• cümə axşamı, 28 mart, 23:27
  • Baku Bakı 13°C

Millət vəkili: Məqsəd tarixi statusumuzu bərpa etməkdir

30.01.23 16:06 1802
Millət vəkili: Məqsəd tarixi statusumuzu bərpa etməkdir

Qərbi Azərbaycan İcmasının sədr müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlunun "Report"a müsahibəsi:

- Qərbi Azərbaycan İcmasının formalaşdırılması prosesini sürətləndirən amillər hansılardır? Bu prosesdə xarici faktorlar da rol oynayıb?

- Qərbi Azərbaycan İcması 1987-91-ci illərdə Qərbi Azərbaycandan məcburi olaraq qovulmuş vətəndaşların yenidən təşkilatlanması hadisəsidir. Qərbi Azərbaycan İcmasının formalaşmasını sürətləndirən amillər də Azərbaycanın yaratdığı yeni tarixi reallıqlarla bağlıdır. Çünki 1987-91-ci illərdə təkcə 300 min Qərbi azərbaycanlı öz tarixi torpaqlarından didərgin düşməyib. Həmçinin Azərbaycan torpaqlarının 20 faizinin Ermənistanın işğalı altına düşməsilə 1 milyona yaxın soydaşımız məcburi köçkünə çevrilib. Belə bir şəraitdə ilk növbədə Azərbaycanın suverenliyini bərpa etməsi hər şeydən vacib milli məqsəd idi. 2020-ci il Vətən müharibəsində əldə etdiyimiz qələbədən sonra Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və nəhayət, yalnız bundan sonra Qərbi azərbaycanlıların da öz tarixi torpaqlarına qayıtması üçün şərtlər formalaşdı. Ona görə də icmanın yenidən təşkilatlanması, Azərbaycan Qaçqınlar Cəmiyyətinin bazasında yeni Qərbi Azərbaycan İcmasının yaradılması və bu prosesin sürətlənməsi də hazırda regionumuzda Ermənistan Azərbaycan münasibətlərində baş verən yeni keyfiyyət dəyişikliyi ilə bağlıdır. Hazırkı şərtlərdə bizim milli maraqlarımızın bir qismi də qədim torpaqlarımıza azərbaycanlıların qayıtması və orada hüquqlarının bərpa edilməsi tarixi ədalətin yerinə gətirilməsi ilə əlaqədardır. Xarici faktorlara gəldikdə isə Azərbaycanın yaratdığı yeni reallıqlar şübhəsiz ki, region ölkələri ilə münasibətdə də yeni keyfiyyət dəyişikliyi yaradıb. Lakin bu faktor ikinci dərəcəli kimi səciyyələndirilə bilər. Çünki Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıtmaq arzuları hər şeydən öncə beynəlxalq hüquqla onlara tanınan haqdır. Həmçinin bu, bizim tarixi və mənəvi haqqımızdır. Ona görə də bəhs olunan hadisənin xarici faktorlarla əlaqələndirilməsi bir o qədər də doğru olmaz. Bu, sadəcə tarixi ədalətin bərpa olunması və beynəlxalq hüququn tələblərinin yerinə yetirilməsi kontekstində qiymətləndirilə biləcək bir məsələdir.

- İcma xarici əlaqələrin qurulması ilə bağlı planlar hazırlayıb? Azərbaycanın haqlı mövqeyini müdafiə edən beynəlxalq təşkilatlarla - (İƏT, TDT, Qoşulmama Hərəkatı) əməkdaşlıq etməyi düşünürsünüzmü?

- Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri, rolu və nüfuzu kifayət qədər böyükdür. Ona görə də ilk növbədə hələ işğal dövründə istər Qarabağdan məcburi köçkün düşmüş azərbaycanlıların, istərsə də Qərbi Azərbaycandan qaçqın olmuş vətəndaşların hüquqları ilə bağlı İslam Əməkdaşlıq Təşkilatına, Türk Dövlətləri Təşkilatına və Qoşulmama Hərəkatına üzv olan dövlətlərin dəstəyi hər zaman hiss olunub. Vətən müharibəsində, Azərbaycana qarşı qətnamələrin qəbul olunması zamanı həmin təşkilatlara üzv dövlətlərin prinsipial mövqeyini gördük. Bu baxımdan Azərbaycan Qərbi Azərbaycanda əcdadlarımızın qurub-yaratdığı irsimizin dağıdılması ilə əlaqədar YUNESKO, İSESKO-ya müraciət edəcək. Bu zaman yenə ən böyük dəstəyi bu təşkilatlardan gözləyirik. Sonrakı mərhələdə isə daha böyük beynəlxalq təşkilatlar, o cümlədən BMT müvafiq qurumları, İnsan hüquqlarının qorunması ilə əlaqədar ixtisaslaşmış institutlarla əməkdaşlıq qurulacaq.

- Sizcə, bu prosesi xaricilərə, beynəlxalq təşkilatlara necə izah etməliyik?

- Biz ilk növbədə beynəlxalq təşkilatların Qərbi Azərbaycan İcmasını tərəfdaş kimi qəbul etməsinə nail olmalıyıq. Ondan sonra beynəlxalq hüquqi sənədlərə istinad edərək məsələni beynəlxalq təşkilatlara izah edəcəyik. Sözsüz ki, beynəlxalq təşkilatlara təqdim olunmalı çoxsaylı sənədlər var. 1948-53-cü illərdə azərbaycanlıların Qərbi Azərbaycandan köçürülməsi ilə bağlı SSRİ Nazirlər Sovetinin qəbul etdiyi qərar özlüyündə bir sənəddir. Öz tarixi torpaqlarından deportasiya edilən, sonrakı mərhələdə əvvəllər yaşadıqları yerlərə qayıtmaq hüququnu bərpa edən xalqlar var. Məsələn, çeçenlər, inquşlar, Krım tatarları, Ahıska türkləri və s. Niyə həmin xalqlar sırasında qərbi azərbaycanlılar da olmamalıdır? Bu istiqamətdə də Qərbi Azərbaycan İcması ciddi hüquqi mübarizə aparmağa hazırlaşır.

- Torpaqlarımız Ermənistanın işğalı altında olanda bir çox ölkələr və təşkilatlar Azərbaycanın haqlı mövqeyini dəstəkləyirdilər. Sizcə, onlar Qərbi Azərbaycana qayıdış prosesinə də dəstək verəcəklərmi?

- Qərbi Azərbaycana qayıdışımız, tarixi ədalətin bərpa olunması, beynəlxalq hüququn tələblərinin yerinə yetirilməsi məsələsində dost ölkələrin dəstəyinə ehtiyacımız var. Bu günlərdə qardaş Türkiyənin Azərbaycandakı səfirinin Qərbi Azərbaycan İcmasına gəlməsi özü bir dəstək idi. Düşünürəm ki, bundan sonrakı mərhələdə biz ilk növbədə TDT-yə üzv dövlətlərin Azərbaycandakı səfirlərinin icmaya gəlməsi, fikir mübadiləsi aparması kimi hadisələrin şahidi olacağıq.

- Bu prosesə başladıqdan sonra Qərbi azərbaycanlılardan hansı təkliflər almısınız? Onların məsələyə münasibətləri necədir?

- 2022-ci il dekabr ayının 24-ü Qərbi Azərbaycan İcmasının, bütövlükdə Azərbaycan xalqının tarixində yeni bir hadisə kimi yadda qaldı. Çünki Azərbaycan Prezidenti İlham Əliyev Qərbi Azərbaycan İcmasının bir qrup nümayəndəsini qəbul edərkən icmanın fəaliyyəti ilə bağlı özünün konseptual fikirlərini səsləndirdi. Bu fikirlər Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının da əsaslarını təşkil edir. Qərbi Azərbaycana qayıdış təkcə Qərbi azərbaycanlıların məsələsi deyil. Bütövlükdə Azərbaycan xalqının indiki mərhələdə qarşısına qoyduğu mühüm məqsədlərdən biridir. Ona görə də bu məsələ ümumxalq məsələsidir. Biz vaxtilə Qarabağa qayıtmaq üçün milli enerjimizin bütün komponentlərini vahid məqsəd uğrunda səfərbər etdiyimiz kimi Qərbi Azərbaycana qayıtmaq üçün də etməliyik. Qərbi azərbaycanlılar Vətən müharibəsindən sonra ən azından işğaldan azad olunmuş ərazilərimizdə məskunlaşdırılmaları ilə bağlı müxtəlif dövlət qurumlarına müraciət edirdilər. Ancaq postmüharibə dövrünün ikinci ilində artıq yeni reallıqlar kontekstində Qərbi Azərbaycana qayıdış da aktuallaşıb. Ona görə də Qərbi azərbaycanlılardan çoxsaylı müraciətlər daxil olur. Nəzərə almaq lazımdır ki, 1987-1991-ci illər elə də uzaq tarix deyil və yurd həsrətilə yaşamaq olduqca çətindir. Onlar ömrünün qalan hissəsini öz torpaqlarında keçirmək istəyirlər və bu cür insanların sayı kifayət qədərdir. Azərbaycan Prezidentinin Qərbi Azərbaycan İcması ilə görüşündən sonra Qərbi azərbaycanlılarda tarixi yurdlarına qayıtmaqla bağlı yeni ümidlər yaranıb. Şübhəsiz ki, Qayıdış Konsepsiyası təkcə mənəviyyat deyil, həm də hüquq hadisəsidir. Bu baxımdan xarici əlaqələrin qurulması vacibdir. Artıq qəbul olunmuş konsepsiyanın mühüm bir istiqaməti də beynəlxalq təşkilatlarla, xarici ölkələrdəki insan hüquqları təşkilatları ilə legitim tərəfdaş kimi əməkdaşlıq etmək icmanın fəaliyyət istiqamətlərindən biridir. Bununla bağlı konseptual əsaslar hazırlanıb. Şübhəsiz ki, bu, yeni konsepsiya əsasında hazırlanacaq fəaliyyət proqramında da öz əksini tapacaq.

- 1998-ci ilə qədər Qərbi Azərbaycandan didərgin salınaraq Azərbaycana pənah gətirən azərbaycanlıların qaçqın statusu var idi. Lakin sonradan həmin status ləğv olundu. Qərbi azərbaycanlılara yenidən qaçqın statusu verilə bilər?

- 1998-ci ildə Qərbi azərbaycanlılara verilən qaçqın statusu ləğv olundu və onlar Azərbaycan vətəndaşları kimi artıq bütün vətəndaşlıq hüquqlarından istifadə etməyə başladılar. Bu, Azərbaycan dövlətinin Qərbi azərbaycanlılara diqqətinin və qayğısının göstəricisi idi. Hazırda isə icma tərəfindən hər-hansı status gündəmə gətirilmir. Çünki artıq Qərbi azərbaycanlılar tam hüquqlu Azərbaycan vətəndaşıdırlar. Qərbi Azərbaycan İcmasının istəyi tarixi torpaqlarına qayıtması üçün Azərbaycan dövlətinin öz nüfuzundan və bütün imkanlarından maksimum istifadə etməsi, eyni zamanda Qərbi Azərbaycanda təhlükəsiz və ləyaqətlə yaşamaq hüquqlarının bərpa olunması ilə bağlı onlara köməklik göstərilməsidir. Bu baxımdan hər hansı statusun bərpa olunmasından söhbət gedə bilməz. Məqsəd tarixi statusumuzu bərpa etməkdir.

- İcma yerli strukturların yaradılmasını nəzərdə tutur?

- Müxtəlif tarixi mərhələlərdə Qərbi Azərbaycandan 1918-21, 1948-53, 1987-91-ci illərdə Azərbaycana gəlmiş Qərbi azərbaycanlılar Azərbaycanın müxtəlif rayonlarında məskunlaşıblar. Onların kompakt yaşadığı rayonlarımız da var. Ona görə də Qərbi Azərbaycan İcmasının yerli strukturlarının yaradılmasına ehtiyac var. Hazırda təşkilatlanma prosesində olan icma gələcəkdə vahid sinxron hərəkətetmə qabiliyyəti əldə etməlidir. Bu prosesdə istər Qərbi azərbaycanlıların sayının dəqiqləşdirilməsi, istərsə də onların hüquqlarının tələb olunması ilə bağlı mütləq yeni təşkilatlanma mərhələsi olmalıdır. Bu zaman icmanın yerli strukturlarının yaradılması aktual vəzifə kimi önə çıxır. Ona görə bəzi regionlarda strukturların yaradılması üçün fəal işlər aparılır.

- Sizcə, Qərbi azərbaycanlılar yəqin evlərindən gətirdikləri əşyaları bir gün oraya qayıtmaq ümidi ilə saxlayırlarmı? İcmanın fəal üzvü kimi bu cür hallarla rastlaşmısınız?

- Azərbaycan xalqı emosional xalqdır və əminəm ki, hər bir Qərbi azərbaycanlı ailəsində öz evindən gətirdiyi hər-hansı bir əşya, sənəd, hansısa yadigar və bəlkə də evinin açarları var. Bu, bizim xalqa xas olan xüsusiyyətdir. Qarabağa böyük qayıdış zamanı bu kimi hallara şahidlik etdiyimiz kimi bilirəm ki, Qərbi Azərbaycana qayıdış zamanı da bizim yerli televiziyalarımız bu cür görüntüləri özündə əks etdirən müxtəlif süjetlər hazırlayacaqlar.

- Qərbi Azərbaycana qayıdış prosesini necə təsəvvür edirsiniz?

- Qərbi Azərbaycana qayıdış özlüyündə bir proses olacaq və şübhəsiz ki, bu prosesin hər şeydən öncə hüquq təminatı olmalıdır. Bunun üçün beynəlxalq hüquqi mexanizmlər yaradılmalıdır. Məhz buna görə konsepsiyada Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların Ermənistan dövlətinə etimadı olmadığından onların kollektiv hüquqlarının qorunması üçün kompakt yaşadıqları ərazilərdə təhlükəsizliyi təmin edəcək sülhməramlı missiya yerləşdirilməsi öz əksini tapıb. Yəni Qərbi Azərbaycan İcmasının etimad və etibar etdiyi bir ölkənin missiyası burada olmalıdır. Hazırda erməni icmasının müvəqqəti olaraq Rusiya sülhməramlı missiyasının nəzarəti altında yaşadığı kimi Qərbi azərbaycanlıların da etibar etdiyi ölkənin xüsusi missiyası tarixi torpaqlarımızda yerləşdirilməli və onların fəaliyyət müddəti Qərbi azərbaycanlıların Ermənistan cəmiyyətinə inteqrasiyasına qədər davam etməlidir. Ermənistan konstitusiyasının Qərbi azərbaycanlılar üçün əlçatanlığı təmin olunmalıdır. Onların əmlak, vətəndaşlıq hüquqlarının bərpa olunması prosesi uzun müddətlidir. Ona görə burada Ermənistan dövləti tərəfindən icrası məcburi olan hüquqi mexanizmlər yaradılmalıdır. Eyni zamanda ümid edirik ki, Azərbaycan və Ermənistan arasında imzalanacaq mümkün sülh müqaviləsində Qərbi azərbaycanlıların da öz torpaqlarına qayıtması məsələsi öhdəlik kimi Ermənistanın üzərinə qoyulacaq və bundan sonrakı mərhələdə Qərbi azərbaycanlıların Azərbaycanla maneəsiz nəqliyyat və digər kommunikasiyalarının da təmin olunması təşkil ediləcək. Necə ki bu gün Azərbaycan Qarabağda yaşayan erməni icmasına Ermənistanla maneəsiz kommunikasiya imkanları yaradıb.

- "Qərbi Azərbaycana Qayıdış Konsepsiyası"nın neçə faizi icra olunsa, Qərbi azərbaycanlıların hüquqları bərpa olunmuş sayılar?

- Qərbi Azərbaycana Qayıdış Konsepsiyası ümumi konseptual sənəddir. Bu sənəd Qərbi Azərbaycana qayıdışın prinsipini və yol xəritəsini təyin edir. Ona görə də konsepsiya tam yerinə yetirilməlidir. Həmin konsepsiya əsasında Qərbi Azərbaycana qayıdış proqramı hazırlanacaq və sözügedən proqram konkret olacaq. Bu, uzunmüddətli, çətin və ağır prosesdir. Amma nəticə etibarilə Qərbi azərbaycanlıların hüquqlarını bərpa etmək mümkün olacaq. Çünki bizim vaxtilə orada evlərimiz, iş yerlərimiz olub. Qeyd edək ki, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının yanvarın 26-da keçirilən iclasında “Qayıdış Konsepsiyası”nın layihəsi təsdiq edilib. Qayıdış Konsepsiyası əsas məramı indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasını təmin etmək olan “Qərbi Azərbaycan İcması”nın bu sahədə fəaliyyətinin əsas istiqamətlərini müəyyən edən sənəddir. Konsepsiya indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edir. Konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir.

banner

Oxşar Xəbərlər