• cümə, 29 Mart, 12:09
  • Baku Bakı 14°C

Mürəkkəb regionda uğurlu xarici siyasət

25.02.20 18:53 3332
Mürəkkəb regionda uğurlu xarici siyasət
Azərbaycan dünyaya multikulturalizm, tolerantlıq və səmərəli əməkdaşlıq modelini təqdim edir
Ölkələr arasında ikitərəfli münasibətlər kontekstində dövlət səfəri səviyyəsinə görə ən yüksək səfər hesab olunur. İl ərzində bir ölkəyə məhdud sayda dövlət səfəri edilir. Dövlət səfəri zamanı müzakirə edilən məsələlərin əhatəsi geniş, mahiyyəti daha dərin olur. Bu baxımdan Prezident İlham Əliyevin 20-21 fevral tarixində İtaliyaya dövlət səfəri xüsusi əhəmiyyətə malikdir. Öncə vurğulayaq ki, bu, Azərbaycan Prezidentinin İtaliyaya ilk dövlət səfəridir. Eyni zamanda bu səfər 2020-ci ildə İtaliyaya xarici dövlət başçıları tərəfindən edilən ilk dövlət səfəridir. Bu da Azərbaycana və Prezident İlham Əliyevə göstərilən xüsusi diqqətdən irəli gəlir. Müstəsna əhəmiyyət kəsb edən səfər zamanı Azərbaycan Prezidentinə misli görünməmiş ehtiram və xüsusi diqqət göstərilib. Səfər çərçivəsində iki dövlət arasında ümumilikdə 28 sənəd imzalanıb.

Münasibətlərin yeni müstəviyə qədəm qoyması
Həmin sənədlərdən 17-si Prezident İlham Əliyevlə İtaliya Nazirlər Şurasının sədri Cüzeppe Kontenin geniş tərkibdə görüşü başa çatandan sonra onların iştirakı ilə imzalanıb və mübadilə olunub. Digər sənədlər səfərin ikinci günündə baş tutmuş biznes forum çərçivəsində imzalanıb. Bu sənədlər siyasi, müdafiə, iqtisadi-ticarət, energetika, yüksək texnologiyalar, nəqliyyat, infrastruktur, mədəni, elmi, turizm, idman sahələrini əhatə edir. Sözügedən səfər çərçivəsində imzalanmış sənədlər sırasında "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” müstəsna əhəmiyyət daşıyır. Birgə Bəyannamə Azərbaycanla İtaliya arasında əməkdaşlığın yeni yüksək səviyyəyə qədəm qoymasını şərtləndirən bir sənəddir. Sənəd Azərbaycanın digər ölkələrlə belə bir adda imzaladığı ilk sənəd olması, o cümlədən "Böyük Səkkizliyin” üzvü olan ilk ölkə ilə imzalanması nöqteyi-nəzərdən də mühüm əhəmiyyətə malikdir.


Bu səfəri şərh edən millət vəkili Pərvin Kərimzadə deyib ki, Azərbaycan Cənubi Qafqaz regionunda İtaliya ilə siyasi və iqtisadi dialoqu ən yüksək səviyyədə olan yeganə ölkədir. Onun sözlərinə görə, İtaliya ilə Azərbaycan arasında illərin sınağından çıxan siyasi, iqtisadi, mədəni və elm sahələrində əməkdaşlıq bu gün digər Avropa ölkələri üçün örnək sayıla bilər: "Prezident İlham Əliyevin bu günlərdə İtaliyaya uğurlu dövlət səfəri hər iki ölkə arasında münasibətlərin, əlaqələrin, əməkdaşlığın inkişafında yeni səhifə açdı. Üç Avropa nəhəngindən biri olan, qoca qitənin siyasi gündəmini müəyyənləşdirən gücə malik, İtaliya kimi etibarlı və strateji tərəfdaşla münasibətləri inkişaf etdirmək, dialoq qurmaq Azərbaycanın Avropada nüfuzunun, strateji rolunun artmasında mühüm rol oynayacaq. Səfər zamanı siyasi, müdafiə, iqtisadi-ticarət, kənd təsərrüfatı, energetika, yüksək texnologiyalar, nəqliyyat, infrastruktur, mədəni, elmi, turizm, idman sahələrinin əməkdaşlığına dair 28 sənədin imzalanması, müzakirə olunan məsələlər ölkələrimiz arasında yeni perspektiv inkişaf istiqamətlərini müəyyənləşdirir. Prezident İlham Əliyevin İtaliyaya səfəri həm də onu göstərir ki, hər iki ölkənin tərəfdaşlığı ancaq ticarət, turizm, investisiya, kənd təsərrüfatı, hərbi, eləcə də neft və qaz sahəsində məhdudlaşmır. 2020-ci ilin İtaliyada "Azərbaycan Mədəniyyəti İli” elan olunmasını da mədəni əlaqələrin yüksək səviyyəsinin göstəricisi kimi xüsusi olaraq vurğulamaq olar”.

Həyata keçirilən daxili və xarici siyasət yüksək dəyərləndirilir

Millət vəkili deyib ki, səfər çərçivəsində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ilə görüşü Azərbaycanın dünyada tolerantlıq ənənələrinə, multikultural dəyərlərə sadiqliyinə görə nümunəvi bir ölkə olduğunu bir daha nümayiş etdirib. P.Kərimzadənin fikrincə, qürurverici məqam həm də ondan ibarətdir ki, görüşdə Papa Fransisk xüsusi ilə ictimai-siyasi sabitliyin hökm sürdüyü Azərbaycanda dini icmalar arasındakı tolerant münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib, ölkəmizdə həyata keçirilən daxili, xarici siyasəti yüksək dəyərləndirib.

Azərbaycanın haqlı mövqeyinin müdafiəsi
Politoloq Nəzakət Məmmədova İtaliya prezidenti Matarellanın səsləndirdiyi fikrə istinad edərək bildirib ki, 25 ildən çox mövcud olan diplomatik əlaqələr çərçivəsində İtaliya və Azərbaycan arasındakı münasibətlər müstəsna inkişaf yolu keçib. Onun sözlərinə görə, bu, həmçinin öz baxışını Avro-Aralıq dənizi məkanına tutan və balanslaşdırılmış geosiyasi mövqeyinə görə güclü olan Bakının seçimi sayəsində mümkün olub. Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri çərçivəsində bir sıra sənədin imzalandığını xatırladan siyasi şərhçi Azərbaycan və İtaliya arasında "Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”ni xüsusi qeyd edib. Deyib ki, bu sənəd münasibətlərimizi daha yüksək səviyyəyə qaldıracaq: "Sənədin ən böyük əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan və İtaliya bir-birilərinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstəyi bir daha təsdiqləyirlər. Sənəddə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin məhz bu prinsiplər əsasında həlli ilə əlaqədar birmənalı mövqe əks olunub. Bu prinsiplər BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi və təcavüzkar Ermənistanın qoşunlarının Azərbaycanın bütün işğal olunmuş torpaqlarından çıxarılmasını tələb edən qətnamələri ilə uzlaşır. "Böyük Səkkizlik” klubunun üzvü, dünya siyasətində aparıcı yer tutan İtaliyanın Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini müdafiə etməsi mühüm əhəmiyyət kəsb edir”.

Çoxtərəfli müstəvidə sıx əməkdaşlıq
İtaliya ilə Azərbaycan arasında iqtisadi-ticarət, enerji əməkdaşlığının yüksək səviyyədə inkişaf etdiyini vurğulayan N.Məmmədova əlavə edib ki, 2019-cu ildə İtaliya ilə ümumi ticarət dövriyyəmiz 6 milyard dollardan artıq olub. Politoloqun qənaətincə, Prezident İlham Əliyevin bu səfərindən sonra İtaliya-Azərbaycan əlaqələri bütün sahələr üzrə yeni inkişaf mərhələsinə keçəcək: "Azərbaycanla İtaliya arasında siyasi əlaqələr yüksək səviyyədədir. Əgər ölkələr arasındakı siyasi əlaqələr mükəmməldirsə, bu, iqtisadi, ticarət və digər sahələrdə də əməkdaşlığın inkişafı üçün hərtərəfli zəmin yaradır. Bu mənada Azərbaycan və İtaliya arasında siyasi əlaqələrin mükəmməlliyi hərtərəfli əməkdaşlığın inkişafına təkan verir. Misal üçün, TAP layihəsi çərçivəsində Azərbaycan qazı İtaliyaya nəql ediləcək ki, bu da Avropa İttifaqının enerji siyasətinin əsası olan marşrutların və mənbələrin şaxələndirilməsi üçün önəmli bir göstərici sayıla bilər. Digər tərəfdən, İtaliya Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın bir nömrəli siyasi, iqtisadi və ticarət tərəfdaşıdır. Prezident İlham Əliyevin məlum səfəri çərçivəsində keçirdiyi görüşlərdə İtaliya tərəfindən Azərbaycanın çox vacib və çətin bir regionda yerləşməsinə baxmayaraq, çox uğurlu siyasət aparması və qonşu ölkələrlə sıx münasibətlər qurması, habelə ölkəmizin dünyəvilik ənənələri vacib amillər kimi qeyd olundu. İtaliya ikitərəfli müstəvidə Azərbaycanın strateji tərəfdaşı olmaqla yanaşı, çoxtərəfli müstəvidə də sıx əməkdaşlıq etdiyimiz vacib ölkədir”.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər