AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Moskva Bişkekdəki hərbi bazasını gücləndirəcək

Moskva Bişkekdəki hərbi bazasını gücləndirəcək

Siyasət
09 İyul 2020, 16:22 471
Burada orta radiusa malik pilotsuz aparatlar – "Forpost” və "Orlan-10” yerləşdiriləcək
 
Qırğızıstan prezidenti Sooronbay Jeenbekov nəhayət, ötən ilin martında qəbul edilən və ərazisində yerləşən "Kant” hərbi bazasının müasirləşdirilməsi və təchizatı barədə protokola imza atıb. İlk baxışda bu adi qəbul edilsə də, əslində hər iki tərəfə elə də asan başa gəlməyib. Məsələ ondadır ki, Rusiyanın Qırğızıstan ərazisində hərbi iştirakını genişləndirmək üçün ilk növbədə parlamentin razılığını almaq lazım idi.Parlament isə bu məsələdə heç də vahid mövqedən çıxış etmirdi. İkincisi, yerli ictimaiyyətin müəyyən hissəsi də buna qarşı çıxırdı və hesab edirdi ki, Rusiya hərbi komponentinin gücləndirilməsi əbədi olaraq Qırğızıstanı işğalı altında saxlayacaq. Maraqlıdır ki,  protokol 2032-ci ilə kimi nəzərdə tutulsa da, onlar bunun daha sonrakı müddətə uzadılacağını iddia edirlər. Arqumentləri də odur ki, bu müddət ərzində bazanın uçuş-enmə zolağı birbaşa Rusiyanın nəzarəti altında olacaq. Onların digər arqumenti odur ki, Rusiya indiyə qədər digər ölkələrdə olan bazalarından geri heç nə qaytarmayıb.
Rusiyanın "Rosbalt” yazır ki, Qırğızıstanda Rusiya hərbi bazası dörd obyekti özündə birləşdirir – "Kant” aeroportu, Karakolda yerləşən təcrübə obyekti, Çaldovar kəndində rabitə qovşağı və Mayluz-Suda seysmik məntəqə. Qanuni qüvvəyə minən sənəd çərçivəsində Rusiya tərəfi öz vəsaiti (2,5 mlrd.rubl) ilə uçuş-enmə zolağını yenidən quracaq və onu qırğız tərəfi ilə birgə işlədəcək. Müddət başa çatdıqdan sonra bütün obyektlər Qırğızıstana veriləcək və bu da protokolda xüsusi bəndlə əks olunub. Bundan əlavə, Rusiya hərbçilərinin istifadə etdiyi ərazi əvvəlki kimi yox, 925 hektar artıq olacaq. Təbii ki, icarə haqqı da artacaq – təxminın ildə 4,8 mln. dollar. Rusiya bundan əlavə baza ərazisində kiçik və orta radiusa malik pilotsuz aparatlar – "Forpost” və "Orlan-10” da yerləşdirəcək. Rusiya nəşri yazır ki, onların sayı barədə informasiya açıqlanmır. Yalnız o bəllidir ki, baza ən müasir və müxtəlif silahlarla, o cümlədən "Buk” zenit-raket kompleksi və "Mi-8” vertolyotları ilə təchiz olunacaq. Onu da xatırlatmaq yerinə düşər ki, Rusiyanın bu ölkədə hərbi-sənaye kompleksini gücləndirmək və hərbi-istehsal korporasiyası yaratmaq niyyəti qətidir. Lakin hələ ki, bu niyyət ən yüksək səviyyədə səslənən bəyanatdan başqa bir şey deyil. Lakin necə deyərlər, "tilov atılıb” və hər şey zamanın öhdəsinə buraxılıb. Rusiya indiyə qədər Qırğızıstan pilotsuz uşuş aparatları, əvəzsiz olaraq böyük həcmdə (artilleriya qurğuları, hava hücumundan müdafiə vasitələri, döyüş vertolyotları) silah verib. Bütün bunlar onu deməyə əsas verir ki, Rusiya bu Mərkəzi Asiya respublikasında əməllicə məskən salmaq fikrindədir. Formal olaraq bu işi Kollektiv Təhlükəsizlik üzrə Müdafiə Təşkilatı (KTMT) çərçivəsində edir. "Rosbalt” yazır ki, burada qeyri-adi bir şey yoxdur - axı qonşuluqda Əfqanıstan kimi qeyri-sabit bir dövlət yerləşib. Bu ölkədən gələn terror təhlükəsi, sərhəddə gərginlik illər uzunudur ki, mövcuddur. Rusiya da iddia edir ki, Qırğızıstan və Tacikistan bu təhlükənin öhdəsindən təkbaşına gəlmək iqtidarında deyil. Rusiya nəşri yazır ki, "Rusiya Mərkəzi Asiyanın təhlükəsizliyinin qeydinə qalmaqla həm də öz təhlükəsizliyini fikirləşir”. Burada söhbət Rusiya və digər ölkələrdə fəaliyyəti qadağan edilən "Özbəkistan İslam Hərəkatı” yaraqlılarının Qırğızıstana müdaxiləsindən də gedir. Onlar vaxt var idi maneəsiz olaraq Tacikistan ərazisində hərəkət edirdilər, əgər vaxtında qarşıları alınmasaydı, vəziyyət regionun digər dövlətində - Özbəkistanda da pisləşə bilərdi. Digər tərəfdən, Tacikistanın sərhəd dəstəsinə "İslam Dövləti” yaraqlılarının aramsız hücumları da qeyd edilməlidir. Ümumiyyətlə, Əfqanıstandan Mərkəzi Asiya respublikaları ərazisinə dəfələrlə hücum faktları olub və onları hətta regondakı Rusiya hərbi bazası da narahat etməyib.
Regionda Rusiya ilə nüfuz uğrunda rəqabət aparan Çin də aktivləşib. İlk baxışda belə təəssürat var ki, Çin və Rusiya bölgədə funksiyalarını müəyyən ediblər. Hər iki ölkə ABŞ-ın bölgəyə daxil olmasına qarşı çıxır. Moskva diqqəti təhlükəsizlik məsələlərinə, Pekin isə ticarət-iqtisadi və investisiya aktivliyinə yönəldir. Lakin Çin son vaxtlar qəfildən Qırğızıstan və Tacikistanla hərbi əməkdaşlığı gücləndirməyə başlayıb. Onlarla birgə hərbi təlimlər keçirir və çox güman ki, bunu Moskva ilə razılaşdırmadan edir. Rusiya nəşri bundan irəli gələrək, bölgədə Pekinlə Moskva arasında maraqların toqquşa biləcəyini ehtimal edir. Belə fikir var ki, Çin öz ərazisindən də yaraqlıların Mərkəzi Asiya dövlətlərinə keçə biləcəyindən ehtiyat edir. Hərbi təlimlərin keçirilməsini də bununla əlaqələndirmək olar. Əksər ekspertlər bunu real ssenari hesab edirlər. "Əfqanıstanla sərhəd ərazidə xeyli sayda yaraqlıların toplaşdığını nəzərə alsaq, Çinin ehtiyatlanmağını başa düşmək olar”, - deyə məqalədə bildirilir. "Lakin belə bir fikir də var ki, Mərkəzi Asiya dövlətləri ilə sərhədlərə malik Çin regionda Rusiya hərbi bazalarının mövcudluğundan və yalnız Moskvanın antiterror fəaliyyəti aparmasından razı deyil. Buna görə də özü "mövcud” boşluqları doldurur, regionda hərbi-siyasi nüfuzunu gücəndirir. Məqalədə belə bir sual qoyulub - Mərkəzi Asiyanı özününkü hesab edən Moskva ilə Pekinin maraq münaqişəsi varmı? Cavab da belədir ki, münaqişə yoxdur. Məsələn, Çin Rusiyanın iki il bundan əvvəl keçirdiyi təlimlərdə iştirak edib və KTMT ilə əməkdaşlıqda maraqlı olduğunu gizlətmir. Buna görə maraq mübarizəsi hələ ki, getmir.
Sonda qeyd edilir ki, Pekin bütün mümkün imkanlarla özünün Mərkəzi Asiyadakı maraqlarını qorumağa çalışacaq. Bunun üçün isə regionda sakitlik gərəkdir. Ən əsası odur ki, bölgədə vəziyyət Rusiyanın hərbi iştirakının güclənməsi fonunda mübahisə səviyyyəsinə çatmayıb – əks təqdirdə digər fövqəldövlət olan Birləşmiş Ştatlar bundan yararlanmağa çalışar. Rusiya nəşri ardınca yazır ki, Bişkek üçün hər iki fövqəldövlət hava-su kimi gərəkdir. Çin əsas ticarət tərəfdaşıdır, bu ölkədən gələn mallar Avrasiya məkanına daşınır. Rusiyanın köməkliyi ilə isə elektrik stansiyalarını inşa etməyə çalışır. Ölkənin qazlaşdırılmasında da Rusiyanın köməyinə ehtiyac duyulur. Artıq "Qazprom” ölkəndə müvafiq layihələr icra etməyə başlayıb.
 
Azər NURİYEV