Muğam Televiziya Müsabiqəsi 7-ci dəfə görüşümüzə gəlir
Bir aydan sonra yenə muğamsevərlər televiziya qarşısına
keçərək VII Muğam Televiziya Müsabiqəsini izləyəcək. İki ildən bir
keçirilən bu müsabiqənin yolunu həsrətlə gözləyən tamaşaçılar Novruz bayramı
ərəfəsində yeni səsləri, gənc ifaçıları tanıma imkanı əldə edəcəklər. Bu dəfə
fərqli ifaçılar, başqa mövzular, yeni tərkibli musiqiçi heyəti evlərimizin
qonağı olacaq.
Müsabiqənin layihə icraçısı və münsiflər heyəti
bölgələri gəzərək istedadlı gənclər arasında seçim ediblər. Artıq layihənin
seçim turları başa çatıb. Biz də müsabiqənin gedişatı ilə bağlı məlumat
öyrənmək üçün münsiflər heyətinə müraciət etdik. Məlum oldu ki, müsabiqədə
iştirak etmək üçün 400 gənc qeydiyyatdan keçib. Onlardan 20 nəfər finala vəsiqə
qazanıb.
"Struktur olaraq qeyri-adi dəyişikliklər gözlənilmir”
Müsabiqəsinin
icraçı direktoru İlqar Fəhmi bizimlə söhbətində il ötdükcə muğam müsabiqəsinə
dəyər verənlərin sayının ildən-ilə artdığını dedi: "Müsabiqəyə 400-dən artıq
iştirakçı müraciət etmişdi. 400 gəncin muğamı öyrənməyi, bu sənətə olan marağı
mənim aləmimdə böyük bir göstəricidir. Müsabiqəyə səsi gözəl olan, yaxşı
hazırlaşan, hazırlaşmayan, güclü, zəif iştirakçılar qatılmışdı. Finala qalan bu
iyirmiliyi böyük əziyyətlə seçdik. Onlar əvvəlcə yarımfinala, daha sonra finala
vəsiqə qazandılar. Azərbaycanda bu qədər gənc muğama həvəs göstərirsə, bu
müsabiqənin Azərbaycan mədəniyyəti üçün nə qədər əhəmiyyətli olmasının
göstəricisidir”.
VII Muğam Müsabiqəsinin bundan əvvəl keçirilən
müsabiqələrdən fərqinə gəlincə isə, İ.Fəhmi deyir ki, bu tipli müsabiqələrdə
böyük yeniliklər olmur: "Muğamın sxemi necədirsə, müsabiqə də ona uyğundur.
Muğam nə konservativ olaraq dəyişməyi, nə də o qədər də çox improvizəni xoşlayır.
Orta bir xətt var. Ona görə burada böyük dəyişikliklərə ehtiyac yoxdur. Təbii
ki, bu dəfəki müsabiqədə kiçik dəyişikliklər nəzərdə tutulub. Ancaq struktur
olaraq qeyri-adi dəyişikliklər gözlənilmir. Çünki bütün prosedurlar neçə
illərdir cilalanıb, süzgəcdən keçib.
Misal üçün, bu dəfə iştirakçılarımızı yeni ansambl müşayiət
edəcək. Fikirlər var ki, iki trio olsun. Müsabiqə həftədə iki dəfə keçiriləcəyi
üçün birinci gün bir, ikinci gün isə ikinci trio iştirak etsin. Bundan əlavə
müsabiqədə dekorasiyalar, geyimlər dəyişəcək”.
İ.Fəhmi seçim turlarında ilk növbədə iştirakçıların
səs imkanlarına, zəhmətkeşliyinə, öyrənmə qabiliyyətinə, qavrayışına önəm
verdiklərini qeyd etdi.
Hər il müsabiqə zaman müzakirə obyektinə çevrilən
ustad sənətkarların tələbələrinin iştirakından
da bəhs etdi: "Bu dəfə də bir çox ustadlarımızın, sənətkarlarımızın tələbələri bizə
müraciət etdi. Bizə müraciət edən iştirakçılar arasında Gülyanaq Məmmədovanın,
Könül Qəmbərovanın, Nuriyyə Hüseynovanın, Təyyar Bayramovun və digər
sənətkarlarımızın tələbələri vardı. Finalda iştirakçılar haqqında bir şey demək
çətindir. Hesab edirəm ki, maraqlı səslər var. Biz o səsləri bir-bir seçmişik.
Onların müsabiqə zamanı özlərini necə göstərəcəkləri artıq özlərindən
asılıdır”.
"Bir çox ifaçılar zilə qalxanda, arzuolunmaz hallar baş verir”
Azərbaycan
Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcovseçim turlarına bölgələrdən başladıqlarını və gözəl, istedadlı ifaçıların
finala vəsiqə qazandıqlarını deyir: "Seçim turları zamanı muğamı sevən, ona
bağlı olan gənclərlə tanış olduq. İfaçılar çox həvəsli idilər. Bu müsabiqədə
iştirak etmək onların çoxdankı arzusu idi. Biz çalışdıq ki, onların içərisindən
ən istedadlılarını seçək. Bu iştirakçıların arasında çox maraqlı səsi olanlar
var. Seçim turları zamanı xalqımızın, bölgələrdəki insanların, uşaqdan tutmuş
böyüyə qədər hər kəsin bu müsabiqəyə olan marağını gördük. Seçim turlarında hər
xırda detalı gözdən keçirdik. Muğamın bəmi, ortası, zili var. Ancaq görürdük
ki, bir çox ifaçılar zilə qalxanda, arzuolunmaz hallar baş verir. O zaman
təəssüf hissi ilə həmin iştirakçılarla vidalaşırdıq. Baxmayaraq ki, muğamın
şöbələrini çox gözəl ifa edirdilər. Texniki səbəblər də oldu ki, biz o
iştirakçıları seçə bilmədik. 400 nəfərin içindən 70, onların içindən 20 nəfər
finala qaldı. Bir aydan sonra xalqımız seçdiyimiz o gənclərlə tanış olacaq.
Müsabiqənin ilkin şərtlərinə görə, hər həftə kimsə müsabiqəni tərk etməlidir. Möhkəm
olanlar sona qədər mübarizə aparacaq. İnanıram ki, bir aydan sonra müsabiqə
başlayanda, xalqımız onlara yüksək qiymət verəcək”.
Münsif heyəti olaraq iştirakçıları dəyərləndirən
S.Fərəcov müsabiqədə Azərbaycan muğamının qazancının təkcə gənclər olmadığını
və muğamımızın ənənələrinin hər yerdə yaşandığını əyani şəkildə gördüklərini
qeyd etdi: "Gənclər ustadlarla üz-üzə oturub muğamı dərinliklərinə qədər
öyrənəcəklər. Bu müsabiqə nəticəsində Azərbaycançılığımıza dəlalət edən
sənətimiz yaşayacaq. Muğam Azərbaycan xalqının ruhudur. Muğamı qorumaq, inkişaf
etdirmək Heydər Əliyev Fondunun, xüsusən də Birinci vitse-prezident Mehriban Əliyevanın
təşəbbüsüdür. Bütün bunlar hamısı gələcəyə hesablanıb. Muğam musiqilərin ən yüksəyidir.
Bu gün biz muğamın keşiyində dayanırıqsa, elə bilin ki, xalqımızın qəlbini,
onun ruhunu qoruyuruq və bu müsabiqə bu işdə müstəsna rol oynayır”.
"Əmin olmaq üçün o gənclərin səslərini dəfələrlə dinlədik”
Münsiflər
heyətinin üzvü, Xalq artisti Mənsum İbrahimov deyir ki, onlara layiqli
iştirakçıları seçmək heç də asan olmayıb: "İştirakçıların hamısını səbirlə,
diqqətlə dinlədik. Elələri var idi ki, çox həyəcanlı idilər, ilk dəfə peşəkarların
qarşısında ifa edirdilər. Bəziləri isə çox rahat şəkildə səsini idarə edirdi,
ancaq bizim istədiyimiz nəticəni verə bilmirdilər. Əmin olmaq üçün o gənclərin səslərini
dəfələrlə dinlədik. Həyəcanlı olanlar, soyuqlayan iştirakçıları da nəzərə aldıq.
Ən maraqlısı burasındadır ki, bizim müsabiqəyə xarici iştirakçılar da müraciət
etmişdi. Belə ki, İran İslam Respublikasından iki nəfər iştirakçı finala vəsiqə
qazandı. Onların da maraqlı səs tembrləri var. Müsabiqə başlayanda, siz də maraqlı
və yeni gözəl səslərin şahidi olacaqsınız.
Muğam müsabiqəsinə həm xalqımız, həm də gənclər tərəfindən çox böyük
maraq var. Hətta qeyd edim ki, 8 yaşında bir uşaq bizə müraciət etmişdi. Gözəl
səs imkanları vardı. Biz onu dinləyəndə çox sevindik. Çünki bu bizim
muğamımızın uğuru, qələbəsidir. Muğam sənəti çox çətindir. Kiçik yaşlı uşaqların
bu müsabiqəyə qatılması, onların da uşaq yaşlarından muğam dinləyicisinə
çevrilməsi bir xanəndə olaraq məni sevindirir”.
Xalq artisti finala vəsiqə qazanan 20 nəfər
iştirakçının gözəl səs tembrləri olduğunu və onların tamaşaçılar tərəfindən
seviləcəyinə ümid etdiyini bildirdi. Müsahibimiz Azərbaycanın bütün bölgələrindən
məlahətli, qulağa xoş gələn gözəl səsli gəncləri topladıqlarına iddialı
olduqlarını vurğuladı: "Seçim edərkən ilk növbədə səs imkanlarını nəzərə aldıq.
Təbii ki, seçdiyimiz iştirakçıların xarici görkəmi ilə səsinin bir-birini
tamamlaması, səhnəyə yaraşması kimi məsələləri də diqqətdə saxladıq. İlkin
olaraq onlardan səs imkanlarını göstərə biləcək muğamları ifa etməsini tələb
etdik. Bəzi iştirakçıların gözəl səsləri olsa da, yaxşı ifa edə bilmirdilər,
həyəcanlanırdılar. Bu da bizə istədiyimiz nəticəni almaqda maneçilik törədirdi.
Bizim işimiz çox məsuliyyətlidir. Seçim edərkən bu məsuliyyəti dərk edirdik”.
M.İbrahimovdan bu dəfə keçirilən muğam
müsabiqəsindəki yenilikləri də xəbər alırıq: "Hər keçirilən müsabiqəyə yeni
səslər qatılır. Bu il müsabiqənin münsiflər heyətində bir az dəyişiklik oldu.
Belə ki, İlqar Fəhmi icraçı direktor təyin olundu. Sıramıza Mələkxanım Əyyubova
da qatıldı”.
Xalq artisti sonda Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyevanın muğama olan diqqət və qayğısından bəhs etdi. Bu
müsabiqənin də onun nəzarəti altında keçirildiyini xatırlatdı.
"Biz çox çətin bir zamanda bu sənətə gəlmişik”
Xalq artisti Mələkxanım
Əyyubova ilk dəfə müsabiqədə münsif kürsüsündə əyləşib. "Kaspi”yə
açıqlamasında bildirdi ki, finala vəsiqə qazanan iştirakçıların hər biri buna
layiq gənclərdir: "Seçim turları çox şəffaf keçdi. Onları seçmək üçün bölgələrə
səfər etdik. Rayonlarda valideynlər özləri seçim turlarında iştirak etmək
hüququna malik idi. Onlar öz uşaqlarının ifasını dinləyirdilər. Hətta uşaqları
xaric oxuyanda özləri qeyd edirdilər ki, uşaqlarımız bu dəfə özlərini göstərə
bilmədilər. 400 iştirakçının içərisindən ən layiqlilər, istedadlılar
seçildilər. Xaric oxuyanlar, səsləri çatmayan və səsi yerində olmayan
iştirakçılara isə öz üzərilərində işləmək üçün məsləhət verildi. Çalışdıq ki,
onlara məsləhət verərkən qəlblərini qırmayaq, doğru yol göstərək. Seçim zamanı
həyəcan keçirən, ilk dəfə böyüklərin qarşısında ifa etdiyi üçün özünü doğrulda bilməyən iştirakçıya dincəlməyi,
həyəcanının keçməsi üçün əlavə şans verməyə çalışırdıq. Düşünürdük ki,
həyəcandan səsi tutula bilər və biz o gənci itirə bilərik. Tam əmin olmağa
çalışırdıq ki, bu iştirakçı müsabiqəyə layiqdir, yoxsa yox. Onları seçən
sənətkarlar təbii ki, sözünü demiş ustadlardır. 6 ildir keçirilən bu müsabiqə
tamaşaçılar tərəfindən sevilir. Hətta muğam müsabiqəsinin iştirakçılarının
bəziləri fəxri adlara layiq görülüblər. Bu da müsabiqəyə göstərilən sevginin
nəticəsidir”.
M.Əyyubova finala vəsiqə qazanan iştirakçılar
haqqında indidən bir söz deməyin tez olduğunu söylədi: "Səs münbit torpaq
kimidir. İndi o torpağa toxumu səpib gözləmək lazımdır. Əsas odur ki, bizə
lazım olan o gözəl səsləri seçmişik. Bacardığımız qədəri ilə, səhnəyə yaraşan,
xarici görünüşü gözəl olan iştirakçılara da üstünlük verməyə çalışmışıq. Bir də
görürsən uşağın səsi var, ancaq onun səsi pərdəyə girmir, başdan-ayağa xaric
oxuyur. Bu incəliklər var. Tərtər, Mingəçevir, Şəmkir, Yevlax, Laçın, Gəncə,
İsmayıllı, Şamaxı, Qobustan, Sumqayıt, Naxçıvandan və bir çox bölgələrdən ən
istedadlı uşaqları topladıq. Bu 400 nəfərin arasında seçim etmək çox çətin
idi”.
Müsahibimiz gənc olarkən onlara bu şəraitin
yaradılmadığını söyləyərək, gənclik illərini xatırladı: "Muğam bizim
sərvətimizdir. Bu 6 ildə görün bu müsabiqədən nə qədər iştirakçılar çıxıb.
Bizim sənətə gəldiyimiz dövrdə bizə bu şanslar yaradılmırdı. O zamanlar muğam
sənətində boşluq yaranmışdı. Sənətkarlarımızın hamısı yaşlı nəsil idi. Həmin illər
muğam ifaçılarımızın ən aşağı 55 yaşı olardı. Opera və Balet Teatrında gənc
muğam ifaçıları tapılmırdı. Ancaq bu gün muğam sənətində yeni gənc nəsil özünü
göstərir. Onların çoxu məhz bu muğam müsabiqəsinin iştirakçılarıdır. Onları
görəndə rahat oluruq. Muğam sənətinin əmin əllərdə olduğunu görürük. Biz çox
çətin bir zamanda bu sənətə gəlmişik. Tanınmaq və bu sənətdə söz demək üçün bütün
yük öz üzərimizə düşürdü. Hər işlə özümüz məşğul olmağa məcbur idik. İndi isə
gənc muğam ifaçılarına hər cür şərait yaradılır. Misal üçün, müsabiqə
iştirakçılarının geyimləri hazırlanır, PR işləri qurulur. Ancaq bizim
dövrümüzdə bu işləri biz özümüz görməli idik. Bu çətinlikləri görə-görə gəlmişik.
Ancaq indi istedadın varsa, dövlət arxanda dayanır, hər şeylə təmin edir, sənə
ancaq özün üzərində işləmək qalır”.
Qeyd edək ki, Muğam Televiziya Müsabiqəsi Heydər
Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında,
Mədəniyyət Nazirliyinin yaxından iştirakı və Azərbaycan Televiziyasının
təşkilatçılığı ilə keçirilir.
Xəyalə Rəis