bizim aramızda deyil, amma onun ideyaları nəinki indi, 100 il bundan sonra da davam edəcək. Düşünürəm ki, gələcəkdə ümummilli liderin Azərbaycan xalqı üçün etdikləri xalqımızın müxtəlif inkişaf istiqamətlərinin müəyyənləşməsində və daha yüksək səviyyəyə çatmasında böyük rol oynayacaq. Ona görə, qərara aldıq ki, tədbirə başlamazdan əvvəl şagirdlərimiz, valideynlər  və digər qonaqlar bu video çarxı izləsinlər və bilsinlər ki, Nəsiminin nəinki xalqımıza, bütün dünyaya bəxş etdiyi ideyaların ali olduğunu məhz ulu öndər Heydər Əliyev təqdim və təsdiq edib. Video çox mükəmməl şəkildə hazırlanıb. Bizim liseyimiz bu tipli tədbirləri çox keçirir. Belə tədbirlərdə şagirdlərimiz həqiqətən yaşlarına xas olmayan ideyanı ortaya qoya bilirlər. Keçirilən tədbirlər nəinki bu günlə, özündən əvvəlki dövrlə də səsləşir”.
 
Təhsil şirkətinin təsisçisi son dövrlərdə Nəsimiyə dövlət səviyyəsində göstərilən ehtiramdan danışdı: "Hər birimizə məlumdur ki, 2018-ci ilin noyabr ayında ölkə başçısı İlham Əliyevin məlum sərəncamı işıq üzü gördü. Bu sərəncamla dahi İmadəddin Nəsiminin 650 illiyi qeyd olundu. Sərəncam Prezident İlham Əliyevin söz sənətinə verdiyi dərin ehtiramın ifadəsidir. Bu məsələlər qədirbilən xalqımızın, eləcə də onun rəhbərinin Azərbaycan ədəbiyyatına, ədəbiyyat tarixinə, böyük şairinə verdiyi dəyərdir. Nəsimi yaradıcılığı da Azərbaycan ədəbiyyat tarixində geniş bir mərhələni əhatə edir. Biz, "Kaspi” qəzeti və təhsil şirkəti olaraq həmin sərəncamdan irəli gələn məsələlərə töhfə vermək istədik. 2019-cu ildə həm təhsil şirkətinin, həm qəzetin, həm də "Artkaspi.az” saytının səyi ilə məqalə müsabiqəsi elan etdik. Bu gün həmin müsabiqənin qalibi Nəzakət Məmmədova aramızdadır. Elan edilən müsabiqəyə çoxlu sayda məqalələr göndərildi və onların əsasında kitab nəşr edildi”.
 
S. Vəliyeva Nəsimiyə verilən dəyərin səbəbindən də söhbət açdı: "Kamil insan məsələsi bizim missiyamızdır. Çünki kamil şəxsiyyət kamil cəmiyyəti, kamil cəmiyyət isə ideal dövləti formalaşdırır. Baxın, biz bunu etmək istəyirik. Kamil şəxsiyyət məsələsi Nəsiminin yaradıcılığında ali ideyasıdır. Nəsimi, kamil insanın həqiqətini çatdırmaq uğrunda şəhadətə yetirilib”.
 
Daha sonra müsabiqənin qalibi Nəzakət Məmmədova çıxış etdi. O bildirdi ki, 2019-cu ilin "Nəsimi ili” elan olunması qarşımıza çox böyük məsələlər qoyur: "Hər zaman biz, keçmişimizə, ulu əcdadlarımıza qayıtmalı və onlardan güc almalıyıq. Ölkə prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2019-cu ilin "Nəsimi ili” elan olması həqiqətən də bizim qarşımıza çox böyük məsuliyyət qoyur. Sona xanım çox doğru qeyd etdi ki, bu zamanadək Nəsimi tam tanıdılmamışdı. Nəsimi nə demək istəyirdi, onun ideologiyası nə idi, insanlara hələ tam məlum deyildi. Kamil insan ideyası onun bütün yaradıcılığından qırmızı xətt kimi keçir. İnsan təkcə maddiyyatdan ibarət deyil, həm də mənəvi nemətlər dünyasına yönəlməlidir. Elm, bilik əldə etməlidir ki, haqqa qovuşsun”.
Çıxışlardan sonra liseyin şagirdləri Nəsiminin həyatı əsasında çəkilən filmdən qısa səhnəciklər ifa etdilər. Şagirdlərin hər biri öz rolunu elə məharətlə oynayırdı ki, elə bil o dövrün, Nəsiminin ideologiyası uğrunda apardığı mübarizənin canlı şahidi olublar.
Tədbirdə, həmçinin liseyin şagirdlərinin əl işləri də sərgilənirdi. Məktəblilər Nəsimini öz təsəvvürlərinə uyğun şəkildə kətan parça üzərinə boya ilə çəkmişdilər.
 
Günel Azadə