• cümə axşamı, 19 sentyabr, 03:27
  • Baku Bakı 18°C

“Manatlıq” taksilərsiz mənzil başına necə çataq?

14.09.24 03:12 470
“Manatlıq” taksilərsiz mənzil başına necə çataq?

Bakıdan üzü Sumqayıt istiqamətində fəaliyyət göstərən “manatlıq” taksilər artıq yoxdur. Rəsmi qurum sərnişinlərə müntəzəm marşrutlardan istifadəni məsləhət görsə də, bir çoxları bu sahədə vəziyyətin onları qane etmədiyini söyləyirlər.

Bakının Tbilisi prospektində, üzü “20 Yanvar” metrostansiyası istiqamətində “manatlıq” taksilərin fəaliyyəti dayandırılıb. Buna səbəb isə həmin ərazidə avtobus zolağının salınmasıdır. Bununla da, nəqliyyatın hərəkətinə mane olan avtomobillər ərazidən kənarlaşdırılıb. Nəqliyyatın hərəkətini tənzimləmək məqsədilə atılan bu addım həm taksi sürücüləri, həm də sərnişinlər arasında ciddi narazılığa səbəb olub. Hətta “manatlıq” taksi olmayanda insanların Bakıdan Sumqayıta gedərkən mənzil başına çata bilmədiklərini iddia edənlər də var. 

“Taksi bizə bu fürsəti vermir”

Məsələn, Saray ərazisində yaşayan sərnişin deyir ki, avtovağzaldakı avtobuslar ancaq Sumqayıt avtovağzalına aparır, Sarayda qalanlar, yarı yolda düşmək istəyənlər əziyyət çəkirlər: “Yəni ünvana çatmaq üçün bir neçə avtobus dəyişməliyik, o da əgər minmək imkanımız olarsa. Həm pulumuz gedir, həm də vaxtımız. Avtobus zolağı çəkilərkən taksilər üçün də dayanacaq düşünülməli idi”.

Narazılıqla yanaşı, yeni avtobus zolağının çəkilməsinə sevinənlər də az deyil: “20 Yanvar” metrostansiyası ərazisindəki vəziyyət çox xaotik idi. Düşünürəm ki, avtovağzaldan avtobusa minib gəlmək daha sərfəlidir. Çünki avtobus zolağı çəkildiyi üçün tıxaca düşmürük və ünvana daha tez çatırıq. Taksi bizə bu fürsəti vermir”.

Maraqlıdır, “manatlıq” taksilərin fəaliyyətinin dayandırılmasından sonra məlum istiqamətdə sərnişindaşıma üçün hansı alternativ variantlar nəzərdə tutulub?

Qeyri-müntəzəm avtobuslar ciddi tıxaclara səbəb olurdu

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) qəzetimizə verilən məlumata görə, “20 Yanvar” metrostansiyası istiqamətində avtomobillərin pərakəndə və xaotik dayanması, eləcə də paytaxtdan, əsasən, Sumqayıt şəhəri istiqamətinə hərəkət edən qeyri-müntəzəm avtobuslar Tbilisi prospektinin bu hissəsində günün istənilən saatında ciddi tıxaclara səbəb olur və müntəzəm avtobus marşrutlarının fəaliyyətinə maneə yaradırdı: “Tbilisi prospektinin “20 Yanvar” metrostansiyası istiqamətində xüsusi hərəkət zolağının təşkili ilə ictimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaranıb”.

“119”, “135”, “525”...

Qurumdan bildirilib ki, “20 Yanvar” metro stansiyasının yaxınlığından və “Şamaxinka” adlanan ərazidən Xırdalan şəhəri və Masazır qəsəbəsinə müntəzəm avtobus marşrutları fəaliyyət göstərir: “Belə ki, bu ərazidən keçməklə Xırdalana 119 və 135, Masazıra isə 525 nömrəli avtobuslar hərəkət edir”. 

Paytaxtdan Sumqayıt şəhərinə yola düşmək istəyən vətəndaşlar isə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin imkanlarından yararlana bilərlər: “Məhz buradan iki şəhərin avtovağzalını birləşdirən komfortlu ekspress avtobuslar 11 dəqiqəlik hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərir. Bakı-Sumqayıt şosesində yaradılan xüsusi hərəkət zolağı isə sərnişinlərin rahat və sürətli daşınmasını təmin edir. Təhlillərə əsasən, zolaqla hərəkət edən avtobusların son dayanacağa çatma müddəti 25-30 dəqiqə təşkil edir. Vətəndaşlar Sumqayıta daha tez çatmaq üçün bir dayanacaq irəli getməklə müasir və komfortlu “Neoplan”larla yola düşə bilərlər”. 

Bu avtobuslarla Bakının istənilən nöqtəsinə də gedə bilərlər

AYNA-dan bildirilib ki, ekspress avtobuslarla yanaşı, Bakı-Sumqayıt istiqamətində gündəlik olaraq müntəzəm marşrut xətləri üzrə 21 avtobus da sərnişinlərə xidmət göstərir: “Sumqayıt şəhərinin müxtəlif ərazilərindən yola düşən avtobusların son dayanacağı da Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı “Avtovağzal” metrostansiyasıdır. Sərnişinlər avtovağzal ərazisindəki Nəqliyyat Mübadilə Mərkəzindən avtobuslarla Bakının istənilən nöqtəsinə də gedə bilərlər”.

Sakinlər “20 Yanvar” dairəsindən avtovağzala getmək üçün də əlavə avtobusdan istifadə etməli olduqlarını, üstəlik, istifadə etsələr belə, günün pik saatlarında avtobusa minməyin mümkünsüz olduğunu deyirlər. Problemdən çıxış yoluna gəldikdə isə, nəqliyyat eksperti Eldəniz Cəfər deyir ki, sözügedən dairə yaxınlığında yaranan sıxlığın səbəblərindən biri sərnişindaşıma ilə məşğul olan məsuliyyətsiz sürücülər idi: “İctimai nəqliyyatın avtobus seqmenti orada dəqiqələrlə gözləməli olur, tıxaca düşürdü. Bunun əsas səbəblərindən biri də orada qeyri-leqal sərnişindaşıma ilə məşğul olan bəzi məsuliyyətsiz sürücülərdir. Avtomobili yolun ikinci, üçüncü zolağında saxlayır, yolu kəsir, digər yol hərəkəti iştirakçılarının hərəkətinə mane olurdular”.

Bəsit və sadə qayda

Mütəxəssis deyir ki, “manatlıq” taksi sürücüləri fəaliyyətlərini leqallaşdırmalıdırlar: “Həmin şəxslər yaxşı olardı ki, sərnişinləri parklanma yerlərindən götürüb və parklanma yerlərində də endirsinlər. O zaman sözügedən ərazidə hər gün rastlaşdığımız xaos olmayacaq. Bu, çox bəsit və sadə qaydadır”.

Məlumdur ki, hazırda Bakı şəhərində taksi dayanacaqlarının sayı o qədər də çox deyil. Həmsöhbətimiz deyir ki, bunun da müxtəlif obyektiv və subyektiv səbəbləri var: “Vaxtilə şəhər tikintisi zamanı nizamsız tikintilər olub, piyada səkiləri, avtomobil yolları, parklanma yerləri müxtəlif insanlar tərəfindən zəbt edilib. Orada yaşayış və qeyri-yaşayış obyektləri tikilib. Ona görə də, demək olar ki, həmin ərazidə taksi dayanacağı parkı yaratmaq mümkün deyil”.

Bəzi insanlar problemin kökünü yeni avtobus zolaqlarının çəkilməsində görür.  E.Cəfər vurğulayır ki, avtobus zolağı mütləq olmalıdır: “Bu, yol hərəkəti təhlükəsizliyinə dair dövlət proqramında təsbit olunub”.

Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər