Müharibədə olmayanın “döyüş xatirələri”
Əsgərlik kişilik məktəbidir!
Gözümüzü açandan, ağlımız kəsəndən böyüklərimizin oğlan uşaqlarına dediyi söz,
verdiyi əsas öyüd-nəsihətlərdən biri də budur. Ona görə də hər bir azərbaycanlı
oğlan böyüyəndə hərbi xidmətə getməyi, bu kişilik məktəbində xaraktercə
bərkiyib möhkəmlənməyi, Vətən qarşısında borcunu yerinə yetirməyi özünə şərəf
bilir. Lakin çox təəssüflər olsun ki, bəzi hallarda bu şərəfli yolu getməkdən
boyun qaçıran, müxtəlif bəhanələrlə fərarilik edənlər də tapılır. Yaxud, xidmət
müddətində nümunəvi davranış ortaya qoya, komandanlığın verdiyi əmrləri lazımi
qaydada yerinə yetirə bilməyən, nizam-intizamsız, məsuliyyətsiz şəxslər də
tapılır.Belələri qürurla xidmət etmək
əvəzinə, onun-bunun kölgəsində sürünür, xidmət müddəti başa çatandan sonra isə
dost-tanışa öz "qəhrəmanlıqlarından” gen-bol söhbət açırlar. Bu tip insanlara
nümunə kimi radikal çağırışları ilə diqqət çəkən, hakimiyyətdə olduqları
müddətdə ölkəni fəlakətə, məhv olmaq təhlükəsinə sürükləyən Əli Kərimli və onun
sırasında yer alan bəzilərini göstərmək olar. Acınacaqlı haldır ki, belə
adamlar buraxdıqları səhvlərindən heç bir nəticə çıxarmır, əksinə, daim
antimilli və qeyri-konstruktiv fəaliyyət ortaya qoyurlar.
Xatırladaq ki, 1991-1993-cü
illərdə ölkəni təhlükəli böhran həddinə çatdıran, hakimiyyəti itirdikdən sonra
radikal müxalifətçilik yolu tutmuş Əli Kərimli xaraktercə qorxaq, cəsarətsiz,
pula həris, öz mənafeyini milli maraqlardan üstün tutan, mənsub olduğu
komandanı belə öz siyasi iddiaları naminə istismar edən birisidir. Onunla eyni
vaxtda tələbə təşkilatlarında, daha sonra AXCP-də təmsil olunmuş şəxslərin qeyd
etdiyi kimi, nə o, nə də onun ailə üzvləri torpaqlarımızın müdafiəsində heç
vaxt iştirak etməyib, Azərbaycanın ordu sıralarında xidmət keçməyiblər.
Ə.Kərimli komsomol katibi kimi vaxtilə özünümüdafiə dəstələrinə köməyə gedən
tələbələrə baş çəkmək üçün rektor tərəfindən Laçına göndərilib. Lakin o, bu gün
ictimai rəyi aldatmağa çalışır və bunu Qarabağın müdafiəsində iştirak kimi
qələmə verir. Halbuki, Ə.Kərimlinin bu iddiaları onu tanıyanlar tərəfindən
ikrahla qarşılanır.
Vaxtilə AXCP-də Ə.Kərimlinin yaxın
silahdaşlarından biri sayılan, hazırda BAXCP-nin
sədri olan millət vəkili Qüdrət Həsənquliyev mediaya müsahibəsində bu
barədə fikir bildirib. Qeyd edib ki, Ə.Kərimlinin tələbə olarkən Qarabağa
döyüşməyə getməsi ilə bağlı söylədikləri yalandır. Onun sözlərinə görə,
Ə.Kərimli nəinki döyüşüb, heç əlindəki silahla boş butulkaya da atəş açmayıb:
"Həmin vaxt biz Bakı Dövlət Universitetində qərara aldıq ki, tələbələr Laçına -
özünü müdafiə dəstələrinə köməyə getsin. Həmin vaxt ciddi döyüşlər getmirdi,
sadəcə, kəndin kənarında müşahidə postlarında dayanmalı idik. Universitet
rəhbərliyinin də təşkilatçılığı ilə iki qrup yaradılması barədə qərar qəbul
olundu. Çox dərs buraxılmaması üçün qruplar növbə ilə bir-birini əvəz etməli
idi. Birinci qrup gedəndən bir müddət sonra Əli Kərimli komsomol təşkilat katibi
kimi rektor tərəfindən onlara baş çəkmək üçün göndərildi və o da gedib həmin
şəkli çəkdirib qayıtdı. O həmişə deyəndə ki mən vuruşmağa getmişdim, mən
dəhşətə gəlirəm. 100-dən artıq adamın bildiyi bir hadisə haqqında utanmadan
necə ağ yalan danışmaq olar?!”
Göründüyü kimi, Ə.Kərimlinin
söylədikləri uydurma olmaqla, cəmiyyəti aldatmağa, özünü "qəhrəman” obrazında
tanıtmağa hesablanmış uğursuz cəhddir. Atalar belə yerdə yaxşı deyiblər ki,
oğurluğun, yalanın ömrü 40 gün olar. AXCP sədrinin özündən "qəhrəman” düzəltmək
yalanı da belə qısa ömürlü oldu. Yaşlı və orta nəsil şahiddir ki, Ə.Kərimlinin
təmsil olunduğu hakimiyyətin ardıcıl səhvlərinin, naşılığının nəticəsində
1990-cı illərin əvvəllərində Azərbaycan ciddi problemlərlə üz-üzə qalmışdı. Ölkə
daxilində anarxiya və xaos, vətəndaş qarşıdurması, özbaşına silahlı dəstələrin
hökmranlığı, iqtisadiyyatın talan olunması, Ermənistanın təcavüzünə və
torpaqlarımızın işğalına baxmayaraq, ölkəmizə qarşı sanksiyaların tətbiq
edilməsi məhz siyasətdən uzaq və mağara təfəkkürlü şəxslərin idarəçiliyinin acı
nəticələri idi. Bu, bir reallıqdır ki, Ə.Kərimli dövlət katibi postunu tutduqdan
sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vahid konsepsiyanın hazırlanması da
daxil olmaqla, xarici siyasət sahəsi ona həvalə olunmuşdu. Amma başı daha mühüm
işlərə - məsələn, "Moskva” və "Naxçıvan” mehmanxanalarının satışının
tənzimlənməsinə qarışan dövlət katibi öz fəaliyyəti ilə sübut etdi ki, onun
şəxsi maraqları ən ümdə ümummilli problemdən də üstündür. Təsadüfi deyil ki,
bədnam 907-ci düzəliş də Ə.Kərimlinin mənsub olduğu hakimiyyətin dövründə
Azərbaycana tətbiq olunub.
Bunlarla yanaşı, 1999-cu ildə
Qarabağla bağlı birləşmiş müxalifətin keçirəcəyi mitinqin Ə.Kərimlinin ABŞ
səfirliyindən böyük miqdarda pul almasından sonra ləğv edilməsi bu gün yaşlı və
orta nəslin yaddaşından silinməyib. Ümumiyyətlə, Ə.Kərimlinin bütün siyasi
bioqrafiyası Azərbaycan dövləti və xalqı ilə düşmənçilik üzərində qurulub. O,
şəxsi maraqlarını reallaşdırmaq üçün təmsil olunduğu hakimiyyətin laxladılmasından,
ictimaiyyət arasında Əbülfəz Elçibəyin gözdən salınmasından, onun ətrafının
partiyadan uzaqlaşdırılmasından, gənclərin zombiləşdirilməsindən və digər bu
kimi addımlardan çəkinməyib. Ə.Kərimli
eks-prezident Ə.Elçibəyin vəfat etdiyi gün onun birinci müavini ola-ola, öz
sədrinin əleyhinə "Azadlıq” qəzetində biabırçı yazılar yazdırıb, təhqir dolu
məqalələrin yayımlanmasını sifariş edib. Qətiyyətlə demək olar ki, indiyə
qədər ölkədə baş verən istənilən hadisəni təhrif edərək, hətta özünün "döyüş
yolu keçməsinə” dair yalanlar uyduraraq ictimai rəyi çaşdıran Ə.Kərmili heç
vaxt Azərbaycan dövlətinin və xalqının yanında olmayıb, daim öz ətrafındakılara
xəyanət edib.
"Yurddaş”
Partiyasının sədri Mais Səfərli hesab edir ki, AXCP sədri Ə.Kərimli zaman-zaman
müxtəlif yalanlar uyduraraq gündəmdə qalmağa, xarici dairələrin gözünə girməyə
çalışır. Onun sözlərinə görə, "döyüş yolu keçən bu qəhrəman” həm elektoratsız
partiyası, həm də AXCP tör-töküntülərindən ibarət Milli Şura adlı kiçik qurum
vasitəsilə cəmiyyətə təsir göstərməyə çalışır. Lakin 90-cı illərin əvvəlində
AXC-Müsavat hakimiyyətinin yarıtmazlığını unutmayan xalqımız onlara, xüsusən də
Ə.Kərimli kimi radikallara etimad göstərmir: "Reallıq ondan ibarətdir ki, Milli
Şura AXCP-nin tör-töküntülərindən ibarət olan kiçicik bir qrupdur. Orada başqa
heç bir qüvvə yoxdur. Ona görə də, bunlar ictimai rəyə təsir etmək
qabiliyyətinə malik olmaq üçün müəyyən təşəbbüslərlə çıxış edir, müxtəlif
yalanlar, iddialar ortaya atırlar. Onlar tərəfindən səslənən fikirlər boş-boş iddialardır.
Sadəcə olaraq, Əli Kərimli Qərb dövlətləri qarşısında yaxşı görünmək üçün belə
anormal hərəkətlərə əl atır. İndiyə qədər ölkədə cərəyan edən prosesləri
nəzərdən keçirsək, konkret faktlara istinad etsək, görəcəyik ki, Əli Kərimli və
digər müxalif ünsürlərin dedikləri yalnız boş-boş sözlərdir. Onların bu
çabalarının heç bir mənası, heç bir nəticəsi yoxdur”.
Azərbaycan
Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar
Orucov da
bildirib ki, son dövrlər Ə.Kərimli müxtəlif qeyri-ciddi fikirlər
səsləndirməkdə, ictimai rəyi çaşdırmaq üçün çabalar göstərməkdədir. O,
müxalifətin bugünkü acınacaqlı duruma düşməsinin əsas günahkarlarından birinin
məhz Ə.Kərimli olduğunu vurğulayıb. Deyib ki, AXCP sədri xüsusi ambisiyaları
ilə müxalifətə çox ciddi zərbə vurub: "Əli Kərimli kinli xarakterə malik olan
bir insandır. Bu insanın xarakterində yalnız özünü bəyənmək, başqalarından
özünü üstün tutmaq xəstəliyi var. Ona görə də onun bütün çağırış və fikirləri
mənasızdır. Zaman-zaman Əli Kərimli ortaya atdığı fikirlərlə, iddialarla
fərqlənmək istəyib, amma hər biri də iflasa uğrayıb. Səbəb ondan ibarətdir ki,
Əli Kərimli xaricidən aldığı müəyyən tapşırıqla hər zaman bu cür fəaliyyətdə
bulunur. Təəssüf ki, radikal müxalifət düşərgəsinə liderlik etmək istəyənlərin
hər biri bu cür fəlakətə düçar olub. Belə hallarla özünü gündəmdə saxlamaq isə,
əslində görüntüdən başqa bir şey deyil”.
AZAD