• cümə, 26 Aprel, 16:02
  • Baku Bakı 23°C

Muzeyləri pulsuz necə gəzə bilərik?

20.02.19 09:00 2724
Muzeyləri pulsuz necə gəzə bilərik?
Moskvada hər ayın 3-cü istirahət günü aksiya keçirilməsinə başlanılıb. Şəhərin mədəniyyət departamentinin təşkilatçılığı ilə həyata keçirilən aksiya zamanı insanlar muzeylərə pulsuz daxil ola biləcəklər. Aksiya demək olar ki, şəhərin bütün dövlət muzeylərini əhatə edir. Buna qədər də Rusiyada, eləcə də dünyanın bir çox ölkələrində muzeylərə insanların sərbəst daxil olması üçün bu və ya digər formada güzəştlər nəzərdə tutulub.Bakıda, o cümlədən respublikamızın ayrı-ayrı şəhərlərində muzeylərin fəaliyyət göstərməsini nəzərə alsaq, insanların bu tip məkanlara gəlişini intensivləşdirmək, o cümlədən turistləri cəlb etmək üçün belə aksiyaların bizdə də keçirilməsini zəruri hesab etmək olar. Bəs reallıqda vəziyyət necədir? Muzeylərimiz qapılarını ziyarətçilərin üzünə pulsuz açırlarmı?
"Hər il bu ənənəni davam etdiririk”
Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov məsələ ilə bağlı danışarkən məhz əlamətdar günlərdə ölkə üzrə fəaliyyət göstərən muzeylərdə "açıq qapı” günü elan edildiyini vurğuladı: "18 aprel Tarixi Abidələrin Mühafizəsi Günündə, 18 may Beynəlxalq Muzeylər Günündə və digər tarixi günlərdə bütün ölkə üzrə fəaliyyət göstərən muzeylərdə "açıq qapı” günü elan edirik. Beynəlxalq Muzeylər Günündə bütün dünyadakı muzeylərdə belə aksiya keçirilir. Bizdə də həmin ənənə yerinə yetirilir. Təkcə bu günlərdə deyil, eyni zamanda, ölkə üzrə mühüm əhəmiyyətli tədbirlər ərəfəsində də muzeylərimizdə "açıq qapı” günləri keçirilir. Tamaşaçıların və turistlərin cəlb olunması üçün bu, vacib amillərdəndir. Hər il bu ənənəni davam etdiririk. Həmin günlər vətəndaşlar və ölkəmizə gələn turistlər mədəniyyət proqramına uyğun olaraq muzeylərə pulsuz daxil olur, tarixi eksponatlarla tanış olmaq imkanı əldə edirlər. Bunlarla yanaşı, bəzi muzeylərdə xüsusi aksiyalar da keçirilir. Onlar fərdi şəkildə özlərinin tədbirlər planına, xeyriyyə və digər məqsədlərə uyğun olaraq "açıq qapı” günü elan edirlər”.
İ.Hümbətovdan qarşıdan gələn Novruz bayramı günlərində belə bir aksiyanın nəzərdə tutulub-tutulmadığını soruşduq: "Əlbəttə, biz də istəyirik ki, muzeylərimizin ziyarətçilərinin sayı çox olsun. Belə bayram günlərində muzeylərin iş qrafikində dəyişikliklər olunur. Ancaq az əvvəl qeyd etdiyim xüsusi tarixi günlərdə muzeylərimizdə "açıq qapı” elan olunur. Novruz bayramı günlərində də xüsusi aksiyalar olur, bu haqda indidən danışmaq isə tezdir”.
"Belə aksiyalar vətəndaşların marağındadır”
Azərbaycan Dövlət Teatr Muzeyinin elmi katibi Şəhla Məmmədova deyir ki, peşə bayramı və xüsusi günlərdə muzeydə "açıq qapı” elan olunur: "Teatr Muzeyində 18 aprel tarixi abidələrin mühafizəsi günündə, 18 sentyabr musiqi günündə, 27 sentyabr ümumdünya turizm günündə, 2 fevral gənclər günündə, 18 may beynəlxalq muzeylər günündə və digər tarixi günlərdə "açıq qapı” günləri elan edirik. Rusiyadakı kimi ayda bir dəfə məhz eyni gündə deyil, bayramlarda, xüsusi günlərdə bu aksiya bizdə də keçirilir. Ümumi götürdükdə, bu əlamətdar günlər ayda bir dəfə olur. Həmin günlə bağlı əvvəlcədən muzeyimizin "Facebook” səhifəsində məlumat veririk. Bundan başqa, rəsmi şəkildə Mədəniyyət Nazirliyinin səhifəsində xəbər kimi qeyd olunur. Pulsuz giriş günü ilə bağlı ziyarətçilərə əvvəldən xəbər veririk. Bu, artıq bizdə ənənə halını alıb. Bu günləri hər il mütləq qeyd edirik. Muzeyimizə gələn vətəndaşlar buna öyrəşiblər. Bəzən özləri zəng edib, "açıq qapı” günü ilə maraqlanırlar. Onların bu diqqətindən hiss edirik ki, belə aksiyalar vətəndaşların marağındadır”.
Ş.Məmmədova məhz həmin günlərdə daha çox ziyarətçi qəbul etdiklərini deyir. Muzeyə gələn vətəndaşlar istər korifey sənətkarlar, istərsə də teatrın inkişaf yolu və tarixi ilə maraqlanırlar: "Teatr özündə bir neçə sahəni birləşdirir. Təkcə rejissor, tamaşa, aktyorla bağlı məlumatlar almaq üçün deyil, tədqiqat işi aparmaq, hansısa sənətkarın, bəstəkarın arxivini araşdırmaq üçün də Teatr Muzeyinə müraciət edənlər çoxdur”.
"Biz o gün qapılarımızı kütlə üçün açırıq”
Azərbaycan Milli İncəsənət Muzeyinin elmi işlər üzrə direktor müavini Xədicə Əsədova bildirdi ki, "açıq qapı” günləri nəinki paytaxt sakinləri, eyni zamanda Bakının ən ucqar yerlərindən məktəblilər avtobus tutaraq muzeyi ziyarət etməyə gəlirlər: "Təbii ki, xüsusi günlərdə İncəsənət Muzeyində pulsuz giriş günləri elan edirik. Misal üçün, fevralın 2-də gənclər günündə "açıq qapı” günü elan etmişdik. Bu kimi günlərdə "açıq qapı” günlərini təşkil etmək üçün Mədəniyyət Nazirliyi tərəfindən göstəriş alırıq. Bura 18 may muzeylər günü, 18 aprel tarixi abidələrin mühafizəsi günü də daxildir. Bəzən də sponsorlar tərəfindən keçirilən xeyriyyə layihələrində "açıq qapı” gününü qeyd edirik. Hətta uşaqlar üçün müəyyən günlər "açıq qapı” günləri təyin edirik və bu layihələrə bir çox məktəblər də dəvət olunur. İl ərzində müəyyən günlər bu xeyriyyəçilik aksiyası keçirilir. Misal üçün, 1 iyun Uşaqların müdafiəsi günündə uşaqlar üçün "açıq qapı” günü elan edirik. Bu günlə bağlı ziyarətçiləri "Facebook”, "İnstagram” səhifəmizdə öncədən xəbərdar edirik. Muzeyin önündə olan afişamızda da bununla bağlı qeyd yerləşdirilir. Həmin günlər muzeyə həddən artıq vətəndaş müraciət edir. Nəinki uşaqlar, orta və yaşlı nəslin nümayəndələri də bizim muzeyə gəlirlər. İlboyu davamlı şəkildə pulsuz aksiyalarımız keçirilir”.
X.Əsədova deyir ki, muzeydə "açıq qapı” günü bir deyil, bir neçə gün davam edir: "Xeyriyyəçilik məqsədi ilə keçirilən aksiyalarda bir neçə gün "açıq qapı” elan olunur. Və bunu 10-15 gün qabaq elan edirik. "Açıq qapı” gününü məxfi saxlamırıq. Biz o gün qapılarımızı kütlə üçün açırıq. Həmin günlər həddən çox vətəndaşlar gəlir. Hətta elə olur ki, bir insan "açıq qapı” günü elan olunanda üç günün üçündə də gəlir. Bir gün 3 mərtəbəni gəzib çatdıra bilmir, ikinci gün tamam başqa bir baxışla gəlir. Bu, peşəkarlıqdan irəli gəlir. Sadəcə, ona yaradılan imkandan və fürsətdən düzgün şəkildə istifadə edir”.
Azərbaycan Milli Tarix Muzeyinin meneceri Kübra Dadaşova bizimlə söhbətində hər həftənin çərşənbə günü muzeyə pulsuz giriş elan olunduğunu vurğuladı: "Bundan əlavə, 18 may muzeylər günündə muzeyimizdə "açıq qapı” günü elan edirik. Bizim öz saytımızda bununla bağlı məlumat veririk. Həmin günlər çoxsaylı vətəndaşlar bizə müraciət edir. 2 mindən çox vətəndaş muzeyimizə gəlir. Bizim bir əməkdaşımız həmin gün 3 mindən çox vətəndaşın muzeyə gəldiyini qeyd etmişdi. Həmin günlər adi vətəndaşlarla bərabər, turistlər də muzeyi ziyarət edirlər”.
"Vətəndaşlar bu günlə bağlı kifayət qədər məlumatlı olurlar”
Azərbaycan İstiqlal muzeyinin fondşöbəsinin işçisi Aida Axundova qeyd etdi ki, "açıq qapı” günləri muzeyin ziyarətçilərinin sayı həddən artıq olur: "18 mayda, 28 mayda Mədəniyyət Nazirliyinin göstərişi ilə muzeyimizə pulsuz giriş günləri elan edirik. Biz özbaşına "açıq qapı” günü keçirmirik. "Açıq qapı” günlərində muzeyə axın olur. Muzeydə sərgilərimiz keçiriləndə, ziyarətçilərimizin sayı daha çox olur. Həm sərgilərin, həm də "açıq qapı” günlərinin keçiriləcəyi günü mətbuat katibimizin vasitəsi ilə mediaya bildiri və səhifəmizdə məlumat veririk. Vətəndaşlar bu günlə bağlı kifayət qədər məlumatlı olurlar”.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər