AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Moldova Avropa İttifaqı üçün prioritet deyil

Moldova Avropa İttifaqı üçün prioritet deyil

Siyasət
08 İyul 2020, 16:47 469
Brüssel Kişinyovdakı Rusiyaya yaxın hakimiyyətin dəyişilməsini gözləyir

Postsovet məkanının ən problemli dövlətləri sırasında olan Moldova illər uzunudur ki, Qərb strukturlarına, xüsusən də Avropa İttifaqına üzv olmağa çalışsa da, bu istəyinə müxtəlif səbəblərdən çata bilmir. Müstəqillik əldə etdikdən sonra ölkə çoxsaylı siyasi və iqtisadi çaxnaşmalara ev sahbliyi edib, ən müxtəli siyasi baxışlı hakimiyyətləri yaşayıb. İllər ərzində ölkə çox ciddi problemlərlə üz-üzə qalıb. Hakimiyyət boşluğu, korrupsiya qalmaqalları, Rumıniya ilə birləşmə tərəfdarları ilə əleyhdarlarının mübarizə yerinə çevrilib. Bir tərəfdən də Rusiya ilə yaşananlar. Dnestryanı bölgədə qondarma qurumu dəstəkləyən Rusiya hər vəchlə Moldavanın Qərbə meyillənməsinə qarşı çıxır. Buna baxmayaraq, ölkədə Rusiyanın nüfuzu güclüdür. Kremli açıq şəkildə dəstəkləyən partiya və qurumlar var. Ölkə prezidenti İqor Dodon da Rusiyanı dəstəkləyir və və qərbpərəst qüvvələrin Avropa İttifaqına inteqrasiya planlarına qarşı çıxır. Elə bütün bunların nəticəsidir ki, Avropa İttifaqı Moldovaya açıq dəstək ifadə eləməkdən çəkinir. Düzdür, tərəflər arasında tərəfdaşlıq sazişi imzalanıb. Lakin bu, hər şeyi tam əhatə etmir. Qərbdə bir çox ekspert və politoloqlar artıq Moldova ilə sıx əməkdaşlığı bir müddət izləməyi və ölkədə qərbprəst hökumət qurulmasını gözləməyi təklif edir. Avropa Akademiyasının sabiq direktoru, Azad Universitetin professoru Ekkart Ştratenşultenin də açıqlaması Moldova, Rusiya mediası və siyasi dairələrində bomba effekti doğurub. Dərhal da sonuncular tərəfindən tirajlanmağa başlayıb. Belə ki, professor bildirib ki, Moldova Avropa İttifaqı üçün prioritet deyil. Moldovada fəaliyyət göstərən IPN informasiya agentliyinin şərhçisi Dionis Çenuşa hesab edir ki, bunun günahı Moldovadakı rusiyapərəst hakimiyyətdədir. Avropada da bu hökumətin dəyişilməsini gözləyirər. Moldova Sosial-Demokrat Partiyasının lideri Viktor Şelin isə əks fikirdədir. Onun sözlərinə görə, Moldova üçün çıxış yolu Avropa İttifaqı və MDB üçün azad iqtisadi zonanın yaradılmasındadır. Bir neçə il bundan əvvəl Modovanı Aİ-də "uğurun tarixi” adlandırırdılar. Ölkəni əzizləyir, qrantlar yağdırır, onunla Aİ-nin assosiativ üzvlük sazişi imzalanırdı. Lakin banklardan 1 mlrd. dollar oğurlandıqdan sonra Moldovanı oliqarxların ələ keçirdiyi ölkə, korrupsiyanın tüğyan etdiyi, məhkəmə sisteminin lazımi səviyyədə olmadığı dövlət adlandırmağa başladılar. Özü də oğurlanan vəsait hələ də taplıb büdcəyə qaytarılmayıb. Bir il əvvəl Moldovada vəziyyət dəyişdi, oliqarxlar ölkədən qaçdılar, hakimiyyət isə Sosialist Partiyasına keçdi. Prezident rusiyapərəst İqor Dodondur. Çenuşanın qənaətincə, məhz bu fakt da avropalı məmurların Kişinyova olan etimadsızlığına səbəb olub. Moldovanın inteqrasiya vektoru ilə bağlı perspektivlərin müzakirəsinə səbəb Ştratenşultenin "Almaniyanın Aİ-də sədrliyi: Avropa üçün nəticələr, Moldova üçün nəticələr” mövzusunda keçirilən debatlarda verdiyi bəyanat olub. Onun sözlərinə görə, düzdür, Moldova Aİ tərəfindən qonşuluq siyasəti nəticəsində müəyyən dəstəyə ümid edə bilər. Lakin əvvəlcə cəmiyyətlə diskussiyalar aparılmalıdır, Moldovanın hansı hədəfləri əsas seçdiyi bəlli olmalıdır. "Ölkə hökumətləri Avropa yolu barədə danışsalar da, korrupsiya pik həddə idi, ədalət məhkəməsi yox idi. Təəssüf hissi dərin idi, bu səbəbdən də Moldova hökuməti bu ayrılığı kompensasiya etməlidir. Bu şəraitdə Moldova diktə etmək imkanlarıa malik deyil, yalnız diskussiyalar və qarşıya məqsədlər qoya bilər. Ölkə kənardan demokratikləşə bilməz, Aİ yalnız millətin inkişafını dəstəkləyə bilər”, -deyə professor bildirib.
Politoloq Dionis Çenuşa hesab edir ki, Moldovanın Aİ tərəfindən belə qəbul edilməsi geosiyasi məsələdir. Çünki Moldovada prezident və bütövlükdə hakimiyyəti Rusiyayönümlü qüvvələrdir. Aİ isə gözləyir ki, hakimiyyətə nə vaxt Avropapərəst qüvvələr gələcək. Çenuşanın qənaətincə, Aİ-nin müvafiq münasibəti səhv strateji hesablamadır. Çünki hər şeyə perspektivdə baxmaq gərəkdir. Ekspertin sözlərinə görə, Moldova çox ciddi qovşaqdadır və əgər xarici tərəfdaşların köməyi olmasa, düzgün qərar qəbul etməzsə, "boğula” bilər. Əlavə edib ki, "burada KİV və vətəndaş cəmiyyəti də ciddi rol oynayır. Onlar ölkəni ümumi hədəfə orientasiya olunmağa cəlb etməlidir. Moldova üçün strateji hədəf Avropa inteqrasiyası olmalıdır, ayrıca bir siyasi düşərgəni dəstəkləmək yox”. Əks təqdirdə, Çenuşa hesab edir ki, Moldova Aİ üçün alternativ kimi itə bilər. "Nezavisimaya qazeta” isə yazır ki, sosial-demokratlar çıxış yolunu Aİ ilə münasibətləri qoruyub saxlamaqla yanaşı, Avrasiya İqtisadi İttifaqı ilə saziş imzalamağı zəriri sayır. Sosial-demokratların lideri Viktor Şelin hesab edir ki, ölkə əhalisinin sayı çox azdır, vətəndaşların isə gəlirləri elə də yüksək deyil. İnvestorlar üçün isə Moldovada böyük sayda müəssisələr açmaq sərf etmir. Lakin əgər Moldova Aİ ilə sazişi saxlamaqla yanaşı, Avrasiya İqtisadi İttifaqı ilə də müvafiq saziş imzalayarsa, onda öz ərazisində iqtisadi fəaliyyət üçün əlverişli və güzəştli vergi rejimi yarada bilər. Həm moldovanlar, həmdə əcnəbi müəssisələr təminatlı bazar əldə edə, investisiyalar etmək üçün imkan qazana bilərlər. O bildirib ki, ixracda vergilərin ləğv edilməsi Moldovaya sonradan xarici malları cəlb edə və ölkəni Aİ və MDB Çindən gələn yüklərin daşınması üzrə logistik mərkəzə çevirə bilər. Moldovalı siyasətçinin qənaətincə, ölkə Aİ ilə MDB arasında azad iqtisadi zonaya çevrilə və nəticədə də regionda gərgin geosiyasi vəziyyət aradan qalxa bilər.
 
Azər NURİYEV