Neftin qiymətində “təhlükəsiz dəhliz” - ŞƏRH
"İndiki şəraitdə
neftin ədalətli qiyməti 68-75 dollar dəhlizindədir. Belə olan təqdirdə, bazarın
idarə edilməsində problem olmayacaq və daim müsbət siqnallarla qidalanacaq”.
Azərbaycanın
2022-ci il büdcəsində neftin 1 barelinin qiyməti 50 dollar səviyyəsində nəzərdə
tutulub. Ötən ilin dövlət büdcəsində isə neftin qiyməti 45 dollar/barel səviyyəsində
müəyyən edilmişdi. Bu qiymət beynəlxalq maliyyə proqnozlarına uyğundurmu?
Neft
hasilatında artım...
Enerji məsələləri
üzrə ekspert Zəfər Vəliyev "Kaspi”yə açıqlamasında bildirir ki, gələn il qlobal neft hasilatında
artımlar müşahidə olunacaq: "Bu ilin sonlarına yaxın əksər neft ixrac edən dövlətlər
öz büdcələrində neft qiymətlərini 50-55 dollar civarında dəyərləndiriblər. Bu,
neftin baza qiymətidir. Enerji şirkətlərinin əksəriyyəti isə 50-60 dollar dəhlizində
neftin baza xəttini müəyyən ediblər. Bu o deməkdir ki, 2022-ci ildə qlobal neft
hasilatında artımlar müşahidə olunacaq. Gələn il neftə tələbatda bu illə
müqayisədə gündəlik 4,2 milyon barel civarında artım proqnozlaşdırılır. Tələbat
artdıqda qiymətlərdə də müəyyən dinamika müşahidə olunacaq. Amma bütün hallarda,
neftin 2022-ci ildə hər hansı böhranlı nöqtəyə düşməsi ehtimalı sıfırdır”.
Sürətli
sıçrayışlar baş verəcəkdi...
Dünyanın
aparıcı bankları, enerji şirkətləri və digər müstəqil qurumlar
proqnozlaşdırırlar ki, gələn il neft qiymətlərinin 68-75 dollar dəhlizində dəyişmə
ehtimalı var. Ekspert deyir ki, biz bu il proqnozların əksini müşahidə edirik:
"68-75 dollar dəhlizində bazarı idarə etmək daha asandır nəinki qiymətlər 90-a,
100-ə qalxdıqda. Bundan öncə bir neçə aparıcı banklar proqnoz verirdilər ki,
ilin sonunda, yəni dekabr, noyabr ayında dünya bazarında neftin qiymətinin 90 dolları
keçmək şansı var. Hətta 100 dollara çatacağını ehtimal edirdilər. Bunu da onunla
əlaqələndirirdilər ki, sentyabr ayından başlayaraq, həm qlobal kömür, həm də təbii
qaz bazarlarında hökm sürən qeyri-müəyyənlik birbaşa neftə olan tələbatı da
artıracaq. Proqnoza görə, neftin qiymətində də sürətli sıçrayışlar baş verəcəkdi.
Amma biz bunun əksini müşahidə edirik. Ötən aydan başlayaraq həm Asiya
bazarlarında, həm Çin, həm də Şimali Qərbi Avropa ticarət platformalarında
enerji kömürünün qiymətində kifayət qədər eniş müşahidə olundu. Eyni zamanda
qaz bazarlarında da müəyyən müsbət siqnallar artıq hiss edilməkdədir. Yəni
sentyabr, oktyabr aylarında dünyanın bütün qaz platformalarında sabitlik təmin
edilib. Süni artırılan qiymətlər də müəyyən həddə kimi aşağı düşəcək. Bu
baxımdan neft qiymətlərində də süni artımlar nə neft ixrac edən dövlətlərin, nə
də istehlakçıların marağındadır”.
"Neftin
100 dollar olması gözlənilmir”
Məlumat
üçün bildirək ki, Neft maqnatı Vahid Ələkbərov da bildirib ki, neftin
qiymətinin yaxın vaxtlarda 100 dollar səviyyəsinə qalxacağını gözləmir.
"Lukoyl” şirkəti gələn ilin büdcəsində neftin bir barrelinin qiymətini 60
dollar səviyyəsində hesablayıb: "Biz neftin qiymətinin yüksək olmasında maraqlı
deyilik. Bizim və OPEK+ təşkilatının məqsədi, ilk növbədə, tələbatı təmin etməkdir.
Buna görə də, neftin qiymətinin kəskin qaldırılması OPEK+ ölkələrinin strateji
məqsədlərinə daxil deyil”.
"Yüksək
neft qiymətləri emal marjını oğurlayır”
Ekspert
vurğulayır ki, OPEK və müttəfiq dövlətlər açıq şəkildə
özləri də bəyan edirlər ki, yüksək neft qiymətləri indiki bazar şərtlərinə
adekvat deyil: "Bu baxımdan qarşıdakı aylarda da OPEK və müttəfiq dövlətlərin
enerji resurslarının tədarükü və ya istifadəsinin məhdudlaşdırılması ilə bağlı
istənilən qərarı 3 əsas prinsipə əməl etməlidir: enerji təhlükəsizliyi,
iqtisadi inkişaf, iqlim dəyişikliklərinə qarşı müqavimət. OPEK və müttəfiq dövlətlər
yüksək neft qiymətlərinə ona görə getmirlər ki, bu, dünyada mövcud olan 700-dən
artıq neft emalı zavodlarının emal marjını oğurlayır”.
"Bazar
daim müsbət siqnallarla qidalanacaq”
Həmsöhbətimizin
sözlərinə görə, bazarın idarə edilməsində problem olmayacaq: "İstehlak sisteminə
gündəlik daxil olan məhsulun 85-90 faizi neft emalı zavodlarının xammalla yüklənməsinə
ötürülür, digər hissəsi strateji və kommersiya təyinatlı neft ehtiyatlarının
formalaşmasına yönəldilir. Yüksək neft qiymətləri olan təqdirdə, istehlakçı ölkələr
artıq öz istehlak sistemlərinə əlavə neft həcmlərinin daxil olmasında maraqlı
olmayacaqlar. Neftin indiki şəraitdə ədalətli qiyməti 68-75 dollar dəhlizindədir.
Belə olan təqdirdə, bazarın idarə edilməsində problem olmayacaq və bazar daim
müsbət siqnallarla qidalanacaq”.
Hansı qiymət
bizim büdcə üçün təhlükəli olar?
Ekspert
deyir ki, neftin qiymətinin 60-75 dollar arasında olması bizim üçün məqbuldur:
"Ümumiyyətlə, dünyanın bütün neft ixrac edən dövlətləri, eyni zamanda aparıcı
neft şirkətləri 68-75 dollar dəhlizini ədalətli hesab edirlər. Bu qiymət dəhlizindən
həm neft istehsal edən, həm də istehlak edən dövlətlər yararlanır. Amma neftin
maya dəyəri məsələsi də var. Məsələn, Azərbaycanda neftin maya dəyəri ilə Qazaxıstan
və Rusiyadakı neftin maya dəyəri arasında fərq var. Bizdə maya dəyəri elə də
yüksək deyil. Ona görə də, neftin qiymətinin 60, 65, 75 dollar olması bizim
üçün məqbuldur. Bu qiymətlərdə Azərbaycan şirkətləri və xarici tərəfdaşlar
qazanc əldə edirlər. Təbii ki, biz neft ixrac edən dövlət kimi yüksək neft qiymətlərində
maraqlıyıq. Nə qədər yüksək olarsa, neft fonduna daxil olan vəsaitlər də çox
olar”.
Xatırladaq
ki, 2022-ci ildə Azərbaycan dövlət büdcəsinin gəlirləri, rəsmi proqnozlara əsasən,
2021-ci illə müqayisədə 5,4 faiz artaraq 26,82 milyard manat təşkil edəcək.
Dövlət büdcəsinin xərcləri isə gələn il 29,89 milyard manata bərabər olacaq.
Bu, 2021-ci illə müqayisədə 4,7 faiz çoxdur.
Aygün ƏZİZ