• cümə axşamı, 02 may, 01:56
  • Baku Bakı 15°C

Meksika səfirinin Azərbaycandakı 4 ili

22.05.19 11:34 408
Meksika səfirinin Azərbaycandakı 4 ili
"Son 4 ildə Meksika və Azərbaycan münasibətləri daha da inkişaf edib. Meksika ilə Azərbaycan artıq bir-birinə yaxın dövlətlərdir. Bu inkişaf iki ölkə arasındakı mədəniyyət, turizm, ticari sahələri daha çox əhatə edir”.
Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardininin ölkəmizdəki fəaliyyətinin 4 illiyinə həsr olunan mətbuat konfransında söylədiyi fikirlər dövlətlər arasında diplomatik münasibətlərin qurulmasından bəri görülən işlərə aydınlıq gətirdi: "Bunlar turizm, ticarət, mədəniyyət və ümumilikdə əməkdaşlıq sahələridir. Keçən illərə nəzər salsaq, görərik ki, ölkələr bir-birini yaxşı tanıyır və qarşılıqlı əlaqələr inkişaf etdirilir”.
İki ölkə arasında diplomatik əlaqələrin 1991-ci ildə qurulduğunu xatırladan səfir qeyd etdi ki, Meksika Senatı Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı ilə bağlı müxtəlif sənədlər qəbul edib: "Parlamentlərarası əlaqələr inkişaf etməyə başlayıb, qarşılıqlı səfərlər baş tutub”. Diplomat Azərbaycan səfirliyinin Meksika Birləşmiş Ştatlarında 2007-ci ildə, Azərbaycanda isə Meksika səfirliyinin 2014-cü ildə fəaliyyətə başladığını xatırlatdı: "Mən 2015-ci ildə Bakıya gəldim. İkitərəfli məsləhətləşmələrin ikinci mərhələsi 2016-cı ildə baş tutdu. 2011-ci ildə artıq ikitərəfli səfərlər baş tutmuşdu. İkitərəfli münasibətlər daha çox siyasətə yönəlmişdi. Bu müddətdə rəsmi səviyyədə bir sıra qarşılıqlı səfərlər həyata keçirilib. 2012-ci ildə hökumətlərarası sazişin imzalanması, əlaqələrin inkişafına daha da təsir göstərib. Əlaqələrin inkişafı həmçinin bir sıra qurumlar arasında münasibətlərin qurulmasına təkan verib”.
Diplomat məlumat verdi ki, Azərbaycan ticarət missiyası Mexikoya səfər edib: "Ticarət ölkələrimiz arasında ikitərəfli əlaqələrin bünövrəsini qoyub. İlk missiyanın heyəti sahibkarlardan ibarət idi. Tekila və mezkal içkiləri Bakıya gətirildi. Tekila istehsalçıları Azərbaycana bir neçə dəfə səfər ediblər və özəl şirkətlərlə müvafiq müqavilələr bağlanılıb. Meksikanın Azərbaycan bazarında iştirakı artır. Ötən ili Meksika-Azərbaycan ticarət mübadiləsində rekord il kimi səciyyələndirə bilərik. 2018-ci ildə ticarət dövriyyəsi 26,2 milyon dollara çatıb”.
Diplomat qeyd etdi ki, Meksika Səfirliyinin təşkil etdiyi mədəniyyət, rəssamlıq sərgiləri vasitəsilə ölkələrini daha çox tanıdıblar. Ölkələrimiz arasında turizm əlaqələrinin inkişafına toxunan səfir qeyd etdi ki, Meksikadan Azərbaycana gələn turistlərin sayında 9, Azərbaycandan gedən turistlərin sayında 20 faiz artım var: "Azərbaycanlılar əsasən Mexiko və Konkun şəhərlərinə səfər edirlər”.
R.Labardini qeyd etdi ki, Meksikadan Azərbaycana neft sektoru üçün borular, pivə, avtomobillər və s. ixrac edilir. Səfir ölkələrimiz arasında təhsil əlaqələrinin çox da inkişaf etmədiyini də qeyd etdi. Belə ki, hazırda Azərbaycandan Meksika universitetlərində 6 tələbə təhsil alır: "Bu yaxınlarda riyaziyyat olimpiadasında qalib gələn azərbaycanlı qız haqqında saytlar yazılar paylaşdılar. Sevinirəm ki, həmin azərbaycanlı qız Meksikada doğulub. Ümid edirəm ki, gələcəkdə ölkələrimiz arasında təhsil əlaqələri də inkişaf edəcək”.

Mətbuat konfransında iştirak etdi
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər