• çərşənbə axşamı, 19 mart, 15:40
  • Baku Bakı 8°C

Maqomayev, Rastropoviç, bəs sonra kim?

22.01.22 11:15 914
Maqomayev, Rastropoviç, bəs sonra kim?
Bakıda və ölkəmizin ayrı-ayrı regionlarında görkəmli insanların ev muzeyləri, həyat və yaradıcılıqları ilə bağlı məkanlar çoxdur. Həmin yerləri müəyyənləşdirmək və onlara uyğun turizm marşrutları təşkil etmək mümkündür.
Dünya turizmində məşhur tarixi şəxsiyyətlərin, yazıçı və şairlərin, elm adamlarının, görkəmli hərb xadimlərinin, tanınmış idmançıların populyarlığı turizm marşrutları yaratmaqdan ötrü çoxdan arqumentə çevrilib. Bu marşrutlar həm daxili, həm də gəlmə turizmin inkişafına yönəlib. Məsələn, Səmərqənddə Əmir Teymurun və yaxınlarının uyuduğu mavzoleyi, Reqistan meydanındakı mədrəsələri, Bibi-Xanım mavzoleyini, Şaxi-Zinda mavzoley kompleksini, Uluqbəyin rəsədxanasını ziyarət etmək üçün dünyanın hər yerindən Özbəkistana turistlər axışır. Londonda Şekspir, Praqada Frans Kafka, Budapeştdə Şandor Petofi, Sankt-Peterburqda Dostoyevski, Moskvada Puşkin, Sergey Yesenin, Pyatiqorskda Lermantovun və b. görkəmli şəxsiyyətlərin xatirə muzeylərini də hər il milyonlarla turist ziyarət edir.
Bu yaxınlarda Rusiyanın Pskov vilayətində "Rusiya tarixində adlar” forumu ölkənin müxtəlif bölgələrindən turizm agentliklərini bir yerə toplayıb. Tədbirdə "Populyar tarixi şəxsiyyətlər turların yaradılmasında və turist axınının inkişafında arqument ola bilərmi?” sualına cavab axtarılıb. Turizmçilər dünya və ölkə təcrübəsinə söykənərək bu istiqamətdə marşrutları təkmilləşdirməyə qərar veriblər.
"Görkəmli adamların həyatı”
Artıq Rusiya və Polşada "Görkəmli tarixi şəxsiyyətlərin izi ilə: Nikolay Kopernik və İmmanuil Kant” birgə transsərhəd turizm layihəsi təqdim olunub. Marşrutun bir hissəsi olaraq turistlər alimlərin tərcümeyi-halı ilə daha ətraflı tanış ola, həmçinin Polşanın şimal-şərqində və Kalininqrad vilayətində ikonik yerlərə baş çəkə biləcəklər.
Sankt-Peterburqda da "Görkəmli adamların həyatı” çərçivəsində yeni marşrut müəyyənləşib. Turistlərə "Nağılların yarandığı yerlər” layihəsi üzrə səyahətlər təklif olunur. Marşrut böyük rus şairi Aleksandr Puşkinin və görkəmli rəssam, arxeoloq və filosof Nikolas Rerixin adları ilə bağlı yerlərdən keçir. Turizm sənayesinin nümayəndələri Puşkinin məşhur əcdadı Abram Hannibalın Suida kəndindəki malikanəsinə baş çəkir, həmçinin ekspozisiya ilə tanış olurlar. "Biz təkcə Nikolay Rerixin həyatını, yaradıcılığını deyil, həm də onu bir şəxsiyyət kimi formalaşdıranları öyrənirik. Bu, özünün dediyi kimi, qədimlik və təbiətdir. Qışda - ov, yayda – kurqanlardır. Bu marşrut turistlərin böyük marağına səbəb olacaq”, - deyə layihənin təşkilatçıları bildirirlər.
Sankt-Peterburqa yola düşən turistlərə həmçinin görkəmli yazıçı Fyodr Dostoyevskinin həyat və yaradıcılığı ilə tanış olmaq üçün "Dostoyevskinin Peterburqu” adlı piyada marşrutu təklif edilir. Turistlər yazıçının gəzib dolandığı küçə və parklarla, obrazlarının yarandığı mühitlə tanış olurlar.
"Hazırda belə səfərlər yoxdur”
Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinin, hərb xadimlərinin, tanınmış ədəbiyyat adamlarının, musiqiçilərinin ev və xatirə muzeylərinin olduğunu nəzərə alsaq, onda belə bir marşrutun inkişafının ölkə turizmi üçün də səciyyəvi olduğunu düşünmək olar.
Mövcud ev muzeylərinə yerli və gəlmə turistlərin marağını öyrənmək məqsədilə telefon açdığım görkəmli müğənni Bülbülün memorial muzeyinin direktoru Fərqanə Cabbarova muzeyə ara-sıra əcnəbi turistlərin gəldiyini bildirdi: "Pandemiyadan əvvəl turizm şirkətləri ilə müqavilələr bağlayırdıq. Şirkətlər də gələn turistlərin muzeyə səfərlərini təşkil edirdilər. Hazırda belə səfərlər yoxdur. Ancaq yenə də təşkil olunsa, yaxşı olar. Bu, həm görkəmli şəxsiyyətləri tanıdır, həm də turistlərə ölkəmizə olan marağı artırır. Belə marşrutları turizm şirkətləri təşkil etməlidir”.
Turizmçi Səbinə Rəhimova isə bu tip marşrutları təşkil etmədiklərini deyir: "Hazırda belə marşrutlarla maraqlanan turistlər gəlmir. Bundan əvvəl də belə turlar təşkil etməmişik. Buna imkan olmur. Turlar adətən turistlərin marağına uyğun təşkil edilir”.
İşıq ucu
Ancaq tarixi şəxsiyyətlərlə bağlı marşrutun yaranması üçün işıq ucu görünür. Marşrut artıq Azərbaycan Turizm Bürosunun diqqətini cəlb edib. Hələlik hazırlanan tematik marşrut postsovet məkanının şəxsiyyətlərini əhatə edəcək.
Azərbaycan Turizm Bürosunun Turizm məhsulunun inkişafı şöbəsinin direktoruŞərifə Həsənovanın sözlərinə görə, görkəmli opera müğənnisi Müslüm Maqomayev və məşhur violonçel ustası Mstislav Rostropoviçin həyat və yaradıcılığı ilə bağlı tematik marşrutlar hazırlanır. "Bu marşrutlar Rusiya bazarlarına hesablanıb. Çünki bu böyük sənətkarların həyat və yaradıcılığı postsovet məkanında daha çox tanınır. Xüsusən, yaşlı nəsil onları tanıyır və sevir. Hesab edirik ki, bu marşrutlar sənətsevər turistlərin diqqətini cəlb edəcək”. Sektor müdiri bildirir ki, Maqomayev və Rostropoviçin sorağı ilə ölkəmizə gələn turistlər marşrut çərçivəsində hər iki sənətkarın yaşadıqları evlərə baş çəkəcək, onlarla bağlı sənədli filmlər izləyəcək, əsərlərindən ibarət konsertləri dinləyəcək, abidələrini ziyarət edəcək, tədqiqatçılardan haqlarında geniş məlumat alacaq və eşitmədikləri faktlarla tanış olacaqlar: "Marşruta rusiyalı turistlərin maraq göstərəcəyinə inanırıq. Onlar üçün bu şəxsiyyətlərin həyatı maraqlıdır. Biz də bu marağı nəzərə almışıq”.
Marşrutu genişləndirmək
Təbii ki, belə bir marşrutun yaradılması istiqamətində görülən işlər fonunda "Maqomayev, Rostropoviç, bəs sonra kim?” sualı da yaranır. Yəni bu siyahını genişləndirib yaxın-uzaq xariclə əlaqəsi olan digər görkəmli musiqi xadimlərinə, hərb generallarına, tanınmış elm, ədəbiyyat və incəsənət adamlarına da şamil etmək olar. Məsələn, paytaxtda və ölkəmizin ayrı-ayrı regionlarında görkəmli insanların ev muzeyləri, həyat və yaradıcılıqları ilə bağlı məkanlar çoxdur. Həmin yerləri müəyyənləşdirmək və onlara uyğun turizm marşrutları təşkil etmək mümkündür. Ölkənin turizm bazarının təkcə rus turistlərdən ibarət olmadığını düşünüb, arealı daha da genişləndirmək, bütün postsovet məkanını, gələcəkdə isə uzaq ölkələri əhatələmək olar. Bu, həm ölkəmizə marağı artırar, həm də görkəmli şəxsiyyətlərimiz haqqında daha geniş məlumat verər.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər