• çərşənbə, 09 Iyul, 10:22
  • Baku Bakı 23°C

Maşın bazarı: alıcı yoxdur, amma qiymət artıb

06.01.18 09:30 5031
Maşın bazarı: alıcı yoxdur, amma qiymət artıb
Dekabr ayı ərzində avtomobil bazarında, eləcə də "online" avtomobil satışlarında aktivlik çox aşağı səviyyədə olub. Bu barədə Trend-ə əmlak üzrə ekspert Vaqif Hüseynov deyib. V.Hüseynov bildirib ki, ilin sonu olduğu üçün durğunluq gözlənilən idi, ancaq buna baxmayaraq, avtomobil bazarında qiymətlərdə 15-20 faiz artım qeydə alınıb.Onun sözlərinə görə, qiymətlərdə artıma səbəb Azərbaycana idxal edilən minik avtomobillərinə tətbiq edilən idxal gömrük rüsumunun dəyişəcəyi ilə bağlı yayılan məlumatlar olub.Ekspert qeyd edib ki, qiymət artımı satışın daha da azalmasına səbəb olub. V.Hüseynov hesab edir ki, bu il yeni avtomobillərin satışı daha aktual olacaq. Onun sözlərinə görə, bəzi banklar və bank olmayan kredit təşkilatları avtomobil kreditləri verməkdə davam edir və digər banklar da kredit portfelinə yenidən baxacaqlar, bu növ kreditlər daha da aktuallaşacaq.
Məsələni araşdırmaq üçün əmlak üzrə ekspert Vaqif Hüseynovun özü ilə əlaqə saxlayıb bu artımın səbəbini, nə zamana qədər davam edəcəyini və daha çox hansı avtomobillərdə artım müşahidə edildiyini öyrəndik.Ekspert deyir ki, qiymətlərin yay aylarında düşmə ehtimalı var: "Bir qayda olaraq, istər daşınmaz, istərsə də daşınan əmlak bazarında adətən, yay aylarına doğru getdikcə, canlanma başlayır. Bunun da bəlli bir səbəbi var. Belə ki, həmin aylarda insanların qida üçün ayrılan məsrəflərinin ümumi göstəricisi aşağı düşür. Buna görə də onların pul yığmaq şansı çox olur. Beləcə, insanlar digər tələbatları haqqında düşünməyə başlayırlar. Bunun fonunda əmlak bazarında müəyyən bir canlanma baş verir. Bu cür tələb-təklif əsasında bazarda enmə müşahidə olunur. Lakin düşünmürəm ki, həmin dövrə qədər qiymət ensin. Ən yaxşı halda, fevralın sonu, martın əvvəlində ola bilsin ki, bazarda stabilləşmə baş versin. Çünki mümkün deyil ki, bu artım belə davam etsin. Əks təqdirdə, fantastik qiymətlər ortaya çıxacaq”.
Müsahibimiz bu artımın səbəblərindən də danışdı: "Sözsüz ki, bu artımda işbazların da əli var. Bunlar alverçilər, ikinci əl maşın satışı ilə məşğul olan avtomobil mərkəzləridir. Hansılar ki, vaxtı ilə maşını ucuz qiymətə alıblar, indi baha qiymətə satırlar. Hazırda bazarı onlar tənzimləyirlər. Hətta deyə bilərəm ki, bazarda 100 maşından 80-ni onların əlindədir. Həmin avtomobillərdən də əksəriyyəti eyni adlı, seriyalıdırsa, bu zaman onlar sözü bir yerə qoyub, tam olaraq qiyməti qaldıra bilirlər. Maşınını satmaq istəyən vətəndaş da bazardakı bu qiyməti görür və bunun fonunda o da qiyməti artırır. Beləcə, qiymət bazarda süni şəkildə şişir”.
Ekspertdən hansı maşınlarda artımın müşahidə olunduğunu soruşduq: "Dəyəri 20-25 min manata qədər olan avtomobillərdə qiymət artımı daha çox olur. Hansılar ki, aşağı və orta alıcılıq qabiliyyətinə malikdir. Həmin maşınları isə əsasən taksi fəaliyyəti ilə məşğul olanlar alırlar. Çünki bazarda əsas canlanmanı yaradanlar onlardır. Taksi sürücüləri birmənalı şəkildə bundan pul qazanırlar. Əsas olaraq 8-12 və 15 min manat arasında olan avtomobillər bazarı tənzimləyir”.
Avtomobil üzrə ekspert Eldəniz Cəfərovdeyir ki, ikinci əl maşınlarla yeni maşınları ayırmalıyıq: "Avqust ayından dekabr ayına qədər maşınların qiyməti azalmır. Bu, Azərbaycan avtomobil bazarına xas olan xüsusiyyətdir. Təbii ki, burada söhbət ikinci əl avtomobil bazarından gedir. İkinci əl maşın bazarı ilə yeni avtomobilləri ayırmalıyıq. Çünki ikinci əl avtomobil bazarı sırf tələbata uyğun olaraq tənzimlənir. Bu bazarda maşınları daha çox alverçilər, yeni avtomobillərin bazarında isə maşınları rəsmi dillerlər və distrübüterlər satır. İkinci əl avtomobil bazarında bəzən süni qiymət artımı da müşahidə edilə bilər. Məsələn, kiminsə 10 min manat dəyərində maşını var, amma o, 15 minə satır. Beləcə, bazarda qiymət artımı baş verir. Lakin o maşına tələbat yoxdursa, bu zaman onun biçdiyi məbləğ real qiymətinə, yəni 10 min manata enir”.
Müsahibimiz bildirir ki, bazardakı qiymətlər reallığı əks etdirmir: "Bu günlərdə ikinci əl maşın bazarında süni qiymət artımı ilə rastlaşırıq. Həmin qiymətlər bazardakı reallığı əks etdirmir. Əslində bu da başa düşülən bir haldır. Çünki 2018-ci ilin yanvar ayından ölkəmizə idxal olunan avtomobillərin gömrük rüsumlarının qalxacağına görə, artıq noyabr ayından artım müşahidə edildi. Lakin bu qiymətlərin stabil olaraq belə qalacağını deyə bilmərik. Mənə elə gəlir ki, yanvar ayın ikinci həftəsindən ikinci əl maşın bazarında qiymətlərdə bir qədər azalma hiss edəcəyik. Çünki il təzələnir, avtomobilin də ili köhnəlir. Bu, bizim avtomobil bazarına xas olan bir xüsusiyyətdir ki, il dəyişdikdən sonra köhnə maşının qiymətinin qalxması müşahidə edilə bilməz. Yalnız o halda artım olar ki, həmin avtomobillərə tələbat olsun”.
E. Cəfərov onu qeyd etdi ki, hazırda Azərbaycana durmadan yeni avtomobillər gətirilir. Yeni dillerlər və distrübüterlər açılır. Bu da birinci əl maşınlara marağı artırır: "Yapon istehsallı markalar da yeni avtomobillərini təqdim etdilər. Həmçinin Almaniya istehsalçıları da yeni modellərlə çıxış edirlər. Yəni bazarda hər hansısa bir tələbat boşluğu qalmayacaq. İkinci əl maşın bazarında qiymətin artmasının digər bir səbəbi isə qanunvericiliyə görə, 2005-ci ilə qədər istehsal olunan avtomobillərin ölkə ərazisinə buraxılmasının qadağan olunmasıdır. Ona görə də, 1990-cı ildən 2005-ci ilə qədər olan maşınlara tələbat var. Bunu inkar etmək olmaz. Sadəcə, bazarda süni şəkildə qiyməti artırmağa ehtiyac yoxdur. Güman edirəm ki, yanvar ayının ikinci həftəsindən başlayaraq, avtomobil bazarında qiymətlər tənzimlənəcək”.
Günel Azadə
banner

Oxşar Xəbərlər