• cümə, 26 Aprel, 13:42
  • Baku Bakı 23°C

Müzəffər liderlə yeni zəfərlərə doğru

29.09.22 12:15 1032
Müzəffər liderlə yeni zəfərlərə doğru

Mərkəzi Asiya ilə Ön Asiyanı birləşdirəcək Zəngəzur dəhlizi öz strateji mövqeyinə görə Avrasiyada söz sahibi olmaq istəyən güclərin diqqət mərkəzindədir

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən yaradılan, ulu öndərin azərbaycançılıq məfkurəsinə və milli inkişaf konsepsiyasına sədaqət ruhunda fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası (YAP) müstəqil dövlətimizin qurulması və möhkəmlənməsinə, ölkəmizdə sosial-iqtisadi inkişafın təmin olunmasına yönələn misilsiz xidmətlər göstərib. Prezident İlham Əliyevin sədrliyi ilə də YAP Azərbaycanın ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayıb, nüfuzunu gündən-günə artırıb. Ölkəmizin 2003-cü ildən indiyə qədər qazandığı bütün uğurlara YAP bələdçilik edib.

Hərbi zəfəri siyasi-iqtisadi zəfərə çevirmək

Partiyanın lideri olan Prezident İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimiz 30 illik işğala son qoyub, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini təkbaşına icra edib, regionda yeni siyasi reallıq yaradıb. Rəşadətli əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində işğalçı Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olub. Azərbaycan, Rusiya, Ermənistan liderlərinin 2020-ci il 10 noyabr tarixində imza atdığı bu sənəd regionun gələcək taleyinin müəyyən edilməsi baxımdan xüsusi əhəmiyyətə malikdir. Azərbaycan ərazilərindən erməni silahlı birləşmələrinin çıxarılması, sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiyaların bərpası çərçivəsində üçtərəfli bəyanatda diqqət çəkən xüsusi məqam Zəngəzur dəhlizinin açılması barədə bənddir. YAP sədri, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin böyük uzaqgörənliyi və prinsipiallığı sayəsində bəyanatının 9-cu maddəsində Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək dəhlizin qurulması qeyd olunub. Əslində bu bəndin sənəddə əksini tapması ölkəmizin hərb meydanında əldə etdiyi zəfəri yaxın gələcəkdə siyasi-iqtisadi zəfərə çevirmə niyyətindən, Azərbaycan liderinin regionda əbədi sülh, əmin-amanlıq yaratmaq istəyindən qaynaqlanır.  

Milli yaddaşın və identifikasiyanın bütövlüyü

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, politoloq Hikmət Babaoğlu bu dəhlizin siyasi əhəmiyyətini “Kaspi” qəzetinə şərh edərkən bildirib ki, Zəngəzur dəhlizi Mərkəzi Asiya ilə Ön Asiyanı birləşdirən təbii tarixi dəhlizdir. Millət vəkilinin sözlərinə görə, məhz bu strateji mövqeyinə görə sözügedən dəhliz Avrasiyada söz sahibi olmaq istəyən güc mərkəzlərinin daim diqqət mərkəzində olub: “Vaxtilə regionumuza Ermənistan adlı baş tutmayan dövlət pərçim ediləndə də Qərbi Zəngəzur qəsdən və planlı şəkildə Ermənistana verilib. Çünki Mərkəzi Asiya ilə Türkiyənin birbaşa coğrafi bağlantısının olmasını nə Sovet İmperiyası nə də cənub qonşumuz istəmirdi. Ona görə 1920-ci ildə Azərbaycan sosialistləşdirilərkən dərhal Xalq Cümhuriyyətinin ərazisinə təcavüz edildi, digər torpaqlarımız kimi Zəngəzurun qərbi qeyri-qanuni olaraq ermənilərə verildi. Hazırki tarixi mərhələdə isə Zəngəzur dəhlizinin siyasi əhəmiyyəti nəinki azalıb, tam əksinə qat-qat artıb. Siyasi kontekstdə Zəngəzur dəhlizi Azərbaycanın Naxçıvan və Türkiyə ilə  birbaşa quru əlaqələrinin olması baxımından olduqca əhəmiyyətlidir. Çünki coğrafi bütövlük həm də milli yaddaşın və identifikasiyanın bütövlüyünü şərtləndirir. Zəngəzur dəhlizinin istifadəyə verilməsi bu dəhliz boyunca tarixən yaşamış soydaşlarımızın beynəlxalq hüquqa görə təməl hüquqları hesab edilən doğulduqları yerdə yaşamaq hüquqlarının bərpası deməkdir. Necə olur ki, münaqişədən əvvəl də tarixi zəfərimizdən sonra da ermənilər Azərbaycanda yaşaya bilir, ancaq münaqişəyə qədər Ermənistanda yaşayan və bu ölkənin vətəndaşı olan 300 min azərbaycanlı öz ata-baba yurdunda yaşaya bilmir?”.

İqtisadi inteqrasiya və münasibətlər siteminin açarı

Zəngəzur dəhlizinin iqtisadi əhəmiyyətinə gəlincə, YAP İdarə Heyəti üzvü deyib ki, bu dəhliz təqribən 170 milyonluq bir bazarın, yaxud iqtisadi inteqrasiya və münasibətlər siteminin açarıdır: “Əgər bu potensialın üzərinə Rusiya Federasiyasının imkanlarını da gəlsək, bu bazar təxminən 300 milyonluq bir bazar təşkil edir. Bu, müstəqil bir beynəlxalq bazar deməkdir. Ona görə Rusiya da bu dəhlizin açılmasında olduqca maraqlıdır. Rusiyanın hazırki vəziyyətini, Qərbə istiqamətlənən bütün çıxışlarının məhdudlaşdırılmasını nəzərə alsaq, hətta Zəngəzur dəhlizinin həyati olduğunu söyləyə bilərik. Elə Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuq da erməniləri buna inandırmağa çalışarkən bildirmişdi ki, dəhlizin açılması qısa müddətdə 5 milyard rus sərmayəsinin Ermənistana gəlməsi deməkdir. Ancaq bu da Zəngəzur dəhlizinin iqtisadi əhəmiyyətinin hamısı deyil. Bu dəhliz tarixi İpək Yolunun orta dəhlizində Çindən Avropaya uzanan yolu 300 km qısladır. Bu özlüyündə iqtisadi səmərəlilik və optimal vaxt deməkdir. Ona görə Çin də daxil olmaqla Orta Asiyanın türk respublikaları üçün bu dəhliz olduqca maraqlıdır. Bu miqyasda iqtisadi aktivliyi təmin edən bir dəhliz heç şübhəsiz ki, kommunikasiya dalanında yerləşən Ermənistan üçün də tarixi fürsətdir. Ancaq bu şansın soyuqqanlı məntiqlə qiymətləndirilməsi üçün Ermənistanda ictimai-siyasi iqlim yoxdur”.

Muxtar respublika ilə Azərbaycanın quru yol əlaqəsi

YAP Mərkəzi Aparatı Təşkilat şöbəsinin müdiri, Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov da qəzetimizə açıqlamasında söyləyib ki, Zəngəzur dəhlizinin siyasi olmaqla yanaşı, həm də böyük iqtisadi əhəmiyyəti var: “Ermənistan bu dəhlizin açılması ilə əlaqədar olaraq üzərinə öhdəlik götürüb. Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanan üçtərəfli bəyanatda, işğalçı ölkə üçün kapitulyasiya aktına bərabər olan sənəddə Zəngəzur dəhlizinin açılması barədə konkret müddəa var. Buna baxmayaraq, rəsmi İrəvan iki ildir bu prosesi uzadır. Zəngəzur dəhlizinin ölkəmiz üçün əhəmiyyətini ifadə edən başlıca amil Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın digər ərazilərininin quru yolu ilə əlaqəsinin bərpa olunmasıdır. 30 ildən artıqdır ki, Naxçıvan blokada şəraitində yaşayır, muxtar respublika ilə Azərbaycanın quru yol əlaqəsi yoxdur. Digər tərəfdən, Zəngəzur dəhlizi sadəcə Azərbaycan və region ölkələrin iqtisadiyyatına deyil, ümumilikdə dünya iqtisadiyyatına töhfə verəcək beynəlxalq layihədir. Azərbaycan və Türkiyə tərəfdən irəli sürülən altılıq platforması var. Bu platforma çərçivəsində əməkdaşlıq baxımdan da Zəngəzur dəhlizinin əhəmiyyəti böyükdür”.

Kənd təsərrüfatı, sənaye, turizmin inkişafı

İqtisadçı millət vəkilinin qənaətincə, Azərbaycanın şəqrlə qərb, şimalla cənub arasındakı coğrafi mövqedə yerləşməsi, beynəlxalq nəqliyyat və logistika qovşağına, tranzit ölkəyə çevrilməsi baxımdan da Zəngəzur dəhlizi xüsusi diqqət çəkir: “Yüklərin şərqdən qərbə və əks istiqamətə daşınmasında Zəngəzur dəhlizi effektiv rol oynayacaq. Bütün bunlar Azərbaycan iqtisadiyyatına böyük dividentlər qazandıracaq, ölkəyə valyuta axınını təmin edəcək. Bu dəhliz yük və sərnişin daşınmalarının qısa vaxt ərzində təhlükəsiz, iqtisadi baxımdan səmərəli həyata keçirilməsinə, enerji resurslarımızın Avropaya ötürülməsinə, həmçinin turizmin inkişafına, Avropa ilə Asiya arasında əlaqələrin genişlənməsinə müsbət təsir edəcək. Zəngəzur dəhlizi iqtisadi əhəmiyyəti ilə bərabər, regionda sülhün, əmin-amanlığın, əməkdaşlığın təmin olunmasına xidmət edəcək. Çünki yükləri bu dəhliz vasitəsilə daşınan bütün ölkələr regionda, o cümlədən Azərbaycanda sabitliyin əbədi olmasında maraqlı tərəf kimi çıxış edəcəklər. Nəzərə almaq lazımdır ki, Zəngəzur dəhlizi Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarından keçir. Hər iki iqtisadi zonada genişmiqyaslı quruculuq, abadlıq tədbirləri həyata keçirilir, gələcəyə hesablanmış iqtisadi layihələr reallaşdırılır. Bu ərazilərdə kənd təsərrüfatı, sənaye, turizm və iqtisadiyyatın digər sahələri inkişaf etdiriləcək, dədə-baba yurdlarından didərgin düşən vətəndaşlarımızın öz evlərinə qayıdışı təmin olunacaq. Bu aspektdən də yanaşsaq, Zəngəzur dəhlizi mühüm əhəmiyyət kəsb edir”.

İqtisadi reinteqrasiya prosesi sürətlənəcək

İqtisadçı-ekspert Eldəniz Əmirov isə “Kaspi”yə açıqlamasında Zəngəzur dəhlizinin Azərbaycan üçün iqtisadi mənfəətindən daha çox hərbi-siyasi dividentləri olduğunu vurğulayıb: “Gələcəkdə elə illər olacaq ki, Zəngəzur dəhlizinin həmin illərdə iqtisadi əhəmiyyəti daha çox olacaq. Amma elə dövr də olacaq ki, bu dəhlizin hərbi-siyasi əhəmiyyəti həmin müddətdə daha çox olacaq. Yəni bu proses uzaq perspektiv üçün götürdükdə, növbəli olacaq. Hazırkı mərhələdə isə Zəngəzur dəhlizinin Azərbaycana qazandıracağı divident stabillikdir. Çünki bu dəhliz üzərindən kommunikasiyalar qurulandan sonra sadəcə Azərbaycan deyil, eləcə də Ermənistan faydasını görəcək, həmçinin Türkiyə Orta Asiyaya çıxacaq, Avropa enerji təhlükəsizliyini təmin edəcək, Rusiya, İran, Gürcüstan da bu dəhlizdən yararlanacaq. Zəngəzur dəhlizi region üçün sabitlik, əmin-amanlıq zəmanəti olacaq. Bu isə sözügedən dəhlizin siyasi çəkisini göstərən amildir. Zəngəzur dəhlizinin işə düşməsi Zəngilan rayonunu logistika qovşağa çevirəcək. Şərq-Qərb, Cənub-Qərb dəhlizləri buradan keçəcək ki, Azərbaycan da bundan iqtisadi mənfəət götürəcək. Ümumən regionda iqtisadi reinteqrasiya prosesi sürətlənəcəkdir”.

Regionu Asiya və Avropa ilə birləşdirən strateji məkan

Göründüyü kimi, Zəngəzur dəhlizi unikal və universal bir dəhliz olmaqla sadəcə Azərbaycanın deyil, region dövlətlərinin, böyük güclərin də maraqlarına tam cavab verir. Bu dəhliz həm tarixi aspektdə və müasir geosiyasi reallıqlar prizmasından, həm də Cənubi Qafqazda sülh, barış və əməkdaşlığın bərpa olunmasında prinsipial əhəmiyyət daşıyır. Zəngəzur dəhlizi Azərbaycana regionu bir neçə istiqamətdə Asiya və Avropa ilə birləşdirən strateji məkan status qazandıra bilər. Məhz bu kimi amillərə görə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev istər tarixi, istərsə də indiki strateji maraqlarımız kontekstində Zəngəzur dəhlizinin mühüm əhəmiyyətini dilə gətirir. Qeyd edir ki, bu dəhliz bütövlükdə regionda inteqrasiya proseslərini stimullaşdıracaq. Əgər Ermənistan bunu istəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Yəni, Ermənistan buna mane olmaq fikrinə düşəcəksə, Azərbaycan bu strateji kommunikasiyanın bərpa edilməsi üçün istənilən vasitədən, o cümlədən hərbi gücdən istifadə edəcək.

Rufik İSMAYILOV

Yazı Yeni Azərbaycan Partiyasının 30-cu ildönümü ilə əlaqədar elan olunmuş fərdi yazı müsabiqəsinə təqdim edilir

banner

Oxşar Xəbərlər