• cümə, 19 Aprel, 04:48
  • Baku Bakı 18°C

Neft bazarında arzulanan tendensiya

12.02.21 16:15 1723
Neft bazarında arzulanan tendensiya
"Qara qızıl”ın qiymətinin bahalaşması Dövlət Neft Fonduna daxilolmaları artacaq
Cari ilin fevral ayında Brent markalı neftin qiyməti 24 yanvar 2020-ci il tarixindən sonra ilk dəfə olaraq barrel üçün 61 dolları keçdi. Bununla yanaşı 9 fevral tarixində Azəri-Çıraq-Günəşli (AÇG) yataqlarında hasil olunan Azərbaycanın "AzeriLight” neftinin bir barrelin qiyməti 61,69 dollara çatıb.
Artıq bir neçə ildir ki, neft Azərbaycanın iqtisadiyyatının əhəmiyyətli bir hissəsini təşkil edir və ölkənin ümumi ixracatının yarısını üstələyir. Düzdür, hökumətin iqtisadiyyatı şaxələndirmək üçün gördüyü tədbirlər bu vəziyyəti dəyişdirməyə başladı. Neft faktorundan asılılıq getdikcə azalır, lakin neft hələ ki, iqtisadiyyatımızın lider sahəsi olaraq qalır və bu sahədə kiçik da olsa bütün dalğalanmalar bütövlükdə iqtisadiyyata əhəmiyyətli dərəcədə təsir edir.
Statistika
2020-ci ildə Azərbaycanın neft ÜDM-də azalma 7 faiz təşkil edib ki, bu da ümumilikdə ölkə iqtisadiyyatındakı azalma nisbətindən iki dəfə çoxdur. Lakin əsas ziyan neft ixracatında azalma, bahar aylarında qiymətlərin mənfi zonaya qədər çökməsi və sonrakı OPEC + razılaşması çərçivəsində hasilatın azaldılması nəticəsində vuruldu. 2020-ci ildə elan edilmiş neftin ixracı (bəyannamə neftin boru kəməri ilə vurulduğu vaxtda deyil, faktiki satışdan sonra verilir) 29,23 milyon tondan bir qədər çox olub. Kəmiyyət baxımından neft ixracatı 2019-cu illə müqayisədə 5,9 faiz azalıb, pulla ifadədə isə azalma 36,8 faiz təşkil edib.
Ümumilikdə, il ərzində ixrac olunan neftin dəyəri 9,36 milyard dollardan çox olub. Və bu azalmaya baxmayaraq, keçən il neftin ümumi ixrac strukturundakı payı 68,15 faiz idi. Səbəb ixracın qeyri-neft sektorunda da azalmasıdır. Neft sektorundakı qədər əhəmiyyətli olmasa da - qeyri-neft sektorundakı azalma cəmi 2,6 faiz idi.
Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, keçən il Azərbaycanın xarici ticarət dövriyyəsi 24,47 milyard dollardan çox olub ki, bu da 2019-cu illə müqayisədə 26,5 faiz azdır. Eyni zamanda, ixrac 13,74 milyard dollardan çox (azalma 30%), idxal 10,73 milyard dollardan çox (azalma 21,5%) təşkil edib.
Bəli, ölkə iqtisadiyyatımız keçən il nə qədər zərər görsə də, başqa ölkələrdən aldığımızdan daha çox mal xaricə satdıq. Üstəlik, ixracatın strukturunda əsas həcm, yəni 86,53 faizi neft və qaz sektorunun məhsullarına düşür.
2020-ci ili yalnız ölkəmiz üçün deyil, bütün dünyada uğursuz il adlandırmaq olar. Pandemiya yalnız neft sənayesini vurmayıb. Nəqliyyat, turizm, ticarət, sənaye və hətta kənd təsərrüfatının bir çox sahələri də tamamilə dayandı və ya dövriyyəsini azaltdı. Bir çox ölkələr bu cür təzyiqlərin öhdəsindən gəlməyi bacarmadı. Biz isə bu mübarizədən ən az itki ilə çıxdıq.
Mütəxəssislər deyir ki, neft və qaz sektorunun payının mümkün artımına gəlincə, bu, çoxşaxəli bir iqtisadiyyat şəraitində heç də qorxulu deyil. Əksinə, ixracat da daxil olmaqla bu sektordan gələn gəlirin artması müsbət haldır. İqtisadiyyat Nazirliyi 2021-ci ildə Azərbaycanda ÜDM artımını 1,9 faiz, 2022-ci ildə isə 3,4 faizə qədər proqnozlaşdırır. Ölkədəki iqtisadi fəaliyyət yalnız neft hasilatı və qiymətlərinin sabitləşməsindən deyil, həm də işğaldan azad edilmiş ərazilərin bərpası üçün qoyulan investisiyalardan və xərclərdən faydalanacaqdır.
Milli Məclisin deputatı Vüqar Bayramovun fikrinə görə, OPEK+ anlaşmasına rəğmən, neftin qiymətinin 2021-ci ildə necə dəyişməsi birbaşa pandemiyanın miqyasından asılı olacaq. Onun sözlərinə görə, neftin bir barreli qlobal pandemiya elan ediləndən sonra ilk dəfə olaraq 60 dollardan baha satılır: "OPEK+ ölkələrinin öhdəliklərə əməl etməsi, Səudiyyə Ərəbistanının gözlənildiyindən daha çox hasilat azalmasına getməsi qlobal neft təklifini azaldıb. Bu isə bazardakı tarazlığa təsir göstərərək qiymətin artmasına səbəb olub. Digər tərəfdən, vaksinasiya səviyyəsinin yüksəlməsi pandemiyanın miqyasının minimuma enəcəyi ilə bağlı ümidlər yaradıb. Bu isə investorların neft bazarına marağını artırıb. Pandemiyanın lokallaşdırılması yenidən real sektorun canlanmasına və neftə tələbin artmasına səbəb ola bilər. ABŞ-dakı sonuncu dəstək paketi də ən böyük neft istehlakçısı olan Birləşmiş Ştatlarda iqtisadi canlanma ilə bağlı proqnozları gücləndirib və bu da neft bazarına təsirsiz ötüşməyib”.
Deputatın fikrincə, gündəlik neft ixracatı 688,8 min barrel təşkil edən Azərbaycan üçün neftin dünya bazar qiymətinin yüksəlməsi ölkəyə daxil olan valyutanın həcminin artması baxımdan arzuolunandır: "2021-ci ilin dövlət büdcəsində 1 barrel neftin qiymətinin 35 dollar müəyyənləşdirildiyini nəzərə alsaq, neftin illik orta qiyməti yüksək olarsa, Dövlət Neft Fonduna daxilolmalar artacaq və valyuta ehtiyatlarımız çoxalacaq. Bu baxımdan, neft bazarındakı son tendensiya, bütövlükdə neft ölkələri üçün arzulanan dəyişiklikdir”.
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, neft qiymətinin hər barelə görə 1 ABŞ dolları dəyişməsi cari əməliyyatlar hesabımıza illik təxminən 250 milyon ABŞ dolları təsir edir: "Azərbaycan neftin hətta hər barel üçün 30 dollardan da aşağı həddinə immunitet qazanıb. Özü də 2015-ci ildə neft qiymətləri üç dəfədən çox azalmışdı. Hazırda belə kəskin azalma mümkün görünmür. Üstəlik hökümət, biznes və əhali neftin qiymət oynamalarına qarşı institutsional və psixoloji baxımdan daha hazırlıqlıdır. İndiki halda deyim ki, biz hətta neftin 40-45 dollar qiymətində də cari hesablar balansının tarazlığını qoruya bilərik. Bu da həm ciddi inflyasiya təhdidi, həm də manatın məzənnəsi ilə bağlı narahatlığın olmadığını göstərir”.
Ekspert əlavə edib ki, büdcə qaydalarına əsasən icmal büdcə xərclərinin yuxarı həddi müəyyənləşir: "Yuxarı hədd icmal büdcənin xərclənə bilən neft gəlirləri, icmal büdcənin qeyri-neft gəlirləri və icmal büdcəyə digər daxilolmaların cəmi əsasında hesablanır. Xərclənə bilən neft gəlirləri isə xalis maliyyə aktivlərinin 30 faizindən çox olmamaqla müəyyənləşir. Beləliklə, büdcənin "qızıl qayda”ları fiskal dayanıqlılığı təmin edir. Büdcə qaydalarının sadə izahı budur ki, neft qiymətləri proqnozdan yuxarı olanda strateji valyuta ehtiyatlarımız artır, əks təqdirdə ehtiyatların hesabına xərclərimizi maliyyələşdiririk”.
Aygün



banner

Oxşar Xəbərlər