• çərşənbə axşamı, 08 iyul, 09:28
  • Baku Bakı 24°C

MDB məkanında Miqrasiya Məcəlləsini qəbul edən ilk ölkə

12.03.19 10:30 543
MDB məkanında Miqrasiya Məcəlləsini qəbul edən ilk ölkə
Əli Əl-Kamole İraq vətəndaşıdır. Bağdadda anadan olub. Müharibənin böyütdüyü uşaqlardandır. Deyir ki, ailəsi ilə evində oturub mənzilə bomba düşəcəyi, bütün xatirələrinin alt-üst olacağı günləri gözləyib. Müharibənin dəhşətini unutmayıb, amma qəbul edib və alışıb... Döyüşlərin qızğın vaxtında yaşadığı üçün müharibəyə, partlayışa, terrora, ədalətsizliyə, məhv edilən uşaqlığına öyrəşib... Deyir ki, insan oğlu hər şeyə öyrəşir. Amma gələcəyə ümidlidir. Hazırda Azərbaycanda inşaat mühəndisliyi ixtisasına yiyələnib. Bir gün öz vətənində dağıdılan binaları, məhv edilən abidələri yenidən bərpa etmək istəyir.
Əli ölkəmizi təhlükəsiz olduğu üçün sevir və burada yaşayır: "Azərbaycanı təhlükəsiz olduğu üçün sevirəm. Öz ölkəmdə də belə sərbəst gəzmək, gecələr istədiyim vaxt tək, qorxmadan çölə çıxmaq imkanımın olmasını istəyərdim. Qorxusuz yaşamaq hər şeyə dəyər. Xüsusilə, istərdim ki, insanlarımız bomba qorxusu ilə yaşamasınlar. Siz həqiqətən xoşbəxt insanlarsınız”.
Əli deyir ki, miqrant olsa da, bu ölkədə özünü yad hiss etmir.
"Dünya əhalisinin 60 faizi şəhərlərdə məskunlaşacaq”
Bu gün dünyada miqrasiya proseslərinin tənzimlənməsi, miqrantların hüquqlarının qorunması aktual problemlərdən biridir. Təəssüf hissi ilə deməliyik ki, miqrasiya mənfi qlobal proseslər – millətçilik, ultramillətçilik, populizm, iqtisadi mühafizəkarlıq və artan antimiqrant düşüncəsi və siyasəti fonunda baş verir. Yaranmış vəziyyət qarışıq, həm də təhlükəli hal alır.
Statistik məlumatlara görə, dünyada bir milyarddan çox miqrant var. Onların 250 milyonu beynəlxalq miqrantlar, yəni başqa ölkələrə, 750 milyonu isə ölkələrinin daxilində miqrasiya edənlərdir. Proqnozlar göstərir ki, 2030-cu ildə dünya əhalisinin 60 faizi şəhərlərdə məskunlaşacaq. Araşdırmalar inkişaf etməkdə olan ölkələr arasında miqrasiyanın həcminin artdığını deməyə əsas verir. Həmçinin tədqiqatlar göstərir ki, beynəlxalq miqrantların əksəriyyətini əməkçi miqrantlar təşkil edir.
"Fəlakət imtahanından keçənlər”
Bu da həqiqətdir ki, dünyada ən dəhşətli hadisələr miqrantların başına gətirilir. Cəmiyyətin aqressiv fərdlərinə çevrilən miqrantlar bir çox ölkələrdə yerli əhali ilə fikir ayrılığı yaşayırlar. Məhz "miqrant” adını almaq üçün də ölüm və fəlakətlərdən keçənlər də az deyil. Bütün hallarda, miqrantlıq xoşbəxtlikdən doğmur, əksinə, bir sıra dövlətlərin və insan qruplarının faciəsidir. Faciələri əks etdirən rəqəmlərə diqqət edək: indiyədək 40 mindən çox insan qlobal səviyyədə miqrant kimi bir ölkədən digərinə keçərkən ölüb. Onlardan təkcə 22 mini Aralıq dənizində həyatını itirib. Ümumiyyətlə, 365 min 165 nəfər Aralıq dənizi, Balkan yarımadası və digər istiqamətlərdə Avropa sərhədlərini keçməyə cəhd edib, onlardan 2.664 nəfəri təkcə bu il ölüb. Aprelin 19-da Aralıq dənizində miqrantlarla dolu qayığın aşması nəticəsində 800-ə yaxın insan dənizdə batıb. Onların arasında uşaqlar da olub.
