• şənbə, 18 Oktyabr, 23:21
  • Baku Bakı 19°C

Mahnılarım məndən çox tanınır

24.01.15 11:15 1552
Mahnılarım məndən çox tanınır
Şou aləmində elə sənətçilər var ki, yalnız özləri üçün hazırlanan mahnıları ifa etməklə kifayətlənirlər. Yeni aranjemanda mahnılar yazdıraraq tamaşaçıların öhdəsinə buraxsalar da, efirə çıxmaq, klip çəkdirməkdə tənbəllik edirlər. Elə bizim müsahibimiz, səsini simasından daha çox tanıdığımız Talıb Taleh kimi.
Talıb uzun müddətdir ki, ifa etdiyi lirik mahnıları ilə müəyyən qədər dinləyici kütləsi toplayıb. Ancaq nə faydası? Yolda gedərkən onu heç kim tanımır, çoxları dəfələrlə dinlədikləri mahnıların ifaçısının məhz o olduğundan xəbərdar deyillər.
- Uzun müddət sənətdə olsanız da, simanız kifayət qədər tanınmır. Sizcə, bunun günahkarı kimdir?

- Bəli, həqiqət budur ki, mahnılarım məndən çox tanınır. Tanınmaq üçün zamanın nəbzini tutan mahnılar ifa etməlisən və bununla bərabər, efirdə görünmək vacibdir. Hər dəfə çalışmışam ki, tanınmaq üçün cəsarət edib bir addım atım. Ancaq elə hadisələr baş verib ki, bu istəyim həyata keçməyib. Yəqin ki, üzə çıxmaq üçün qismət indiyə imiş. Ola bilsin ki, kifayət qədər tənqid olunmamışam deyə, o qədər də tanınmamışam. Danılmaz faktdır ki, tənqid ifaçını kifayət qədər tanıdır. Mahnılarım sosial şəbəkələrdə paylaşılan zaman dinləmə rekordları qırır. Bu baxımdan bilirəm ki, kifayət qədər dinləyicilərim var. Simamın tanınmağına gəlincə isə, özümdə də bir qədər günah var. Çünki dəvət olunan yerlərə çox nadir hallarda gedirəm. Elə bir xarakterim də yoxdur ki, lazımi zamanda kimdənsə xahiş edim ki, məni efirə çıxarsın. Başımı aşağı salıb mahnılarımı ifa edirəm və heç kimlə də işim yoxdur. Lakin hiss edirəm ki, artıq peşəkar səhnədə sözümü deməyimin vaxtıdır. Bu gün efirə çıxmaq üçün sənətçilərdən kifayət qədər pul tələb olunur. Bu, reallıqdır. Maliyyə sənət aləmində böyük rol oynayır. Mən istəyirdim ki, yeni bir iş görüm və bunu işıqlandırmaq üçün efirə çıxım. Amma efirə çıxmağa özümü hazır hiss etmirdim. Bir sözlə, tanınmağa o qədər də can atmıram. Bu tip insanları da xoşlamıram. Xasiyyətim belədir.
- Axı səsinizi tanıyan insanlar simanızı da görmək istəyir.

- Şou aləmində simanın tanıdılmasından asan heç nə yoxdur. Mənim üçün isə simadan da önəmli olan yaradıcılıqdır. İnsanlar məni deyil, oxuduğum mahnıları sevməlidirlər. Bu gün səsi tanıtmaq, onu sevdirmək çox müşkül məsələdir. Səsi kiməsə eşitdirmək olar, ancaq sevdirmək sizə asan gəlməsin. Simamın tanınmamağı isə məndən asılı olan və olmayan səbəblərdən irəli gəlir.
- Mahnılarınızın əksəriyyəti nakam sevgidən və qarşılıqsız məhəbbətdən bəhs edir. Oxuduğunuz mahnıları başınıza gələn hadisələr əsasındamı yazmısınız?

- Musiqi repertuarımda müxtəlif janrlı mahnılara yer ayırmışam. Ola bilər ki, o tərz mahnılarım daha çox sevildiyi üçün ən çox dinlənilən mahnılar sırasında yer alır. Çalışıram ki, müxtəlif mövzulara müraciət edim, qəmgin notlara az toxunum. Ancaq bu gün cəmiyyətimizdə lirik mahnılar daha çox sevilir və insanlar tərəfindən qəbul edilir.
- İndiyə kimi ifa etdiyiniz mahnılara hər hansı bir irad tutan olubmu?

- Yaradıcılığımda tənqidə bir o qədər də rast gəlməmişəm. Bəlkə də buna görədir ki, bu gün kifayət qədər məşhur deyiləm. Mahnılarımın bir neçəsində aranjemanın keyfiyyəti bir qədər aşağı olub və bunu mənə irad tutublar. Bu zaman iradlardan nəticə çıxarıram və növbəti mahnıları daha yüksək səviyyədə hazırlamağa səy göstərirəm. Hazırda 80-ə yaxın mahnım var. Onların 99 faizinin sözləri və musiqisi mənə aiddir. Evdə kağız üzərində 120-ə yaxın mahnım var. Bunların üzərində ciddi işləmək və tamaşaçıya təqdim etmək lazımdır. Zamanla həmin mahnıları da tamaşaçılara təqdim etməyi düşünürəm. Qismət olsa, onları da sizlərə təqdim edəcəyəm.
- Deyirsiniz ki, mahnılarınızı özünüz yazırsınız. Bəs sənət yoldaşlarınıza necə, yazdığınız mahnılardan hədiyyə etmisinizmi?

- Bir çox müğənnilərə mahnı hədiyyə etsəm də, yenə də məndən mahnı istəyirlər. Bu, sevindirici haldır. Yaxın zamanda repertuarımda olan mahnıları tanınmış ifaçıların da dilindən eşidə biləcəksiniz. Öncədən ad çəkib, geniş məlumat vermək istəmirəm. Zamanla özünüz hər şeyin şahidi olacaqsınız.
- Gənc qızlara maraqlıdır, romantik mahnılar səsləndirən Talıb evlidir, yoxsa subay?

- Subayam, 32 yaşım var. Şəxsi həyatımla bağlı geniş məlumat vermək istəmirəm. Hesab edirəm ki, özəl həyat nə qədər sirr qalsa, o qədər də maraqlı olur.
- Bir mahnının sözlərini neçə günə yazırsınız? Ümumiyyətlə, sizə stimul verən nədir?

- Mənə stimul verən hadisələr olmasa, mahnılarım ürəksiz alınar. Onların maraqlı və dinlənilən olması üçün təbii ki, real hadisələrdən bəhrələnirəm. Elə mahnılarım var ki, çox qısa müddətdə ərsəyə gəlib. Müşahidələrim nəticəsində görürəm ki, həmin mahnılar daha çox sevilir. Amma elə də olur ki, bir mahnının ərsəyə gəlməsi üçün xeyli əziyyət çəkməli oluram. Amma üzərində nə qədər işləsəm də, o qədər sevilmir. Ona görə də mahnını yazarkən onun gələcək taleyini öncədən deməkdə çətinlik çəkirəm.
- Repertuarınızda qəmgin və lirik mahnılar üstünlük təşkil edir. Belə olan halda, yəqin ki, toylara dəvət almırsınız...

- Əksinə. Toylara dəvətlərim kifayət qədərdir. Zamanım olduğu qədər toylara da gedirəm. Bir müddət əvvəl toylardan imtina etmişdim. Ancaq indi özüm yeni bir ansambl yaratmışam. O ansambl ilə birlikdə toyu mükəmməl şəkildə əvvəldən axıradək idarə edirik. Düzdür, məni repertuarıma görə toylara dəvət edirlər. Ancaq iş başqadır, toy başqa. Toyda yaranmış vəziyyətə uyğun mahnılar ifa edirəm. Orada lirikadan və ritmik mahnılarımdan kifayət qədər istifadə etməyə çalışıram. Bəzən olur ki, toyda məndən qəmgin mahnılar tələb edirlər, onlara yeri olmadığını söyləyirəm.
- İndiyə kimi sizin Aşıq Ələsgərin nəslindən olmağınızı bilməmişik. Bunu mətbuatdan gizlətməyin səbəbi nə idi?

- Mən Aşıq Ələsgərin nəslindən olduğumu çox vaxt deməmişəm. Bununla özümə reklam qazanmaq niyyətini güdməmişəm. İstəmişəm ki, yalnız öz yaradıcılıq işlərimlə gündəmdə olum. Amma bu mənə elə də asan başa gəlmədi. İfa etdiyim mahnıları digər ifaçılar öz adlarına çıxdı. Məcbur qalıb həqiqəti hər kəsə bildirməli oldum.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər