• cümə, 26 Aprel, 04:53
  • Baku Bakı 16°C

Milli kinomuz 123 yaşına böyük ümidlərlə daxil olur

31.07.20 10:00 4050
Milli kinomuz 123 yaşına böyük ümidlərlə daxil olur
Mütəxəssislər deyir ki, son illər kino sənayesində müəyyən uğurlarımız olsa da, hələ çox az yol qət etmişik
Kino danışan və hadisələri ekran vasitəsi ilə göstərən bir aləmdir. Elə bir aləm ki, hərdən onun qəhrəmanlarının yerində olmaq, dünyanı xilas etmək istəyirsən. Kinonun gücü ifadə edilməyəcək qədər geniş və təsirlidir. Bəzən çökmüş bir insanı ayağa qaldırar, bəzən isə bir ordunu ruhlandırar. 2001-ci ildən ulu öndər Heydər Əliyevin sərəncamı ilə avqustun 2-si Azərbaycanda MilliKino Günü kimi qeyd olunur.Hər kəsə bəllidir ki, Azərbaycan kinosunun tarixi heç də yaxın keçmişə dayanmr. Tarixə boylananda, hər zaman bizim dəyərli, keyfiyyətli filmlərimizin olduğunun şahidi oluruq. Bu gün də barmaqla sayılası sanballı filmlərimiz var, amma prodüser qıtlığından onların nəinki dünyada, heç öz ölkəmizdə reklamı ilə məşğul ola bilmirik. Ancaq bu, müasir filmlərimizin çəkilməməsi anlamına gəlmir.Azərbaycanda kino sənayesində çalışan və bu işdə ömrünü fəda edən sənətkarlarımız az deyil. Onlarla milli kinomuzun perspektivi və hazırki durumu barədə danışdıq.
Əməkdar incəsənət xadimi, kinorejissor Elxan Cəfərov cəmiyyətimizdə kinoya ictimai və sosial marağın ötən illərdəkindən daha yüksək olduğunu bildirdi: "Azərbaycan kinosuna ümidlərimiz çox böyükdür. Gənclərimizin kino qavrama potensialı yüksəkdir. Kino kimi vizual mədəniyyətə bu gün böyük bir ehtiyac yaranıb. Bu çox sevindirici haldır. Çünki cəmiyyətin istəyi və tələbatı olmasa, heç bir sahə inkişaf edə bilməz. Bu gün ictimaiyyət arasında kinoya maraq kifayət qədərdir. Ümidliyəm ki, yaxın illərdə "Azərbaycanfilm” kinostudiyasının maddi-texniki bazası düzələcək və yeni keyfiyyətli filmlər çəkiləcək. Biz həm Azərbaycana, həm də dünyaya gözəl kino nümunələri təqdim edə biləcəyik. Müstəqil Azərbaycan kinosunda müəyyən mərhələləri keçib uğurlar əldə etmişik. Əlbəttə ki, biz bundan daha yüksək və gözəl nəticələr istəyirik və bu nəticələr uğrunda da çalışacağıq".
Xalq artisti Qurban İsmayılov Azərbaycan kinosunun müasir incilərinin sayının çox olmasını arzulayır: "Kəmiyyət çox olanda, onların arasından daha yaxşılarını seçmək də asan olur. Biri var 10 filmin arasından ən yaxşısını seçəsən, biri də var ki, 2 filmin. Azərbaycanın bugünkü filmləri qənaətbəxşdir. Yəni demək olmaz ki, film cameəmiz tamamilə inkişafdan dayanıb. Ola bilsin ki, çəkilən filmlərimizin təbliğatı aparılmır. Amma əslində yeni çəkilən əksər filmlərimiz beynəlxalq festivallarda iştirak edib, mükafata layiq görülürlər. Bu istiqamətdə gənclərin rolu böyükdür. Kino sahəsində çalışan istedadlı gənclərimiz kifayət qədərdir. Hətta sentyabrda keçiriləcək 77-ci Venesiya Film Festivalının əsas müsabiqəsində azərbaycanlı rejissor Hilal Baydarovun "Səpələnmiş ölümlər arasında” filmi yer alıb. Bundan başqa, Rüfət Həsənovun "Daxildəki ada" filmi avqustda beynəlxalq festivalda iştirak edəcək. Əslində bunlar böyük bir nailiyyətdir. Təkcə adını qeyd etdiklərim deyil, bundan öncə çəkilən "Nar bağı", "Nabat", "Çölçü", "Axınla aşağı" və digər filmlərimiz bir çox tanınan, beynəlxalq festivallarda iştirak edib. Sonra da deyirlər ki, Azərbaycanda film çəkilmir. Əgər çəkilmirsə, bu festivallarda iştirak edən filmləri kimlər çəkir? Sadəcə olaraq, çəkilən filmlərimizin təbliğatı zəifdir. Bu filmlər Azərbaycanda çox az təbliğ olunub. Sovet dövründə çəkilən filmlər davamlı olaraq efirdə nümayiş olunur, kinoteatrda göstərilirdisə, indi çəkilən filmlər festivallara göndərilir. Festivalların da şərtləri ondan ibarətdir ki, bu filmlər heç bir şəbəkədə nümayiş olunmamalıdır. Bundan başqa, həmin filmlər nə kinoteatrlarda, nə də televiziyada nümayiş olunur. Eybi yox, təki, dünya kino festivallarında azərbaycanlı rejissorların adları çəkilsin və bu, kiçik bir şey deyil. Azərbaycanın adının dünya kinosunun siyahısına düşməsi bizim kinomuzun uğurudur. Bu o deməkdir ki, Azərbaycanda kinonu başa düşən, kino çəkməyi bacaran insanlar var. Kinonu hər adam çəkə bilmir. Kino çəkmək üçün yüksək təfəkkür, düşüncə, savad və intellekt lazımdır. Qarşıdan gələn Milli Kino Günü münasibəti ilə intellektli, yüksək əqidəli rejissorlarımızı, aktyorlarımızı, eyni zamanda bu sahədə çalışan hər kəsi təbrik edirəm".
Əməkdar artist Azad Şükürov kinomuzun həm rejissura, həm də yaradıcılıq baxımından Şərq ilə Avropa kinosu arasında bir mövqedə dayandığını bildirdi: "Milli Kino Günü münasibəti ilə bütün kino xadimlərimizi ürəkdən təbrik edirəm. Azərbaycan kinosunun inkişafında zəhməti olan hər kəsə bu təbrikdən pay düşür. Milli kinomuzun avqustun 2-də bayram kimi qeyd olunması ümummilli liderimiz Heydər Əliyevin kinoya, mədəniyyətə olan diqqəti sayəsində baş verib. Azərbaycan kinosunun hər zaman özünəməxsus dəst-xətti olub. Heç kəsə sirr deyil ki, son illər kinomuz sanki öz tempindən geri qalıb. Hər halda bu vəziyyət kinonu sevən insanların ürəyincə deyil. Burda kimisə şəxs olaraq günahlandırmaq fikrində deyiləm. Söhbət ondan gedir ki, biz bir yerə toplaşıb kinomuzun inkişafı ilə məşğul olmalıyıq. Heç olmasa, 70-ci illərdəki Azərbaycan kinosunun vəziyyətinə gətirə bilsək, böyük iş görmüş olarıq. Bunun üçün hər cür potensiala malik sənətkarlarımız var. Gənclərimizin çoxunu yaxından tanıyıram. Kifayət qədər dəst-xətti, sözü və münasibəti olan, vətənini sevən gənclərimiz var. Bu barədə düşünmək lazımdır. Bəzən hansısa bir dərdi, hansısa problemi böyük konfranslarla, məqalələrlə geniş tamaşaçı kütləsinə çatdırmaq çətin olur, nəinki kino ilə".
A.Şükürov kinonun bu günkü gücündən danışaraq onun nələrə qadir olduğunu qeyd etdi: "İkinci dünya müharibəsində yəhudilərin başına gətirilmiş hadisələri Stilberq kinoya köçürdü. Filmi dünyanın müxtəlif ölkələrində nümayiş etdirdi. Onlar bütün dünyaya sübut etdilər ki, yəhudilər İkinci dünya müharibəsində əzab çəkiblər. Onlara qarşı soyqırımı həyata keçirilib. Həmin kinonun dili ilə öz problemlərini göstərmiş oldular. Bu mövzuda çəkilən filmlər dünyanın ən böyük film mükafatı olan "Oskar"a layiq görüldü. Yəni deməyim odur ki, biz kino mədəniyyəti, estetikası ilə bütün dünyaya öz problemlərimizi göstərə bilərik. Qarabağ münaqişəsi, Xocalı faciəsi, Aprel döyüşləri kimi mövzularda filmlər çəkib, bütün dünyaya nümayiş etdirmək olar. Bu, seminarlar, çıxışlarla səsimizi dünyaya çatdırmaqdan daha effektlidir. Bu yöndə kinonun gücü çox böyükdür. Təəssüflər olsun ki, həmin gücdən səmərəli istifadə edə bilmirik. Bizim bəlamız burdadır. Haqqında ssenari yazılmağa layiq hadisələr başımıza gəldiyi halda, onların heç birini normal səviyyədə ekranlaşdırmamışıq. Bu sahədə müəyyən cəhdlər olub. Amma çox az yol qət etmişik. Biz Azərbaycan kinosunu inkişaf etdirmək üçün ciddi işlər görməliyik. Demirəm ki, bu sahədə uğursuzuq, əsla. Müəyyən uğurlarımız var. Məsələn, son illər çəkilən film və seriallarımızın milli kinonun inkişafı üçün müstəsna rolu var. Ancaq daha böyük işlərə ümidliyik, ümid isə sonda ölür".
Filmləri beynəlxalq festivallarda iştirak edən və xaricdə təhsilini davam etdirib ölkədə yeni filmlər çəkən gənc rejissor Amil Məmibəyli də həmkarlarını təbrik edib, kinonun bugünkü durumundan danışdı. Gənc rejissor Azərbaycan kinosunun uğurunu beynəlxalq kino təşkilatlarına üzv olmaqda görür: "Əsas gözləntilərimdən biri EURİMAGES kimi təşkilata üzvlüyü, nəhayət ki, qəbul etməkdir. Bundan əlavə, nazirlik tərəfindən filmlərə ayrılan vəsaitlərin tender yolu ilə, düzgün proqramlarla həll olunması vacibdir. Ən azı, Avropa təcrübəsini götürə bilərik. Ortada heç bir xidməti olmayan və işdən xəbərsiz olan bəzi kino məmurlarının vasitəçiliyini aradan qaldırmaq lazımdır. Yeni sistem və bu sistemi çalışdırmaq üçün perspektivli gənc kadrlara ehtiyac var. Kinoyla məşğul olan, xaricdə təhsil almış kinematoqrafçıları kinodan küsdürmək yox, onları birbaşa bu işə sövq etmək lazımdır. Karantin dövründə Moskva təhsilli Rüfət Həsənovun "Debüt” studiyasında təşkil etdiyi onlayn master-klasslar və özünün nüfuzlu festivalda iştirakı onu göstərdi ki, bu işi bu işdən başı çıxanlar və ancaq təhsilli gənclər görə bilər. Bu gün mən qarışıq, xaricdə təhsil alan gənclərin çoxu başqa işlərlə məşğuldur. Halbuki, içimiz aşıb-daşır. Hazırda Moskva təhsilli rejissorlar olan bizlər - Məzahir Həşimov, Ayşad Səfərəliyev, mən hələlik gözləmə mövqeyindəyik. Bu şəxslər şəxsən yaxından tanıdığım rejissor dostlarımdır. Onlarla belə gənc rejissorlar var. Ümid edirik ki, Mədəniyyət Nazirliyinin yeni rəhbərliyi qurduğu yeni sistemlə bütün bu nöqsanları aradan qaldıracaq, boşluqları dolduracaq. Bir neçə gün əvvəl Hilal Baydarovun filminin uğurunu hamımız gördük. O uğur ki, Azərbaycan kino tarixində bir ilkdir və deyərdim ki, hələ beləsi olmamışdı. Halbuki, bu işin hazırki Azərbaycan kino sistemi ilə bir əlaqəsi yoxdur. Bu mənada, Hilal Baydarova böyük bir təşəkkür düşür. Yuxarıda adını çəkdiyim təşkilata üzvlüyün bərpası baş tutsa, kinomuz həm mövzu sərbəstliyi qazanar, həm də "məmur kinosu”ndan azad olarıq. Bu da dünyanın ən nüfuzlu festivallarına bizlərin də ayaq açmasını sürətləndirəcək. Buna çox inanıram".
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər