Münasibətlərimiz keyfiyyətcə yeni mərhələyə qədəm qoyacaq - Fotolar
Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycan işğalçı Ermənistan
istisna olmaqla, bütün dünya dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı
maraqlara söykənən münasibətlər qurub. Bu çərçivədə ölkəmiz Avropa İttifaqı
(Aİ) və bu təşkilata üzv dövlətlərlə əlaqələrini, xüsusən də siyasi və iqtisadi
sahədə əməkdaşlığı inkişaf etdirir. Çünki, Aİ ilə qarşılıqlı hörmət və maraq
prinsipləri üzərində davamlı münasibətlərin qurulması və inkişaf etdirilməsi Azərbaycanın
xarici siyasətinin prioritetlərindəndir. Azərbaycanın Aİ-yə üzv 9 ölkə ilə
strateji tərəfdaşlıq münasibətlərində olması, eləcə də Aİ ilə imzalanacaq yeni
strateji sənəd üzərində davamlı iş aparması, avropalı rəsmilərin ölkəmizə, eləcə
də Prezident İlham Əliyevin Avropaya səfərləri buna əyani misaldır. Bu günlərdə
Aİ Şurasının Prezidenti Donald TuskunAzərbaycanda səfərdə olması, dövlət
başçısı İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüş keçirməsi, mətbuata bəyanatla
çıxış edərək münasibətlərimizin səviyyəsi, gələcəyi barədə səsləndirdiyi fikirlər
də Aİ-Azərbaycan əlaqələrinin inkişafına xidmət edən amildir. Eyni zamanda bu səfər
Avropanın Azərbaycana verdiyi dəyərin növbəti dəfə nümayişidir.
Bakıda olarkən Azərbaycanın çox nadir ölkə olduğunu diqqətə çatdıran
D.Tusk burada ənənə və müasirliyin birləşdiyini vurğulayıb. Günün mürəkkəb
coğrafi landşaftındakı strateji mövqeyinə görə Azərbaycanın həm Şərqə, həm də Qərbə
doğru baxdığını dilə gətirib. O qeyd edib ki, Aİ Azərbaycanın suverenliyini,
müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir. Aİ və Azərbaycanın hər il
bir-birinə yaxınlaşdığını söyləyən qonaq münasibətlərin intensivləşdiyini
xatırladıb. D.Tusk 2018-ci ildə Aİ ilə Azərbaycanın tərəfdaşlıq üzrə prioritetləri
müəyyən etdiyini, Ümumi Aviasiya Məkanı üzrə Saziş, habelə yeni Aİ-Azərbaycan
sazişi üzrə danışıqların yekunlaşmaq üzrə olduğunu deyib. Bildirib ki,
iqtisadiyyatlarımız bunlardan faydalanacaq və Aİ-Azərbaycan arasında siyasi,
biznes və mədəni münasibətləri daha da dərinləşəcək. Aİ Şurasının Prezidenti Cənub
Qaz Dəhlizinin əhəmiyyətindən də söhbət açıb. Bildirib ki, bu müsbət məqam tərəfdaşlığı
daha yüksək səviyyəyə qaldırmalı, bütün xalqlarımız üçün birbaşa faydalı
olmalı, Azərbaycanın islahatlar və iqtisadi şaxələnmə prosesini müşayiət etməlidir.
Azərbaycanın özünü nəqliyyat və logistika qovşağına çevirmək üçün
mühüm addımlar atdığını dilə gətirən qonaq əlavə edib ki, yeni Bakı limanı ölkəmizin
Şərq və Qərblə, eyni zamanda, Şimal və Cənub tərəfdaşları üçün iddialarının təcəssümüdür.
O, Aİ-nin Azərbaycanla əməkdaşlığı daha da dərinləşdirmək üçün hazır olduğunu
bir daha bəyan edib. D.Tusk Bakı səfərini yekunlaşdıraraq ölkəsinə geri
qayıtdıqdan sonra da Azərbaycan barədə müsbət fikirlərini ictimailəşdirib. O,
özünün "Tvitter” hesabında yazıb ki, Azərbaycan adət-ənənələri və müasirliyi
özündə cəmləşdirən, Şərqi və Qərbi əks etdirən təkrarolunmaz bir ölkədir.
D.Tusk qeyd edib ki, Aİ və Azərbaycan ildən-ilə bir-birinə daha da yaxınlaşır.
Aİ Şurasının Prezidenti D.Tuskun Azərbaycana səfəri, burada keçirdiyi görüşlərdə
səsləndirdiyi, sosial şəbəkədə qeyd etdiyi fikirlər Azərbaycanın Avropa üçün
mühüm əhəmiyyət kəsb etdiyini ortaya qoyur. Bu, Avropanın enerji təhlükəsizliyində
yer alan, müstəqil siyasət yürütməklə etibarlı tərəfdaş kimi tanınan Azərbaycana
həm də Aİ-nin verdiyi dəyərdir.
