• cümə axşamı, 02 may, 01:25
  • Baku Bakı 15°C

“Nar bağı”nın taleyi

02.10.21 12:00 2729
“Nar bağı”nın taleyi
Ailə dəyərləri, insanlar arasında münasibətlər, böyüyə-kiçiyə hörmət, torpağa – bu filmdə nar bağına olan müqəddəs yanaşma, daha çox şərq üslubuna, şərq düşüncəsinə və daha dəqiq desək, bizə uyğundur.
Rejissoru İlqar Nəcəf olan, 2017-ci ildə dram janrında çəkilən "Nar bağı” filmi yeni dövr filmlərindən ən yaxşıları sırasındadır. Ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, quruluşçu operatoru Ayxan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, redaktoru Aydın Dadaşov və baş prodüseri Müşfiq Hətəmov olan "Nar bağı” filmi Anton Çexovun "Albalı bağı” əsərinin motivləri əsasında çəkilib. Əsəri oxuyub filmi izləyən adam dərhal eyni olan süjet xəttini tutur. Hər ikisində meyvə bağı, bu meyvə bağını almaq istəyən bir adam var. Hər ikisində uzaqlara gedən və uzun müddətdən sonra geri dönən bir qəhrəman var və s. Amma "Nar bağı”nda ailə dəyərləri, insanlar arasında münasibətlər, böyüyə-kiçiyə hörmət, torpağa – bu filmdə nar bağına olan müqəddəs yanaşma, daha çox şərq üslubuna, şərq düşüncəsinə və daha dəqiq desək, bizə uyğundur. Məsələn, atanın – Şamilin evinə, bağına münasibəti vətənə, torpağa olan münasibətinin kiçik formasıdır. Bundan başqa, oğlunun Rusiyaya üz tutması, üzün müddət evindən-eşiyindən uzaq qalması, hətta orda başqa bir ailəsinin də olması, xüsusən, son illərin probleminin bir təcəssümüdür. Filmdə təbiət mənzərələri, nar bağının ab-havası, obrazların emosiyası tamaşaçıya yüksək səviyyədə ötürülür. İnsan özünü həmin hadisələrin mərkəzində hiss edə, həmin həyəcanı yaşaya, nifrət edə, üzülə, ağlaya, əsəbiləşə bilir. Bundan başqa, həmin ortama, yaşam tərzinə xarakterik olan xüsusi xırda detallar var ki, son dərəcə təbii təəssürat yaradıb. Film həm vizual, həm bədii həllini tapıb, onu həm estetik, həm də texniki baxımdan uğurlu hesab etmək olar.
Festivallar qalibi...

"Nar bağı” filmi 13-cü Avrasiya Beynəlxalq Film Festivalında mükafatlarla təltif olunub. Baş rolun ifaçısı Qurban İsmayılov ifa etdiyi Şamil roluna görə "Ən yaxşı kişi rolu”, film "Münsiflər heyətinin xüsusi mükafatı” və FIPRESCI (Beynəlxalq Kinotənqidçilər Federasiyası) tərəfindən "Xüsusi vurğulama”ya, Niderland Krallığının Vlissingen şəhərində keçirilən "Film by the Sea" film festivalında ikinci yerə layiq görülüb, Astanada keçirilən festivalın əsas müsabiqə proqramında təqdim olunub. Filmin dünya premyerası Çexiyanın Karlovı Varı Beynəlxalq Film Festivalının "Qərbin Şərqi” müsabiqə proqramı çərçivəsində keçirilib. Azərbaycandan xarici dildə ən yaxşı filmə görə Oscar mükafatına təqdim olunub. Baş rollarda Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad iştirak edib.

Mən o adam olsaydım...

