AZE | RUS | ENG |

“Məni bu şəhərlə, bu ölkə ilə doğma xatirələr bağlayır”

“Məni bu şəhərlə, bu ölkə ilə doğma xatirələr bağlayır”
“Moskva göz yaşlarına inanmır” deyən adam “Azərbaycan vətənimdir” deyir

«Hər bir kinorejissorun iki böyük arzusu var: yüksək kassa gəlirli film çəkmək və "Oskar” almaq. O, bunların hər ikisini edib. Əgər Vladimir Menşov film çəkməsəydi belə, Rusiya kino tarixində böyük aktyor kimi qalacaqdı, bu da olmasaydı, görkəmli dramaturq kimi qalacaqdı. Ancaq bütün bunlardan vacibi odur ki, Vladimir Menşov bizim həmyerlimizdir, bakılıdır». Nizami Kino Mərkəzinin zalında Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun 100 illik yubileyi çərçivəsində Bakıda qonaq olan həmin institutun professoru, rejissor, RSFSR-in Xalq artisti, Dövlət mükafatı laureatı, "Oskar” mükafatı laureatı, Rusiya Kinematoqrafçılar İttifaqının üzvü Vladimir Menşova ünvanlana bu fikirlər tamaşaçıların ardı-arası kəsilməyən alqışları ilə qarşılandı. Çünki onu ölkəmizdə tanımayan yoxdur. Böyük aktyor və rejissorun yaradıcılıq gecəsi, söylədiyi şeirlər, filmlərindən fraqmentlər, danışdığı xatirələr, suallara cavabları ilə yadda qaldı. Kinoşünas Ayaz Salayev qonaqları salamladı. Daha sonra "70-ci illərin sonlarında mən Rusiyada Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunda oxuduğum müddətdə, gün ərzində dərslərdə üç-dörd filmə baxırdıq. Heç kinoteatra getmək ağlımıza gəlmirdi. Buna baxmayaraq, bir dəfə kinoteatra getmək qərarına gəldik, amma kassalarda böyük növbə vardı. Bu film isə xarici yox, sovet filmi idi, Vladimir Menşovun "Moskva göz yaşlarına inanmır” filmi. Onda iki saat növbədə dayandıq. Özü də tək biz yox, bütün Rusiyada insanlar o filmə baxmaq üçün saatlarla növbələrdə gözləyirdilər. Hər bir kinorejissorun iki böyük arzusu var: yüksək kassa gəlirli film çəkmək və "Oskar" almaq. O, bunların hər ikisini edib. Əgər Vladimir Menşov film çəkməsəydi belə, Rusiya kino tarixində böyük aktyor kimi qalacaqdı, bu da olmasaydı, dramaturq kimi qalacaqdı. Ancaq bütün bunlardan vacibi odur ki, Vladimir Menşov bizim həmyerlimiz, bakılıdır” deyərək, Rusiyanın görkəmli rejissorunu səhnəyə dəvət etdi.   "Bəlkə doğma divarlar kömək edər...”
 
«Hamınızı xoş gördük, mənim yerlilərim» - deyə tamaşaçıları salamlayan Vladimir Menşov ona doğma olan bir məkanda - Nizami kinoteatrının səhnəsində olmasından qürur duyduğunu bildirdi: "Yadıma gəlir ki, burda dəfələrlə filmə baxmışam. Yeni film göstərilən kimi ilk seansına gəlib baxmağa çalışırdım, sonra da dostlarımın yanında qürrələnirdim”. Böyük aktyorun dilindən Bakı ilə bağlı xatirələrini eşitmək xoş idi: "Mənim həyatım iki mərhələyə bölünür: Bakı və Bakıdan sonrakı mərhələ. Uşaqlığım, gəncliyim Bakı ilə bağlıdır. 1939-cu ildə bu şəhərdə anadan olmuşam. Bu il artıq yubiley yaşıdır. Mənim yadıma gəlir ki, əvvəlcə İçərişəhərdə yaşayırdıq - Bakının ən mərkəzində - Qala divarlarının və Qız Qalasının yaxınlığında. Sonra Stalin küçəsində yeni mənzilə köçdük. Məktəbin birinci sinfinə də Bakıda getdim. O dövr üçün xeyli dəbdəbəli evimiz var idi. Uşaq olsam da, Hökumət Evinin tikilməyi yadıma gəlir. Alman əsirlərin işləmələri, bizim onlara çörək verib, əvəzində müxtəlif şeylər almağımızı xatırlayıram. Atam dənizçi idi, onun işi ilə əlaqədar sonralar ailəmiz Arxangelskə köçsə də, Bakını unutmadım. Məni bu şəhərlə, bu ölkə ilə doğma xatirələr bağlayır. Azərbaycanı da vətənim hesab edirəm”.
Aktyor kinematoqrafiyaya həvəsinin necə yaranmasını xatırladı: "Kinematoqrafiya İnstitutuna 4-cü cəhdimdən sonra daxil oldum. Sinif yoldaşlarım ayrı-ayrı institutların 4-cü kursunda oxuyurdular. "Sən hələ yorulmadın?” deyə mənə irad da bildirirdilər. Ancaq mən başqa ixtisasları sınaqdan keçirmədim. O zaman kinematoqrafiya sahəsində tanınmış ailələrin uşaqları oxuyurdu. Mən orada qala bilmirdim. Ona görə yenidən Bakıya gəldim və balıqçı qayığında dalğıc işləməyə başladım. Bir il Bakıda qaldım. "Bəlkə doğma divarlar mənə kömək edər” deyərək, yenidən Kinematoqrafiya İnstitutuna daxil olmağa cəhd etdim. Bu dəfə bəxtim gətirdi. V.Menşov 1961-ci ildə Moskva Bədii Akademik Teatrının studiya-məktəbinə daxil olub, 1965-ci ildə V.Nemiroviç-Dançenkonun adını daşıyan bu təhsil ocağını bitirib. 1970-ci ildə Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq aspiranturasını (Mixail Rommun emalatxanası) başa vurub: "İnstitutda oxuduğum illərdə Eldar Quliyevlə bir yataqxanada qalırdım. Sonradan o, kinoda uğur qazandı. Mən onun kinematoqrafiyadakı uğurlarına görə çox şadam”. V.Menşov 1971-ci ildə Aleksey Saxarovun "Öz yerində olan adam” filmində baş rolu oynamağa razı olur. Həmin roluna görə ilk mükafatını  4-cü Almatı Ümumittifaq Kinofestivalında alır. O vaxtdan filmlərə ən çox çəkilən aktyorlardan birinə çevrilir. "Bir müddət sonra özüm üçün belə qənaət hasil etdim ki, aktyorluq mənim hobbimdir, həyatımın əsas məqsədi isə rejissorluqdur”.
 
Əsl ümumxalq filmlərinin rejissoru
 
"Siz mənimlə maraqlanırsınız. Ona görə buradasınız. Sizi maraqlandıran suallara cavab verməyə hazıram” deyib,  tamaşaçıların yazdığı suallara cavab verdi.  "Nə üçün az film çəkibsiniz” sualına aktyorun cavabı belə oldu: "Mən cəmi beş film çəkmişəm. Amma necə filmlər... Sonuncu çəkdiyim film "Allahların həsədi” oldu. Ancaq o filmdə erotik səhnələr olduğundan, demək olar ki, ekranlara çıxmır. Mən son vaxtlar "Böyük vals” filmi üzərində işləyirəm. Ancaq onu çəkməyə  maliyyə tapa bilmirəm. Ümid edirəm ki, hələ istədiyim filmləri çəkəcəyəm”.
Təbii ki, ünvanlanan sualların çoxu rejissora "Oskar” mükafatı qazandıran "Moskva göz yaşlarına inanmır” filmi haqqında idi. Rejissor filmin yaranma tarixçəsini vərəqləyir: "Moskva göz yaşlarına inanmır” filmi mənim çəkdiyim ən mükəmməl filmlərdən biridir. Film 1979-cu ildə ekranlara çıxdı. O vaxt onu çəkəndə inana bilmirdim ki, film belə xəlqi ola bilər. Bu, Rusiya kinosunun böyük uğuru idi. Bu filmi çəkəndən sonra böyük təzyiqlərlə üzləşdim: «Necə ola bilər ki, atılmış sovet qadını təklikdə uşağını böyütsün? Bu, bizim ideyalarımıza uyğun deyil”. Ancaq başqa yol yox idi, mən tənqidlərə dözməli idim. Sonra iş elə gətirdi ki, filmin uğurunu görən həmin adamlar ekran əsərini alqışlamalı oldular. Film prokatda lider oldu. Ekran əsərini 90 milyon tamaşaçı izləmişdi. Film "Xarici dildə ən yaxşı film” nominasiyasında "Oskar” mükafatı aldı. Bu barədə xəbəri mənə aprelin 1-də dedilər. O vaxt bunu zarafat kimi qəbul etdim, bilmədim ki, bu mükafata layiq görülmüşəm, yoxsa yox. Ancaq sonra mənə «Oskar» Akademiyasından zəng vurdular. O zaman mükafatı almağa məni göndərmədilər. Ona görə də, Amerikadakı səfirliyimizin mədəniyyət attaşesi mükafatı mənim əvəzimə aldı. Filmin rimeykinin çəkilməsi ilə bağlı suala münasibət bildirən rejissor "Bu filmin rimeykinin çəkilməsinə razı deyiləm. Çünki filmdə hamısı bitmiş hekayələrdir.  Bunları davam etdirmək cəhdi uğursuz olar”  cavabını verdi. Rejissorun yaradıcılığında mühüm yer tutan "Məhəbbət və göyərçinlər” filminə gəlincə, V.Menşov bu ekran əsərini "Moskva göz yaşlarına inanmır” filmindən sonra çəkib. "Moskva göz yaşlarına inanmır» filmindən, Menşovun «Oskar»ından sonra növbəti kino lenti üçün material axtarışında çətinliklər yaranıb: plankanı saxlamaq, gözləntiləri doğrultmaq lazım idi: "O zaman «Sovramennik» teatrında Omsk Dram Teatrının aktyoru Vladimir Qurkinin qələmə aldığı «Məhəbbət və göyərçinlər» pyesinin uğurlu tamaşasını gördüm. O zaman tamaşa artıq 22 il idi ki, bu teatrın səhnəsində oynanılırdı. Tamaşa məni heyran etdi: «Bu ki, həyatdır – bizim rus həyatıdır». Sonra isə pyesin ardınca Omska gələrək müəlliflə görüşdüm. Pyesdəki hadisələrin real olduğunu öyrəndim. Qurkin pyesi hələ teatr institutunun tələbəsi olarkən yazmışdı. Hətta, vaxtı çatmadığından o, öz qəhrəmanlarına saxta adlar fikirləşə bilməmişdi, əsl adlarını yazmışdı. Mən pyeslə tanış olarkən «adları dəyişdirmək lazım deyil, onlar çox gözəldir, qoy qalsın»  dedim. Qarşımda çətin seçim dururdu: filmdə rus həyatını təbii yarada bilən aktyorlar oynamalı idilər. Aktyorları seçdim. Film ekrana çıxandan sonra tamaşaçılar "Əsl ümumxalq filmi gəldi” deyərək sevindilər”. "Məhəbbət və göyərminlər” 1985-ci ildə prokata çıxdı. İlk yarım ildə isə artıq ekran əsərini 44,5 milyon tamaşaçı izləmişdi.  "Bu filmi izləyən kino tamaşaçısının yenidən aşiq olmasını söyləmək artıqdır. Bu ekran əsəri xarici ölkələrdə də böyük nailiyyət qazandı. İspaniyada keçirilən komediya filmləri festivalında əsas mükafata layiq görüldü. Sevindirici haldır ki, filmin şərəfinə Moskvada «Kiyev vağzalı» yaxınlığında «Raisa Zaxarovnanın evində» adlı restoran da açılıb. Bu filmdən sonra mən uzun müddət fasilə verdim”- deyə V.Menşov bildirdi.
 