Mövzu ilə bağlı fikirlərini "Kaspi” qəzetinə açıqlayan millət vəkili, politoloq Elman Nəsirovbildirib ki, Azərbaycan-Aİ münasibətləri dinamik inkişaf tempinə malikdir. Onun
sözlərinə görə, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu münasibətlər,
qarşılıqlı əlaqələr Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf
etdirilib: "Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskun Bakıya səfəri,
burada keçirdiyi görüşlər, səsləndirdiyi fikirlər, öz "Tvitter” səhifəsində məhz
Azərbaycan dilində təəssüratlarını çatdırması Avropa İttifaqının Azərbaycana
çox etibarlı, strateji tərəfdaş kimi yanaşdığını göstərir. Donald Tusk Azərbaycan
Prezidenti İlham Əliyevə şəxsən bildirdi ki, dövlət başçımızın səyləri,
konstruktiv mövqeyi nəticəsində Avropa İttifaqı-Azərbaycan münasibətləri
inkişaf edib, indiki səviyyəyə çatıb. Bununla o, Azərbaycan Prezidentinin
Avropa İttifaqı və Azərbaycanın ikitərəfli əlaqələrinin güclənməsində mühüm rol
oynadığını dilə gətirib. Bu, olduqca mühüm amil, böyük dəyər və diqqətdir.
Prezident İlham Əliyevin qətiyyətli mövqeyi, qarşılıqlı münasibətlərə, strateji
tərəfdaşlıq əlaqələrinə böyük dəyər verməsi, İttifaqa üzv 32 dövlətdən 9-u ilə
strateji tərəfdaşlıq müqaviləsini imzalaması deyilənlərə əyani misaldır.
Hazırda isə Avropa İttifaqı ilə imzalanacaq yeni strateji sənəd üzərində iş
gedir. Bu sənədin imzalanması üçün əsas fundamental məsələlərdə razılaşmalar əldə
edilib və yaxın perspektivdə onun imzalanması baş tutacaq. Həmin sazişin
imzalanması ilə münasibətlərimiz keyfiyyətcə yeni mərhələyə qədəm qoyacaq”.
Azərbaycanın Avropa
Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, millət vəkili
Naqif Həmzəyev də bildirib ki,
1996-cı il aprelin 22-də Lüksemburqda ulu öndər Heydər Əliyev tərəfindən bünövrəsi
qoyulan Azərbaycan-Aİ əlaqələri indi yeni mərhələyə qədəm qoyub. Deputatın
fikrincə, hazırda tərəflər arasında səmimi, işgüzar, siyasi, iqtisadi əməkdaşlıq
əlaqələri var və Prezident İlham Əliyevin yürütdüyü çevik, praqmatik,
düşünülmüş xarici siyasət sayəsində bu münasibətlər daha da genişlənib: "İlk
gündən Azərbaycanla strateji tərəfdaşlığa, ticarət əlaqələrini davam etdirməyə
maraqlı olan Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk ilə Prezident
İlham Əliyevin 2019-cu il 9 iyul görüşü bir daha təsdiq etdi ki, Azərbaycan
Avropa İttifaqının üzv ölkələri ilə strateji tərəfdaşlığa uğurlu töhfədir.
Donald Tuskun ölkəmizə işgüzar səfəri Azərbaycan-Avropa İttifaqı münasibətlərinin
qarşılıqlı maraqlar əsasında inkişaf etdiyinin nümunəsidir”.
Millət vəkili deyib ki, ölkəmizin xarici siyasətində Avropa qurumları
ilə əlaqələr əsas prioritet istiqamətlərdəndir: "Ən əsası beynəlxalq təşkilat
kimi Avropa İttifaqı ilə bütün sahələrdə fəal əməkdaşlıqla yanaşı, ölkəmiz
Avropa təhlükəsizlik sisteminin etibarlı tərəfdaşı olaraq, qitənin enerji təhlükəsizliyinin
təmin edilməsində mühüm rol oynamasıdır. Azərbaycan-Avropa İttifaqı münasibətləri
hər şeydən əvvəl bərabərhüquqlu və qarşılıqlı surətdə faydalı əməkdaşlığa əsaslanır
və onlar arasında imzalanmış "Tərəfdaşlıq prioritetləri” adlı sənəddə bu məsələ
aydın əks edilib. Bu mühüm sənəddə bir çox məsələlərlə yanaşı, ölkəmizin ərazi
bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına dəstək və hörmət
ifadə olunub. Ümid edirik ki, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri, həmçinin
də Avropa İttifaqı ölkələri regional və beynəlxalq təhlükəsizliyə ciddi təhlükə
olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, beynəlxalq hüququn bütün
norma və prinsiplərinə əməl edilməsi üçün işğalçı Ermənistana təzyiq göstərəcək,
bu təcavüzkar ölkəyə sanksiyalar tətbiq edəcəklər”.
Rufik İSMAYILOV