• cümə, 23 May, 07:33
  • Baku Bakı 12°C

Məktəblilər ADA ilə tanış oldular

19.05.15 14:24 1623
Məktəblilər ADA ilə tanış oldular
M.Ə.Rəsulzadə Bələdiyyəsinin təşkilatçılığı ilə qəsəbə ərazisində yerləşən 30 və 143 saylı tam orta məktəblərin yuxarı sinif şagirdlərinin Azərbaycan Diplomatik Akademiyası (ADA) ilə tanışlıq görüşü keçirilib. Görüş M.Ə.Rəsulzadə Bələdiyyəsinin 2015-ci il Fəaliyyət Planına uyğun olaraq, gənc nəslin karyerasını müəyyən etməsində düzgün peşə və ixtisas seçiminin istiqamətləndirilməsi məqsədilə həyata keçirilib.
Görüşdə M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədr müavini Leyli Tahirova, Yerli sosial məsələlər daimi komissiyasının sədri Jalə Tofiqqızı, Yerli ekologiya məsələləri daimi komissiyasının sədri Şaiq Qəhrəmanov, Hüquq məsələləri daimi komissiyasının üzvü Ayla İbrahimova, Yerli büdcə məsələləri daimi komissiyasının üzvü Günel Vahabzadə, gənclər və Rəsulzadə qəsəbəsi ərazisində yerləşən 30 və 143 saylı tam orta məktəblərin müəllim və şagird kollektivi iştirak ediblər.
Görüş zamanı M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədr müavini Leyli Tahirova giriş sözü ilə çıxış edərək bildirib ki, xarici siyasət sahəsində uğurların əldə olunmasında ilk növbədə diplomatiyamızın xüsusi rolu var. Müstəqilliyimizin möhkəmləndirilməsi, dünya dövlətləri arasında Azərbaycanın ədalətli mövqeyinin təbliği və qorunması məhz diplomatların üzərinə düşən böyük və şərəfli vəzifədir. Gənc diplomatların hazırlanması və Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin qorunub saxlanması istiqamətində xüsusi rol oynayan mərkəzlərdən biri də Azərbaycan Diplomatik Akademiyasıdır. M.Ə.Rəsulzadə tərəfindən məktəblilərin Akademiya ilə tanışlıq görüşünün təşkil edilməsində məqsəd məhz yetişən nəsildə Azərbaycanın maraqlarının qorunması baxımından diplomatiyaya marağı artırmaqdır.
Sonra Azərbaycan Diplomatik Akademiyasının Bakalavr proqramları üzrə qəbul şöbəsinin əməkdaşı Xədicə Hüseynova qonaqları salamlayaraq, M.Ə.Rəsulzadə Bələdiyyəsinin təşəbbüsü ilə təşkil olunmuş bu görüşdən məmnun olduqlarını ifadə edib. O, Akademiya haqqında məlumat verərək bildirib ki, dövlət başçısı İlham Əliyevin 2006-cı il 6 mart tarixli Fərmanı ilə təsis edilən Azərbaycan Diplomatik Akademiyası yarandığı gündən öz fəaliyyətində xüsusi ixtisaslı diplomat kadrların hazırlanmasını və beynəlxalq münasibətlər sahəsində elmi tədqiqatların aparılmasını əsas prioritet kimi götürüb. Akademiyada idarəetmə sistemi tam avtomatlaşdırıldığından tələbələrin bu təhsil ocağına gəlişi, dərslərdə iştirakı və onların nəticələri avtomatik olaraq kompyuterlərə ötürülür, tələbələr tələbə kartları vasitəsilə auditoriyalara daxil olurlar. Biznes fakültəsində 40 və 80 nəfərlik elektronlaşdırılmış 20 auditoriya vardır. Bu auditoriyaların özəlliyi ondan ibarətdir ki, Azərbaycanda ilk dəfə olaraq, burada müəllimlərin tədris lövhələrində qeydləri və yazıları “smart-board” sistemi vasitəsilə “Wi-Fi” və ya “bluetooth”la tələbələrin kompyuterlərinə ötürülür. Yəni, tələbələr müəllimlərin qeydlərini birbaşa kompyuterlərində görə bilirlər.
Təhsil ocağının dördmərtəbəli kitabxana korpusu ilə tanışlıq zamanı şagirdlərə məlumat verilib ki, Azərbaycanda ən böyük xarici dilli kitabxanaya malik olan Akademiyada ingilis dilində 500 mindən artıq elektron kitabdan istifadə olunur. Kitabxana və informasiya xidmətinin dekanı Marta Spiers də şagirdlərlə görüşüb, onların təəssüratlarını öyrənib.
Daha sonra şagirdlər Akademiyanın tələbə mərkəzi ilə tanış olublar. Bildirilib ki, mərkəzin birinci mərtəbəsində 300 nəfərlik kafe və 300 nəfərlik iclas zalı fəaliyyət göstərir. İclas zalı yüksək keyfiyyətli audio və video çəkilişlərin aparılması məqsədilə müasir avadanlıqla təchiz olunub. Mərkəzdə Azərbaycan dövlətçiliyinin və diplomatiyasının tarixini əks etdirən zal, musiqi və rəsm dərnəklərinin keçirilməsi üçün ayrıca otaqlar vardır.
Görüşün sonunda şagirdlərin çoxsaylı sualları cavablandırılıb.
Kaspi.az

banner

Oxşar Xəbərlər