“Məni sevinclə xatırlayın...” - Fotolar
Nikolay Karaçensov həyatı sevirdi və onun uğrunda da sona qədər
mübarizə apardı
Yaşasaydı noyabrın 1-də Rusiyanın Xalq artisti Nikolay Karaçensovun
75 yaşı tamam olacaqdı. Ancaq onsuz keçən yubileyini ailəsi və sənət dostları
məzarının üzərində qoyulan abidəsinin önündə qeyd ediblər. Həyat yoldaşı Lyudmila
Porqina aktyorun arzusunu reallaşdıraraq «Məni sevinclə xatırlayın...»
sözlərini onun qəbirüstü abidəsinə həkk etdirib. Aktyor istəyirdi ki, onu həmişə
həyatsevər, mehriban, xeyirxah, zarafatcıl insan kimi xatırlasınlar...
Teatr və kinonun əfsanəsi
Nikolay Karaçensov – sovet və Rusiya teatr və kinosunun əfsanəsi idi.
Tamaşaçılar onu «Nə yardan doyur, nə əldən oyur» «Yunona və Avos», «Kaputsinlər
bulvarından gələn adam», «Elektronikanın macəraları» filmlərindən yaxşı tanıyırlar.
Nikolay Petroviç moskvalı idi. Yaradıcı ailədə böyüyüb. Atası Pyotr Yakovloviç
RSFSR-in Əməkdar rəssamı idi və uzun illər məşhur «Oqonyok» jurnalında çalışmışdı.
Anası Yanina Yevqeniyevna Brunak Moskvanın nüfuzlu teatrlarında quruluşçu baletmeyster
işləyirdi. Ölkənin bir çox məşhur teatrlarında tamaşalar səhnələşdirmişdi. Ancaq
valideynlərinin nikahı uzun sürmədi. Anası bütün ölkəni gəzdiyi üçün Kolyanı internata
verməyə məcbur oldu. Ancaq o, boş vaxtlarını oğlu ilə birlikdə keçirirdi.
Valideyn genləri hələ məktəb illərindən Nikolayda da özünü göstərməyə
başlamışdı. O, bədii özfəaliyyət müsabiqələrində fəal iştirak edirdi. Yuxarı siniflərdə
isə uşaq teatr qrupunun iştirakçısı idi. Məktəbi qurtaranda sənət seçimi ilə üz-üzə
qalanda o taleyini teatr və kino ilə bağlamaq qərarına gəldi.
Moskva Bədaye Teatrının məktəb- studiyasına daxil oldu. İstedadlı oğlan
ən yaxşı məzunların onluğuna düşdü və "Lenkom” Teatrına dəvət olunaraq bütün ömrünü
bu sənət ocağına həsr etdi. İstedadlı aktyor teatr səhnəsində bənzərsiz obrazlar
yaratdı. Tamaşaçını cəlb etmək, onun məhəbbətini qazanmaq üçünsə aktyora yalnız
anlar lazım oldu. İlk rolundan sonra gəncə baş qəhrəmanları həvalə etdilər.
Sevgi macəraları
Nikolay Karaçensov 1960-cı illərdə kino ekranlarında göründü. «Böyük oğul»
filmində Yevgeni Leonov, Mixail Boyarski, Svetlana Kruçkova və Natalya Eqorova kimi
tanınmış aktyorlarla çəkildi. Bu gün də həmin filmə milyonlarla tamaşaçı baxır.
1970-ci illərin ikinci yarısında Nikolay Karaçensov sovet kinosunun ən
çox sevilən aktyorlarından idi. Tamaşaçılar onun ekranda görünməsini səbirsizliklə
gözləyirdilər. Aktyorun filmoqrafiyasında 100-dən çox film yer alıb.
Filmlərində kaskadyorların əməyindən imtina edir, bütün turyukları
özü yerinə yetirirdi. O, müğənniliklə də məşğul olurdu. Gərgin qrafikinə baxmayaraq,
həmişə festivallarda, münsiflər heyətinin üzvü seçilirdi. Geniş auditoriya üçün
çoxlu mahnılar ifa etmişdi. Çəkildiyi filmlərdə də mahnılarını özü oxuyurdu. Ona
görə Karaçensovun mahnıları çəkildiyi bədii lentlərinin vizit kartı idi.
Nikolay Karaçensov 38 illik karyerası dövründə teatr və kinoda saysız-hesabsız
rollar oynadı. Ən yaxşı kino işlərini aktyor özü dəyərləndirirdi. «Kinoda ona görə
çəkilməmişəm ki, məni küçədə tanısınlar. Ona görə çəkilmişəm ki, insanlara sevinc
gətirim» - deyə aktyor bildirirdi. Buna görə aktyor «Həyat dərsləri» filmini yüksək
qiymətləndirirdi.
Aktyorun şəxsi həyatı da karyerası kimi uğurlu olub. 1978-ci ildə doğulan
oğlu Andrey valideynlərinin yolunu davam etdirmədi, vəkilliyi seçdi.
Xarizmatik və məşhur aktyorun həyatında çoxlu sevgi macəraları olduğu
deyilir. Həmin qadınların çoxu isə məşhur aktrisalar olub. Həyat yoldaşı Lyudmila
Polqina ilə rastlaşana qədər onun həmkarı Svetlana Savalyeva ilə macərası vardı.
Sonra Olqa Kabo, rəqqasə Marina Şirşikova və İrina Qribulina ilə əlaqələri barədə
söhbətlər gəzdi. Ancaq bunların, sensasiya axtaran jurnalistlərin uydurması olub-olmadığını
təkcə aktyor özü bilə bilərdi. O, bütün karyerası boyunca hay-küylü məclislərdən
qaçdı. Ancaq ailə çərçivəsində şənliklərdən heç vaxt imtina etmirdi. Ailə ocağı
ona daha doğma idi. "Özümü ən çox ailəmin yanında rahat hiss edirəm” deyirdi.
Aktyorun özünəməxsus görkəmi qadınları məftun edirdi. Düzdür, ilk
baxışdan o, xoşa gəlməyə bilərdi, ancaq səhnəyə çıxandan sonra onu sevməmək
mümkün deyildi. "Lenkom” Teatrının gənc aktrisası Lyudmila Porqina da ona belə
vuruldu. Nikolay Karaçensov ilə tanışlığı zamanı o, kaskadyor Viktor Korzunla
evli idi. «Nə əhəmiyyəti var, əgər qadın başa düşsə ki, onun qəlbi əsl sevgi
tapıb, onda həyatını dəyişməlidir» - deyərək 1975-ci ildə Nikolay Karaçensovla
əlaqələrini rəsmiləşdirdi. Bu nikah möhkəm və uzunömürlü oldu.
Onlar bir teatrda işləyirdilər. Lyudmilanın karyerası uğurlu idi.
Ancaq o, qərar verdi ki, ailədə hər şeyin normal getməsi üçün ərinin
yaradıcılıq potensialının açılmasına çalışmalıdır. Nikolay Karaçensov həmişə
deyirdi ki, bu «qurban» olmasaydı, o daha böyük uğurlar əldə edə bilməzdi.
Karaçensov yaş tanımayan azsaylı aktyorlardan idi. Məsələn, «Yunon və
Avos» rok operasında qraf Rezanov rolunu düz 25 il oynadı. Əgər başına faciəli
hadisə gəlməsəydi, o tamaşaçıları sevindirməkdə davam edəcəkdi...
Həyat uğrunda
2005-ci ilin 28 fevralında aktyor öz avtomobili ilə ölüm xəbərini
eşitdiyi qayınanasının cənazəsinə gedərkən qəzaya düşdü. Ağır kəllə-beyin
travması alan aktyor əməliyyat olunduqdan sonra bir aya yaxın komada qaldı.
Ancaq həkimlərin səyi nəticə verdi, aktyor özünə gəldi. Uzunmüddətli bərpa
prosesi Nikolay Karaçensovu həyata qaytardı. Hətta 2007-ci ildə «Göydən gələn
ulduzlar» adlı qala-konsertin iştirakçısı kimi repertuarından ibarət diskinin
təqdimatını keçirdi. Həmin vaxt aktyora kömək etmək üçün dostları, o cümlədən
Mixail Boyarski, Aleksandr Marşal, Oleq Qazmanov, Layma Vaykule də gəlmişdi.
Düzdür, qəzadan sonra aktyorun nitq və hərəkətini bütünlüklə bərpa
etmək mümkün olmadı. Ona görə də aktyorluq karyerasını davam etdirə bilmədi.
2011-ci ildə İsraildə, Çində keçdiyi bərpa kursları da, onun sağlamlığının tam
bərpasına kömək etmədi. Həyat yoldaşı Lyudmila Polqina ərinin ağciyərlərindəki
şişdən əziyyət çəkdiyini deyirdi. Müayinələr şişin bədxassəli olduğunu
göstərmişdi. Hətta aktyorun səhhətinin qəfil pisləşməsi və onun ölümü haqqında
mətbuatda xəbərlər də yayıldı. Üstündən düz 12 il keçəndən sonra 2017-ci ilin
27 fevralında Nikolay Karaçensov yenidən qəzaya düşdü. Həyat yoldaşına məxsus
avtomobil Moskva yaxınlığında "Qazell”lə toqquşdu. Aktyorun içərisində olduğu
maşın çevrildi və onu təcili yaxın klinikaların birinə yerləşdirdilər.
Karaçensova beyin silkələnməsi diaqnozu qoyuldu.
Nikolay Karaçensov xəstəliklə 13 illik mübarizədən sonra – 73 yaşında
Moskvanın Onkoloji xəstəxanasında vəfat etdi. Həyat yoldaşı onun böyrəklərinin
imtina etdiyini bildirdi.
Ölümünün sabahısı günü aktyorun ad günü qeyd olunacaqdı. Ömrünün son
dəqiqələrində o, xəstəxanada doğma və sevimli insanlarla əhatə olunmuşdu. Həyat
yoldaşı, oğlu Andrey, gəlini və nəvələri aktyorla vidalaşa bildilər.
Həyat yoldaşı Lyudima Poliqina ərinin ölümündən sonra özünü tənha
hiss etdiyini deyir: «Ölümü ərəfəsində mənə dedi: «Yadında saxla, sevgi heç
zaman qurtarmır. Bu enerji heç vaxt ölmür» - deyə Lyudmila Andreyevna xatırlayır:
"Düzdür, mən tək deyiləm, yanımda dostlarım, oğlum, gəlinim, nəvələrim var.
Hamı məni sakitləşdirməyə çalışır. Ancaq Nikolayın boşluğunu heç nə doldura
bilmir. Biz birlikdə 45 il ömür sürdük. Bilirəm, onun kənar macəraları olmuşdu,
amma nikahdankənar uşaqları yox idi. Dişləri onun dişlərinə oxşayan uşaqlar
uşaq evlərindən ona məktub yazırdılar. İnsanlar eynidir, onlar əlbəttə, belə
bir atalarının olmasını istəyirdilər. Kolyanın da uşaqlığı internatda keçmişdi,
ona görə ailə onun üçün müqəddəs idi. O, mənə hər gün gül və hədiyyələr alırdı.
Bir dəfə qastrolların birindən brilyant boyunbağı gətirmişdi. Boynuma taxıb
«İstəyirəm ki, həmişə sən mənim yanımda olasan» - dedi. Mənsə "Sən məni zəncirə
saldın, ancaq brilyantla” – deyə güldüm. Bir dəfə restoranda mən bir tanışla
rəqs etdim. Kolya yaxınlaşıb «Sən yorulmadınmı, əzizim» deyincə, mən onun
qısqanclığını başa düşdüm və dərhal yerimə keçdim. Qoy məni şən dul qadın
adlandırsınlar. Amma mən xoşbəxtəm. 45 il sevgi içərisində yaşamaq hər kəsə
nəsib olmur. Buna görə mən niyə kədərlənməliyəm? Onsuz da mən də öləcəyəm və
onun yanına gedəcəyəm. Mən indi Kolya ilə yaşadığım illərin xatirələri ilə
təskinlik tapıram. Məsələn, Parisə gedirəm, «Yunona və Avos»un qastrolunun
keçdiyi küçələrdə addımlayıram. Onda Kolya tamaşadan sonra onu dahi adlandıran
Pyer Kardinin əlini öpmüşdü. Biz tamaşadan sonra həyatın şərəfinə badə
qaldırmışdıq. Çünki Kolya həyatı sevirdi və onun uğrunda da sona qədər mübarizə
apardı...”
Rusiya mətbuatından tərcümə
etdi
Təranə Məhərrəmova