“Ölü şəhər”in “Ağ şəhərə” çevrilməsi

Bir vaxtlar bu şəhər havasının həddindən artıq çirkli olmasına görə,
"ölü şəhər” kimi xatırlanırdı. Söhbət əhalisinin sayına görəAzərbaycanın
ikinci, sahəsinə görəBakıdanvəGəncədən sonra üçüncü böyük şəhəri
olan Sumqayıtdan gedir. Təkcə Azərbaycanın deyil, bütün Cənubi Qafqazın mühüm sənaye
mərkəzi və ən gözəl ünvanlarından biri kimi şöhrətini gündən-günə artıran
Sumqayıtın tarixi ötən əsrin 30-cu illərindən başlayır. Sovet hökumətinin
Abşeron yarımadasında növbəti sənaye mərkəzi yaratmaq barədə qərarından irəli gələrək
39-40-cı illərdə burada sintetik kauçuk, boruyayma və kimya zavodlarının bünövrəsi
qoyulur. 1941-ci ildə istilik elektrik stansiyası işə salınır. 1944-cü ildə
kimya və metallurgiya zavodları tikilir. 1949-cu ildə isə Sumqayıta şəhər
statusu verilir. Bununla da müasir Sumqayıtın şəhər kimi tarixi başlayır.
Sovetlər
zamanında kimya sənayesi mərkəzinə çevrilmiş şəhərin həm torpaq qatı, həm də
atmosferi kifayət qədər çirkləndirildiyindən Sumqayıt "ölü şəhər” statusu
qazanıb... Amerikanın "Ekoloji Blacksmith Institute” Fondunun 2014-cü ildə
dünyanın ən çirkli şəhərləri ilə bağlı hazırladığı siyahının ilk onluğuna Xəzər
sahilində yerləşən Sumqayıtın da adı salınmışdı. Kimya sənayesinin 60-cı illər
qurucularından, Azərbaycanda ən böyük tikinti təşkilatlarından birinin -
"Azmənzilsənayetikintitəmir" İstehsalat Birliyinin yaradıcısı Akif Həsənoğlu
Sumqayıta həsr etdiyi ilk filmini hələ 1994-cü ildə "Mənim Ağ şəhərim"
adlandırmışdı.
Böyük əziyyət
hesabına başa gələn film tamaşaçı sevgisi qazanıb. Həmin illərdə Sumqayıtda
keçirilən rəsmi tədbirə qatılan Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndəsi
Paoolo Lembonu"Mən bu şəhərə gələndə ilk olaraq Sumqayıta həsr
olunan "Mənim ağ şəhərim” kinofilminə baxdım. Yəqin ki 20 ildən sonra mən
artıq təqaüddə olacağam. Ancaq arzu edərdim ki, təqaüdə çıxandan sonra bu şəhərə
gələndə müəllifin arzu etdiyi o "Ağ şəhər”i görüm”.

"Bu işlər ürəkdən, şəhəri sevərək
edilir”
2018-ci ildə əminliklə
demək olar ki, ölkə rəhbərliyinin regionların sosial-iqtisadi inkişafı ilə
bağlı siyasətinin bir hissəsi olaraq, Sumqayıt artıq müəllifin arzuladığı "Ağ şəhər”ə
çevrilib. Şəhərin infrastrukturu dəyişdirilib, yeni sənaye müəssisələri,
yaşayış massivləri, parklar salınıb, uşaq bağçaları, məktəblər tikilib.
Milli Məclisin İqtisadi siyasət, sənaye
və sahibkarlıq komitəsinin üzvü, Sumqayıtı təmsil edən deputat Tahir Mirkişili
bildirib ki, şəhərdəki yüksək inkişaf qarşıya qoyulan tapşırıqların məsuliyyətlə
icra olunmasıdır: "Qoyulan tapşırıqların məsuliyyətlə icra olunması, Sumqayıta
yeni icra hakimiyyətinin başçısı Zakir Fərəcov təyin olunandan bütün sahələrdə
hiss olunmağa başlayıb. Prezident İlham Əliyevin Sumqayıta səfəri zamanı
çıxışında işlətdiyi mühüm fikir var: "Sumqayıtda görülən işlər sübut edir ki,
bu işlər ürəkdən, şəhəri sevərək və böyük məsuliyyətlə icra olunub. Təbii ki,
bu sözlər Sumqayıtda çalışan hər kəsin, xüsusilə birbaşa Zakir Fərəcovun
qarşısına qoyulan tapşırıqların böyük məsuliyyətlə yerinə yetirməsini göstərir”.
İcra Hakimiyyətinin
başçısı Zakir Fərəcov bildirib ki, Sumqayıt müəyyən dövrdə itirdiyi sənaye şəhəri
adını özünə qaytarır və bu istiqamətdə inamla irəliləyir: "Ona görə, əminliklə
deyə bilərik ki, Sumqayıt Azərbaycanın müasir sənaye mərkəzidir. Şəhərin
iqtisadi strukturuna kimya və neft-kimya, qara və əlvan metallurgiya,
maşınqayırma, elektroenergetika, yeyinti və yüngül sənaye, tikinti materialları
istehsalı müəssisələri daxildir.
