Murad Hüseynov: “Muğam genetik kodumuzdur”
10 ildir
ki, Dənzikənarı Bulvarın sahilində ecazkarlığı, füsunkarlığı ilə
vətəndaşlarımıza və şəhərimizin qonaqlarına xidmət edən, muğam sənətinin ocağı
funksiyasını daşıyan Beynəlxalq Muğam Mərkəzinin qonağı olduq. Bizi Mərkəzin
direktoru, Xalq artistiMurad Hüseynov qarşıladı. Murad bəylə
söhbət edə-edə Mərkəzin girişində yer alan "Alətlərimizin dünəni, bugünü,
sabahı” adlı eksponatları izləyib, milli
musiqimizin tarixinə, musiqi alətlərimizi özündə əks etdirən kiçik muzey
guşəsində olan yeniliklərə şahidlik etdik.Burada müxtəlif
əsrlərdən yadigar olan musiqi alətlərinin nümunələri sərgilənib. Murad Hüseynovla
söhbət əsnasında qısa da olsa, keçmişə səyahət etmiş olduq. Həmçinin müasir musiqi alətlərimizin
sərgiləndiyi guşədə onların bu gün dünya arenasında tanıdılmasından, sabaha
boylanan ümidlərdən danışdıq.
- Beynəlxalq Muğam
Mərkəzi 10 ildir ki, fəaliyyət göstərir. İstərdik, bir neçə kəlmə ilə Mərkəzin 10 illik yoluna güzgü
tutasınız.
- Beynəlxalq Muğam
Mərkəzi dünyada misli olmayan möhtəşəm bir Mərkəzdir. Bura Azərbaycanın Birinci
vitse-prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə inşa
olunub. 2008-ci ilin 27 dekabrında təntənəli açılış mərasimi baş tutub. Bu
Mərkəzin açılması muğam dünyası üçün bir bayrama çevrilərək əsl musiqi hadisəsi
oldu. Sevindirici haldır ki, indi yalnız Bakıda
deyil, Heydər Əliyev Fondunun təşəbbüsü ilə bölgələrimizdə, Qarabağ torpağında, işğal altındakı torpaqlarımızla sərhəd şəhərlərimizdə
də istedadlı gəncləri yetişdirmək və
muğam sənətinə töhfə vermək üçün gözəl muğam mərkəzləri istifadəyə verilib. Bu gün,
tarixdə heç vaxt olmadığı kimi,
muğam Azərbaycanın dünyaya töhfəsi kimi sevilir və tanınır. Bu da təbii ki,
Prezident İlham Əliyevin və Mehriban xanımın işıqlı və parlaq fəaliyyətinin
nəticəsidir. Muğam sənəti, bu sənətin
əsas alətləri – tar, kamança YUNESKO-nun Ümumdünya irsi siyahısındadır. Bunun
özü böyük uğurdur və muğamın təbliğində vacib rol oynayır. Dünyanın elə bir
ölkəsi yoxdur ki, muğam ifaçılarımız orada çıxış etməsinlər. Heydər Əliyev
Fondu dünyada musiqimizin təbliğatı ilə məşğuldur və böyük tədbirlər keçirir.
Belə olduğu təqdirdə, Azərbaycan
muğamı dünyada daha çox tanınır. Dünyanın məşhur musiqiçiləri ilə bizim
musiqiçilərimiz arasında sıx əlaqə, dostluq münasibətləri yaranır.Beynəlxalq Muğam
Mərkəzimizdə irimiqyaslı layihələr, elmi konfranslar, dəyirmi masalar,
konsertlər, böyük tədbirlər
keçirilir. Beynəlxalq Muğam Festivalının məhz bizim Mərkəzdə də
olmaqla keçirilməsi böyük
əhəmiyyət daşıyır. Heydər
Əliyev Fondunun təşəbbüsü ilə keçirilən Muğam Televiziya Müsabiqəsi bütün
dünyaya televiziya vasitəsilə musiqimizi və muğamımızı tanıtdıran misilsiz bir
layihədir. Burada neçə-neçə istedadlı gənclər tanınırlar. Bu müsabiqə
çərçivəsində 140 tanınmış ifaçı yetişib. Hansı ki, bu gün onlar Azərbaycanı
dünyada uğurla və böyük məsuliyyət hissi ilə təmsil edirlər və onların əksəri
bu gün Beynəlxalq Muğam Mərkəzinin solistləridir. Bu günə kimi gənc xanəndələrə
bu qədər diqqət və qayğı demək olar ki, ayrılmayıb. Dövlət hər zaman onların
yanındadır.Milli irsimiz, muğamımız həm qızıl, həm də intibah dövrünü yaşayır.
Bu intibah get-gedə daha da yüksəlir. Heydər Əliyev Fondu sənətkarların
unudulmasına imkan vermir. Muğam sənəti Azərbaycanın
professional musiqi mədəniyyətinin şifahi irsinin mühüm qismini təşkil etməklə,
Azərbaycan xalqının mədəni ənənələrində və tarixində dərin köklərə malikdir. Bu
mədəni ənənənin Azərbaycanda köklərinin olması ölkədə onun daşıyıcılarının
sayı, eləcə də onun Azərbaycan bəstəkarlarının, rəssamlarının,
heykəltəraşlarının və şairlərinin tükənməz ilham mənbəyi olan milli
mədəniyyətdə mühüm rolu ilə təsdiqlənir.
- Mərkəzin beynəlxalq
tərəfdaşları ilə işbirliyi nəinki Azərbaycanda, ölkədən kənarda da
eşidilir.
- Bəli, bu 10 ildə muğamın təbliği yolunda, gözəl əsərlərin təmsil
olunması məqsədilə konsertlər təşkil olunub. İfaçılarımız Hindistanda keçirilən
"World Sacred Spirit" adlı beynəlxalq festivalda Mərkəzin
təşkilatçılığı ilə çıxış etdilər. Tək Hindistanda yox, Fransa, Çin, Rusiya,
İsveçrə, Almaniya və başqa ölkələrdə bizim musiqiçilərimiz Muğam Mərkəzinin xətti
ilə konsert proqramları ilə çıxış ediblər. Bizim səhnədə isə Venesuela, Çin və bir
çox xalqların nümayəndələrinin konsert proqramları baş tutub. Artıq bu, bir
ənənəyə çevrilib. Beynəlxalq Muğam Mərkəzində Heydər Əliyev
Fondununtəşəbbüsüvə bilavasitərəhbərliyialtında2009,
2011, 2013, 2015-ci illərdə"Muğam Aləmi” Beynəlxalq Muğam festivalları
keçirilib. Bu festivallardaAzərbaycan, Türkiyə, İtaliya, Suriya, İraq,
Çin, Mərakeş, Özbəkistan, İran, Misir, Hindistanın nümayəndələri
iştirakediblər. Bundan başqa, Muğam Mərkəzində çoxsaylı tədbirlər,
genişmiqyaslı layihələr həyata keçirilir. Belə ki, "Muğam axşamları”, "Aşıq
musiqisi gecələri”, "Etnik musiqi inciləri" adlı layihələr təşkil
olunur. Çoxsaylı layihə və konsertlər bizim fəaliyyətimizin əsas hissəsidir.
- Məsələn, bir ayda
təqribən nə qədər konsert proqramı keçirilir?
- Sizə təkcə onu deyim ki, may ayında mərkəzimizdə 32 konsert
proqramı baş tutub.
- Bu, kiçik rəqəm deyil.
- Elədir. Bura bir mərkəzdir.Muğam
Mərkəzi tək xaricdə deyil, regionlarımızda, Bakının ətraf kəndlərində də böyük
konsertlər təşkil edir.
- Muğam Mərkəzində bir
neçə şöbənin yaradılması xəbərini eşitmişik. İstərdik, bu yeniliklər barədə
bizi xəbərdar edəsiniz.
- Bəli, mərkəzimizdə elmi-tədqiqat və mətbuatla əlaqəli bir neçə şöbə
yaradılıb. Bundan başqa, dəyirmi masa ətrafında müzakirələr aparılır və elmi
araşdırmaların nəticəsində Azərbaycan muğam sənətinin dünyada tanıdılması
məqsədi ilə kitab çap etdiririk. Misal üçün, tanınmış ifaçılarımızın iştirakı
ilə milli musiqi irsimizin şah əsəri olan tara həsr olunmuş dəyirmi masa
keçirdik. Daha sonra Avstraliyadan, Almaniyadan gəlmiş, tanınmış alimlərlə
görüşlər keçirilib, fikir mübadilələri aparılıb.
- Artıq Beynəlxalq Muğam
Mərkəzi, eyni zamanda elmi-tədqiqat işləri ilə məşğul olur və araşdırmalar
edir. Bu çox gözəl haldır. Bu haqda nə deyə bilərsiniz?
- Azərbaycan muğamı tarixində misilsiz xidmətləri olan, 19-cu əsrdə böyük
fəaliyyəti ilə fərqlənən, indi isə çox da yada düşməyən görkəmli sənətkarların
irsini və yaradıcılığını tədqiq edərək onları yenidən tanıtmağa çalışırıq.
Çünki bu araşdırmalar muğam sənətimizin inkişafına xidmət edir. Onların
yaradıcılıqlarına həsr olunmuş dəyirmi masa, təqdimat mərasimi, ədəbi-musiqili
gecələr təşkil edirik. Məsələn, Bülbülcan kimi böyük xanəndə artıq unudulmaq
təhlükəsi ilə üz-üzə idi. Məhz dövlətimizin və Heydər Əliyev Fondunun sayəsində
onun tanıdılması üçün əlimizdən gələni etdik. O, 40 il Tbilisidə yaşayıb,
ömrünün sonunda Azərbaycana gəlib. Bizim dahi sənətkarlarımızın müəllimi olub.
Hətta bu layihə çərçivəsində Muğam Mərkəzi çəkiliş qrupunu Tbilisiyə göndərib,
xanəndənin həyat və yaradıcılığı ilə bağlı film çəkilib. Muğam Mərkəzi
Bülbülcan haqqında iki dildə böyük bir kitab nəşr etdirib. Mərkəzin həm
təbliğatla bağlı, həm də unudulanların yenidən aşkar olunub təqdim olunmasında
müstəsna xidmətləri var. İnsanlar bizim dahi sənətkarlarımızı nə qədər çox
tanısalar, xeyrimizədir. Bəzi anlarda alimlərlə söhbətlər edir, çəkiliş
qrupumuzu məhz həmin sənətkarların yaşadıqları bölgələrə göndəririk. Bizim
bütün tədbirlərimiz və dəstək verdiyimiz layihələr Heydər Əliyev Fondunun
muğama göstərdiyi diqqət və qayğı nəticəsində mümkün olur. Biz bu işi fəxr
hissi duyaraq, məmnuniyyətlə görürük.
- Bəzən Beynəlxalq Muğam
Mərkəzinin səhnəsində nəinki muğam və xalq mahnıları, hətta əcnəbi ifaçıların
konsertləri ilə qarşılaşırıq.
- Afrika ölkələrindən Yaponiyaya qədər ifaçılar bizim Beynəlxalq
Muğam Mərkəzində konsertlərlə çıxış edirlər. Bu konsertlər "Etnik musiqi
inciləri" layihəsi və ölkəmizdə fəaliyyət göstərən xarici dövlətlərin
səfirlikləri ilə birgə əməkdaşlıq nəticəsində reallaşır.
- Sizi, həmçinin klassik
ifaçı kimi də yaxşı tanıyırıq. Bu qədər gərgin inzibati iş qrafiki ilə şəxsi
yaradıcılığınıza zaman ayıra bilirsinizmi?
- Mən klassik ifaçı olsam da, bu işin öhdəsindən layiqincə gəlməyə,
mənə verilən etimadı doğrultmağa çalışıram. Əlbəttə, özümə də zaman ayırıram.
Muğam Mərkəzində muğamımızın təbliği yolunda əməyimin olmasını çox istəyirəm.
Muğam bizim qanımızdır. Hamımızın içindədir. Genetik kodumuzdur, musiqi
DNK-mızdır. Muğam Azərbaycan xalqının böyük sərvətidir. İstər pianoçu, istərsə
də bir vətəndaş olaraq hamımız fəxr edirik ki, muğamımız beynəlxalq arenada
tanınır və daima uğur qazanır.
- Klassik musiqi ifaçılığı
və muğam sənəti - bunların hansı sizin ruhunuza daha yaxındır?
- Klassik musiqinin və muğam sənətinin arasındakı tarix baxımından
deyə bilərik ki, Azərbaycan xalqı nə vaxt var olubsa, muğam da onunla birgə var
olub. Dahi Üzeyir bəy XX əsrin əvvəlində tarixi fəaliyyəti nəticəsində dünyada
qəbul olunmuş ənənələri bizim Azərbaycan musiqisi ilə sintez edib, dünyada
incəsənətə, mədəniyyətə misilsiz töhfə verib, təməl qoyub. Üzeyir Hacıbəylidən
sonra Qara Qarayev, Fikrət Əmirov, Cahangir Cahangirov, Tofiq Quliyev, Rauf
Hacıyev, Cövdət Hacıyev, Arif Məlikov, Xəyyam Mirzəzadə və başqaları bu ənənəni
davam etdirib. Simfonik orkestrdən tutmuş, estrada mahnı janrına qədər
musiqimiz o qədər zəngindir ki, o zənginlik bizim musiqilərimizdə öz əksini
tapıb.
- Sentyabrın 18-də Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının açılışı
olacaq. Bu mötəbər tədbir çərçivəsində sizin də bolqar ifaçısı ilə
konsertinizin olacağı gözlənilir. İstərdik, konsert öncəsi fikirlərinizi
alaq.
- Heydər Əliyev Fondu və
Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilənfestivalda
dünyaca məşhur musiqiçilər iştirak edir və bu festival Musiqi Günü üçün əsil
töhfə olur. Festival çərçivəsində mən də çıxış etmək imkanı əldə edəcəm.
Bu konsertdə Bolqarıstandan gələn gözəl violonçel ifaçısı Veliçka Yocheva ilə birlikdə səhnəyə çıxacam. O, çox istedadlı
sənətkardır. Onunla birgə dünya musiqisinin klassiklərinin əsərlərinə müraciət
edəcək, fransız, alman və rus bəstəkarlıq məktəbindən nümunələr təqdim
edəcəyik. Həmişəki kimi mənim proqramımda Azərbaycan klassiklərinin əsərləri də
yer alacaq. Bizim həm bəstəkarlıq məktəbimiz güclüdür, həm də musiqimiz. Bir
dəfə Polşada kral sarayında çıxışımız var idi. Maraqlı bir trio yaratmışdıq.
Trio adətən royaldan, violonçeldən və skripkadan ibarət olur. Biz orada
violonçel və skripkanın əvəzinə tarı aparmışdıq. Hər zaman gözümün qabağına bu
təəssürat gəlir. Biz violonçellə Azərbaycan əsərlərini ifa etdik, tarla isə
dünya. Məsələn, Şopeni Polşada, Varşavada tarda ifa etdik. O zaman Azərbaycan
musiqisinin və musiqi alətinin dərinliyinə vardım. Azərbaycan musiqisi çox
zəngindir və bu musiqi sərhədləri aşaraq dünyaya təqdim edilməlidir. Bu səbəbdən inanıram ki, festival
çərçivəsində tamaşaçıları çox maraqlı və zəngin proqram gözləyir.
Xəyalə Rəis