“Ölüm, həqiqətən də, gözlə qaş arasındadır” - MÜSAHİBƏ

Niyazi
Eminov: "Ölməkdən qorxmurdum, istədiyim çox şeyi etmişəm. Amma
uşaqlarıma görə narahat idim. Sağalmağa ümidim az idi. Sağalanda düşündüm ki,
necə oldu sağ qaldım? İnanmağım gəlmirdi”.
Otağına
daxil olmamışdan öncə deyir: "Maskaları yaxşı taxmağa diqqət edək”, "Müsahibə
prosesində sosial məsafəni gözləyək”. Müsahibə zamanı yalnız şəkil çəkilən məqamda
bir müddətlik maskanı çıxardı, qalan vaxtlar maskada oldu. Bu tədbirləri təbii
ki, COVID-19-a yoluxmamaq, daha doğrusu, təkrar yoluxmamaq üçün görür. Çünki
virusu daha ağır, ağciyərlərində buzlaşma faizi 90-a qədər yüksələn formada,
reanimasiyada, süni tənəffüs aparatı ilə keçirənlərdəndir.
Söhbət ümumi və
onkoloji cərrahiyyə mütəxəssisi, həkim Niyazi Eminovdan gedir. Hazırda işinin
başında olan həkimlə elə virus, pandemiya dövrü ilə bağlı söhbətləşdik.

-
Həkim dostunuz paylaşmışdı ki, reanimasiyada gözünüzü
açandan sonra ilk etdiklərinizdən biri xəstəlikdən az müddət əvvəl xətrinə dəydiyiniz
insanlara zəng edib könlünü almaq olub. Həm o söhbətdən, həm də koronavirusdan sonra, necəsiniz?
- Özümü daha yaxşı hiss edirəm. Təşəkkür edirəm. Virusa
yoluxmağımdan təxminən 5 ay keçir. Tam bərpa olunmuşam. İşimin başındayam.
- Koronavirusa yoluxub sağalanlarda müəyyən yan təsirləri
qalması halları da çoxdur. Hər hansı yan təsiri qaldımı?
- Reanimasiyadan ayılanda hərəkət məhdudiyyəti var
idi. Zamanla öz-özünə bərpa olundu. Şükür ki, hər hansı qalıq əlamət yoxdur.

"Bir yaxın dostumun xətrinə dəymişdim”
- Xətrinə dəydiyiniz, reanimasiyadan ayılan kimi
könlünü aldığınız kim idi?
- Koronavirusa yoluxmamışdan öncə bir yaxın dostumun xətrinə dəymişdim. Onunla əlaqə
saxlayıb, könlünü almağı özümə borc bildim. Deyəsən, heç onun xətrinə də dəyməmişdi,
yadına düşmədi.

- O inciməsə də, sizin ürəyinizdə qalıbmış.
- O, unutmuşdu, amma mən unutmamışdım. Bir də ki,
hadisələrə fərqli tərəflərdən baxmaq vacibdir. Məsələyə elə yanaşarsan ki,
ancaq özünü haqlı görərsən. Həmişə özünü həm də qarşıdakının yerinə qoyaraq
düşünməyin tərəfdarı olmuşam. Yəni qarşımızdakını da anlamağa çalışmalıyıq. Ölüm,
həqiqətən də, gözlə qaş arasındadır. Ona görə insanların könlünü qırmamağa
çalışmalı, xoş söz demək istəyiriksə, özəl günləri gözləməməli, hər şeyi ürəyimizə
yaxın götürməməliyik. Birinin xətrinə dəyiriksə, bu, həm ona, həm də bizə mənfi
təsir göstərir. Bir az həyatı çətinləşdirmədən daha sadə yaşamağa, daha xoşbəxt
olmağa çalışmalıyıq.
- Reanimasiyada olduğunuz müddətdə sizinlə bağlı
çox paylaşım edildi. O paylaşımlarda pasiyentlərinizin sizinlə bağlı çoxsaylı rəylərini
oxuduq. Onların bu rəyini yaxşı həkim olmaqla qazanmısınız?
- Yaxşı həkim olmaq vacibdir, amma pasiyentlərin həkim haqqında
yaxşı söz deməsi üçün yetərli deyil. Hər bir həkim həm də yaxşı insan
olmalıdır. Çünki pasiyentlərimiz yaxşı tibbi xidmətlə yanaşı, bizdən xoş
münasibət də gözləyir. Pasiyent içəri daxil olanda, onu necə qarşılamağımız,
suallarını necə dinləməyimiz, cavablandırmağımız və s. amillərə də önəm verirlər.
Məsələn, pasiyenti dinləyən zaman gələn zənglərə uzun-uzun cavab veririksə, bu
da onlarda rəy yaradır. Səliqəli geyinmiriksə, şəxsi gigiyenamıza diqqət
etmiriksə, bunu da qiymətləndirirlər. Hamısına fikir verərək öz beyinlərində həkimi
dəyərləndirirlər. Qeyd etdiyim məsələlərə hər zaman diqqət etmişəm. Xəstə
olanda da pasiyentlərimin mənim üçün narahat olduqlarını gördüm. Zəng etdilər,
mesaj yazdılar, rəyləri də hər kəs gördü.

"Anladım ki, insan pisliyi də, yaxşılığı da
unutmur”
- Düşünürdünüz ki, pasiyentləriniz sizin üçün bu qədər
narahat olar?
- Dediklərimi işim gərəyi edirdim. "Korona” olanda
isə anladım ki, xəstələrimizə qarşı nə qədər xoş münasibətdə olsaq, vicdanla
çalışsaq, bir o qədər onların fikrində pozitiv insan kimi qalarıq. Reanimasiyada
olduğum zaman minlərlə insan mənim üçün dua etdi. Mənim yaşamağımı,
sağlamlığımı istəyən bu qədər insan olduğu üçün çox xoşbəxtəm. Yəqin ki, məni
sevməyənlər də var, amma onların çox olduğunu zənn etmirəm.Əvvəllər düşünürdüm ki, yaxşılıqlar unudulur, pisliklər
yox. Mənə elə gəlirdi ki, yaxşılığı yalnız yaxşı insanlar unutmur. Xəstələnəndə
anladım ki, insan pisliyi də, yaxşılığı da unutmur.

"Əvvəlki qədər ciddi qorunmadığım üçün yoluxdum”
- Pasiyentlərinizi, eləcə də insanları maraqlandıran
bir məsələ var idi. "Bir həkimin ağırlaşması necə oldu?, "Peyvənd olunmuşdu?” kimi
suallar yazırdılar.
- Xəstələnmək səbəbim özümdən qaynaqlanırdı. Əvvəlki
qədər ciddi qorunmadığım üçün yoluxdum. Ağırlaşmaya gəlincə, peyvəndlərimi
vaxtında etdirirdim. İki peyvəndi etdirmişdim, 6 ayın tamamında üçüncü doza
üçün "Pfizer” etdirmək qərarına gəlmişdim. Çünki aparılan tədqiqatlar onun daha
qoruyucu olduğunu göstərirdi. "Pfizer” üçün müraciət etdim. 1 ay sonraya növbə
ala bilmədim. Təqribən 2 ay sonraya yazdılar. Əslində, həkimliyimi istifadə
edib yaxın dostlarımın vasitəsilə "Pfizer”i növbəsiz də vurdura bilərdim.
Düşündüm ki, özümü qoruyuram, heç kimdən də artıq deyiləm, həkimliyimi istifadə
etməməliyəm. Növbəm çatana qədər isə yoluxdum və peyvənd də olmadığım üçün
ağırlaşma getdi.
- Sonra "Gərək həkimliyimdən istifadə edib növbəsiz
vaksin vurdurardım” kimi peşmanlıq oldumu?
- Bir tərəfdən hə, bir tərəfdən yox. Peşmanam ona
görə ki, sahəm etibarilə bu virusa yoluxmaq ehtimalım çox böyük idi. Bu səbəbi əsas
gətirib növbəsiz vurdura bilərdim. Peşman deyiləm ona görə ki, həyat fəlsəfəmi
heçə saymadım. Heç vaxt özümü heç kimdən üstün görmədim. Sıradan vətəndaş kimi
növbəmi gözləmiş oldum.

"Sonuncu
analizlərdə gördüm ki, nə isə yolunda deyil”
- Koronavirusa yoluxan xəstələr çox vaxt boğulma
kimi əlamətlərlə ağırlaşma olduğunu hiss edirlər. Ancaq həkimlərdə yəqin ki, elə
deyil. Nə zaman ağırlaşma baş verdiyindən əmin oldunuz?
- 5-6 gün ev şəraitində müalicə aldım. Həkim ev şəraitində
lazım olan bütün müalicələri tətbiq edirdi. Sonuncu analizlərdə gördüm ki, nə
isə yolunda deyil. Xəstəxana şəraitində müalicə lazım bilindi. Xəstəxanada ilk
gün yaxşı oldum, ikinci gün artıq hiss etdim ki, vəziyyət pisdir. Həkimlərin
davranışlarından, dedikləri sözlərdən, tətbiq etdikləri üsullardan, analizlərdən
və s. artıq vəziyyətimin nə yerdə olduğunu müəyyənləşdirirdim. Hər şey yadımda
deyil, amma bir neçə epizodu xatırlayıram. Bir neçə həkim yanıma gəldi. Dedilər
ki, səni daimi spapa götürəcəyik. Mən onsuz da daimi spap alırdım. Spap təzyiqlə
oksigen verilməsidir. Həkimlərin üz ifadəsindən anladım ki, vəziyyətim
pisdir, reanimasiyaya aparırlar. Məndən telefonumu da istədilər. Onda dedim
ki, icazə verin ailəmlə vidalaşım. Yüksək təzyiqli oksigen verirdilər deyə səsli
mesaj ata bilmədim, amma ailə üzvlərim olan qrupa yazı şəklində mesaj göndərdim.
Ölməkdən qorxmurdum, istədiyim çox şeyi etmişəm. Amma
uşaqlarıma görə narahat idim. Sağalmağa ümidim az idi. Sağalanda düşündüm ki,
necə oldu sağ qaldım? İnanmağım gəlmirdi.

"Ölkəmizdə insanlar xəstəxanaya deyil, həkimə
gedirlər”
- Klinikadan çıxma videonuzda sağlamlığınıza
qovuşmağınızda səhiyyəmizin rolunu xüsusi vurğulayırdınız. Dostlarınız isə yazırdılar
ki, Türkiyədə təhsilinizi başa vurandan sonra Azərbaycana qayıtmağınızın səbəbi
də ölkəmizin səhiyyəsi üçün zərrə qədər də olsa bir şeylər etmək istəyi olub.
-
Məncə, sivil cəmiyyətlərdə hər kəs üzərinə düşən borcu yerinə yetirməlidir. Mən
yaxşı həkim olmaq üçün çalışmalıyam, siz vicdanlı jurnalist olmaq üçün əlinizdən
gələni etməlisiniz. Müəllim cəmiyyətin gələcəyini düşünməli, yetərli təhsili
verməlidir ki, uşaq məşğələyə getmək məcburiyyətində qalmasın. Fərd səviyyəsində
problemlər həll olunanda, ümumi sistemdə də düzəlmələr olur. Cəmiyyətlər bu şəkildə
qurulur. Türkiyədə özümü yad hiss etmirdim, rahat şəkildə orda işləyə bilərdim.
Birincisi, düşündüm ki, orda sıradan həkim olacağam. Azərbaycanda isə yüksək
ixtisaslı həkimlərə ehtiyac var və burda tanınmış həkim ola bilərəm. İkincisi, Türkiyədə
həkim çoxdur, onların səhiyyəsində, bəlkə, də mənə ehtiyac yoxdur, amma Azərbaycanda
mənə ehtiyac var. Bir də ki, məni bu vətən yetişdirib. Bu vətən üçün hər
birimiz üzərimizə düşən borcu yerinə yetirməliyik. Azərbaycanın səhiyyəsi
inkişaf etməkdə olan səhiyyədir. Bu səhiyyədə mən, Əli, Vəli iştirak etməsə,
inkişafı çətin olacaq. Türkiyədə təhsil alanda yoldaşlara "Qayıdaq, Azərbaycanda
fəaliyyət göstərək” deyirdim. Yoldaşlar da onu yazıblar. Onsuz, həmin
yoldaşların 80-90 faizi də qayıtdı, burda çalışdı. Xaricdə fəaliyyət göstərən həkimlərimiz
var, onlar da ölkəmizi təmsil edirlər, onlar da bizə lazımdır. Amma inkişaf etməkdə
olan səhiyyə sistemi olduğu üçün Azərbaycana daha çox lazım olduğumuzu düşünürəm.

-
Pandemiya dövrü səhiyyəmizlə bağlı nələri ortaya qoymuş oldu?
- Texniki şəraitimiz yaxşıdır. Lazım olan
avadanlıqlarımız, xəstəxanalarımız var, amma yüksək ixtisaslı həkim
potensialımız lazımi səviyyədə deyil. Pandemiya dövründən almağımız gərəkən dərs
ondan ibarətdir ki, səhiyyəmiz kütləvi hallara hazır olmalıdır. Hazırda Azərbaycanda
səhiyyə pərakəndə səviyyədədir. Ölkəmizdə insanlar xəstəxanaya deyil, həkimə
gedirlər. Səhiyyədə bir sistem qurulmalıdır. Təhsil burda ən öndə görülməli işlərdəndir.
Azərbaycanda cərrahiyyə üzrə klinik ordinatura təhsili almışdım. Amma o təhsil
məni qane etmədi. Yenidən imtahanlara hazırlaşıb Türkiyədə cərrahiyyə üzrə
rezidentura təhsili alıb qayıtdım. O təhsili burda verməliyik. Tibb təhsilinə akademik
fəaliyyətə həvəsi olan, Türkiyə, Avropa təhsilli həkimlər cəlb edilməlidir. Onlar
rezident təhsilində iştirak etməlidirlər, yüksək səviyyəli mütəxəssislər
özümüzdə də yetişməlidir. Tibb təhsili üçün başqa ölkələrə getməməliyik. Bu
faiz azalmalıdır.Yüksək ixtisaslı həkimlərin sayı artmalıdır ki,
dövlət klinikalarında da həmin həkimlər yerləşdirilsin. Hazırda daha yaxşı
tibbi xidmət verən həkimlərin əksəriyyəti özəl klinikalarda işləyirlər. Az
faizi dövlət klinikalarındadır.

"5-6
yaşımdan cərrah olmaq istəmişəm”
- Belə sistemdə ağır xəstələrlə işləmək asan deyil.
Sizin isə daha çox ağır, çətin cərrahi əməliyyatları üzərinizə götürdüyünüzü
deyirlər. Niyə?
-
Mən bu sahəyə həvəsi olan adamam. 5-6 yaşımdan cərrah olmaq istəmişəm. Həkimlərlə söhbət edəndə,
bəzən "Bir daha dünyaya gəlsəm, həkim olmaram” deyənlər də olur. Mən yenə cərrah
olardım. Onkoloji cərrahiyyəyə isə xüsusi həvəsim var. Bunun o qədər də
maddi qarşılığı yoxdur, amma seçim məsələsidir. Azərbaycanda ağır xəstələri
götürüb o işlə məşğul olmaq ciddi məsuliyyətdir. Ancaq mən işimi sevdiyim üçün
o məsuliyyəti üzərimə götürürəm.

- Bu cür xəstələrlə işləmək həkimdən nələri tələb
edir?
- Avropada sənəd, Qafqaz ölkələrinin insanları üçün isə söz önəmlidir.
Avropada əməliyyatın ağırlaşma ehtimalları ilə bağlı insanlara sənəd imzalatdırılırsa,
bizdə xəstənin özü və yaxını ilə danışmaq çox önəmlidir. Əməliyyatla, əməliyyatdan
sonrakı dövrlə bağlı məlumat verirəm, əmələ gələcək bütün ağırlaşmaları izah
edirəm. Öncədən xəstəyə, yaxınlarına yetərli qədər məlumat verdiyim üçün sonra
hər hansı problem yaşamırıq. İstisna durum var. Məsələn, xəstə yaxınının
intellektual durumu mənim dediklərimi anlayacaq səviyyədə deyilsə, yaxud çox
kobud ünsiyyət qurursa və s. O zaman biz onlara başqa həkimlərlə görüşmək,
onların da fikrini dinləmək seçimini də məsləhət görürük. Çünki biz bu yola tək
deyil, xəstə və xəstə yaxınları ilə bir yerdə çıxırıq. Onlar da bu yola hazır
olmalıdırlar.

"Tanrı nə qədər icazə verirsə, xəstələrə o qədər
kömək edə bilirik”
- Klinikada ağır xəstə kimi yatandan sonra işinizə,
xəstələrə yanaşmanızda dəyişən nə isə varmı?
- Klinikada yatanda anladım ki, tibb işçiləri
olaraq nə qədər müqəddəs işi icra edirik. Gördüm ki, hər bir xəstənin içində öz
tibb bacısına, həkiminə qarşı bir borclu qalma hissi yaranır. Məsələn, yemək
yemirdim, tibb bacıları zorla yedirirdilər. "Sonuncu qaşığı da ye”, "Bu
yumurtanı da ye” deyə qulluq edirdilər. Onların hamısına bir ömür borcluyam. Çox
xoşbəxtəm ki, həkiməm və bu cür müqəddəs peşənin sahibiyəm. Hər peşə gözəldir,
hamısının rolu böyükdür. Amma xəstə yatağında olanda öz peşəmizlə bağlı
düşündüm ki, işimizi düzgün gördüyümüz halda nə qədər böyük iş görmüş oluruq.Həmişə ağır xəstənin həyatını xilas edəndə
düşünürdüm ki, xəstənin həyatını xilas etdim. Xəstələr "Göydə Allah, yerdə siz”
deyəndə qəbullana bilmirdim, amma indi onu qəbul edirəm. Biz tanrının yer üzündəki
əli-qoluyuq. Tanrı nə qədər icazə verirsə, xəstələrə o qədər kömək edə bilirik.

-
Yenə də virusun pik dövrdür. Bu günləri necə keçirirsiniz?
-
Virusdan sağaldıqdan sonra ilk aylarda ciddi immunitetim olduğu üçün, dostlarımla,
bir neçə yaxınımla görüşdüm. Sağ qalmağımda çoxunun böyük rolu var idi. Onlara
təşəkkür etdim. Bir dostumuzun toyuna da getmişdim. Sonra kütləvi yerlərə getməyi
yığışdırdım. Ən yaxın dostum Türkiyədən gəldi, görüşmədim. Çünki qorunma
tədbirlərinə riayət edirəm. Maska taxıram, sosial məsafə saxlayıram, əlimi
tez-tez sabunla yuyuram, dezinfeksiya edirəm. Gigiyenik tədbirlərin son dərəcədə
qoruyucu olduğuna inanıram. Bir neçə həftə əvvəl peyvənd də olundum.Bu xəstəlik bitəcək, səbirli olmaq lazımdır. Virus
yeni başlayan vaxtı "Facebook”da status yazmışdım ki, bütün pandemiyalar kimi
bu da bitəcək, amma bunu hər kəs görməyəcək. Az qalsın özüm də o görməyənlərin
içərisində olacaqdım. Çalışmaq lazımdır ki, görənlər siyahısına düşək. Çünki
çox şey öz əlimizdədir.
Aygün
Asimqızı
Foto - Kərim Abbasov / Global Media Group