Filmin baş rol ifaçısı Qurban İsmayılov bildirir ki, kökündən qopan insandan nə desən gözləmək olar: "Kökündən qopan, ondan uzaqlaşan bir adam, əslində, çox təhlükəli bir adamdır. Onun üçün müqəddəs heç bir şey yoxdur. Düşünürəm ki, filmin əsas qayəsi, əsas məğzi, tamaşaçıya çatdırmaq istədiyi budur. Bildiyiniz kimi, filmin rejissoru İlqar Nəcəfdir. İlqar Nəcəf peşəkar rejissor olduğu qədər də təmkinli, səbirli bir insandır. İşinə son dərəcə məsuliyyət və sevgi ilə yanaşır. Onunla işləmək, əlbəttə ki, çox xoş olmuşdu. Məni də filmə elə özü dəvət etmişdi. Əvvəl filmin süjet xətti ilə tanış oldum, xoşuma gəldi. Sevə-sevə, həm də böyük həvəslə çəkildim. Filmin çəkilişləri çox rəvan, rahat keçdi. Oynadığım obraz ata, həm də nar bağının sahibi Şamil kişidir. Yaşadıqları – bir oğul itkisi, digər oğlunun üz döndərib getməsi, həyat yoldaşının bütün bu əziyyətlərə dözməyib vəfat etməsi, onun xarakterində, düşüncələrində, əlbəttə ki, dərin iz buraxıb. Bu insan ağır tale yaşayıb və eyni zamanda da ləyaqət və şərəfin qoruyub saxlayan bir kişidir. Bu obrazı canlandırmaq üçün özümü onun yerinə qoydum. Düşündüm ki, mən o adam olsaydım nə edərdim, necə edərdim, hansı hissləri yaşayardım. Və beləliklə, Şamilin cildinə girib oynadım bu rolu. Düşünürəm ki, film alınıb”.
Mütləq şəkildə yaxşı və ya pis insan olmur...

Filmin quruluşçu rejissoru İlqar Nəcəfin fikrincə, hər şeyin arxasında nəsə başqa bir şey dayanır: "Mən adətən yazılarımda, filmlərimdə, çalışmışam ki, hədəf olaraq insanı götürüm, onun daxilinə nüfuz edim, düşüncəsinə, şüuruna fokuslanım. İnsan ətrafında, yaşadığı dünyada baş verən, gördüyü, eşitdiyi, bildiyi hadisələri öz daxilindən necə keçirir, onlara necə yanaşır, ümumiyyətlə, hansı meyarlar, dəyərlər üçün vuruşur və yaxud da hansı dəyərlər üçün vuruşmaq istəmir, hansı hisslər, hansı duyğular qarşısında təslim olur? Dilemmalar qarşısında insan hansı qərar vermək istəyir, hansı qərarlar qarşısında tərəddüd edir? Verdiyi qərarı sonradan ürəyində, vicdanında, şüurunda necə hiss edir, necə dərk edir? Bu baxımdan "Nar bağı” filmində də, konkret olaraq Qabili götürsək, obraz kimi onun yaxşı və ya pis insan olduğunu düşünürük. Mənə görə, insan mütləq pis olmur. Bir az onun keçmişinə, qəlbinin dərinliyinə, düşüncəsinə, təfəkkürünə yaxın olsan, öz həqiqətini dinləsən, görürsən ki, bir şeyin arxasında başqa bir şey dayanıb. Bunun hamısı sonda gətirir insanın yanaşmasına, yaşayışına, davranışına, hərəkətlərinə birbaşa səbəb olur. Yəni o baxımdan mənim qəhrəmanlarımı – bu filmdə Qabili mühakimə etmək istəmirəm. Mən onu tamaşaçıların ixtiyarına buraxmaq istəyirəm. İstəyirəm ki, tamaşaçı mühakimə etsin, o qərar versin. Hər kəsin də yanaşması müxtəlifdir və onların hamısı mənim üçün məqbuldur, yeni bir kəşfdir. Mənim üçün filmdə hər şey aydındır. Amma təbii ki, tamaşaçı üçün suallar çıxa bilər. Tamaşaçıya ötürmək istədiyim mesaj budur ki, mütləq şəkildə pis və ya yaxşı insan olmur.
Xanım Aydın

banner

Oxşar Xəbərlər