Azərbaycanda vəziyyət necədir?
Məlumat üçün bildirək ki, Azərbaycan MDB məkanında Miqrasiya Məcəlləsini qəbul etmiş ilk ölkədir. Ölkəmizdə ilk dəfə olaraq 2013-cü ildə Miqrasiya Məcəlləsi qəbul edilmiş və bu sənəddə yeni normalarla yanaşı, bu günədək miqrasiya sahəsini tənzimləyən müxtəlif normativ hüquqi aktların müddəaları təsbit olunub. Məcəllədə yaxın qohumluq və digər anlayışların təfsiri verilmiş, həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, ölkə ərazisində yaşamalarının əsasları və müddətləri, prosedur qaydaları, vizaların yeni kateqoriyaları, miqrasiya uçotu və digər məsələlərlə bağlı müddəalar öz əksini tapıb.
"Əhalinin bütün qruplarının hüquqları təmin edilir”
Ombudsman Aparatının Rəhbəri Aydın Səfixanlı deyir ki, əhalinin bütün qrupları üzrə insan hüquqlarının təmini, Azərbaycan dövləti üçün prioritet məsələlərdəndir. Hazırda bununla bağlı effektiv müdafiə mexanizmlərinin inkişaf etdirilməsi sahəsində məqsədyönlü işlər davam etdirilir: "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Azərbaycan Respublikası vətəndaşları ilə yanaşı, əcnəbi, sığınacaq axtaran və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının pozulmasına dair şikayətlərə baxır. Bu qəbildən olan şəxslərdən Müvəkkilin ünvanına müraciətlər daxil olub, həmin müraciətlərlə bağlı görülmüş tədbirlər nəticəsində onların sosial, təhsil, tibbi və digər xidmətlərə çıxış imkanları artırılıb, o cümlədən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin miqrasiya uçotuna alınması, sərbəst hərəkət etmək, ölkə ərazisində olmaq və yaşayış yeri seçmək, əmək fəaliyyəti ilə məşğul olmaq və digər hüquqlarının təmin olunması istiqamətində əhatəli işlər həyata keçirilib. Məsələn, bəzi miqrantların ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı Ombudsmana ünvanladıqları müraciətlər araşdırılıb, məsələnin hüquqi həlli təmin edilib. Bəzi hallarda xarici ölkələrdə olan Azərbaycan Respublikası vətəndaşlarının etibarsız sənədlərlə yaşaması və ya olduqları ölkədə şəxsiyyətlərini təsdiq edən sənədlərinin olmaması ilə əlaqədar onlara qayıdış şəhadətnamələrinin verilməsi sürətləndirilib, bir sıra hallarda barələrində inzibati qaydada ölkə hüdudlarından çıxarılma haqqında qəbul edilmiş qərarlar ləğv edilib və əcnəbinin Azərbaycan Respublikasına girişinə icazə verilməsi təmin edilib. Bundan əlavə, müxtəlif vaxtlarda ölkəmizdə sənədsiz yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qısa vaxt ərzində müvafiq sənədlə təmin edilərək öz ölkələrinə qayıtmaları təmin edilib. Qeyd edilənlərlə yanaşı, miqrantların hüquqlarının səmərəli həyata keçirilməsi və təmini sahəsində görülən işlərin mühüm hissəsi tənzimlənməyən miqrasiya, məcburi əməyin və insan alverinin qarşısının alınması istiqamətində preventiv tədbirlərin təşkilinə yönəldilib. Bununla bağlı mövcud olan problemlərin daha səmərəli həlli məqsədilə orta və ali təhsil müəssisələrində davamlı olaraq geniş tədbirlər həyata keçirilir, müvafiq qrafik üzrə məlumatlandırma işi aparılır”.
Aparat rəhbəri deyir ki, Müvəkkilin Milli Preventiv Qrupu tərəfindən mütəmadi olaraq Dövlət Miqrasiya Xidmətinin Bakı və Yevlax şəhərlərində yerləşən Qanunsuz Miqrantların Saxlanılması Mərkəzlərinə baş çəkilir: "Orada saxlanılan şəxslərin vəziyyəti, qidalanması, tibbi və sosial yardım alması, onlarla rəftar, saxlanılma şəraiti, əvvəlki başçəkmələr zamanı verilmiş tövsiyələrin icra vəziyyəti və problemləri öyrənilir, həmin şəxslərə Müvəkkilin səlahiyyətləri çərçivəsində mümkün köməklik göstərilir”.
Qanunvericilik
Məlumat üçün bildirək ki, demokratik prinsiplər əsasında qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında ölkəmizdə yaşayan hər kəsə şamil olunan bərabərlik, azadlıq və digər prinsiplər əsasında miqrantların hüquqlarının səmərəli təmin edilməsi sahəsində qanunvericilik bazası yaradılıb, həmçinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununa da miqrantların hüquqlarının müdafiəsi ilə bağlı müvafiq norma əlavə olunub. Belə ki, Müvəkkil təsisatı tərəfindən Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, o cümlədən miqrantların insan hüquqlarının pozulmasına dair şikayətlərinə baxılır. Təsisat bu qəbildən olan şəxslərin hüquqlarının müdafiəsi və təbliği, hüquq pozmalarının qarşısının alınması sahəsində fəaliyyət göstərir, həmçinin bu istiqamətdə qabaqcıl təcrübələr tətbiq edilməklə, beynəlxalq təşkilatlarla və onların ölkəmizdəki nümayəndəlikləri ilə, habelə dövlət qurumları, o cümlədən Dövlət Miqrasiya Xidməti ilə işgüzar əməkdaşlıq çərçivəsində tədbirlər davam etdirilir.
"Məcburi əməyin və insan alverinin qarşısı alınır”
Miqrantların hüquqlarının daha səmərəli həyata keçirilməsi ilə bağlı ölkəmizdə son dövrdə bir sıra məqsədyönlü işlər görülüb. Belə ki, miqrantlara göstərilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı elektron informasiya resursları formalaşıb. Bununla da miqrantın olduğu yer üzrə qeydiyyat, müvəqqəti və daimi yaşama icazəsinin alınması, vətəndaşlıq mənsubiyyətinin araşdırılması ilə bağlı elektron qaydada birbaşa və ya ASAN Xidmət Mərkəzləri vasitəsi ilə Dövlət Miqrasiya Xidmətinə müraciət etmə imkanı yaradılıb.
"Əməkçi miqrantlar vətəndaşlarla eyni hüquqlara malikdir”
Əməkçi miqrantlara gəldikdə isə onlar ölkə vətəndaşları ilə eyni sosial və əmək hüquqlarına malikdirlər. Belə ki, onların ailə üzvləri ilə birləşmələrinə hər hansı formada məhdudiyyətin qoyulmaması, onlar üçün təhsil imkanlarının yaradılması, Azərbaycan vətəndaşları ilə nikahda olan əcnəbilərin icazə tələb olunmadan ölkə vətəndaşları ilə eyni əsaslarda işə qəbulu və s. buna misal ola bilər. Qanunvericiliyə əsasən, əməkçi miqrantların sosial və mədəni hüquqları tanınmaqla, onlara qarşı hər hansı formada ayrı-seçkiliyə yol verilməsi birmənalı şəkildə qadağandır.
Xüsusi diqqət tələb edən məsələlərdən biri də bu şəxslərin hüquqi vəziyyətidir. Ölkəmizdə mövcud münbit sosial-iqtisadi şərait daxili əmək bazarında iştirak edən əcnəbilərin sayının artmasına təsir etməkdədir. Ölkə ərazisində müvəqqəti yaşamaq və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Konstitusiyası, Əmək və Miqrasiya məcəllələri, digər qanunvericilik aktları və beynəlxalq normalarla tənzimlənir. Belə ki, ölkə Konstitusiyasının 35-ci maddəsinə əsasən, hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Qanunla müəyyən edilmiş hallar istisna olunmaqla, heç kəs məcburi əməyə cəlb edilə bilməz.
İstər ölkə vətəndaşlarının, istərsə də miqrantların əmək hüquqlarının təmin olunmasına münasibətdə sahibkarların hüquq və vəzifələri "Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununu ilə müəyyən edilir.
Bununla yanaşı, hazırda dünyada cərəyan edən qloballaşma fonunda ölkəmiz regionda gedən miqrasiya proseslərinə təsir etmək, ölkə ərazisinə olan miqrasiya axınlarını nəzarətdə saxlamaq və miqrasiya proseslərini yerli qanunvericiliyə uyğun idarə etmək və tənzimləmək üçün təşəbbüslər davam etdirilməkdədir.
Aygün ƏZİZ
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün verilir.
banner

Oxşar Xəbərlər