Ermənilərin tarixi səhvi
 
"Əgər Qarabağ haqqında film çəkməyi təklif etsələr, necə bir film çəkərsiniz?” sualına rejissorun cavabı belə oldu: «Mən Qarabağ müharibəsi haqqında az məlumatlıyam. Düşünürəm ki, ermənilər Qarabağın onların torpağı olduğunu deməklə, çox böyük tarixi səhvə yol veriblər. Baş verənlərin bu qədər qəddarcasına olduğunu bura gələndən sonra öyrəndim. Mən bilirəm ki, heç kim, heç kimi bağışlamır. Torpaq uğrunda nifrət qazanmağa dəyməz. Ermənilər tarixi səhvə yol veriblər”.
Rejissor "İndiki Bakı sizdə hansı təəssüratları yaradır?» sualını belə cavablandırdı: «Bakı mənim uşaqlıq və gəncliyimdə gördüyüm şəhərdən çox fərqlənir. Müasir şəhərə çevrilib, gözəl binalar tikilib. Amma yaxşıdır ki, şəhərin qədimliyini də qoruyub saxlayıblar. Bu, çox gözəldir. Gəncliyimdə balıqçı qayığında işləyəndə yaşadığım anlar çox da işıqlı xatirələr olmasa belə, bu, mənim Bakı ilə bağlı xatirələrimdə mühüm yer tutur. Mən həmin səhnəni «Məhəbbət və göyərçinlər» filminə əlavə etmişəm”. Görüş iştirakçıları rejissorun filmlərindən fraqmentləri izlədilər və ifasında şeirlər dinlədilər. Vladimir Menşov Bakıda olmasından məmnun olduğunu söylədi: "Ümid edirəm ki, sizinlə, doğma Bakı ilə yenidən görüşəcəyəm...”   Gecədə iştirak etdi Təranə Məhərrəmova

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9105
GEL 1 1 Gürcüstan larisi 0.6311
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2102
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1827
CHF 1 1 İsveçrə frankı 1.6749
KWD 1 1 Küveyt dinarı 5.5874
TRY 1 1 Türkiyə lirəsi 0.2917