AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Naqif Həmzəyev:

Naqif Həmzəyev: "Təkliflərimdən reallaşanı da var, həllini gözləyəni də"

Müsahibə
04 İyun 2020, 11:00 1390
Trend Milli Məclisin deputatı Naqif Həmzəyevin müsahibəsini təqdim edir:

- Naqif müəllim. 2020- ci ilin müəyyən dövrü arxada qalıb. Bu müddəti necə xarakterizə edərdiniz?
- Azərbaycanda vətəndaşın mənafeyinin və hüquqlarının üstünlüyünü hədəf seçmiş islahatlar, qazanılan analoji uğurlar bir-birini tamamlayaraq, dövlətin dayanıqlı inkişafında harmoniya yarada bilib. Sön illərin və 2020- ci lin ilk aylarında ayrı-ayrı sahələr üzrə verilən qərarlar, həyata keçirilən islahatlar ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəlməsinə, maddi və mənəvi rifah halının yaxşılaşmasına, Azərbaycanın müstəqil dövlət kimi güclənməsinə xidmət edib. 2020-ci ilin də sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından uğurlu olacağını yanvar, fevral ayında əldə olunan sosial-iqtisadi göstəricilər proqnozlaşdırırdı. Dünyanı, sözün həqiqi mənasında, təşvişə salan sərhəd tanımayan koronavirus pandemiyasının mənfi təsiri ölkəmizin sosial-iqtisadi inkişafından da yan keçmədi. Yer kürəsinə qara kabus kimi çökən karonavirus pandemiyası can almaqda davam etdiyi, nəhəng dövlətlərin gözlə görə bilmədiyimiz düşmənlə mübarizədə böyük itkilər verdiyi halda Azərbaycanda koronavirusla mübarizə ən yüksək səviyyədə davam etdirilir. Atdığı bütün qabaqlayıcı addımlarla Azərbaycan dövləti virusu lokallaşdırmağa qismən nail ola bilib. Ötən illərdə ölkə Prezidenti İlham Əliyevin uzaqgörən, məqsədyönlü siyasətinin sayəsində sosial-iqtisadi sahədə qaznılan uğurların nəticəsidir ki, bu gün Beynəlxalq Valyuta Fonduna və Dünya Bankına 150-dən çox ölkənin yardım üçün müraciət etdiyi siyahıda Azərbaycanın adı yoxdur.

- COVİD 19 pandemiyası ilə bağlı Azərbaycanda böyük maştablı işlər həyata keçirildi. Sizcə daha hansı addımların atılması zəruridir.
- Pandemiya dövründə dövlətimiz tərəfindən əhalinin sağlamlığı, sosial müdafiəsi və məşğulluğu ilə bağlı mühüm addımlar atıldı. Dövlət başçısı İlham Əliyevin tapşırıqlarına əsasən ölkədə bütün diqqət vətəndaşların təhlükəsizliyinə, sosial təminatına və məşğulluğuna yönəldildi. Artıq ölkədə karantin rejimində müəyyən yumşaldılmalar həyata keçirildi. Lakin bu, heç bir halda rahatlıq və virusdan tam azad olmaq kimi qəbul edilməməlidir. Karantin rejiminin tələblərinin bir qisminin yumşaldılmasına baxmayaraq, ciddi şəkildə sosial izolyasiya tədbirlərinə riayət etmək hər birimizin borcudur. Pandemiya ilə bağlı zəruri addımlar postpandemiya dövründə də dövlətimiz tərəfindən atılacaq.

- "Evdə qal" kampaniyası çərçivəsində kitab paylaşırsınız, səhv etmirəmsə. Cəmiyyətin kitaba olan marağı barədə nə deyə bilərsiniz?
- Dünyanı cənginə almış koronavirus (COVİD-19) infeksiyası ilə bağlı, bir çox ölkələrdə olduğu kimi, ölkəmizdə sosial izolyasiya tədbirləri çərçivəsində həyati önəm kəsb edən maraqlı addımlar atıldı. Eyni zamanda mütaliə problemləri ətrafında baş verən proseslərin həllinə fərqli yanaşdıq. Gənclərin zamandan səmərəli istifadəsinə yardım olaraq ”5 kitab danış, 1 kitab qazan” adlı sosial aksiyaya start verdik. Bu da gənclərimiz tərəfindən böyük maraqla qarşılandı.

- Mütaliə mədəniyyətini artırmaq üçün daha nə kimi addımlar atmaq lazımdır?
- Çox nadir halda insanların əlində kitab görmək olur. Əslində hamı kitab oxumağının nə qədər lazımlı olduğunu, mütaliə ilə məşğul olmağın insanın dünyagörüşünün artmasında, yüksək intellektə malik olmasında, müstəsna əhəmiyyət kəsb etdiyini bilir. Lakin son illər bu sahədə durğunluq yaranıb.Təəssüf ki, informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə bugünkü gənclərimiz bəzən vaxtlarını müxtəlif sosial şəbəkələrdə, sözün həqiqi mənasında, səmərəsiz keçirməklə məşğul olurlar. Əslində isə həmin vaxtı onlar daha maraqlı bir işə sərf edə - əllərinə kitab alıb oxuya və ya mütaliə etdiyi hər hansı bir əsəri öz yoldaşları ilə müzakirə edə bilərlər. Doğrudur, ildən-ilə təkmilləşən informasiya vasitələrindən istifadə məlumatlanmaq imkanlarını genişləndirir. Lakin mütaliə də, özünüinkişaf üçün ən səmərəli vərdişdir. Kitab oxumağı, mütaliəni vərdişə çevirməyə çalışmalıyıq. Kitabın təbliği istiqamətində yeniyetmə və gənclərə nümunə, eyni zamanda dəstək olmalıyıq. "Müasir gənclər nə üçün kitab oxumur?”, "Gənclərin mütaliəsi niyə aşağı düşüb?”, "Ümumiyyətlə, kitab oxuyan varmı?” mütaliə problemləri ilə bağlı müxtəlif suallarla rastlaşmamaq üçün maraqlı aksiyalar, layihələr keçirilməli, kiçik yaşlardan başlayaraq uşaqlara kitabı sevdirmək lazımdır.

- Milli Məclisdə aktiv deputatlardansınız. Kreativ təkliflər verirsiniz. Bunlardan reallaşanı varmı?
- Qanunverici hakimiyyətin təmsilçisi olaraq hər zaman seçicilərimin yanında olmuşam, onların qayğılarını, problemlərini öz qayğım, problemim kimi qəbul etmişəm. Dəfələrlə seçicilərimin problemlərini Milli Məclisdə qaldırmışam, təkliflərlə çıxış etmişəm. Gəncə-Bakı-Naxçıvan aviareysinin bərpası, xüsusilə gənclərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə paytaxtla yanaşı Gəncədə də sosial mənzillərin tikilməsi, 80 minə yaxın sakinin yaşadığı Gəncənin Gülüstan yaşayış massivi ərazisində – Gəncəçayı üzərində yeni körpünün salınması, Nizami yurdunda fəaliyyət göstərən ali təhsil müəssisələrində paytaxt və bölgələrdə təhsil alan tələbələrin kirayə evlər və yayataqxana probleminin aradan qaldırılması, daim vergi ödəyən və heç bir qanun pozuntusu etməyən sahibkarla digər sahibkarlar arasında rəqabətin yaradılması, gənc sahibkarlara güzəştlərin olunması, ölkədə vətəndaşların sağlamlığına xidmət edən idman qurğularının sayının artırılması və digər bu kimi məsələlərlə bağlı Milli Məclisdə təkliflərim olub.Onlardan reallaşanı da var, həllini gözləyənləri də.

- Seçicilərinizin nə kimi problemləri var və onların həlli üçün hansı addımlar atmısınız?
- Millət vəkili seçiciləri ilə dövlət arasında körpü rolunu oynamalı, onların dərd-sərinə şərik çıxmalı, problemlərinin, sosial məsələlərinin həllinə yardım etməlidir. Seçicilər fərqli olduğu kimi, istəkləri, problemləri də fərqlidir. Adətən, sosial, hüquqi, təhsil, səhiyyə və maliyyə problemləri ilə bağlı müraciətlər olur. Gənclərin məşğulluğu ilə bağlı müraciətlər də çoxluq təşkil edir. Həmişə gənclərin məşğulluq məsələsinə xüsusi diqqət yetirmişəm. Seçicilərin şikayət və müraciətləri əsasında aidiyyatı orqanlarla birgə su, qaz, elektrik, küçə işıqlandırılması kimi bir çox problemlərin aradan qaldırılmasında yaxından iştirak etmişəm. Ancaq elə məsələlər də var ki, onlar millət vəkilinin səlahiyyətləri xaricindədir.

- Maraqlıdır. Məhəmməd Əmin Rəsulzadə sizin üçün kimdir və onun qəbrini ziyarət etmisinizmi?
- XX yüzilin əvvəllərində Çar Rusiyası daxilində, müxtəlif maraqların toqquşduğu Qafqaz bölgəsində, Azərbaycanda baş vermiş qanlı-qadalı hadisələrdən sonra çətinlik, ciddi maneələrə baxmayaraq dünyanın siyasi xəritəsində Azərbaycan Xalq Cümhuriyətinin meydana çıxması, təkcə xalqımızın deyil, bütün Türk Dünyasının tarixi zəfəri idi. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Nəsib bəy Usubbəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Rəfibəyov, Əkbər ağa Şeyxülislamov, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Sultan Məcid Qənizadə, Xəlil bəy Xasməmmədov, Məmmədhəsən Hacınski Xosrov Paşa bəy Sultanov, Xəlil bəy Xasməmmədov, Məmmədyusif Cəfərov və Şəfi bəy Rüstəmbəyovla yanaşı Məhəmməd Əmin Rəsulzadənin də misilsiz xidmətləri olub. "Bir kərə yüksələn bayraq bir daha enməz!" söyləyən Məmməd Əmin Rəsulzadənin millət yanğısı, Azərbaycanın parlaq gələcəyinə olan inamı daim böyük hörmətlə xatırlanıb. Milli müstəqilliyimizin ideoloqunun məzarını mən hələ Türkiyədə təhsil aldığım zamanlarda ziyarət etmişəm. Ümumiyyətlə, xarici ölkələrə səfərlərim zamanı, tarixi şəxsiyyətlərin məzarlarını ziyarət etməyə, eyni zamanda o ölkələrdə fəaliyyət göstərən həmyerlilərimizlə görüşməyə çalışıram.