“Mənə fəxri ad lazım deyil” deyənlərin səmimiyyətinə inanmıram-Ədəbi söhbət
Əsəd Cahangir: "Füzuli qəzəlləri Azərbaycan
poeziyasının rəmzlərlə kilidlənmiş müqəddəs kitabıdır”
Müsahibimiz "Azərbaycan”
jurnalının baş redaktor müavini, ədəbi tənqidçi Əsəd Cahangirdir. Ə.Cahangirin
"Kim yatmış kim oyaq”, "Ağ saç, qara saç”, "On üçüncü gecə” adlı kitabları,
yüzlərlə tənqidi-analitik məqalələri Azərbaycanda və digər ölkələrdə işıq üzü
görüb. Bu ay 55 yaşı tamam olan ədəbi tənqidçi ilə ömür və yaradıcılıq hesabatı
sayıla biləcək bir söhbət etdik:
– Əsəd müəllim, əvvəla, 55 yaşınız münasibəti ilə sizi təbrik edirəm. 55 illik ömrünüz barədə oxucularımıza müxtəsər şəkildə olsa da, nə deyərdiniz?
– Mən ömrümü fəsillərə bölmüşəm. 60-cı illər yadımda bahar kimi, təzə şumlanmış torpaq ətri kimi, qaranlıq gecə kimi qalıb. Çünki o illərdən heç nəyi xatırlamıram. O illər mənim yaddaşsız dövrlərim idi. 70-ci illər deyəndə gözüm önünə günəşli, qızmar yay günləri, uşaqlarla çayda çimməyə getməyimiz gəlir. 80-ci illər yaddaşımda payız kimi qalıb. Hər dəfə bu illəri xatırlayanda, elə bilirəm ki, xəzan yarpaqları ilə örtülmüş enli bir xiyabanla qonşu kənddən evə qayıdıram. Nəhayət, 90-cı illər soyuq, qarlı, çovğunlu qış kimi yaddaşıma hopub.
2000-ci illərdən sonrakı dövrün
hansı fəsil olduğunu isə bilmirəm. Məncə, bu illəri ruhumla yaşamışam, Ruh olan
yerdə isə zaman deyil, əbədiyyət olur. Ona görə, konkret fəsil olmur. Bəlkə də,
buna "əbədiyyət fəsli” demək olar, bəlkə də, "ədəbiyyat fəsli”, "söz fəsli”,
doğrusunu Allah bilir. Son iyirmi ildə söz, başımı elə qatıb ki, fəsillərin
necə dəyişməsinin fərqində olmamışam. Necə deyərlər, qış da mənə bahar kimi
gəlib. Yoxsa bu qədər çətinliklərə dözə bilməzdim.
– Yeni fikrə qarşı müqavimət, güzəran sorunları, qısqanclıqdan doğan maneələr... Hansını deyim. Birdir, ikidir? Bunların hamısını gördüm.
– Bu ömrü təkrar yaşamaq istəyərsənmi?
– Mən yenilikləri sevirəm.
Yaradıcılıqda da təkrarı sevmirəm. Ona görə, başqalarını təqlid edənləri qəbul
edə bilmirəm. Müşfiq demişkən, hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham.
Hər kəs sənətə məhz öz sözü ilə gəlməlidir.
– Biz dahilərin güzgüsündə özümüzü görürük. Ona görə, Füzuli yox, əslində, özümdən başlamışam. Füzuli güzgüsündə gördüyüm özümdən.
– Həmişə "Söz” essenizi bütün yazdıqlarınız
arasında ən çox qiymətləndirirsiniz. Nə üçün?
– İlk məhəbbət şirin olur. "Söz” mənim
yaradıcılığımda ilk məhəbbətimdir.– Amma ona qədər də bir çox yazılarınız
olub...
– Olub, amma onlar əsl
məhəbbətə, sadəcə hazırlıq idi. Romeo elə bilirdi ki, Rozalindanı sevir.
Cülyettanı görəndən sonra bildi ki, əsl məhəbbət nədir.
–
Əbədiyyət
zamanın astarı, zaman əbədiyyətin üzüdür. Odur ki onlar bir-birinə zidd
deyillər. Ümumən, ziddiyyət xeyrin və şərin bu üzündədir. O biri üzündə
ziddiyyət yoxdur. Sənin dilinlə desək, gündəmlə bağlı son yazdığım "Xarıgülnar”
poemasıdır. Poemada Şuşada keçirilən "Xarıbülbül” festivalı tariximizin və ruhumuzun festivalı
ilə paralel təqdim olunur. Bir dəfə İsa Muğannadan soruşdum ki, gənclərə necə
yazmağı məsləhət görürsünüz? Dedi ki, damlada dəryanı göstərsinlər. Mən
gündəmlə bağlı şeirlərimdə bu yolla gedirəm. Gündəm burda damla rolu oynayır.
Amma onların qovuşduğu dəryalara, ümmanlara da işarələr edirəm. Kimlərsə bu
işarələri tutur, kimlərsə yox.
–
Doğmalıq
üzrə belə sıralandıraram: şeir, esse, məqalə... Bədii düşüncə, əlbəttə ki, daha
doğmadır. Çünki daha çox ruhla bağlıdır, daha dərin qatdan, daha içdən gəlir.
Analitik düşüncə daha üzdə olan şeydir – ağılla bağlıdır. Füzuli demişkən: "əql
tədbiridir ol, sana ki bir bünyadı var”.
– Füzulinin bir misrasından muncuqlar sapdan keçən kimi bütün varlıq keçir. Bunu ilk dəfə "Söz" essesini yazanda hiss etdim. Füzulini iki cür oxumaq olar. Kitabdan onu hamı oxuya bilər. Bir də var onu ruhun kitabından oxuyasan. Ruhun kitabı yuxudur. Mən Füzulinin "Şəbi-hicran yanar canım...” beytini yuxuda 30 il öncə film kimi görmüşəm. Sonra 30 il ərzində bu beytlə bağlı digər beytlər açılıb. Mənə elə gəlir ki, dahi şairin bütün beytlərinin daxili, batini, gizli mənası, sirri bu cür açılmalı, ayə kimi agah olmalıdır. Yalnız bundan sonra Füzulidən yazmaq olar. Füzuli qəzəlləri Azərbaycan poeziyasının rəmzlərlə kilidlənmiş müqəddəs kitabıdır. Heç kəs onları sona qədər təfsir edə bilməz. Hətta Füzuli özü də. Buna nəinki insanın, hətta insanlığın da ömrü çatmaz. Şekspir müəmması kimi, Füzuli sirri də qiyamətəcən qüvvədə qalacaq. Bu həqiqəti başa düşənlərdən biri Əli Fəhmi idi. Ona görə də Füzulini çox yaxşı dərk etdiyi halda, ondan heç nə yazmamışdı.
– Doğma
olduğunuz daha kimlər var?
– Müasirlərimizdən mənə Elçin çox yaxındır.
Əvvəllər elə bilirdim ki. Elçin bütün əsərlərində məndən yazır. Sonra başa
düşdüm ki, vəhdət nöqtəsinə varmış insan kimi o, həm məndən, həm də hamıdan
yazır. Əttarın "Məntiq ütteyr”ində olduğu kimi si mürğ, həm də elə Simürğ
deməkdir. Onun bir neçə il öncə yazdığı
"Baş” romanı bu düşüncə yaxınlığını bir daha təsdiq etdi. Bu roman bədii sözümüzün
ölüm üzərindəki qələbəsidir.– Ədəbi mühitdə,
bəzən polemikalarda adınız hallanır. Nə üçün daim diqqət mərkəzində, yaxud da
hədəfdəsiniz?
– Söz iki cür
olur – canlı və cansız söz. Söz o zaman
canlı olur ki, onu ruhla yazırsan. Görünür, yazılarıma can qoyduğumdan,
mətnlərim, çıxışlarım canlı olur. Bu da insanları hərəkətə gətirir, söz deməyə,
fikir bildirməyə ruhlandırır. Bu həqiqəti "Məclisi-üns” proqramındakı
polemikalarda kəşf etmişəm.– Siz ədəbi tənqidçisiniz, müasir ədəbiyyatla
məşğulsunuz. Klassik poeziya ilə bağlı proqrama gəlişiniz necə oldu?
– Bu sualı mənə başqaları da verib. Yəqin ki, buna
proqramın aparıcısı İlqar Fəhmi daha yaxşı cavab verə bilər. Proqrama onun
dəvəti ilə çıxmışam. İlqarla uzun illərdir ki, bir yerdə işləyirik. Görünür,
klassik poeziyaya marağımı hiss edib. İlk gündən kollektivlə sözüm tutub. Artıq
beş ildir ki, az qala hər həftə bu proqramda oluram. Burda Raqub Kərimov,
Firudin Qurbansoy, Tərlan Quliyev, Yaqub Babayev, Rüstəm Kamal, Sayman Aruz,
Arif Buzovnalı, Heybət Heybətov kimi savad və istedad sahibləri toplanıb.
"Məclisi-üns” xalqımızın yüksək materiyasından söz açan yeganə teleproqramdır
və özəl missiyaya malikdir. Xoşdur ki, bu missiyanın icrasında mənim də, az da
olsa rolum var. – Dövlətçilik xəttini tutan bir ədəbiyyat adamı
kimi dövlətimiz tərəfindən təltiflə qiymətləndirilmək kimi bir arzunuz varmı?
– "Mənə fəxri
ad lazım deyil” deyənlərin səmimiyyətinə inanmıram Belə qəhrəmanlar indi də az deyil. Gəlin açıq
danışaq, əslində, hamı ad da istəyir, təltif də. Mən, sadəcə təltif üçün, ad
üçün yazmıram. Amma mənəvi haqqı çatırsa, xidmətləri imkan verirsə, insanın
təltif olunmaq arzusuna tamamilə təbii baxıram. Ad almaqda qəbahət yoxdur.
Qəbahət, layiq olmadığın halda ad almaq sevdasına düşməkdədir. – "Söz”, "Səs”
adlı esseləriniz illər əvvəl çap olunub. Son dönəmdə həmin esseləri dərindən
redaktə edərək yayımladınız. Həmin əsərləri yenidən düzəliş və əlavələrlə çap
etdirməyiniz hansı ehtiyacdan yarandı?
– "Söz”ü yox, "Səs”i yeni
variantda çap etdirmişəm. Qulu Ağsəs
dedi ki, "Ulduz”un bu sayı Qarabağa həsr olunur, "Səs” essesini ver, nömrəyə
qoyacağam. Yazıya yüngülvarı göz gəzdirdim, orasını düzəlt, burasını düzəlt.
Bir də gördüm ki, essenin yeni variantı yaranır, əvvəlkindən az qala iki dəfə
böyük, daha sadə, daha anlaşıqlı, terminologiyadan mümkün qədər təmizlənmiş,
cilalanmış variantı. Bu variant əvvəlki ilə müqayisədə daha böyük marağa səbəb
oldu. İndi essenin kitaba çevrilməsi mərhələsi gedir. Qulu Ağsəs kitabın çapını
öhdəsinə götürüb. Məncə, yazı öz müəllifi ilə birlikdə yaşa dolmalı, böyüməli,
müdrikləşməli, amma heç bir halda qocalmamalıdır. Müəllif bilməlidir ki, əsəri
hara qədər dəyişmək olar, harada dayanmaq lazımdır.– Əsərin bu cür
qocalması olur?
– Olur. Repin, qocalanda, əvvəlki rəsmlərini yenidən
işləyir, onlara qocaların sevdiyi bənövşəyi boyalar qatır, bununla da onları
korlayır, qocaldırdı. Şagirdləri onu başa sala bilmirdilər ki, belə eləmə.
Məncə, İsa Muğannanın "İdeal”dan sonrakı əsərləri də "İdealı” qocaltmaq demək
idi.– 55 ilin
pəncərəsindən baxarkən necə düşünürsünüz: sizcə, Əsəd Cahangir kim ola bilərdi
və kim oldu?
– İnanmazdım
ki, 55 yaş bu qədər gözəl ola bilərmiş. Əgər Avropada doğulsam, Rolan Bart,
Derrida, Liotar, Eko kimi bir alim və ya yazıçı ola bilərdim. Amma Azərbaycanda
doğuldum və Əsəd Cahangir oldum. Demək, belə olmalı idi və belə də oldu. Tanrı
mərhəmətlidir, o, sonsuz variantlar içindən bizə ən yaxşısını təqdim edir.
Azərbaycanda doğulmaq və Əsəd Cahangir olmaq da Tanrının mənimlə bağlı ən yaxşı
layihəsidir. Udmağa hava, içməyə su, gəzməyə torpaq, qızınmağa od verdiyi üçün
Tanrıya minnətdaram.Söhbətləşdi: Fərid Hüseyn
Foto: Firudin Səlimov / Global Media Group