Naxçıvanın əyilməzlik simvolu - REPORTAJ + FOTOLAR
600 mühafizəçi ilə Əmir Teymurun 40 minlik qoşununa
müqavimət göstərən, 14 il mühasirədə qalan, amma əyilməyən, bu gün isə
qapılarını turistlər üçün açan Əlincəqala
Naxçıvan Muxtar Respublikası Azərbaycanın digər
fiziki-coğrafi vilayətlərindən kəskin kontinental iqlimi ilə fərqlənir. Zəngəzur
və Dərələyəz dağları ilə əhatə olunan, 3 ölkənin sərhədində yerləşən bu yurdun
təmiz havası, bol günəş radiasiyası şəfa mənbəyidir.
1200-dən çox
tarixi abidə
Muxtar respublikanın hər bir yaşayış məntəqəsində,
hər daşında bir tarix yatır. "Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi, Möminə
Xatun və Açıq Səma Altında Muzey Kompleksi, Yusif Küseyr oğlu, Qarabağlar, Nuh
Peyğəmbər türbələri, "Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, "Əshabi-Kəhf
Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi, Duzdağ, Batabat yaylağı, Gəmiqaya,
Haçadağ zirvələri bu yurdun qədim tarixini əks etdirir, keçmişini bu günümüzə
daşıyır. Təsadüfi deyil ki, muxtar respublikanı tarixi abidələr diyarı
adlandırırlar. Statistikaya görə, ümumilikdə Naxçıvanda 1200-dən çox dünya, ölkə
və yerli əhəmiyyətli tarixi abidə qeydə alınaraq pasportlaşdırılıb.
Qala tipli
yaşayış yerləri
Dövlət Turizm Agentliyi və Naxçıvan Muxtar
Respublikasının Turizm Departamentinin birgə təşəbbüsü ilə 21-22 oktyabr tarixlərində
Naxçıvan şəhərinə təşkil edilən media-tur zamanı bu tarixi abidələrin bir
qismini görmək, bölgənin turizm potensialı ilə yaxından tanış olmaq imkanımız
oldu. Ən böyük təəssüratı isə Əlincəqala yaratdı. İlk növbədə qeyd olunmalıdır
ki, Naxçıvandakı abidələrin içərisində qalaların özünəməxsus yeri var. Muxtar
respublika qala tipli yaşayış yerləri ilə zəngin diyardır. Bu ərazidə qalaların
çoxluğunun başlıca səbəbi Naxçıvanın əlverişli coğrafi mövqeyinin, zəngin təbii
sərvətlərinin, şəhər mədəniyyətinin və inkişaf etmiş sənətkarlığının yadelli
işğalçıların diqqətini cəlb etməsidir.Mübariz xalqın daş yaddaşı sayılan Əlincəqala
da yadellilərə qarşı uzun illər sinə gərən, onlara qarşı mübarizə aparan xalqın
sığınacaq, müdafiə məkanı olub.
Tarixi irsin gələcək
nəsillərə çatdırılması
"Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin direktoru
Kamal Gülmalıyevin verdiyi məlumata görə, bu tarixi abidə I-VI əsrlərə aid edilir.
Qalanın xatırlandığı ən qədim mənbə "Kitabi-Dədə Qorqud” dastanıdır. Dastanda "Əlincəqala”
möhkəm istehkam kimi təsvir olunur. XIV əsrin 80-90-cı illərində Əlincəqalanın
Azərbaycan xalqının Əmir Teymura qarşı mübarizəsinin əsas istinadgahına çevrilməsi
və 14 il mərdliklə müdafiə olunması isə tariximizin şanlı səhifələrindən
biridir. 600 mühafizəçi ilə fateh Əmir Teymurun 40 minlik qoşununa müqavimət
göstərən Əlincəqala Cəlairilərin, Qaraqoyunluların, Ağqoyunluların, Səfəvilərin
hakimiyyəti dövründə də öz möhtəşəmliyini qoruyub saxlayıb. Azərbaycan Atabəyləri-Eldənizlərin
hökmranlığı dövründə Əlincəqalanın əhəmiyyəti xüsusilə artıb, mühüm hərbi
istehkam olan qala hökmdar ailəsinin təhlükəsizliyini təmin etmək üçün sığınacağa
çevrilib. Naxçıvan hakimi Zahidə Xatının iqamətgahı Əlincəqalada yerləşib. Xalqımızın
çoxəsrlik tarixi-mədəni irsinin gələcək nəsillərə çatdırılması və tanıdılması məqsədi
ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2014-cü
il 11 fevral tarixli sərəncamına əsasən, "Əlincəqala” tarixi abidəsi bərpa olunub
və ərazidə "Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi yaradılıb. 2016-cı il iyunun
17-də "Əlincəqala” tarixi abidəsi və muzeyinin açılışı olub.
Dəniz səviyyəsindən
1800 metr yüksəklikdə
Sözügedən muzeydə Əlincəqalada məskunlaşmış
insanların yaşayışını və döyüş sənətini özündə əks etdirən maddi-mədəniyyət
nümunələri nümayiş olunur. Bu, qala sakinlərinin həyatı və qəhrəmanlıq tarixi
haqqında dolğun təsəvvür yaradır. Əlincəqalanın bərpası böyük zəhmət hesabına
başa gəlib. Yaxınlıqdakı Xanəgah kəndinin, eləcə də digər yaşayış məntəqəsinin
sakinləri bərpa prosesinə cəlb olunub, ödəniş müqabilində onların əməyindən
istifadə edilib. Dəniz səviyyəsindən 1800 metr yüksəklikdə yerləşən qalanın bərpasında
hər hansı texnikadan yararlanmaq mümkünsüz sayıldığından yalnız insan əməyinə
üstünlük verilib. Yüklər zirvəyə doğru bəlli məsafəyə qədər atlarla daşınıb. Bərpa
işləri zamanı qalanın tarixiliyi qorunub saxlanılıb. Qala divarları, bürc və
giriş qapıları, qədim yaşayış evləri, təsərrüfat binaları, su hovuzları və təndirlər,
səngər və mühafizə yerləri ilkin forması saxlanılaraq bərpa olunub. Qalanın
zirvəsinə doğru yol çəkilib, qala ərazisində işıqlandırma sistemləri yaradılıb,
oturacaqlar qoyulub, yaşıllıqlar salınıb. Muxtar respublikanın memarlıq məktəbinin
izlərini özündə əks etdirən qalanın şərq və qərb darvazaları da bərpa edilərək əvvəlki
görkəminə qaytarılıb.
10 minə yaxın
əcnəbi turistin ziyarət məkanı
Əlincəqalanın zirvəsinə doğru gedən yoldakı nəhəng daş
üzərində "Tarixi yaşadanları tarix də yaşadacaqdır” fikri əks olunub. Bu, Naxçıvan sakinlərinin öz yurduna, tarixinə
bağlılığını, onu canları bahasına olsa belə qoruyub saxladıqlarını, gələcək nəsillərə
çatdırdıqlarını bir daha nümayiş etdirir. Hər il 10 minə yaxın əcnəbi turistin,
eləcə də ölkə vətəndaşlarının ziyarət məkanına çevrilən, Naxçıvanın əyilməzlik
simvolu sayılan Əlincəqalanın zirvəsində əzəmətlə dalğalanan üç rəngli ay-ulduzlu
bayrağımız isə Azərbaycan xalqının bütövlüyünü, dövlətimizin gücünü, gələcək
yolumuzu göstərir.
Rufik
İSMAYILOV
Bakı-Naxçıvan-Bakı