Son 10 ildə gücü
525 MVt olan elektrik stansiyası, "Sumqayıt-3” yarımstansiyası tikilmiş, "Azərkimya”
İB-nin müəssisələri yenidən qurulmuş, Alternativ və Bərpa Olunan Enerji Mənbələri
üzrə Dövlət Agentliyinin "Azgüntex” zavodu, tərkibinə çörək zavodu, taxıl
anbarı, dəyirman və logistik mərkəz daxil olan "Sağlam qida” Aqrar-Sənaye
Kompleksi, "Azərsun Holdinq”in kağız və karton emalı kombinatı və yağ istehsalı
fabriki, "Gilan” Tekstil Parkı, Mis Emalı Zavodu, "Alyans Tekstil” MMC-nin
uniformalar istehsalı fabriki, "Azkontakt” MMC-nin beton boru və beton döşəmə
daşı istehsalı, "Texnoil” MMC mühərrik yağları istehsalı müəssisələri
yaradılmış, Kimya Sənaye Parkında İnşaat Kimyəviləri Zavodu, "Tabaterra”
QSC-nin tütün məmulatları istehsalı fabriki, Bakı Əlvan Metallar və Ferroərintilər
Zavodu, pestisid və aqro-kimyəvi məhsulları, xortum və fitinq birləşmələri,
sürtgü yağları, polipropilen qurğusu, elektron təhsil avadanlığı, şüşə və saxsı
məmulatları istehsalı müəssisələri, Məlumatların Emalı Mərkəzi, Sumqayıt
Texnologiyalar Parkında müxtəlif istehsal sahələri üzrə ixtisaslaşmış 13
zavodu, "Azərtexnolayn” MMC-nin polad və polietilen borular, mexaniki və
hidrotexniki avadanlıqlar istehsalı zavodları, "Aqrokimya Azərbaycan” MMC tərəfindən
pestisidlər istehsalı zavodu, "SOCAR Polimer” layihəsi çərçivəsində
polipropilen zavodu istifadəyə verilib”.
2018-ci il
noyabrın 16-da Sumqayıt Kimya Sənaye Parkında "Tabaterra” Qapalı Səhmdar Cəmiyyətinin
tütün məmulatları istehsalı fabrikinin açılışında Prezident İlham Əliyev
Sumqayıtın sənaye şəhəri kimi bundan sonra da uğurla inkişaf edəcəyini
bildirib: "Şadam ki, biz bu gözəl parkı Sumqayıt şəhərində yaratdıq. Sumqayıt
ölkəmizin, Cənubi Qafqazın ikinci sənaye şəhəridir. Sumqayıtın inkişafı üçün
çox böyük işlər görülür, çox böyük layihələr icra edilir. Sosial layihələr,
infrastruktur layihələri, qazlaşdırma demək olar ki, yüz faiz səviyyəsindədir,
içməli su 93 faiz səviyyəsindədir, yollar salınır, məktəblər tikilir, gözəl
abadlıq işləri aparılır. Sumqayıt bulvarı yaradılıb, sakinlər üçün çox gözəl
istirahət zonasıdır, "ASAN xidmət” mərkəzi, Olimpiya Kompleksi, xəstəxana
istifadəyə verilib. Əlbəttə ki, Sumqayıt sənaye şəhəri kimi uğurla inkişaf edəcək.
Mən əminəm ki, biz qarşıda duran bütün vəzifələri bundan sonra da uğurla icra
edəcəyik”.
Təsadüfi deyil
ki, şəhərdə ümumi daxili məhsul buraxılışı 2003-cü ilə nisbətdə 2017-ci ildə
9,5 dəfə, sənaye məhsulunun həcmi 9,1 dəfə, əsas kapitala yönəldilmiş vəsait 20
dəfə, o cümlədən tikinti-quraşdırma işləri 20 dəfə artıb. Bu ilin
yanvar-oktyabr ayları ərzində isə ÜDM buraxılışı 1,6 milyard manat, sənaye müəssisələrində
məhsul istehsalı 1,1 milyard manat təşkil edib. Onu da qeyd edim ki, yeni müəssisələrin
yaradılması nəticəsində Sumqayıtda 2003-2017-ci illər ərzində 61880-i daimi
olmaqla, 78620 yeni iş yeri açılıb.

Sumqayıt məcburi köçkünlərimizi unutmur
Ölkənin
sosial-iqtisadi islahatları çərçivəsində 1 milyon 200 minlik məcburi köçkünlərin
vəziyyətinin yaxşılaşdırılması, yaşayış şəraitinin normalara
uyğunlaşdırılmasının təmini prioritet sahələrdəndir. Bu işlər çərçivəsində
Sumqayıtda məskunlaşan məcburi köçkünlər də unudulmayıb.
Hazırda
Prezidentin tapşırığı və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın
təşəbbüsü ilə Sumqayıt şəhərində məskunlaşmış məcburi köçkünlər üçün 12-ci
mikrorayonda 936 ailənin və Sumqayıt stansiyası yaxınlığında 1000 ailənin
köçürülməsi üçün yeni yaşayış binaları inşa edilir.
Bununla yanaşı,
şəhər sakinlərinin təhlükəsizliyinin və rahatlığının təmini üçün son illərdə
istismar müddəti ötmüş 305 ədəd lift dəyişdirilərək elektron tipli liftlərlə əvəz
olunmuş, 18 liftdə əsaslı, 54 liftdə cari təmir işləri aparılıb. 82 ədəd lift
onlayn rejimdə işləyən intellektual idarəetmə sisteminə – mərkəzləşdirilmiş dispetçer
xidmətinə qoşulmuşdur. Hazırda digər liftlərin də bu xidmətə qoşulması istiqamətində
işlər aparılır.
Son səfərindən
sonra Prezident İlham Əliyevin Sumqayıtda çoxmənzilli binaların lift təsərrüfatının
maddi-texniki bazasının möhkəmləndirilməsi və abadlıq-quruculuq işlərinin davam
etdirilməsi məqsədilə 5 milyon manat, avtomobil yollarının əsaslı təmiri işlərinin
davam etdirilməsi ilə bağlı ilkin olaraq 1,5 milyon manat ayırıb.

Azərbaycan ən çox investisiya cəlb edən ölkələr
sırasında
Azərbaycanın
regionlarının tarazlı şəkildə inkişafı ölkədə inklüziv inkişafa gətirib
çıxarıb. Bu da Davos Dünya İqtisadi Forumunun inklüziv inkişaf indeksinin müəyyən
olunmasına öz təsirini göstərib və Azərbaycan dünyada inkişaf etməkdə olan ölkələr
arasında üçüncü yerə çıxıb. Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı”nın
həyata keçirildiyi ötən 14 il ərzində infrastruktur və iqtisadi baxımdan xeyli
uğurlar əldə edilib. Elektrik, qaz, yol, kommunikasiya infrastrukturu xeyli yaxşılaşıb,
bu sahədə əsas problemlər həll olunub. Regionlar artıq iqtisadi aktivlik və
xarici sərmayələrin cəlb edilməsi baxımından müasir tələblərə tam cavab verir.
Ötən 14 il ərzində regionlarda ümumi məhsul istehsalı 3,6 dəfə artıb. Azərbaycanda
neft və təbii qaz hasilatı, neft məhsulları istehsalı nəzərə alınmasa,
regionlar ümumi məhsul buraxılışında 42 faiz, sənaye istehsalında isə 40 faiz
paya malikdir. 2003-cü ildə regionlar dövlət büdcəsinə 38 milyon manat vergi ödəyirdilərsə,
hazırda bu rəqəm təqribən 600 milyon manatdır. Sənaye məhəllələrinin
yaradılması, kənd təsərrüfatı məhsulları istehsalının və ixracın artması
regionların iqtisadi inkişafda rolunu daha da artırıb.
Azərbaycan
Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının həyata
keçirilməsi nəticəsində 2017-ci il Sumqayıt üçün də uğurlu keçib. 2016-cı illə
müqayisədə 2017-ci ildə ümumdaxili məhsulun həcmi 30,2 faiz artaraq 1 milyard
533 milyon manatdan çox olub. Onun bir nəfərə düşən həcmi 4489 manat təşkil
edib ki, bu da 2016-cı ilə nisbətən 32,4 faiz çoxdur. Ötən illə müqayisədə sənaye
müəssisələrində məhsul istehsalı 34,0 faiz artaraq 1 milyard 81 milyon manat təşkil
edib. Ümumdaxili məhsulun tərkibində qeyri-dövlət sektorunun payı 85,0 faizdən
çox olub.
Deputatın sözlərinə
görə, şəhərdə içməli su ilə təminat 94%-ə, qazlaşma 100%-ə çatıb: "Elektrik
enerjisi sahəsində isə problemlər yoxdur, yeni yollar salınır, binaların dam
örtükləri vurulur, binalara yeni liftlər quraşdırılır. Sumqayıt məktəbliləri
ali məktəblərə qəbul imtahanlarına ən yüksək nəticə göstərirlər, Sumqayıt
idmançıları ölkəmizi beynəlxalq olimpiadalarda layiqincə təmsil edirlər.
Sumqayıt son illərdə sürətlə inkişaf edərək həm sənaye, həm də turizm şəhərinə
çevrilməkdədir. Sumqayıt Kimya Sənaye Parkında qeydiyyatdan keçmiş rezidentlərin
sayı 15-ə, cəlb ediləcək investisiyaların həcmi 2.7 milyard dollara, parkda
çalışan insanların sayı isə 8000-ə çatıb. Sənaye parkında ölkədə ilk dəfə
olaraq Blokçeyn texnologiyaları əsasında müasir Data Mərkəz tikilib”.
Azərbaycanın MDB
və Şərqi Avropa ölkələri arasında ən çox investisiya cəlb edən ölkələr
sırasında olduğunu vurğulayan deputat qeyd edib ki, ümumilikdə adambaşına düşən
investisiyaların həcminə görə, Azərbaycan dünya miqyasında lider dövlətlərdən
biridir.
Gülşən RAUFQIZI
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi
müsabiqəyə təqdim etmək üçündür
