• cümə, 26 Aprel, 15:33
  • Baku Bakı 23°C

Müqəddəs Pasxa Günü - İsa Məsihin Dirilməsi bayramı

02.05.21 13:15 1064
Müqəddəs Pasxa Günü - İsa Məsihin Dirilməsi bayramı
Müqəddəs Pasxa Günü - İsa Məsihin Dirilməsi bayramı xristianların ən qədim, mühüm və sevimli bayramlarından biridir. Ənənəyə görə, dindarlar cümə axşamı səhər kuliç bişirir, axşam pasxa hazırlayır, şənbə günü onları kilsəyə aparır, şənbə günündən bazar gününə keçən gecə isə Pasxanın və İsanın Dirilməsi bayramının başlanmasını bildirən Xaç yürüşü edirlər.
İsa peyğəmbərin Dirildiyi Müqəddəs Gün hamı pasxa süfrəsi arxasında əyləşir, bir-birini pasxa və kuliçə qonaq edir, "İsa Dirildi!” kəlməsi ilə bir-birini salamlayırlar.
Pasxa günü dəyişən bayramdır və qeyd edildiyi gün müasir təqvimlə uyğun deyil. Birinci Nikeya Kilsə Məclisi Pasxa tarixini Mart ekinoksundan (gecə ilə gündüzün bərabərləşməsi) sonrakı ay bütövlənməsindən (Pasxa bütöv ayı) sonrakı ilk bazar günü olaraq müəyyən edib. Beləcə, Pasxa tarixi 22 martla 25 aprel arasında dəyişir. Şərq xristianlığında Pasxa tarixinin hesablanması zamanı XI əsrdən bərabərləşmənin 21 mart tarixi qəbul edildiyi Yuli təqviminə əsaslanır, 3 aprelin bərabərləşmə hesab olunduğu Qriqori təqvimində isə Pasxa tarixi 4 aprellə 8 may arasında dəyişir.
AZƏRTACxəbər verir ki, tolerant və multikultural ölkə olan Azərbaycanda da Pasxa bayramı təntənə ilə qeyd edilir.
Hər il ölkəmizdəki pravoslav məbədlərində bayram münasibətilə mərasimlər keçirilir, dualar edilir, müxtəlif ayinlər yerinə yetirilir.
Həmişə olduğu kimi, bu il də Azərbaycan Prezidenti İlham Əliyevin pravoslav xristianlarına bayram münasibətilə müraciət ünvanlayıb. Dövlətimizin başçısının müraciətində deyilir ki, zəngin multikultural dəyərlərə, tolerantlıq ənənələrinə və nümunəvi dövlət-din münasibətləri modelinə malik olan ölkəmizdə ayrı-ayrı xalqların və konfessiyaların nümayəndələri yüz illərdir ki, mehriban qonşuluq, dostluq və qardaşlıq mühitində vahid ailə kimi yaşayırlar. Cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin qorunub saxlanılması, qarşılıqlı hörmətə və etimada əsaslanan birgəyaşayış mədəniyyətinin təşviqi həyata keçirdiyimiz dövlət siyasətinin əsas prioritetlərindən biridir.
Müasir dünyada sivilizasiyalararası və mədəniyyətlərarası dialoqa mühüm töhfələr verən Azərbaycanda dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlarımız, o cümlədən pravoslav xristianlar ölkədə gedən böyük quruculuq işlərində və respublikamızın sosial-mədəni həyatında fəal iştirak edirlər.
"Pasxa bayramı paklığı, yeniliyi, dirçəlişi və xeyirxahlığı təcəssüm etdirir. Bu əziz gündə bir daha hər birinizə xoş bayram ovqatı, ailələrinizə əmin-amanlıq, xoşbəxtlik və rifah arzulayıram”, - deyə təbrik məktubunda qeyd olunur.
banner

Oxşar Xəbərlər