AZE | RUS | ENG |

Müxalifətin mitinq müraciətinə rədd cavabı verilməsi doğru qərardır

Müxalifətin mitinq müraciətinə rədd cavabı verilməsi doğru qərardır
Yanvarın 19-20-si baş verənlər dövlət orqanları tərəfindən araşdırılmayınca və ona qiymət verilməyincə, dağıdıcı qrupların aksiya təşkil etmək imkanları məhdudlaşdırılmalıdır

Radikalların dəyişməz "lideri” Əli Kərimli və Milli Şura adı altında toplaşaraq özlərini "demokrat” elan edənlərin çoxsaylı müraciətlərini nəzərə alan Bakı Şəhər İcra Hakimiyyəti yanvarın 19-da mitinq keçirmək üçün onlara icazə verdi. Rəsmi qurumun bu barədə yaydığı açıqlamada qeyd olunurdu ki, "Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun müddəalarına riayət olunmaqla, yanvarın 19-da 15:00-dan 17:00-dək Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3155-ci məhəllədə yerləşən Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda (keçmiş ”Məhsul” stadionu) müxalifətin mitinq keçirməsinə razılıq verilib. Eyni zamanda toplantı təşkilatçılarından xahiş olunurdu ki, "Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna əsasən, ayrı-seçkiliyə, ədavətə və ya zorakılığa çağırışlarla müşayiət olunan, milli, irqi və ya dini ədavəti təbliğ edən və təhqiredici şüarlardan istifadə olunmamasına ciddi nəzarət etsinlər. Düzdür, yanvarın 19-da Milli Şura və AXCP, ümumilikdə bütün müxalifət partiyaları, onların ətrafında olan müxtəlif təşkilatlar qeyd edilən ünvanda cəmi-cümlətanı 2800 nəfərin iştirakı ilə mitinq keçirdilər. 25 ildən çoxdur dəyişməyən simalar, şüarlar, populist və mənasız çağırışlar, əsassız ittihamlar, yalan vədlər, çıxışçıların qulaq yorucu səs tembrləri yenidən təkrarlandı. 10-a yaxın adam çıxış etməsinə baxmayaraq, heç bir real təklif səslənmədi, konstruktiv ideya irəli sürülmədi.
Mitinqdə baş verənlər bir daha onu göstərdi ki, bu aksiya yalnız yerli çağırışlarla başa gəlməyib. Meydanda Avropa İttifaqının bayraqlarının qaldırılması, xaricdəki anti-Azərbaycan dairələr tərəfindən idarə olunan ünsürlərin mitinqə çağırış etməsi bəzi reallıqları gün işığına çıxardı. Beləliklə, son mitinq Azərbaycanın klassik küçə-meydan müxalifətinin xaricə sığınan anti-Azərbaycan qüvvələri ilə birlikdə təşkil etdiyi ortaq tədbir kimi yadda qaldı. AXC-nin şinelindən çıxmış və bu gün də müxalifət postunu zəbt etmiş şəxslərin çıxışları, irəli sürdükləri iddialar bir daha təsdiq etdi ki, onlar hələ də revanşizm ab-havasındadırlar, dağıdıcılıq, sabitliyin pozulması yolu ilə hakimiyyəti zəbt etmək niyyətindən əl çəkməyiblər. Radikallar öz çağırışları, davranışları ilə göstərdilər ki, onlar iddialarını reallaşdırmaq üçün Azərbaycanın Suriya, Liviya və digər hazırda vətəndaş qarşıdurması gedən ölkələrin vəziyyətinə düşməsinə də hazırdırlar.
Məhz bu səbəbdən radikallar bu dəfə də Bakı Şəhər İcra Hakimiyyətinə verdikləri vədi yerinə yetirə bilmədilər. Mitinqdə əndazəni aşan çağırışlar, xüsusən də 20 Yanvar şəhidlərinin anım günündə Şəhidlər Xiyabanında siyasi şou göstərməyə səslənmələr bir yana, aksiyadan sonra radikalların ictimai asayişi pozacaq hərəkətləri də baş verdi. Yanvarın 20-də isə Şəhidlər Xiyabanında radikal müxalifət və onun başçılarının simasızlığı, başıpozuqluğu bir daha aydın şəkildə özünü büruzə verdi. Bu insanlar normal, sivil qaydada tədbir keçirmək, ictimaiyyətə öz fikirlərini, ideyalarını çatdırmaq qabiliyyətində olmadıqlarını yenidən nümayiş etdirdilər. Hələ də 1990-cı illərin qaraguruhçuluq ab-havası ilə yaşayan radikallar müqəddəs Şəhidlər Xiyabanını siyasi şou göstərmək məkanına çevirmək üçün müxtəlif cəhdlər etdilər. Hətta onlar tərəfindən polisə müqavimət göstərilməsinin, hüquq-mühafizə orqanı əməkdaşlarının qanuni tələbindən yayınma hallarının da şahidi olduq.
Əlbəttə ki, bütün bunlar AXCP sədri Ə.Kərimli və tərəfdarlarının növbəti şousu, siyasi əxlaqsızlığıdır. Bu gün Ə.Kərimli kimi marginallaşmış, milli maraqları tapdaq altına atan, xəyanətkar, simasız şəxslərin siyasətçi obrazına girib, meydana çıxıb özlərini müxalifətin lideri adlandırması bütövlükdə cəmiyyətimiz üçün qəbuledilməz, müxalifət, digər müxalif partiyaların rəhbərləri üçün də aşağılayıcı faktordur. Bundan başqa, Ermənistanla danışıqların yeni intensiv mərhələyə daxil olması ərəfəsində güclü mövqedən çıxış edən Azərbaycanın daxilində qarşıdurma yaratmağa çalışan bu qruplar öz əməlləri ilə düşmən dəyirmanına su tökür, işğalçı dövlətin maraqlarına xidmət edirlər. Ola bilsin ki, onlar xaricdən də məhz belə tapşırıq alırlar və canla-başla onu icra edirlər. Bütün bunlar onu deməyə əsas verir ki, yanvarın 19-20-si baş verənlər müvafiq dövlət orqanları tərəfindən araşdırılmayınca və ona qiymət verilməyincə dağıdıcı qrupların kütləvi aksiya təşkil etməsi imkanları məhdudlaşdırılmalıdır. Bu nöqteyi-nəzərdən müxalifətin yanvarın 26-da "Məhsul” stadionunda yenidən mitinq keçirməsinə razılığın verilməməsi tamamilə doğru qərardır.
 
F.Qəhrəmanlı
 

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946