• şənbə, 27 Aprel, 01:46
  • Baku Bakı 14°C

Münasibətlərin yüksək səviyyəyə çatdırılmasına təkan verəcək səfər

22.11.18 19:42 1213
Münasibətlərin yüksək səviyyəyə çatdırılmasına təkan verəcək səfər
Prezident İlham Əliyevin Türkmənistana rəsmi səfəri iki ölkənin nəqliyyat sistemlərinin inteqrasiyası və digər sahələrdə əməkdaşlığın müqavilə-hüquq bazasının yaradılması baxımdan əhəmiyyətli olub
Azərbaycan-Türkmənistan münasibətləri qədim tarixə malikdir. Azərbaycanlılar və türkmənlər eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər. Bundan başqa, bu xalqları dil və din eyniliyi də birləşdirir. Orta Asiya xalqları içərisində milli mənsubiyyəti baxımından Azərbaycan xalqına ən yaxın olan məhztürkmənlərhesab olunur. Çünki, hər iki xalq türklərin oğuz boyundandır. Hər iki ölkəSSRİ-nin tərkibində müttəfiq respublika olub. Elə həmin dövrdə bu ölkələr arasında iqtisadi və mədəni əlaqələr formalaşıb. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlayıb və 1992-ci il iyun ayının 9-da diplomatik əlaqələrqurulub. 1993-cü ili dekabrın 23-24-də Aşqabadda keçirilən MDB-yə üzv ölkələrin başçılarının Zirvə toplantısında iştirak edən Azərbaycan Prezidenti, ümummilli lider Heydər Əliyevlə Türkmənistan dövlət başçısı Saparmurad Niyazov arasında keçirilmiş görüş iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi, maraq doğuran regional və beynəlxalq məsələlər barəsində fikir mübadiləsi aparılması baxımından mühüm əhəmiyyət kəsb edir. Məhz bu tarixi görüşdən sonra ölkələrimiz arasında münasibətlər bir qədər də yaxşılaşıb. 1999-cu il iyunun 8-də Türkmənistanın Azərbaycanda, 2002-ci ilin avqust ayında Azərbaycanın Aşqabadda səfirliyi fəaliyyətə başlayıb. Bununla da qarşılıqlı əlaqələr bir qədər də inkişaf etdirilib.

Qeyd etmək yerinə düşər ki, hazırda Azərbaycan və Türkmənistan arasında əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır. Azərbaycanla Türkmənistan arasında quru, dəniz və dəmir-yol nəqliyyat daşımaları sahəsində əlaqələrin inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir, iki ölkənin maraqlarına, regionda və bütöv Avrasiya qitəsi boyunca Şərq-Qərb nəqliyyat dəhlizinin hərtərəfli inkişafına xidmət edir. Azərbaycanda və Türkmənistanda paralel surətdə multi-modal nəqliyyat sistemləri, dəniz limanları, yol-nəqliyyat infrastrukturu yaradılıb. İndiyə qədər Türkmənistan və Azərbaycan dövlət başçılarının, hökumət üzvlərinin çoxsaylı qarşılıqlı səfərləri reallaşıb. 21-22 noyabr tarixində də Prezident İlham Əliyev Türkmənistanda növbəti dəfə rəsmi səfərdə olub. Səfər çərçivəsində dövlətimizin başçısının Türkmənistan prezidenti ilə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüşü olub. Səfər çərçivəsində Azərbaycan və Türkmənistan arasında siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat-logistika və mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb, dövlət başçıları tərəfindən birgə bəyanat imzalanıb. Bəyanata əsasən, Türkmənistan Azərbaycanın ərazi bütövlüyü, suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını qətiyyətlə dəstəkləyir. Dövlətimizin başçısının xarici səfərləri, əcnəbi nümayəndə heyətlərini ölkəmizdə qəbul etməsi və bu əsnada aparılan ardıcıl və məntiqli siyasət sayəsində Azərbaycanın Ermənistan-Azərbaycan münaqişəsi kontekstində haqlı və ədalətli mövqeyinə beynəlxalq birliyin dəstəyi davamlı surətdə daha da möhkəmləndirilir. Bu kimi mövqe dövlət başçıları səviyyəsində qəbul olunan sənədlərlə təsbit olunur. Həftə ərzində Azərbaycan və Belarus prezidentlərinin birgə bəyanatının ardınca Azərbaycan və Türkmənistan dövlət başçılarının birgə bəyanatı bunun növbəti bariz nümunəsidir.

Ümumi götürsək, Azərbaycan Prezidentinin Türkmənistana səfəri çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığa dair 20 müqavilə imzalanıb. Bu səfər iki ölkənin nəqliyyat sistemlərinin inteqrasiyası və harmonizasiya edilməsi, nəqliyyat və digər sahələrdə əməkdaşlığın müqavilə-hüquq bazasının və hökumət səviyyəsində operativ əlaqələndirmə mexanizmlərinin yaradılmasına əsaslı təkan verəcək. Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov qəzetimizə açıqlamasında deyib ki, Prezident İlham Əliyevin Türkmənistana rəsmi səfəri Azərbaycanın çoxvektorlu xarici siyasətinin göstəricisidir. Onun sözlərinə görə, dövlət başçımızın Belarusdan sonra dərhal Türkmənistana yollanması belə bir qənaətə gəlmək üçün daha bir əsasdır. Politoloq müəyyən dövrdə Türkmənistan-Azərbaycan münasibətlərinin nisbətən "sərin” olmasına da diqqət çəkib. Deyib ki, həmin vaxtlarda aramızda yalnız qonşuluq münasibətləri olub: "Amma son il yarım ərzində münasibətlər xeyli yaxınlaşıb. Düşünürəm ki, bu səfərdən sonra münasibətlər daha da yaxın olacaq. Çünki, Xəzər dənizinin hüquqi statusunu müəyyən edən Konversiyanın 5 Xəzəryanı dövlət tərəfindən imzalanmasından sonra münasibətlər bir az da yaxın olmağa başlayıb. Türkmənistan Azərbaycanın irimiqyaslı layihələrindən istifadə etməyə də hazırdır. Bu da enerji sahəsində münasibətlərimizi yaxşılaşdıracaq. Şübhə etmirəm ki, burada regional problemlər məsələsi də ön plana keçəcək. Beynəlxalq terrorizm və ekstremizmə qarşı məsələlər artıq aktual xarakter daşıyır. Ümumiyyətlə, dövlət başçımızı bu səfərdə bir sıra yüksək rütbəli rəsmilər də müşayiət ediblər. Səfər çərçivəsində nəqliyyat, rabitə, yüksək texnologiya və iqtisadi ticarət məsələləri ilə bağlı bir sıra sazişlər imzalanıb. Bu sazişlər ikitərəfli münasibətlərin yüksək səviyyəyə çatdırılmasına böyük təkan verəcək”.

Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər