Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaq... - Fotolar
Ümummilli liderin həyat yolunun möhtəşəm salnaməsini vərəqləyərkən
göz önündə Azərbaycan tarixinin çətin və şərəfli bir dövrünün dolğun mənzərəsi
canlanır
Ümummilli lider Heydər Əliyevin vəfatından 16 il ötür. Zaman bizi o
ağır gündən sürətlə uzaqlaşdırsa da, müasir Azərbaycan dövlətinin qurucusu ulu
öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətləri yaddaşlara
dərindən hopmuş, hər bir azərbaycanlının qəlbində silinməz iz qoyaraq
tariximizin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Heydər Əliyevin həyat
yolunun möhtəşəm salnaməsini vərəqləyərkən göz önündə Azərbaycan tarixinin
çətin və şərəfli bir dövrünün dolğun mənzərəsi canlanır. Xalqımızın
yetişdirdiyi bu dahi şəxsiyyətin bütün fəaliyyətinin Azərbaycanın inkişaf yolu
ilə sıx vəhdət təşkil etdiyini bir daha aydın şəkildə görürük.
Azərbaycanın görkəmli siyasi və dövlət xadimi Heydər Əliyev 1923-cü
il mayın 10-da Naxçıvan şəhərində anadan olmuşdur. O, 1969-cu il iyulun 14-də
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilmişdir.
Bununla da Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü
başlanmışdır. Нeydər Əliyev ilk günlərdən respublikada xalq təsərrüfatına və
mədəni quruculuğa rəhbərliyin əsaslı surətdə yaxşılaşdırılması, dövlət və əmək
intizamının möhkəmləndirilməsi, kadrların məsuliyyətinin artırılması və
korrupsiyaya qarşı mübarizənin yeni xəttini müəyyən etmişdir. Bu xətt sonrakı
dövrdə daha da təkmilləşdirilmiş, respublikanın sosial-iqtisadi, ictimai-siyasi
və mədəni həyatına mənfi təsir göstərən meyillərin qarşısının alınması, sağlam
mənəvi-psixoloji mühitin bərqərar olunması uğrunda fəaliyyət proqramına
çevrilmişdir. Onun bilavasitə rəhbərliyi ilə Azərbaycanın iqtisadi inkişaf
konsepsiyası hazırlanmış, ənənəvi təsərrüfat sahələrinin səmərəliliyi bərpa
edilmiş, yeni istehsal sahələrinin əsası qoyulmuşdur. Bu dövrdə neft-kimya,
maşınqayırma, energetika, metallurgiya, mədənçıxarma və digər sahələr
əhəmiyyətli dərəcədə inkişaf etməyə başlamış, 400-ə yaxın yeni sənaye obyekti
yaradılmışdır. 1969-cu ildə sənaye müəssisələrinin sayı 735 idisə, 1982-ci ildə
bu rəqəm 1048-ə çatmışdı.
Heydər Əliyev kənd təsərrüfatı istehsalının intensivləşdirilməsi, bu
sahənin daha da ixtisaslaşdırılması, üzümçülük və şərabçılığın inkişaf
etdirilməsi, emal müəssisələrinin, irriqasiya və meliorasiya obyektlərinin
tikilməsini təmin edərək, o dövrdə aqrar sektorda məhsul istehsalını iki
dəfədən çox artırmağa nail olmuşdu. Beləliklə, ölkənin sosial-iqtisadi
həyatında sürətli tərəqqi baş vermiş, Azərbaycan geridə qalmış aqrar
respublikadan özünü təmin edən qabaqcıl aqrar-sənaye respublikasına və mərkəzi
büdcənin donoruna çevrilmiş, SSRİ miqyasında ilk üçlüyə yüksəlmişdi. Həmin
illərdə respublikada buraxılan 350 adda sənaye və kənd təsərrüfatı məhsulu
dünyanın 65 ölkəsinə ixrac edilirdi. O dövrdə yaradılmış iqtisadi potensial
müstəqilliyin ilk illərində Azərbaycan iqtisadiyyatının yenidən qurulması üçün
baza rolunu oynadı.
Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi ilk dövrdə
(1969–1982-ci illər) elm, təhsil və mədəniyyətin inkişafı, xalqın tarixi
yaddaşının özünə qaytarılması istiqamətində görülən işlər milli ruhun
oyanmasına, azərbaycançılıq məfkurəsinin zənginləşməsinə güclü təsir göstərmiş
və gələcəkdə müstəqil dövlətçiliyin bərpası üçün əsaslı zəmin hazırlamışdır.
Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə Bakıda və keçmiş SSRİ-nin
paytaxtı Moskvada Azərbaycanın tanınmış ədəbiyyat, incəsənət və elm
xadimlərinin yubileyləri keçirilmiş, onların fəaliyyəti yüksək dövlət mükafatları
və fəxri adlarla qiymətləndirilmiş, abidələri ucaldılmışdı. Həmin illərdə
respublikanın ali və orta ixtisas təhsili şəbəkəsi genişləndirilmiş, SSRİ-nin
170 qabaqcıl ali məktəbinə 3500 azərbaycanlı gənc göndərilmişdi. Heydər Əliyev
azərbaycanlı hərbçi kadrların yetişdirilməsinə, respublikada hərbi təhsilin
inkişafına xüsusi diqqət ayırırdı. O dövrdə hazırlanmış yüksək ixtisaslı
kadrlar sonralar müstəqil Azərbaycan dövlətinin qurulması, möhkəmləndirilməsi
və təhlükəsizliyinə öz töhfələrini vermişlər.
Heydər Əliyev Azərbaycan dilinin respublikanın dövlət dili olması ilə
bağlı müddəanın 1978-ci il Konstitusiyasına daxil edilməsinə nail olmuşdu. O,
Azərbaycanın bütün bölgələrinin sosial-iqtisadi və mədəni inkişafına daim
diqqət göstərirdi. Heydər Əliyevin məsələlərə kompleks və həssaslıqla
yanaşması, habelə çevik idarəçiliyi sayəsində respublikada sosial və milli-dini
zəmində heç bir problem yaranmamış, sağlam ictimai-siyasi vəziyyət hökm
sürmüşdür.
Heydər Əliyev 1976-cı ilin mart ayında Sov. İKP MK Siyasi Bürosu
üzvlüyünə namizəd, 1982-ci ilin noyabrında isə Siyasi Büro üzvü seçilmiş, eyni
zamanda, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin
edilmişdi. O, həmin yüksək vəzifədə çalışdığı dövrdə 60-dan çox nazirlik,
komitə və müxtəlif mərkəzi idarələrin fəaliyyətinə rəhbərliyi həyata
keçirmişdi. Lakin 1987-ci ilin oktyabrında Sov. İKP MK-nın Siyasi Bürosunun və
şəxsən baş katib M.S.Qorbaçovun yeritdiyi yanlış xəttə, onun anti-Azərbaycan
siyasətinə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa vermişdi.
Sovet qoşunlarının 1990-cı ilin 20 yanvarında Bakıda törətdiyi qanlı
qırğınla əlaqədar Heydər Əliyev ertəsi gün Kreml rejiminin təqiblərinə və
səhhətinin ağır olmasına baxmayaraq, ailə üzvləri ilə birlikdə Azərbaycanın
Moskvadakı daimi nümayəndəliyinə gedərək orada bəyanat vermiş, SSRİ
hakimiyyətinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi kütləvi qırğın
əməliyyatını pisləmişdi. Mübariz mövqeyini qətiyyətlə davam etdirən Heydər
Əliyev Dağlıq Qarabağda separatçıların qanunsuz əməlləri və yaranmış kəskin
vəziyyətlə bağlı mərkəzin yürütdüyü ikiüzlü siyasətə etiraz edərək 1991-ci ilin
iyulunda Kommunist Partiyasından çıxmışdı.
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev Naxçıvana
getmiş və həmin ildə Azərbaycan Ali Sovetinə deputat seçilmişdi. Bununla da
yenidən ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlayan
Heydər Əliyev 1992-ci ilin noyabrında Yeni Azərbaycan Partiyasının Naxçıvan
şəhərində keçirilmiş təsis konfransında təşkilatın sədri seçilmişdi.
Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü, xüsusilə onun
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışdığı illər
(1991–1993) muxtar respublikanın siyasi, sosial-iqtisadi və mədəni inkişafının
çətin mərhələsi idi. Heydər Əliyev, ilk növbədə, Naxçıvanı Ermənistanın silahlı
təcavüzü və işğalı təhlükəsindən xilas etdi. Blokada şəraitində yaşayan muxtar
respublikanın ağır iqtisadi-sosial problemlərini həll etmək üçün qonşu Türkiyə
və İranla iqtisadi əlaqələr yaratdı. Naxçıvanı Türkiyə ilə birləşdirən
"Ümid körpüsü", İranla yük və sərnişin daşınmasını genişləndirən
Şahtaxtı-Poldəşt körpüsü inşa edildi və digər mühüm tədbirlər həyata keçirildi.
Bu illərdə həm də Heydər Əliyevin təşəbbüsü ilə muxtar respublikanın Ali
Məclisi onun adından "sovet” və "sosialist” sözlərinin çıxarılması, Azərbaycan
Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət
bayrağı kimi təsdiq edilməsi, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik
Günü kimi təsis olunması haqqında qərarlar qəbul etdi.
Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri
işləyərkən, eyni zamanda, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini
olmuş və Ali Sovetin sessiyalarında fəal iştirak etmişdi. O, Azərbaycan
Respublikası Ali Sovetinin birinci sessiyasındakı (1991-ci il, fevral)
çıxışında Vətənin ağır dövründə hər kəsi vətəndaşlıq borcunu vicdanla yerinə
yetirməyə, müstəqillik uğrunda mübarizəyə qoşulmağa, dağılmaqda olan Sovet
İttifaqında, eləcə də Azərbaycanda mövcud ictimai-siyasi vəziyyəti obyektiv
təhlil edərək, cəmiyyəti dərindən düşündürən problemlərin, siyasi və iqtisadi
böhranın, Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım göstərməyə çağırırdı.
Heydər Əliyev Azərbaycan Ali Sovetinin 1991-ci il 7 mart tarixli sessiyasında
Moskvanın müttəfiq respublikaları yeni ittifaq müqaviləsinə sürükləyən
siyasətinə qarşı çıxır və deputatları respublika rəhbərliyinin anti-müstəqillik
əhval-ruhiyyəsini pisləməyə dəvət edirdi. Həmin dövrdə SSRİ-nin saxlanması
məqsədilə keçirilən referendum Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda boykot
edildi, sovet qoşun hissələri muxtar respublikadan çıxarıldı, 20 Yanvar
faciəsinə hüquqi-siyasi qiymət verildi. Sovet İttifaqının saxlanılmasını təbliğ
edən Kommunist Partiyasının Naxçıvandakı bütün strukturları ləğv edildi,
Azərbaycan Ali Sovetinin 1991-ci il sentyabrın 8-nə təyin etdiyi prezident
seçkilərinin muxtar respublikanın ərazisində keçirilməsi dayandırıldı.
Həmin dövrdə erməni millətçilərinin Azərbaycana qarşı irəli sürdüyü
əsassız ərazi iddiaları, SSRİ rəhbərliyinin Dağlıq Qarabağı Ermənistana
birləşdirmək cəhdlərinin ağır nəticələri, 20 Yanvar faciəsi və ondan sonra
Azərbaycanda baş verən ictimai-siyasi proseslər, respublikanın kommunist
rəhbərliyinin mövqeyi və s. Heydər Əliyevin siyasi fəaliyyətinin başlıca
vektorunu milli dövlətçilik ideyasının əsas məqsədinə - müstəqil demokratik
dövlət uğrunda mübarizəyə istiqamətləndirmişdi.
Hakimiyyət dairələrinin xəyanətkar və səriştəsiz idarəçiliyi
nəticəsində 1993-cü ilin may-iyun aylarında ölkədə siyasi böhran son həddə
çatdı, respublika vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi ilə
üz-üzə qaldı. Belə şəraitdə xalqın təkidi ilə Heydər Əliyev 1993-cü il iyunun
15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Beləliklə, onun Azərbaycana
rəhbərliyinin ikinci dövrü başladı. Heydər Əliyevin möhkəm iradəsi, idarəçilik
məharəti və qətiyyətli siyasi mövqeyi sayəsində Azərbaycan dövlətçiliyinin məhv
edilməsi, vətəndaş müharibəsi və ölkənin parçalanması təhlükəsi aradan qalxdı.
Həmin gün Azərbaycan tarixinə "Milli Qurtuluş Günü” kimi daxil oldu. 1993-cü il
oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan
Respublikasının Prezidenti seçildi. Ümummilli Lider 1998-ci il oktyabrın 11-də
xalqın yüksək siyasi fəallığı şəraitində keçirilən növbəti prezident
seçkilərində də böyük səs çoxluğu ilə (76,1 faiz) möhtəşəm qələbə qazandı.
Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi,
sosial-iqtisadi, mədəni həyatında, xarici əlaqələrində dönüş yarandı,
beynəlxalq norma və prinsiplərə uyğun olaraq müstəqil dövlət quruculuğu prosesi
başlandı. Bəzi daxili və xarici qüvvələr tərəfindən hazırlanmış 1994-cü il
oktyabr və 1995-ci il mart dövlət çevrilişi planlarının, habelə şəxsən Heydər
Əliyevə sui-qəsd və terror cəhdlərinin qarşısı qətiyyətlə alındı, silahlı yolla
hakimiyyətə gəlmək iddialarına son qoyuldu, Azərbaycan dövlətçiliyinin iflası
prosesi dayandırıldı, ölkədə möhkəm ictimai-siyasi sabitlik bərqərar edildi.
İşğalçı Ermənistan ilə müharibənin gedişində ciddi dönüşə nail olundu.
Azərbaycan qoşunları Füzuli rayonu istiqamətində uğurlu əməliyyat keçirərək
Horadiz qəsəbəsini və ətraf kəndləri işğalçılardan azad etdi. Beləliklə, erməni
silahlı qüvvələrinin işğalı genişləndirmək planlarının qarşısı alındı,
Ermənistan 1994-cü ilin mayında cəbhə xəttində atəşkəs elan edilməsinə və
danışıqlar masasına qayıtmağa məcbur oldu.
Heydər Əliyev Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın ərazi
bütövlüyünün pozulması, torpaqlarının 20 faizindən çoxunun işğalı, 1 milyondan
çox yerli sakinin didərgin salınaraq çadırlarda yaşaması və digər dövlət
əhəmiyyətli məsələlər barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,
yaranmış problemlərin həlli sahəsində çox gərgin və genişmiqyaslı fəaliyyət
göstərirdi. Heydər Əliyevin fəal diplomatik səyləri nəticəsində dünyanın böyük
dövlətlərinin və aparıcı beynəlxalq təşkilatlarının Azərbaycana, onun zorla
cəlb olunduğu silahlı münaqişəyə münasibəti əsaslı surətdə dəyişdi. BMT
Təhlükəsizlik Şurasında, ATƏT-in Budapeşt (1994) və Lissabon (1996)
sammitlərində, İƏT-in üzv dövlət başçılarının zirvə toplantılarında
Ermənistanın işğalı pisləndi və Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq
normaları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dair sənədlər
qəbul edildi.
Heydər Əliyevin tarixi nailiyyətlərindən biri də Azərbaycan dövləti
və xalqı qarşısında duran strateji vəzifəni - bir ictimai-iqtisadi sistemdən
digərinə, yəni, iflasa uğramış sosializmdən bazar iqtisadiyyatı normalarına və
çoxmülkiyyətçiliyə əsaslanan sistemə keçidi təmin etməsidir. Xüsusi mülkiyyətə
geniş meydan açılması, sənaye və xidmət müəssisələrinin özəlləşdirilməsi, aqrar
islahatlar, torpağın əvəzsiz olaraq kəndlilərə verilməsi və digər fundamental
transformasiya proseslərini reallaşdırmaq kimi çətin vəzifələrin həlli Heydər
Əliyevin adı ilə bağlıdır.
Heydər Əliyevin yeritdiyi yeni neft strategiyası nəticəsində
Azərbaycanın karbohidrogen ehtiyatlarının dünyanın ən qabaqcıl neft şirkətləri
ilə birlikdə hasil olunması və xarici bazarlara nəqli məqsədilə 1994-cü il
sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı
"Azəri”, "Çıraq” yataqlarının və "Günəşli” yatağının dərinlikdə yerləşən
hissəsinin birgə işlənilməsi haqqında müqavilə imzalandı. "Əsrin müqaviləsi”
bağlandıqdan az sonra Xəzərin digər karbohidrogen yataqlarının işlənilməsi ilə
əlaqədar 30-dan çox saziş imzalandı ki, bu da Azərbaycana böyük həcmdə xarici
sərmayənin qoyuluşuna imkan yaratdı. İlk beynəlxalq neft müqaviləsi
çərçivəsində Bakı-Novorossiysk boru kəməri əsaslı təmir və bərpa olundu,
Bakı-Supsa boru kəməri inşa edildi. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru
kəmərinin tikilməsi haqqında saziş imzalandı və onun təməli qoyuldu.
Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan öz geosiyasi,
geoiqtisadi və mənəvi-mədəni potensialından səmərəli istifadə edərək Şərqlə
Qərb arasında etibarlı körpü yaratmağa çalışır və bununla da ölkənin gələcək
dinamik inkişafı üçün əlverişli imkanlar açılırdı. Heydər Əliyevin təşəbbüsü
ilə tarixi Böyük İpək Yolunun bərpasına yönəlmiş beynəlxalq proqramın həyata
keçirilməsində Azərbaycan aparıcı rol oynamışdır. 1998-ci ilin sentyabrında 32
ölkənin və 14 beynəlxalq təşkilatın yüksək səviyyəli rəhbər şəxslərinin iştirakı
ilə Bakıda İpək Yolu konfransı keçirilmiş, layihənin icraçı katibliyinin
Azərbaycanın paytaxtında yerləşməsi haqqında qərar qəbul edilmişdir.
Heydər Əliyev demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu
sahəsində ardıcıl siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının
başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır. 1995-ci
ilin noyabrında ümumxalq səsverməsi yolu ilə demokratik dəyərləri özündə əks
etdirən Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi, 1995-ci və
2000-ci illərdə çoxpartiyalılıq əsasında parlament seçkilərinin keçirilməsi,
Konstitusiya Məhkəməsinin təşkili, ölüm cəzasının ləğv olunması, mətbuatda
senzuranın aradan qaldırılması, yerli özünüidarəetmə
orqanlarının-bələdiyyələrin yaradılması kimi köklü islahatlar məhz Heydər
Əliyevin siyasi iradəsi və məqsədyönlü fəaliyyəti sayəsində mümkün olmuşdur.
Heydər Əliyevin "İnsan hüquq və azadlıqlarının təmin edilməsi
haqqında" 1998-ci il 22 fevral tarixli Fərmanı insan hüquq və
azadlıqlarının təmin edilməsini dövlət siyasəti səviyyəsinə qaldırmışdır.
Azərbaycan 1996-cı ilin iyununda Avropa Şurasında "xüsusi qonaq"
statusu almış, 2001-ci il yanvarın 25-də isə onun tamhüquqlu üzvü olmuşdur.
Heydər Əliyev dünyanın ayrı-ayrı ölkələrində məskunlaşmış
azərbaycanlıların birlik və həmrəyliyinin yaradılmasına xüsusi əhəmiyyət
verirdi. O, Azərbaycan Respublikasının Prezidenti kimi xarici dövlətlərə rəsmi
səfərləri zamanı orada yaşayan azərbaycanlıların nümayəndələri ilə görüşlər
keçirir, Azərbaycan diasporunun formalaşması və təşkilatlanması üçün ardıcıl və
səmərəli tədbirlər görürdü. Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi
ilə 2001-ci il noyabrın 9–10-da Bakıda dünya azərbaycanlılarının ilk tarixi
qurultayı keçirildi, Azərbaycan diasporunun fəaliyyətinin canlandırılması və
gücləndirilməsi sahəsində çox mühüm qərarlar qəbul edildi.
Heydər Əliyevin Azərbaycanda Latın əlifbasına keçilməsi, dövlət
dilinin tətbiqi işinin təkmilləşdirilməsi, Azərbaycan əlifbası və Azərbaycan
dili gününün təsis edilməsi haqqında 2001-ci ildə imzaladığı fərmanlar,
milli-mənəvi dəyərlərin qorunub saxlanması çağırışı ilə Azərbaycan xalqına
müraciətləri və bir sıra digər sahələrdə coşqun fəaliyyəti milli-mədəni
inkişafda və mənəvi birliyin möhkəmlənməsində böyük rol oynamışdır.
Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyəti tarixinin dərindən
öyrənilməsi və fəaliyyətinin obyektiv qiymətləndirilməsi məsələsinə xüsusi
diqqət göstərirdi. Azərbaycan Xalq Cümhuriyyətinin 80 və 85 illik yubileyləri
ölkədə geniş qeyd olundu, Bakı şəhərində Xalq Cümhuriyyətinə abidə ucaldılması
haqqında qərar qəbul edildi.
Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində, fərqli
ictimai-siyasi, iqtisadi, mədəni və ideoloji şəraitdə xalqına və Azərbaycana
sədaqətlə xidmət göstərmiş, istedadını, bilik və bacarığını milli dövlətçilik
ideyasının gerçəkləşdirilməsinə sərf etmişdir.
Azərbaycan xalqı Heydər Əliyevin xidmətlərini daim minnətdarlıqla
xatırlayır. Unudulmaz liderimiz Heydər Əliyevin miras qoyduğu zəngin irs, ölməz
ideyalar bu gün də yaşayır və bizi inamla gələcəyə aparır. Ulu Öndərin özünün
də dediyi kimi, nə qədər ki Azərbaycan var, o da olacaqdır. Əminliklə demək
olar ki, hazırda Azərbaycanın taleyi etibarlı əllərdədir. Ölkəmiz Heydər Əliyev
yolu ilə qətiyyətlə irəliləyir və Prezident İlham Əliyevin rəhbərliyi ilə
müasir inkişaf tariximizin yeni salnaməsi yaranır.
Əli Həsənov
YAP Siyasi Şurasının üzvü, professor