• cümə axşamı, 28 mart, 22:39
  • Baku Bakı 13°C

Məscidlərin önündə asılmayan bayrağımız 

25.06.22 03:00 1516
Məscidlərin önündə asılmayan bayrağımız 

“Milli kimliyimizin ən uca atributu olan bayrağın məscidlərin önündə yer alması ideoloji baxımdan zəruridir, məscidə gələn gənclərin milli şüura, məfkurəyə və Azərbaycanın dövlət maraqlarına bağlılığının möhkəmlənməsi üçün vacibdir. Hətta bu məsələnin indiyədək kütləviləşməməsi dövlət maraqlarımızla bir araya sığmır”.

Azərbaycan bayrağı dövlət idarələrinin və müxtəlif məkanların qarşısında asılır, rəsmi tədbirlərdə dövlətin bir atributu kimi diqqət cəlb edir. 44 günlük Vətən müharibəsində isə Azərbaycan bayrağı hətta evlərin pəncərələrindən, eyvanlarından asıldı, böyükdən kiçiyə hər kəsin müqəddəs atributuna çevrildi. Şəhidlərin nəşini Azərbaycan bayrağına bürüyərək dəfn edirdilər. Bu, Azərbaycan bayrağının həm də şərəf və namus məsələsi olduğunu göstərir.

Amma təəssüfedici bir məsələ var ki, onu vurğulamamaq olmur. Azərbaycanda müqəddəs məkanların, məscidlərin önündə dövlət bayrağı dalğalanmır. Yolumuz qardaş Türkiyəyə düşəndə oradakı məscidlərin girişini bəzəyən bayraqları görürük. Hər məscidin önündə Türkiyə bayrağının asılmasını türk insanı şərəf və qürur mənbəyi hesab edir. Bu təşəbbüs isə dövlət qurumları tərəfindən də dəstəklənir. Bəs Azərbaycanda bu ənənə niyə formalaşmır? Hansı səbəbdən məscidlərin girişində Azərbaycan bayrağı dalğalanmır?  

“İbadət edən şəxslər öncə o bayrağın altından keçərək...”

Mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli bildirdi ki, 44 günlük Qarabağ müharibəsində qazanılan zəfərdən sonra bu mövzunun gündəmə gəlməsi çox sevindirici haldır: “Azərbaycan dövlətçiliyini, ölkəmizin bütövlüyünü istəyən, milli, mənəvi dəyərlərə bağlı olan hər bir insan üçün bu, narahatedici məqamdır. Çünki qardaş Türkiyədə hər bir məscidin, dini ibadətgahların önündə Türkiyə Cümhuriyyətinin möhtəşəm bayrağı dalğalanır. O məscidlərdə ibadət edən şəxslər öncə o bayrağın altından keçərək müqəddəs şəhidlərin mübarək ruhlarına salam və salavat göndərirlər. Allah evi olan məscidlərdə Azərbaycan dövlətinin varlığı uğrunda canını fəda etmiş minlərlə şəhid kəfənlənərək axirətə qovuşub. Ona görə də o bayrağın məhz məscidlərdə dalğalanması həm də bir milli, mənəvi bağlılığı olan hər bir insanı narahat edən həssas məsələdir. Düşünürəm ki, Azərbaycan dövlətinin aidiyyəti qurumları bununla bağlı lazımi, zəruri addımları atmalıdır”.

“Dövlət maraqlarımızla bir araya sığmır”

Şərqşünas qeyd etdi ki, təkcə qardaş Türkiyədə deyil, Pakistanda, İranda da dövlət bayraqları məscidlərin önündə dalğalanır: “Təmsil etdiyim Qarabağ Seyid Ocaqları adına düşünürəm ki, hətta biz bu məsələdə gecikmişik. Milli kimliyimizin ən uca atributu olan bayrağın məscidlərin önündə yer alması ideoloji baxımdan da zəruridir. Məscidə gələn gənclərin milli şüura, məfkurəyə və Azərbaycanın dövlət maraqlarına bağlılığının möhkəmlənməsi üçün bayrağın orada dalğalanması olduqca vacibdir. Hətta bu məsələnin indiyədək kütləviləşməməsi dövlət maraqlarımızla bir araya sığmır. İnanıram ki, bu məsələnin qəzetiniz vasitəsilə gündəmə gətirilməsi problemə diqqəti artıracaq”.

“Bu o bayraqdır ki...”

C.Əzimbəyli hələ bir il öncə qardaş Türkiyənin təcrübəsindən istifadə edərək piyada keçidlərinə, körpülərə şəhidlərin adının verilməsi ilə bağlı təşəbbüslə çıxış etdiyini deyib. Onun sözlərinə görə, bununla hər bir gəncin yaddaşında şəhidin kimliyi möhkəmlənir: “Bu da türk insanının gələcəkdə mükəmməl vətəndaş olmasına və Türkiyəyə bağlanmasına mübarək səbəb olur. Bu baxımdan, hesab edirəm ki, biz, ilk növbədə bayraq sevgisini könüllərimizə həkk etməliyik. Bayraq sevgisini könüllərə transfer etdiyimiz qədər də müqəddəs məkan sayılan məscidlərin də önündə dalğalanmasına çalışmalıyıq. Dövlət orqanları bu məsələni gündəmə gətirməlidirlər. Bəzən məscidlərin önündə din adı altında Azərbaycana yad düşüncələri yayanların, ölkəmizin milli maraqlarına qəsd planlarını həyata keçirə biləcək düşüncə daşıyıcılarının şəkillərini görürük. Bu, çox üzücüdür. Hamıya məlumdur ki, Azərbaycan dünyəvi ölkə olsa da, həm də milli, mənəvi, dini dəyərlərin həqiqi təəssübkeşidir. Düşünürəm ki, Azərbaycan dövləti üzərindəki hilal ilə dalğalanan bayrağımızın məscidlərin önündə yer alması ilə bağlı lazımi qərarlar qəbul edəcək. Bu o bayraqdır ki, əsgərlərimiz onu ürəklərinin üzərində gəzdirərək Şuşa, Laçın, Kəlbəcər və digər işğalda olan əraziləri azad edərək şəhadət zirvəsinə ucaldılar, qazı oldular. İndi həmin bayrağın müqəddəs məkanların, məscidlərin önündə dalğalanması olduqca zəruridir”.

“Komitə dəstəkləməklə yanaşı, həm də təşviq edir”

Məsələ ilə bağlı dövlət və din siyasətinin tənzimlənməsini həyata keçirən səlahiyyətli dövlət orqanı - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə sual ünvanladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə din xadimlərinin şəxsi təşəbbüsləri ilə bir sıra məscidlərdə dövlət bayrağının asılması ilə bağlı müraciət daxil olur və bu təşəbbüs Komitə tərəfindən daim dəstəklənir: “Bu gün bunu bir çox məscidlərimizdə müşahidə edə bilərsiniz. Sözügedən nümunəvi addımı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dəstəkləməklə yanaşı, həm də təşviq edir”.    

Bəxtiyar Məmmədli            

Yazı Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında “Vicdan azadlığı və media” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur

 

banner

Oxşar Xəbərlər